Bir qəzəlin Nəsimisi

 

Fəzlullah Astarabadinin "Cavidannamə"sində dörd ünsür - torpaq, hava, su, od içərisində torpağa böyük önəm verilir. Səbəb digər üç ünsürün lətifliyi, heç bir forma (surət) qəbul etməməsidir. Məhz forma qəbul etdiyindən, torpaqdan insan - Adəm xəlq edilmişdir. Orxan Mirqasımovun vurğuladığı kimi, hürufilikdə torpağın bir ünsür olaraq qüdsiyyəti insan bədəninə material olmasıdır.

 

İnsan bədəninin, ayrıca olaraq üz cizgilərinin sufizmdə xüsusi məqamı şübhəsizdir. Əgər digər mistik sistemlərlə müqayisədə İslam mistisizmində bədənə daha üstün qiymət verilirsə, İslamın öz mistik cərəyanları içərisində məhz hürufilikdə insan bədəni daha uca tutulur. Bu önəm insanın həm Mütləq varlığın, həm də Müqəddəs yazının - Quran-i Kərimin və arxetip hərflərin təcəssümü olmasıdır.

Bir məsələni də qeyd etmək lazımdır ki, bədən və ruh anlamları İslam mistisizmində bizim başa düşdüyümüzdən fərqli məna daşıyır. İslam mistik təlimlərində bədənlə ruh arasında sərhədlər asanlıqla dəyişir və bu prosesdə söz, kəlam və onların maddi ifadəsi sayılan yazı sanki keçid rolu oynayıb. Bu mənada Şahzad Bəşir diqqəti Qasim-i Ənvərlə bağlı bir xəbərə cəlb edir: Qasim-i Ənvərə (v.1433) sual verib, "İnsan nəslinin nəcibliyi hardan gəlir, Adəmin xarici görünüşündən, bədənindən, yoxsa onun ruhi aləmindən?" - deyə soruşarkən o demişdir: "Nəciblik nə tək bədənə, nə də tək batini aləmə bağlıdır, o, bu ikisinin birliyindən doğur".

 

Əvvəlki tədqiqatlarımızda qeyd etdiyimiz kimi, Sufi təlimində bu məsələdə iki cəhət diqqəti cəlb edir: Bir tərəfdən cismin, bədənin ruhi anlamları ifadə etməsi, digər tərəfdən isə, ruhi anlamların, məfhumların özlərinin bir növ cisimləşməsi, bədən halına gəlməsi müşahidə olunur. Bəzi sufilər iddia edirdilər ki, peyğəmbərlərin, imam və övliyaların bədənində müqəddəs ruhlar qərar tutur, bəzən də daha irəli gedib onların bədəninin İlahi Zatın hicabı, pərdəsi olması fikrini irəli sürürdülər. Şiə imamlarının "Bizim ruhlarımız bədənlərimiz, bədənlərimiz isə ruhlarımızdır" (arvahuna əcsəduna va əcsəduna arvahuna) demələri, Seyyid Hüseyn Nasra görə, esxatoloji və alximik mənalarla yanaşı, İslami düşüncədə həm də ruh, can və bədənin mütləq vəhdətinə işarə edir. Adəm övladının cismani varlığından öncə Nur-i Muhamməd (Məhəmmədin nuru) kimi tanınan lətif bir incinin yaranması sufi kosmogoniyasının əsas təlimlərindəndir. Braginskinin dediyi kimi, bəzən klassik sufi traktatlarında bu lətif, ruhvari varlığın da yalnız işıq, nur kimi deyil, bədəni, qaşı, gözü, əli, qolu və s. olan insan kimi təsvir olunmasını görürük, amma bu halda da bütün bu üzvlərin mücərrəd anlamları, ruhani, nurani, uca olanları ifadə etməsi vurğulanır.

 

Bu yazıdan məqsəd "Yəqin, ya Rəbb, yüzündür rəqq-i mənşur" mətləli qəzəl əsasında Nəsimi poeziyasında üzə və üz cizgilərinə verilən dini-fəlsəfi və poetik mənaları araşdırmaqdır. Bir şairin ifadə etdiyi mənaları bütün dəqiqliyi ilə onun özündən başqa heç kimsə anlamaz. Bu səbəbdən, biz Nəsimi şeirini özümüzün başa düşdüyümüz mənada təqdim edirik. Bu zaman əsas qaynağımız "Qurani-Kərim", hədislər, Nəsiminin oxşar motivli digər şeirləri, eləcə də Hürufiliyə dair bəzi mənbələr ("Cavidan-namə"nin, "Ərş-namə"nin tərcümələri) və müvafiq araşdırmalardır. Qeyd etmək istərdim ki, "Cavidan-namə" əsərinin tərcüməsi deyərkən, Orta əsr müəllifi Dərviş Mustafa tərəfindən edilmiş "Dürr-i Yetim" isimli tərcüməni və Orxan Mirqasımovun "Words of Power" əsərində yer alan ingilis dilinə olan tərcümələri nəzərdə tuturam. "Dürr-i Yetim" nəşrə hazirlayan Fatih Usluer onun "Cavidan-namə"nin sözbəsöz tərcüməsi olmasını qeyd edir. Bəlkə də "Dürr-i Yetim" Astarabad ləhcəsində olan "Cavidan-namə"nin Fəzlullah tərəfindən farscaya çevrilmiş variantı olan "Cavidan-i Sağır"ın türkcə tərcüməsidir. Gölpınarlı Fəzlullaha "Cavidan-i Sağır" adlı bir əsərin aid edilməsini, amma belə bir əsərə hələ ki, rast gəlinmədiyini bildirir. "Cavidan-i Sağır" əsərinin əlyazması Salman Mümtazın şəxsi kitabxanasında olmuş, təəssüf ki, alimin bir çox dəyərli əlyazmaları ilə birlikdə bu qiymətli əlyazma da repressiya qurbanı olaraq itib batmışdır. Gölpınarlı "Dürr-i Yetim"in mündəricatında "Fihrist-i əbvab cavidan-i sağir" ("Cavidan-i Sağır"ın mündəricatı) yazılmasını qeyd edir. Bu qeydə əsasən "Dürr-i Yetim"in "Cavidan-i sağır"ın tərcüməsi olmasını zənn edə bilərik. "Dürr-i Yetim"i nəşrə hazırlayan Fatih Usluer bu barədə konkret bir fikir bildirmir. Onun fikrincə, "Cavidan-name-yi Sağır"ın türk dilindəki tərcüməsi Firiştəoğlunun "Eşq-namə"sidir. Digər tərəfdən, Usluerin "Hürufilik" əsərində "Cavidan-name-yi sağır" adlanan bir farsca əlyazmaya dönə-dönə müraciət edir. Bu səbəbdən, "Durr-i yetim"in məhz hansı "Cavidan-namə" tərcüməsi olmasını söyləmək çətindir.

 

Üz

 

Klassik şeirimizdə bədən üzvləri arasında üz həm fəlsəfi düşüncə, həm də poetik təsvir obyekti kimi diqqəti cəlb edir. Əslində, klassik qəzəlin əsas mövzusu elə üzdür. Bertelsin təqdim etdiyi Sufi terminləri lüğətlərində üzün rəmzi mənası birbaşa Haqqın təcəllisi ilə bağlıdır. Üzə "təcəlliyat-i məhd" (Əsl manifestasiya) , "təcəlliyat-i camali" (Camalın manifestasiyası), "hüsn-i zati" (Zatın Hüsnü) kimi mənalar verilir.) Mahmud Şəbüstərinin "Gülşən-i Raz" əsərində ayrı-ayrı üz cizgilərinin və bədən üzvlərinin sufizmdəki rəmzi mənaları incəliklərinə qədər açılır və üzün Haqqın təcəllisi olması bildirilir: "Gözəl üzdə nur, lütf, rəhmət, yəni Camal sifətlərin təcəllisi müşahidə edilir". Üzün xətt ilə bağlı mənaları barədə isə deyilir: "Üz Haqqın substansiyasına işarədir, ad və sifətlərin kəsrət aləmində təzahürü üzdə gerçəkləşir. Xətt isə ruhlar aləminin müəyyənlik qəlibində təzahürüdür, varlıq mərtəbəsində Haqqa və qeyb aləminin mahiyyətinə ən yaxın mərhələdir... Hüsn və Camalın timsalı olan üz Haqqın ad və sifətlərini tam əks etdirir" (Lahici, 2008. tərc. Nəsib Göyüşov). Müasir tədqiqatçılar da İslam dinində üzün dini-fəlsəfi mənasına biganə qalmamışlar (Denny, 2015; Haleem 1990; Elias 2015).

 

 

 

Hürufilər üzlə bağlı sufi mənalarını bütünlükdə qəbul etməklə yanaşı, onlara müqəddəs sayılan hərf-yazı elementləri də əlavə ediblər. Hürufilikdə üzdəki anadangəlmə yeddi cərgə tük Həvva ananın və "Umm əl-kitab" (Kitabın anası) olan əl-Fatihə surəsinin məcəssəməsidir. Üzün xüsusi məqamı həm də Qurandakı "Yer üzündə hər kəs fanidir, Rəbbinin cəlal və kəramətli üzündən başqa" ifadəsi ilə xüsusi önəm kəsb edib "bəqa billaha" - Allahla əbədi bir vəhdətə işarədir. Digər bir Quran ayəsində (28:88) deyilir: "Onun üzündən başqa hər şey məhv olacaq". Nəsimi həmin ayənin poetik şəklini və şərhini belə təqdim edir:

 

Küll-ü şey'in halik oldu,

qaldı illa vəchəhu,

Hər yandan baxdı arif,

gördü vəchüllahını.

 

Hürufilikdə Allahın üzünün Adəmdə manifestasiyası qəbul edilir. "Ərş-namə"də deyilir:

 

Pərde-i izzət yüzindən Zü l-Cəlal

Götürüb göstərdi hüsn-i bər kamal.

Adəmi surətdə göstərdi yüzin,

Çün təcəlli qıldı, ərz etdi yüzün.

 

Bir qəzəlin Nəsimisi

 

Yəqin, ya Rəbb, yüzündür rəqq-i mənşur,

Muhamməd şəri andan oldu məşhur.

Təvaf əmr oldu çün Beytü l-ətiqə,

Rəsul ol evi çün xoş qıldı mə'mur.

Sifatındır, bilürəm Kəbey-i mütləq,

Ziyarət eyləyənlər oldu məğfur.

Saçın həblü l-mətindir, surətin həqq,

Hidayət şəm'i yüzdən indi ol Nur.

Yanağın həzihi cənnat-i ədn,

Yüzündür kəşfi, sənsən cənnət-i hur.

Sənün məstanə eynin sağərindən

Rəvandır səlsəbil, uş məst-ü məxmur.

Məsiha nəfxədir şirin dəhanın

Ki, səhhət bulur andan sorsa rəncur.

Qaşınla kirpigin, mişkin saçınla

Vücududur Süleyman, eynidir mur.

Ənə l-Həqq dedi, zülfün tarlığından,

Çıxardı gögə fəryadını Mənsur.

Sifatın batini çün oldu rövşən

Ki, aləm varına olmadı məğrur.

Sən əhsən-ü surətə inkar edənlər,

Əzazildir ki, düşdü tanrıdan dur.

Nəsimiyə təcəlli qıldı eşqün,

Gözünə nur, könlün etdi məsrur.

 

Qəzəlin dili Azərbaycan türkcəsidir, amma burada dominant olan ərəb sözləridir (44 söz) və fars mənşəli sözlər (16) sanki ərəb və türk dilləri qarşısında geri çəkilmiş kimi görsənir. Türk dilində sözlər (25 söz) arasında bəzi üz cizgilərinin də şairin ana dilində verilməsini görürük: qaş, kiprik, saç, yanaq. Göz həm ərəb, həm türk (göz, eyn) və ağız isə ancaq fars dilində (dəhan) verilib. Maraqlı bir fakt kimi qeyd edə bilərik ki, ağız sözünün özünə də Nəsimi şeirində tez-tez rast gəlinir. Qəzəldə işlənən xüsusi adların beşi (Məhəmməd, İsa, Süleyman, Kəbə, Beyt əl-ətiq) Quran mənşəlidir. Əzazəl İblisin adlarından biri olub, birbaşa olmasa da, yenə Quranla bağlıdır. Yalnız Mənsur adı istisna təşkil edib Mənsur Həllacı (v. 922) bildirir.

 

Bu qəzəl üzün və üz cizgilərinin himnidir. Şeirdə Gözəlin üzü və yanaqları yeddi dəfə, saçı üç, gözləri iki, ağzı, qaş və kirpiklər hərəsi bir dəfə olmaqla vəsf edilir. Qəzəldə adları keçən İsa əl-Məsih və Həllac Mənsur da müvafiq üz cizgiləri (dəhan və saç) ilə əlaqəli anılır. Yəni şeir büsbütün üzün himnidir.

 

(Ardı olacaq)

 

Aida QASIMOVA

 

525-ci qəzet.-2021.- 24 aprel.- S.17.