Möminə Xatun türbəsi ilə bağlı yeni tapıntı

 

 

"...Bu abidənin qiyməti yoxdur. Möminə Xatun türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da böyük memarlıq məktəbi olduğunu göstərir..."

 

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli lideri

 

Dünyanın ən möhtəşəm möcüzələrindən biri, qocaman memarlıq salnaməsi, memar Sinan kimi dahilərin ilham qaynağı, üzərində ərəb əlifbasının kufi xətti ilə Qurani-Kərimin müdrik kəlamlarının həkk olunduğu möhtəşəm və təkrarolunmaz gözəlliyi ilə Əcəmi Naxçıvaninin memarı olduğu Möminə Xatun türbəsi...

 

Onun açılmamış simvolik şifrələri, naxışlarındakı batini mənaları, həndəsi ornamentləri, riyazi təfəkkürlə bədiiliyin vəhdəti olan əsrarəngiz harmonik mozaikası və parlaq rənglərinin ecazkar ahəngdarlığı dünya fatehlərinin, alimlərin, tarixçilərin, arxeoloqların, memarların, rəssamların və səyyahların hər zaman diqqətini çəkib.

 

Möminə Xatun türbəsi haqqında bu günədək çoxsaylı elmi araşdırmalar aparılıb. Biz, bu məqaləmizdə onun indiyədək diqqətdən kənarda qalan hələlik (gələcəkdə yeni tapıntılar edilənədək) ən qədim hesab etdiyimiz rəsmini ictimaiyyətə çatdırmaq və bu barədə bəzi mülahizələrimizi oxucularla bölüşmək istəyirik.

 

Bu günədək Möminə Xatun türbəsi ilə bağlı sanballı əsərlər yazmış bir sıra görkəmli müəlliflərin araşdırmalarına görə belə qənaətə gəlinib ki, türbənin bizə məlum olan ilk rəsmi məşhur İsveçrə səyyahı, arxeoloqu və tarixçisi Dyubua de Monpere tərəfindən çəkilib. Məsələn, Azərbaycanın görkəmli sənətşünas-alimi və memarı, akademik Əbdülvahab Salamzadə "Əcəmi Əbubəkr oğlu və Naxçıvan memarlıq abidələri" adlı kitabında (Bakı, İşıq, 1976) Möminə Xatun türbəsindən bəhs edərkən bu möhtəşəm abidə ilə maraqlananlar sırasında ilk olaraq Dyubua de Monperenin adını qeyd etmişdir. Türk müəlliflərindən Turqay Yazar da "Nahcivanda Türk mimarisi (Başlangıcından 19. yüzyılın sonuna kadar)" adlı irihəcmli kitabında (Ankara, 2007) analoji fikri belə ifadə etmişdir: "Türbə ilə bağlı ilk məlumatları de Monperenin verdiyi şəkildən almaq olar". Lakin biz axtarışlar nəticəsində Möminə Xatun türbəsinin Dyubua de Monperedən çox əvvəlki illərə aid olan daha qədim rəsmini əldə etmişik. Bu haqda bir qədər sonra.

 

Dyubua de Monperenin çəkdiyi rəsm müəllifin "Qafqaz ətrafındakı səyahət" ("Voyage autour du Caucase") adlı kitabına daxil edilib. Bu rəsmdə şimal tərəfdən çəkilmiş Möminə Xatun türbəsi və qoşa minarəli baştağ əks olunub. Təəssüf ki, həmin rəsmdə bu kompleksin detalları tam aydın şəkildə görünmür. Bir qədər diqqət etdikdə, görmək olur ki, Möminə Xatun türbəsinin alt qat girişi torpaqla doludur.

 

Sonrakı dövrlərə gəlincə, Möminə Xatun türbəsinin rəsmləri və fotoşəkilləri 1846-cı ildə J.Laurens (fransız), 1887-ci ildə Jan Dyelafua (fransız), 1897-ci ildə Eduard Yakobstal (alman), 1910-cu ildə Fridrix Sarre (alman), 1929-cu ildə V.M.Sısoyev (rus), 1951-ci ildə Əbdülvahab Salamzadə (azərbaycanlı), habelə bir sıra digər tədqiqatçılar tərəfindən də çəkilib.

 

 

 

İndi isə isveçrəli Dyubua de Monperedən xeyli əvvəl, daha dəqiq desək, 1823-cü ildə britaniyalı şərqşünas Ulyam Ouseleyin (William Ouseley) Londonda çap edilmiş "Şərqin müxtəlif ölkələrinə, xüsusilə də İrana səfərlər" ("Travels in various countries of the east; more particularly Persia") adlı kitabına müraciət edək. Həmin kitabdan aydın olur ki, Ulyam Ouseley 1812-ci ildə səyahəti zamanı Naxçıvanda da olmuş və həmin il Möminə Xatun türbəsinin rəsmini çəkmişdi. Buradan birmənalı şəkildə aydın olur ki, bu gün adı çəkilən türbənin ilk rəsminin Dyubua de Monpere tərəfindən təsvir edilməsi haqqındakı fikir həqiqətə uyğun deyil. Çünki yeni aşkara çıxardığımız fakt sübut edir ki, türbənin rəsmi Monperedən xeyli əvvəl, 1812-ci ildə Ulyam Ouseley tərəfindən çəkilib.

 

 

Elmi ədəbiyyatı nəzərdən keçirərkən Möminə Xatun türbəsi ilə bağlı tədqiqat işləri aparan Azərbaycan müəlliflərinin əsərlərində Ulyam Ouseleyin yuxarıda adı çəkilən kitabından qaynaq kimi istifadə olunmasına rast gəlmədik. Bu isə onu deməyə əsas verir ki, Möminə Xatun türbəsinin həmin kitabdakı rəsmi araşdırıcılar üçün naməlum qalıb. Lakin təəccüb doğuran məqam odur ki, türk müəlliflərindən Turqay Yazar yuxarıda adı çəkilən kitabındakı qaynaqlar siyahısında Ulyam Ouseleyin sözügedən kitabını mənbə kimi göstərsə də, onu tədqiqata cəlb etməyib. Əgər belə olmasaydı, o, həmin rəsm haqqında söz açar və onu kitabına daxil edərdi.

 

Qeyd edək ki, Ulyam Ouseleyin "Naxçıvan qalıntıları" adı ilə kitaba (sondakı rəsm əlavələrində) daxil etdiyi rəsmdə Möminə Xatun türbəsi, qoşa minarəli baştağ, eləcə də Cümə məscidinin qalıqları təsvir olunub. Rəsmdə türbənin ətrafında divar çöküntülərini aydın şəkildə görmək olur. Maraqlı burasıdır ki, müəllif kitabın 436-cı səhifəsində bu türbə ilə bağlı məlumatlar verib təəssüratlarını bölüşsə də, kitabda bircə dəfə də olsun Möminə Xatun türbəsinin adını çəkməyib. Müəllifin sözügedən kitabının həmin səhifəsində bu haqda yazdıqlarını olduğu kimi təqdim edirik:

 

 

 

"Ayın 8-i (8 iyul 1812-ci il nəzərdə tutulur - Y.X.) saat 6-dan sonra mən dağıntılarla dolu olan Naxçıvan şəhərini tədqiq etməyə başladım. Buranın böyük hissəsi dağıntılardan ibarət idi, lakin burada çoxsaylı gözəl tikililər də var idi. Tərk edilmiş küçədə isə şəffaf suyu olan çay axırdı ki, mənim axırıncı şam yeməyim üçün balıq buradan təchiz edilmişdi. Qeyd olunan günbəz (Mömünə Xatun türbəsindən bəhs olunur - Y.X.) geniş qübbəli zaldan (otaqdan) ibarət idi, kərpic divarlar içəri tərəfdən çılpaq idi, lakin çöl tərəfdən mavi-şirli rəngdə, kufi yazısı işlənmişdir ki, bunun da əksəriyyəti xarab olmuşdu. Yanında iki silindrik qülləsi və ya minarəsi olan məscidin (Cümə məscidi nəzərdə tutulur - Y.X.) dağıntıları var idi. Bu tikilinin önündə üç kufi yazısı var idi. Biri mavi işləmə ilə giriş qapısının üzərində horizontal formada durmuş, digər ikisi isə kənarlarda perpendikulyar formada yastı kərpicin üzərində qabarıq şəkildə yerləşdirilmişdir. Hər iki tikilinin şəklini (eskizini) çəkmişəm".

 

Göründüyü kimi, kitabda Ulyam Ouseley Möminə Xatun türbəsini təsvir etmiş, onun mavi rənglərindən, üzərindəki ərəb əlifbasının kufi xətti ilə yazılmış yazılarından bəhs etmişdir. Sözsüz ki, britaniyalı şərqşünasın məqsədi Möminə Xatun türbəsini tədqiq etmək olmamışdır, o, sadəcə olaraq Naxçıvanı təsvir etməyə çalışarkən gözünə sataşan bu türbə haqqında da məlumat verməyə çalışmışdır. Təəssüf ki, Ulyam Ouseley yuxarıda adı çəkilən kitabında Naxçıvanla bağlı çoxsaylı təhriflərə də yol vermiş, bu diyarla bağlı qeyri-dəqiq və yanlış məlumatları da kitabına daxil etmişdir.

 

 

 

Beləliklə, Möminə Xatun türbəsinin 1812-ci ildə çəkilmiş haqqında bəhs etdiyimiz rəsmi hələlik onun əlimizdə olan ilk rəsmidir. Lakin türbənin daha əvvəlki dövrlərdə çəkilmiş rəsmlərinin olmasını da mümkünsüz hesab etmirik. Bizim qənaətimizə görə, bu möhtəşəm abidənin orta əsrlər dövründə çəkilmiş rəsmləri mütləq olmuşdur və hazırda qalmaqdadır. Onları tarixin qaranlıq səhifələrindən gün işığına çıxarmaq üçün sadəcə ciddi araşdırmalar aparılmalıdır.

 

Yunis XƏLİLOV

Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müəllimi, hüquqşünas

 

525-ci qəzet.- 2021.- 23 aprel.- S.23.