Niyə diskurs?

 

 

 

Məmməd Süleymanovun "37.az" saytında çıxmış "Yazmaq və susmaq" adında maraqlı yazısını oxuyandan sonra bir daha duydum ki, dilimizdə yavaş-yavaş özünə yer alan "diskurs" kimi sözlərlə bağlı düşüncələr söyləməyin zamanı çatıb. Həmin məqalədə müəllif "diskursun", "performansın" tanış sözləri əvəz etməsinə dəb kimi kinayə edir. Belə kinayəyə qarşı deyiləm, haçansa özüm də etmişəm, ən azı ona görə. Ancaq tariximiz göstərir ki, termin dəbi qaçılmazdır, bu üzdən ondan kinayəsiz də danışmaq olar.

 

Sözsüz, "dil polisi" ideyasına qapılmadan deyə bilərik ki, öz sözlərimiz nə qədər ağıllı yazılarda işlənsə, o qədər təpərli (energetik) olar. Onun üçün də ilginc intellektual məqalə və kitabların dilində "anlayış", "olqu", "nədən", "sonuc" kimi onlarla sözü dövriyyəyə buraxıb saxlayanlara minnətdar olmalıyıq. Ancaq öz sözlərin ola-ola nədən, özü də çox vaxt gənclərdə Avropa elmi terminlrinə gərək yaranır? Bunu da araşdırmalıyıq.

 

"Diskurs"la ilk tanışlıq

 

Mən peşəmə görə Batı fəlsəfəsinin və kulturolojisinin xeyli terminlərini pis bilmirəm. Ancaq İnternet postmodernist, poststrukturlist əsərlərlə tanışlığa imkan verəndə "diskurs" sözünə rast gəlib mat qaldım. İşarələr sistemi ilə məşğul olanda yadımdadır ki, "tekst" termini işlək idi. "Tekst" elə nəsnələri deyirdi ki, millətçilik, İslamçılıq edib onları "mətn"lə vermək alınmırdı. Məsələn, semiotika deyirdi ki, bütün bilgi, informasiya ötürən sistemlər tekstdir. Ona görə şeir və romanları da, şəhəri də, paltarları da, davranışları də tekst saymaq olar. O yerdə ki, "tekst" işlənir, orada işləmə çevrəsinə kontekst, kod və informasiya düşür. Ərəbin "mətn" (deyəsən, bel, kürək anlamları ilə bağlıdır ) sözü isə bütün bunları susur, ona görə də "tekst"i əvəz edə bilmir.

 

Yeni terminlərin metaforalarda əsaslandırılması

 

Durumu anlamaq üçün geyim və paltarlara üz tutaq. Azəri qızı yüksək modanın donunu geyinib, saç yığımını götürəndə etnik kimliyi qalır. Yəni bizim qızlardan biri kimi qalır. Ancaq bu yeni qiyafə əlavə bilgilər də verir, axı. Onun bədəni və xasiyyəti qalsa da, geyimi milli donlardan fərqlənən, tutalım, külək effekti ilə, yəni dalğalanma ilə oynayır. Meh əsəndə saçın dalğalanmasını yada salın, necə gözəl olur. Elə paltarlar var ki, saçlar kimi yellə, mehlə oynayır (bunu bal rəqsində, buz rəqsində tez-tez görmək olur). Qadın geyimlərinin saysız formaları ilə, - baxın "Fəşn" proqramına, - çox nəsnələr görə bilərsiniz.

 

"Diskus" kimi terminlərə çağdaş Azərbaycan mətnlərinə gəlmiş yeni paltarlar kimi baxmaq gərəkdir. Bəs bu yenilik formadan başqa hansı mənaları gətirir? Ona baxaq.

 

Yenə "tekst"ə və "diskurs"a qayıdış

 

Mən İnternet çağında postmodernist fəlsəfi yazıları oxuyanda öyrəşdiyim "tekst" yerinə Rolan Bartda, Derridada, Liotarda "diskurs" sözünə rast gələndə ilk öncə sinirlənirdim: bu, nə hoqqadır? Yeri gəlmişkən, 60-cı illərdə Avropaya "diskurs"u termin kimi Mişel Fuko gətirmişdi və bundan sonra postmodernizmin sevimli sözü olmuşdu. Dediyim kimi, "diskurs" öncə mənə yapışmamışdı. Ancaq getdikcə "hakimiyyət diskursu", "nifrət diskursu" tipində deyimlər mənə intellektual ləzzət verməyə başladı. Bart, məsələn, "hakimiyyət diskursunu" belə açırdı: mən hakimiyyət diskursu ilə bütün o diskursları adlandırıram ki, yetkinlik duyğusunu və ona görə də başqalarında suç, əskiklik duyğusunu yaradır.

 

Bizim sözümüzlə desək, hakimiyyət diskursu danlamaq diskursudur. Baxın, bütün vəzifəlilərin idarədə çıxışına. Bu çıxışlar tabelikdə olanları danlamaq, aşağılamaq üstündə qurulub. Yuxarıda olanın danlağından nə çıxır? O çıxır ki, pis işləyirsən, işə vaxtında gəlmirsən. Bu məsələlərdə mən kamiləm, ona görə danlamağa haqqım var. Sözsüz, kimsə "hakimiyyət diskursunu" "hakimiyyət danışığı" ilə əvəz edə bilər. Ancaq razı olun, "hakimiyyət diskursu" xeyli işlənib siyasi dünyanı açandan sonra onun mili sinonimi ondan enerji ala bilər.

 

DİLİMİZƏ GƏLƏN YENİ TERMİNLƏRİN BİR ÖNƏMİ ODUR Kİ, ÖZLƏRİ İLƏ YENİ DÜŞÜNCƏ YÖNÜMÜNÜ GƏTİRİRLƏR VƏ İŞLƏNİB AŞINANDAN SONRA BU DÜŞÜNCƏ TƏRZİNİ ÖZ SÖZLƏRİMİZ GÖTÜRÜR.

 

"Diskurs" nə gətirir

 

İndi isə "diskurs"un "mətn"dən semantik fərqinə baxaq. Söz latınca ilkində vurnuxmanı, get-gəli bildirirdi. Sonra nitqi, söyləmi bildirdi (bizdəki düşüncə gəzintilərini yada salın, dialoq həm də düşüncə səpələntisi, gəzintisi deyilmi?! ). Daha sonra Dekartgildə "diskursiv" formasında rasionallığı bildirdi. Nəyisə söyləmək sözə söz qoşaraq, cümləyə cümlə qoşaraq düşüncələri ard-arda düzməkdir. Yəni bitdə-bitdə söyləməkdir. Rasionallıq bir düşüncədən o birisini məntiqlə çıxarmaqdır. Halbuki biz duyğulananda eyni anda yüz cür çalarlar ard-arda yox, yan-yana durur.

 

"Tekst" bütün bilgi daşıyanları bildirir, - memarlıq abidəsini, bodi-bildinqin yaratdığı bədəni, teatr tamaşasını. "Diskurs" isə yalnız bilgiləri sözə düzən mətnlərə deyilir. Ona görə elmdə filmə tekst deyirlər, ancaq diskurs demirlər.

 

HƏRÇƏND FİLMİN, MEMARLIQ ABİDƏSİNİN ƏSASINDA DURAN İDEYALARIN CÜMLƏ VARİANTINA "DİSKURS" DEMƏK OLAR.

 

Buna örnək. Borxes hekayələrində "yuxunun içinə girmək" diskursu dəfələrlə təkrar olunur. Daha sonra bu diskurs min yerə öz təcəllilərini vermişdir. Məsələn, Paviçin "Xəzər" romanına. Kamal Abdullanın "Dəvə yağışı" hekayəsində baba nəvəsinə irad tutur ki, sən hələ öz nağıllarının içinə girməmisən. Beləcə, bizim yazar Borxes Postmodernizminin verdiyi "yuxuya girmək" diskursunu nağıla girib orada yaşamaq diskursuna çevirir. Düşünürəm ki, bu axırıncı Azərbaycan ədəbiyyatına öz təcəllilərini verəcək: biri romanına girib orada yaşayacaq, o biri məqalələrinə girib orada it-bat olacaq...

 

Yeni terminlərin gətirdikləri

 

Qısa yadasalma

 

İrəlidə dilimizdə (elə gürcü, rus dillərində də) işləkləşən "diskurs" sözündən yazanda buna pis baxanları başa salıb "düz yola qaytarmaq" üçün metaforalardan istifadə etmişdim. Pis baxanların arqumenti nədir? Dilimizi zibilləməyin, əndirabadi sözlərlə hoqqa çıxarmayın! Cümlə, deyim, mətn olan yerdə "diskurs" işlətmək ədabazlıqdır, yalançı elmbazlıqdır. Mən isə buna cavab verdim: biz, bəyəm milli şalvarımız, çarığımız, çuxamız olsa da, yeni dəblərin gətirdiyi geyimləri geymirik?! Geyimlərin funksiyası yalnız bədəni örtmək olsaydı, fərqi olmazdı hansı paltarla örtürük. Ancaq geyim insan bədəninə yeni anlamlar, semantikalar, oxşartılar verir və bununla da dünyamızı, mədəniyyətimizi zənginləşdirir. Qadın donu var ki, bədəndə kəpənəyin qanadını canlandırır, eləsi də var ki, bənövşə yarpağına oxşayır. Bütün bu oxşartılar, bənzəmələr qadının görünüşündə türlü təbiət olaylarını oynadır.

 

Yeni düşüncə "oyunlarına" yeni terminlər

 

İndi isə bir əlavəni verim. Gimnastikanı, baleti çarşabla oynamaq olarmı? Olmaz! Ona görə də biz mədəniyyətimizi idman növləri ilə zənginləşdirmək istəyiriksə, idman geyimlərini götürməliyik. Oxşar olaraq elmi, intellektual axtarışlarla bağlı yeni düşüncə "oyunlarını" götürmək istəyiriksə, diskurs, kod, tekst tipində terminləri də götürməliyik.

 

Ancaq bunu deyən bəndəniz öztürkcənin sözlərinə ögey baxan "stilyaqalardan" deyil. Vətənsevər adam "diskurs", "tekst", "trivial", "konnotasiya" kimi sözləri işlədəndə bir amac güdməlidir. O, sözlərin yeni bilik enerjisini dlimizə gətirəndən sonra öz sözlərimizi həmin enerjiyə tutmalıdır. "Konsept" deyə-deyə onun işığını "anlayış"a salmalıdır, "diskurs" deyə-deyə "deyim"ə, "mətn"ə salmalıdır. Necə ki elə nəsnələr var ki, gözəlliyini başqasından alır (Avqustin), eləcə də elə milli sözlər var ki, usunu (ağlını) Avropa terminlərindən ala bilər.

 

Diskursun müxtəlif tətbiqindən

 

Bir nəsnəni də deyim. "Diskurs" ilkində cümlə, abzas və sözdən düzülmüş daha böyük mətnləri bildirirdi. Ancaq getdikcə işlənə-işlənə elə ovsun qazandı ki, söz olmayan tekstlərin sözlə formulə edilən fəlsəfəsinin də adı oldu. Aydın olsun deyə, keçim Azərbaycan mədəniyyətinin türlü olaylarının diskusuna. Məsələn, Hacıbala Abutalıbovun mer olandan sonra etdikləri camaata "şəhəri təmiz etmək" diskursunda açılır və əsaslandırılırdı. Çox ilgincdir ki, indi Bakı ilə ilgili "təmiz etmək" diskursu söhbət aktivindən çıxıb, deməli, o, daha çirkli sayılmır.

 

Azərbaycan millətçilərinin uzun sürə başlıca diskursu "milli mentaliteti qorumaq" və ya "özümüzə qayıtmaq" idi. Onların çıxışlarının, yazdıqlarının, etdiklərinin ana xətti həmin diskurslarla cızılırdı. Ancaq bu diskurslar da öncəki populyarlığını itiriblər, deməli, qloballaşmanın gətirdiyi liberal dəyərlər milli bilincə öz təsirini göstərməkdədir.

 

İslamçıların Avropalaşma, Batılaşma, müasirləşmə (modernləşmə) ideoloqlarına bütün ideoloji, siyasi hücumlarının diskursu onları təqliddə suçlamaqdır. Antitəqlidçilik diskursu sənətlə ilgili çox aktualdır. Bütün sənətçilər özgün (orijinal) tekstlər yaratmaq istəyirlər, ona görə də təqlidi, başqalarını yamsılamağı sevmirlər. Modernizmin baş diskursu elə "özgünlük uğrunda gələnəklərin təqlidini dağıtmaqdır". Və paradoks odur ki, İslamçılar konservativ olsalar da, Batını tənqid etmək üçün modernizmdən "antitəqlidçilik" diskursunu götürüb bayraq edirlər.

 

Azərbaycan mədəniyyətinin tarixinə baxsaq, burada şikayət diskursunun mətntörədici gücünü hər yerdə görərik. Füzulinin "Şikayətnamə"si buna ilk örnəkdir. Ortaçağ şairlərinin çoxunda o diskursun türlü vektorları, yönümləri olub: fələklərdən şikayət, dünyadan şikayət, Allaha şikayət (hətta bəzən Allahdan şikayət). Ortaçağdan Yeni çağa keçəndə özümüzdən özümüzə şikayət formalaşaraq milli özünütənqid, özünü ifşa tekstlərinə gətirib. Bundan isə çağdaşlaşmaq, Avropalaşmaq, Batılaşmaq ideyaları dərdlərimizdən qurtulmaq əlacı kimi çıxıb.

 

Azərbaycan mentaliteti şikayət diskursundan indiyənəcən qurtula bilmir. Bu gün çayxana, məclis söhbətlərinə ara söhbəti yox, düşüncəli söhbət "guyasını" verən başlıca diskurs şikayətdir. Şikayətin paradoksu odur ki, sanki çatışmazlıqları yox etmək işini görməlidir. Bunun yerinə isə deqradasiya işini görür.

 

 

Niyazi MEHDİ

 

525-ci qəzet.-2021.- 24 aprel.- S.16.