Acı taleli qız

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Sonra onun son görüşlərində Ruhiyyəyə olan təklifini dilə gətirdi, öləndən sonra əri Hüseyn müəllimə ərə getməsi barədəki ağlasığmaz planından danışdı. Mən onun təklifini çox pis qəbul etdim. Çünki mən onun ölümünü heç cür gözləmirdim, ideyanın özü də mənə qəribə gəlirdi. Nəyə görə o, belə qərara gəlmişdir, çünki başqa vicdansız adam onun bu sözlərindən istifadə edib, Hüseyn müəllimlə gizlicə qəsd düzəltməyə girişər, sevgi macərasına başlaya bilərdi. Mən isə əclaflıq edə bilməzdim. Nə qədər yalvardımsa, sözünün üstündə durmaqda davam etdi və mənə təlqin etməyə çalışdı ki, sən öz xoşbəxtlik imkanını əldən qaçırmamalısan. Onu da əlavə etdi ki, mən hiss etmişəm ki, Hüseynin səndən xoşu gəlir, lakin heç biriniz mənə görə qırmızı xətti keçməmisiniz. Dönə-dönə mənə tapşırdı ki, Hüseynə mənim sözlərimi çatdırmalısan, qorxaqlığa yol versən, özünü bədbəxt edəcəksən, Hüseynin də gələcəyini sual altında qoyacaqsan. O, tək qala bilməz, məişət məsələlərində həddən artıq naşıdır, tək qalsa, evlənməsə, öz ömrünü də gödəldəcəkdir. Kimə ürcah çıxacaqdır, kiminlə ailə quracaqdır, bu, küləyin arxasınca düşməyə bərabərdir.

 

Ruhiyyə dedi ki, onun mənimlə apardığı söhbətlə kifayətlənməyəcəyinə əmin idim. Sevimli tələbəsi olan bir qız onun öz ölümündən iki həftə əvvəl yazdığı məktubu gətirib mənə verdi. İnandığı bu qıza tapşırıbmış ki, özü öləndən sonra məktubu sahibinə çatdırarsan. Məktub mənə çatdı, açıb oxuduqda əvvəlki fikrinin üstündə dayandığı məlum oldu və öz ruhunu incitməməyi, qızı saydığı bir adamdan təvəqqe etmişdi.

 

Yusif müəllim bu qadının alicənablığına məəttəl qalmışdı, onun fədəkarlığına izah da tapa bilmirdi :

 

- "Titanik" gəmisi aysberqlə toqquşması nəticəsində batanda, sərnişinlərə xidmət edən orkestrin musiqiçiləri xilas ola bilməyəcəklərini anlayıb, göyərtədə özlərinə rekviyem çalırdılar. Südabə xanım da ölümünün yaxınlaşdığını hiss edib, öz matəm marşını tam başqa bir qaydada, ürəkdən sevdiyi adamın xoşbəxtliyində tapmaq istəyirmiş,  həyatının sonunda da sənə qarşı üstünə götürdüyü analıq borcu barədə düşünərək, məhz belə hərəkət etmişdi.

 

Sonra məsənin heç də sadə bir iş olmadığını anlayıb, qızdan soruşdu:

 

- Hüseyn müəllim bu barədə bir şey bilirmi, arvadı ona hansısa bir işarə ilə bunu başa salıbmı? Plan ikinizin arasında olduğu halda, görünür, ailə qurmalı olan adam bundan tam xəbərsizdir. Bu, patriarxal qaydada kəsilən nikaha bənzəyir, oğlanın və qızın xəbəri olmadan onlara nişan qoyulur, sonra hay-küylü toy edilir. Bəylə gəlin isə bir-birini ilk dəfə yalnız toyda görməyə müvəffəq olur.

 

Ruhiyyə dedi:

 

- Mənim Hüseyn müəllimin hali olub-olmamasından xəbərim yoxdur, Südabə xanım da mənə bu barədə heç nə deməmişdi.

 

- Bəs Hüseyn müəllimin sənə münasibəti necədir? Hansısa davranışı ilə səni qəbul edib-etmədiyini bilirsənmi? O, sənin keçmişinə bələddirmi və bu maneəni keçməyə onun cəsarəti çatarmı?

 

Ruhiyyə:

 

- Heç nə bilmirəm. Bircə onu deyə bilərəm ki, o, evlərində mənə maraq göstərirdi. Oğrun-oğrun gözlərini mənə dikirdi, bədən quruluşum və sifət cizgilərim də onun xoşuna gəlməmiş deyildi. Lakin bunlar ailə qurmaq üçün elə də böyük əhəmiyyət kəsb etmir. Adicə xoşa gəlməyə görə evlənmək barədə heç kəs qərar vermir, özünə arvad seçməkdə əsaslı səbəblər, arqumentlər olmalıdır. Xüsusən yaşlı adam kor-koranə özündən cavan bir qızla, özü də həyatında bəzi qeyri-müəyyənlik olan biri ilə nikaha girməyə cəsarət etməz.

 

Yusif müəllim qızın tam pessimizmə qapıldığını görüb, düşüncələrinin səhv olduğunu ona izah etməyə çalışdı:

 

- Yaş fərqi elə də ciddi məsələ deyildir. Axı elə bir qanun, ya qayda da yoxdur ki, ancaq həmyaşıdlar evlənməlidir. Puşkinin də Natalya Nikolayevna ilə xeyli yaş fərqi var idi. Viktor Hüqo qoca yaşında məşuqəsi Jülyetta Drüeni Gernsi adasında arvadı kimi saxlayırdı. Amerikan yazıçısı Edqar Allan Po 13 yaşlı qızla evlənmişdi, Sezarla Kleopatra arasında yaş fərqi 30-dan yuxarı idi. İngiltərə kraliçası I Elizabet özündən xeyli cavan olan Fransa printsi, gələcək kral III Henriyə ərə getmək imkanı barədə söhbəti eşitdikdə, bu vaxt ayaqlarının ağrısından əziyyət çəkdiyinə görə istehza ilə demişdi ki, gənc prints çolaq qoca qadını kilsəyə necə aparacaqdır? Sən Hüseyn müəllimi tanıyırsan, onda, yəqin ki, elə qocalıq və ya əlillik yoxdur. Səndən üç onillikdən də çox böyükdürsə, bu da ciddi fərq deyildir. Görünür, o, özü də evliliyə can atır. Gecikmiş və ya ikinci məhəbbət çox vaxt adamı daha böyük qüvvə ilə özünə cəlb edir. Səni də belə qızğın məhəbbət gözləyə bilər.

 

Ruhiyyə Yusif müəllimin bu mülahizələrinin tutarlı olmadığı rəyinə gəldiyinə görə ona dedi:

 

- Düzünü desəm, mən belə izdivacın baş tutacağına inanmıram. Südabə xanım xəstəlikdən əziyyət çəkdiyinə və mənə yaxşı münasibətinə görə belə ideyanı ortaya atmışdı və mənim şübhələrimə baxmayaraq, bu planın baş tutacağına da möhkəm inandığını bildirirdi. Məndən yeganə xahişi o idi ki, qorxaqlıq göstərməyim, cəsarətli olum ki, onun hər ikimizin gələcəyi barədə düşündükləri öz real təsdiqini tapsın.

 

Yusif müəllim qızın bu sözündən yapışıb, nikbinliyə çağırış qaydasında ona dedi:

 

- Südabə xanım təcrübəli insan kimi sənin zəif cəhətinə bələd imiş, axı ilk dəfə səninlə küçədə sən ağlayan vaxt tanış olubmuş. Ona görə də ağciyərlilik sənə olduqca pis xidmət göstərə bilər, cəsarətli olmalısan, arvadının vəsiyyətini ərinə hökmən çatdırmalısan. Və onunla görüşəndə bu məsələni sənin üçün elə bir əhəmiyyət daşımamasına da heç bir işarə göstərməməlisən, sonra o, özünün təklifdən imtina etməsini sənin razı olmadığını başa düşdüyünə görə etdiyini ən mühüm səbəb kimi gətirəcəkdir. Sən öz rolunu düzgün oynamalısan, Çin operasının aktyorları kimi maskadan istifadə etməməlisən. Ərinin xəbəri olmadan, səninlə söhbətdən sonra, yəqin ki, sənə belə məktub göndərməzdi, ərinin məsələdən agah olmasını isə sənə yazsa, ailə sirrini açmış və səni arxayın salmış olardı. Mən sənə daim ata məsləhəti vermişəm, bu gün də o mövqeyimdən uzaqlaşmıram. Hökmən sən Hüseyn müəllimlə görüşüb, ona Südabə xanımın onun və sənin üçün çox vacib olan vəsiyyətini çatdırmalısan. Çox inanıram ki, bu sövdələşmə, əslində, bu sevda baş tutacaqdır və mən bu işdə kiçik də olsa öz iştirakıma görə sevinc hissləri keçirəcəyəm. Çox arzu edirəm ki, toyunuz olsun, mən digərləri kimi o toyda oynamağı deyil, təzə yaranan ailəni təbrik etməyi və sənin haqqında bəzi xoş sözləri söyləməyi vəd edirəm. Güman edirəm ki, Hüseyn də mənim sözlərimin səmimi olduğuna şübhə etməyəcək, mənə qarşı deyil, öz ağlında belə yeni arvadına qarşı ağılsız qısqanclıq fikrinin yaranmasına imkan verməyəcəkdir. Çünki o, bizim münasibətlərimizə bələd deyildir, bəlkə gələcəkdə bəzi məlumatlara malik olacaqdır.

 

Ruhiyyə ilk dəfə idi ki, gülümsünürdü və bu, Yusif müəllimə çox xoş gəldi. Qız öz təbəssümünün izahı kimi dedi:

 

- Əziz Yusif müəllim, siz lap Südabə xanım kimi danışırsınız, hələ heç nəyin işartısı da görünmədiyi halda, toydan danışırsınız. Siz məni qəbirdən çıxartdınız, indi isə toyumda məni gəlin paltarında görmək istəyirsiniz. Haradandır sizdə bu nikbinlik? Bu, heç də öləri adamlara xas deyildir. Siz inci sərrafısınız, könlümü almaq, məni kədərli fikirlərə dalmaqdan qorumaq üçün bu sözləri deyirsiniz. Ancaq sizə olan inamımı heç kəs sarsıda bilməz və sizin sözünüz, məsləhətiniz mənim üçün qanundur və onları hökmən icra edəcəyəm. Yəqin ki, Südabə xanımın qırx mərasimindən sonra Hüseyn müəllimlə görüşməyə cəhd edəcək və ona arvadının vəsiyyətini çatdıracağam. Sizdən fərqli olaraq, reaksiyasının müsbət və ya mənfi olacağını deyə bilmərəm.

 

Yusif müəllim onu yola salanda, hamiləliyinin uğurlu yekununun təbriki kimi yenə ona 100 manatlıq əsginası təqdim etdi, etirazının əbəs olduğunu bildiyinə görə qız pulu alıb cibinə qoydu. Qapıdan çıxan Ruhiyyəyə dedi:

 

- Hüseyn müəllimlə görüşünün müsbət nəticəsini mənə bildir, çünki mən yalnız belə cavabı gözləyirəm. Həmin alicənab qadın kimi yenə də sənə məsləhət görürəm, cəsarətli ol, qarşıdakı xoşbəxtliyinə əvvəlcədən inam bəslə. Belə inam problemin müsbət həllinə təsir edən mühüm amillərdən biri olur. Nikbin ol, həyata nikbin baxışlarla nəzər sal. Gör son il yarımda sənin həyatında nə qədər yaxşı dəyişikliklər baş vermiş, sən ilk dəfə olaraq ürəkdən sevinməyə başlamısan. Onların uğurlu davamı olmalıdır. Mən vəziyyətinin daha da yaxşılaşacağına, taleyinin də sənə gülər üzünü göstərəcəyinə çox inanıram. Çünki sən buna layiqsən. Məşəqqətli keçmişinin əvəzi tam xoşbəxtliyə çatmağınla əlamətdar olmalıdır. Onun ən başlıca nümunəsinin sənin ailə qurmağında, bir nəcib adamın xanımı olmaqda görürəm. Qoy bizim arzumuz qış şaxtasına dözüb, yazda gül açan qızılgülə bənzəsin. Bədbəxtliklərin şahidi olmaq yetər, qoy bizim də üstümüzə səadətdən xəbər verən günəş işıq salsın. Biz yalnız matəmlər keçirmək, kədərli ömür sürmək üçün dünyaya gəlməmişik, qoy sənin də küçənə bayram şənliyi gəlsin və sənə yeni münasibət bəsləyənlər bundan sevinc hissləri keçirsinlər. Evkalipt ağacı efir yağı buraxdığına görə tez yanmağa başlayır, Avstraliyada iri meşə yanğınları baş verir. Lakin ağacların kökü yerin dərinliyindən bioloji nasos kimi suyu çəkdiyindən, həmin sağlam kökün üstündə gövdə yaşıllaşmağa, böyüməyə başlayır. Sənin də ürəyin evkalipt kökü kimi möhkəm və həyatsevərdir. Sən hökmən qalib gəlməlisən.

 

Ruhiyyə küçəyə çıxdı, bu mehriban insanın ona göstərdiyi qayğıya, mərhəmətinə insan təbiətinə xas olmayan bir möcüzə kimi baxırdı. Axı onun həyatı mənfur, iyrənc nümunələrlə, pis adamların sərgisi il dolu idi. Onun bəxti görünməmiş qaydada onda gətirmişdi ki, belə alicənab, nəcib insan onun qarşısına çıxmışdı. Kimsə güman edə bilər ki, ehtiyacı olan bu qız 100 manata görə sevinir, yalnız nadan adamlar belə düşünə bilər, Yusif müəllimin Ruhiyyəyə münasibəti, əslində, göy səması qədər geniş olan mərhəməti və insanlıq mənbəyindən yaranan məsləhətləri maddi ölçülərlə qiymətləndirilsə, milyonlara bərabərdir. Hər dəfə onun dərin mənalı, səmimi söhbətləri çox böyük çəkiyə malik olur, qıza təxəyyülə də gəlməyən, ancaq ona bağışlanan bir fil sümüyündən tikilən saray şəklini alır.

 

Lakin bu sevinc heç də uzun sürmürdü. Səadətə qovuşmaq istəyi nə qədər böyük olsa da, qeyri-müəyyənliyin ağır yükü onun çiyinlərini əzməkdə davam edirdi...

 

(Ardı var)

 

Telman ORUCOV

 

 

525-ci qəzet.-2021.- 24 aprel.- S.22.