Hekayə rapsodiyasindan daha dərin qatlara

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının Birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

Həmişə böyük ədəbiyyat təəssübkeşi olmuş, nəsr, dramaturgiya və ədəbi tənqid sahəsində ədəbiyyatın təməl əsərlərini yaratmış Xalq yazıçısı Elçini hekayə  janrının taleyi daha çox düşündürmüşdür.

 

Azərbaycan hekayəsinin orijinal nümunələrini yaratmış Elçin həm də bu janrın taleyi və təkamülü haqqında yazıçı-vətəndaşlıq missiyası ilə birlikdə həm də tənqidçi - vətəndaş səviyyəsində də həyəcan təbili kimi narahatlığını və ümidlərini ifadə edən təsirli və sanballı söz demişdir. Elçinin 1966-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap edilmiş "Hekayə haqqında etüdlər" və 1976-cı ildə "Azərbaycan" jurnalının təqdim etdiyi "Hekayə janrı. İmkanlarımız və iddiamız" adlı məqalələri hekayə janrı haqqında yazılmış ən sanballı söz kimi qəbul edilmiş, bu janrın sonrakı inkişafında həlledici rol oynamışdır. Doğrudur, Elçinin "Olum, ya ölüm - yox, neçə olum" adlı məqaləsi ("Azərbaycan" jurnalı, 1968, ¹11) roman janrının taleyinə geniş, əhatəli, ən vacibi isə təsirli mövqe kimi meydana çıxmış, həm ədəbi mühitdə geniş müzakirələrə səbəb olmuş, həm də janrın sabahına doğru gedişata bələdçilik etmişdir. Əlamətdar cəhətdir ki, Elçin ilk romanı olan "Mahmud və Məryəm" romanını çap etdirdiyi 1982-ci ildən on dörd il qabaq təqdim etdiyi bu məqalə ilə roman janrına tarixi və müasir baxışı ifadə etməklə bərabər, həm də nəticə etibarilə müasir mərhələnin yeni roman konsepsiyasını da irəli sürmüşdür. Elçin 1971-ci ildə "Qobustan" jurnalında çap etdirdiyi "Dramaturgiyada şərtilik barədə" məqaləsində dram sənətinin, 1973-cü ildə "Azərbaycan" jurnalı vasitəsilə ədəbi ictimaiyyətə çatdırdığı "Şeir axını. Poeziya. Tənqid" məqaləsi ilə müasir poeziyanı inkişafı ilə əlaqədar yazıçı-tənqidçi qayğılarını da qabarıq şəkildə nəzərə çatdırmışdır. Eyni ilə "Tənqidçi məsuliyyəti" məqaləsi də (1972) ədəbi tənqidin problemlərini və narahatlığını ədəbi mühitin gündəminə çıxaran kəsərli tənqid nümunəsidir. Bu mənada Elçinin 1968-ci ildə çap olunmuş "SOS" povestinin adında ifadə olunan narahatlıq və həyəcan təkcə həmin povestin mövzusu ilə əlaqədar cəmiyyətlə bağlı mətləblərin deyil, bütövlükdə özünəməxsus yaradıcılıq imkanları və iddiaları ilə ədəbiyyat meydanında inadla irəliləməkdə olan görkəmli yazıçının geniş mənada ədəbiyyatın inkişaf istiqamətləri, taleyi və gələcəyi  qarşısındakı cavabdehlik hissini aydın surətdə əks etdirir.

 

Bununla belə, Elçinin ümumiyyətlə ədəbi gedişatın qayğıları ilə əlaqədar narahatlıq serialının sırasında hekayə janrına dair "həyəcan təbili" xüsusi yer tutur. Fikrimcə, bunun bir çox səbəbləri vardır. Birincisi ona görə ki, Elçinə görə hekayə ədəbiyyatın inkişaf meyllərini daha çevik əks etdirən, xalqa - oxucuya daha yaxın olan, ictimai gedişata fəal müdaxilə və təsir etmək imkanlarına malikdir. İkincisi, tənqidçi Elçin bu fikirdədir ki, hekayə də şeir kimi yazıçıları ədəbiyyat aləminə gətirən ilk addımlardan biridir. İlk addımın hansı səviyyədə olması həmin yazıçıların (o cümlədən, Elçinin özünün də) o miqyasda qəbul edilməsi məsələsi ilə üzvi surətdə əlaqədardır. Üçüncüsü, hekayə janrında yazılan əsərlər yazıçıların iri həcmli bədii nümunələr yaratmaq məşqləridir. Aşağıdakı fikirlər Elçinin hekayənin nəsr janrlarının taleyindəki yerinə verdiyi obyektiv qiymətin ifadəsidir: "Bu gün Azərbaycan nəsrinin - romanlarımızın, povestlərimizin müvəffəqiyyəti Cəlil Məmmədquluzadənin hekayələrinə və ümumiyyətlə hekayə janrına çox borcludur. Bu gün Azərbaycan nəsrinin məxsusi bir nəsr kimi formalaşması və təşəkkül tapması da, ilk növbədə bu kiçik janra - "damcı"ya borcludur".    

 

Dördüncüsü, hekayə - yazıçının yaradıcılıq laboratoriyasının barometridir. Bütün bunlara görə, xüsusi olaraq hekayə janrının təəssübkeşi kimi çıxış etməsi yazıçı-tənqidçi Elçinin geniş mənada əsl ədəbiyyat uğrunda mübarizəsinin bünövrəsini təşkil edir. Bu mənada 1976-cı ildə "Azərbaycan" jurnalında çap olunmuş "Hekayə janrı. İmkanlarımız və iddiamız" adlı məqaləsi ədəbiyyatın bu janrı haqqında mühüm nəzəri əhəmiyyətə malik olan konseptual elmi əsərdir. Məhz bu məqalədə ilk dəfə olaraq hekayə janrı bütün əsas istiqamətləri: "mövzu rəngarəngliyi, problematik vüsəti, xarakterlər qalereyasının rəngarəngliyi, sənətkarlığın artması, estetik kamillik" baxımından təhlil edilib dəyərləndirilmiş və eyni zamanda, bu janrda qramofon yazıların artmaqla davam etməsindən doğan ciddi narahatlıq yazıçı təəssübkeşliyi və tənqidçi səriştəsi ilə açılıb göstərilmişdir. Yeni dövr Azərbaycan hekayəsinin ən yaxşı yaradıcılarının kamil sənət nümunəsi olan əsərlərini obyektiv elmi meyarlar əsasında dəyərləndirən Elçin eyni zamanda, hekayə janrında yazılan örnəklərdə "həyatiliyin sənətkarlığı üstələdiyi kimi, sənətkarlığın həyatiliyi üstələməsi hadisəsini" də haqlı olaraq ümumiləşdirilmiş şəkildə "naqislik" hesab etmişdir. Onun fikrincə, "məhz bu yerdə sənətlə peşəkarlıq arasındakı sərhədin götürülməsi üçün çox münbit şərait yaranır". Bu kimi mühüm məsələlərə işıq salan "Hekayə janrı. İmkanlarımız və iddiamız" məqaləsi Azərbaycan elmi-ədəbi fikrində hekayə janrının poetikasını nəzəri-təcrübi şəkildə əks etdirən əhəmiyyətli bir araşdırmadır. Məqalədəki "iddiamız" sözü ədəbi tənqidin hekayə janrında yazan yazıçıların qarşısında duran əsas vəzifələri ifadə etsə də, həm də yaxşı mənada Elçinin özünün də müasir hekayəçilikdə iddialı olmasının nəzərə çarpdırması kimi də başa düşülə bilər. "Azərbaycan gəncləri" qəzetində "O inanırdı" adlı ilk hekayəsinin çap olunduğu 1959-cu ildən bu günə qədərki böyük bir dövr ərzində kiçik janrda yazdığı çoxlu saydakı əsərləri ilə Elçin müasir Azərbaycan hekayəsinin ən yaxşı yaradıcılarından biri olduğunu isbat etmişdir. "Min gecədən biri" (1966), "Beş dəqiqə və əbədiyyət" (1984), "Baladadaşın ilk məhəbbəti" (Moskva, 1975, Bakı, 2000) kitablarında toplanan hekayələr ədəbi tənqid tərəfindən mükəmməl sənət nümunələri kimi qiymətləndirilmiş, oxucu auditoriyasında özünə layiq yüksək yer qazanmışdır. "Baladadaşın ilk məhəbbəti" hekayəsi həm keçmiş Sovet İttifaqı miqyasında, həm də Azərbaycan ədəbiyyatşünaslıq elmində müasir hekayəçiliyin brendi hesab edilməyə layiqdir. Son illərdə Bakıda "Təhsil" nəşriyyatı tərəfindən çap olunmuş "Qırx beş seçilmiş hekayələr" kitabında toplanan hekayələr təkcə Xalq yazıçısı Elçinin yox, ümumiyyətlə Azərbaycan hekayəçiliyinin kamil sənət örnəkləridir. "Seçilmiş hekayələr" Elçinin hekayə yaradıcılığının və ümumən Azərbaycan hekayəçiliyinin ən səciyyəvi cəhətlərini özündə əks etdirir.

 

Fikrimizcə, Xalq yazıçısı Elçin XX əsrin altmışıncı illərindən sonra yazılmış yeni tipli Azərbaycan hekayəçiliyinin görkəmli yaradıcılarından biridir. Ümumiyyətlə, XX əsrin altmışıncı illərində bədii yaradıcılığa hekayə ilə gələn digər Azərbaycan nasirləri kimi, Elçin də ilk növbədə Sovet ədəbiyyatının ideoloji prinsiplərindən kənarda təbii həyat hekayələr yazmaqla təkcə bu janrın yox, bütövlükdə ədəbi gedişatın dəyişməsinə xidmət etmişdir. Elçinin sonralar "yaradıcılıq məşqləri" adlandırdığı "Birinci və axırıncı dəfə, yaxud Mirzə Qənbərin əhvalatı", (1960), "Tablo", (1961), "Adamlar arasında", "Bir nəfər qanlı oğlan arasında" (1964), "Əsli və Kərəm" (1965), hətta uşaqlar üçün yazdığı "Belə də iş olar?" (1965), "Gör necə top vururam" (1966), "Mən hər şeyi bilirəm" (1968) və sair hekayələri mövzu yeniliyi, hadisə və insanlara yazıçı münasibətindəki gerçəklik, sadə adamları ədəbiyyatın ön cəbhəsinə gətirmək və sair cəhətdən maraqlı və cəlbedici nümunələr idi. Bu minvalla 1959-1968-ci illərin hekayələrini Elçinin böyük ədəbiyyata yaradıcılıq depülü adlandırmaq daha doğru olar.

 

 

Ümumən, Elçinin ədəbi fəaliyyətində, xüsusən də hekayə yaradıcılığında 1968-1985-ci illər xüsusi mərhələ təşkil edir. Bu illər onun çoxcəhətli ədəbi-təşkilati fəaliyyətlə geniş şəkildə fəal məşğul olduğu dövrdür. Qeyd etmək lazımdır ki, Elçin həmin mərhələdə həyatda və ədəbiyyatda dəyişiklik zərurətinin anonsunu verən "SOS" povestini ədəbi ictimaiyyətə təqdim etmişdir. Bundan sonra cavan və istedadlı yazıçı "Bir görüşün tarixçəsi"  (1975), "Toyuğun diri qalması" (1977) və məşhur "Dolça" povestləri ilə ədəbi mühitə uğurlu yaradıcılıq hesabatı vermişdir. Həm də ciddi surətdə ədəbi tənqidlə məşğul olan Elçin "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" (1970) mövzusunda filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün böyük uğurla dissertasiya müdafiə etmiş, bir çox elmi-nəzəri məqalələrini Bakıda və Moskvadakı nüfuzlu qəzet və jurnallarda çap etdirməklə, özünü həm də tənqidçi kimi isbat etmişdir. Məsuliyyətli vəzifələrdə: Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin baş elmi işçisi, Müdafiə Şurasının elmi katibi (1972-1975), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1975-1986) vəzifələrində çalışması onun ədəbi və elmi prosesin qaynar mühitində fəaliyyət göstərib, yaradıcılıq təcrübəsinin, dünyagörüşünün və əlaqələrinin daha da inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olmuşdur. Bütün bunlar Elçinin geniş mənada ədəbi-elmi yaradıcılığına, xüsusən də hekayə yaradıcılığına ciddi surətdə təkan vermişdir.

 

Bu dövr Elçinin yaradıcılığında hekayə janrının aparıcılıq təşkil etdiyi dövrdür. Elçin həmin illərdə yazdığı qiymətli hekayələrlə ədəbi mühitdə parlamış, istedadlı yazıçı-hekayəçi kimi şöhrət qazanmışdır. Elçinin 2019-cu ildə çap etdirdiyi qırx beş seçilmiş hekayədən iyirmi səkkizi 1968-1990-cı illərdə yazılmışdır. Məsələ, təkcə kəmiyyət göstəricisində deyildir. Əsas odur ki, bu dövrdə yazdığı bir çox hekayələr Elçinin həm hekayəçilikdə, həm də ümumən bədii yaradıcılıqda tam özünütəsdiqinə çevrilmişdir. Elçinin "Qatar. Pikasso. Latur" (1968), "İki çal papağın və bir kepkanın nağılı"  (1963), "Baladadaşın ilk məhəbbəti" (1975), "Gümüşü, narıncı, məxməri" (1971), "Bu dünyadan qatarlar gedər" (1974), "Şuşaya duman gəlib" (1977), "Bülbülün nağılı" (1983), "Baladadaşın toy hamamı" (1981), "Ayaqqabı" (1983), "Parisdə avtomobil qəzası" (1984), "Beş dəqiqə və əbədiyyət (1984), "Gül dedi bülbülə" (1985), "Stalinin ölümü" (1990) və sair kimi hekayələri Azərbaycan ədəbiyyatında hekayə janrı sahəsində seçilmişlərin seçilmiş nümunələri hesab oluna bilər. Bu hekayə örnəkləri Elçinin yaradıcılığının əsas inkişaf istiqamətlərinin, mövzularının, obrazlarının özünəməxsusluğunun, fərdi yazıçılıq üslubunun sözün əsl mənasında barometridir. Bu hekayələrin bir çoxu, xüsusən, "Baladadaşın ilk məhəbbəti" və "Baladadaşın toy hamamı" hekayələri Azərbaycan hekayəçiliyinin qızıl fonduna daxil olmuş əsərlər kimi qəbul olunur. "Baladadaşın ilk məhəbbəti" hekayəsi cəmiyyətdə satirik tip kimi tanınan, mühitin tənqidə məruz qalan təbəqəsi hesab olunan sadə adamların fərqli mövqedən, həm də müsbət yöndən bədii obrazının yaradılması baxımından orijinal bədii əsərdir. Baladadaş Azərbaycan ədəbiyyatında kiçik adamların böyük obrazları kimi qəbul olunmuş Cəlil Məmmədquluzadənin Məhəmmədhəsən əmisi və Novruzəlisi, Mir Cəlalın Baharı, Anarın Təhminə və Zauru kimi mükəmməl obraz-portretdir. "Baladadaşın ilk məhəbbəti" hekayəsi Elçini mənsub olduğu altmışıncılar ədəbi nəsli içərisində, fərqli baxışlara, özünəməxsus fərdi bədii üsluba malik istedadlı yazıçı kimi də səciyyələndirir. Azərbaycan ədəbiyyatında "aerodrom kepkalı, qısaqol miləmil trikotaj köynəkli, parusun şalvarlı", səndəl geyinmiş "şəhərlərarası uşaqlar"ı Azərbaycan ədəbiyyatına ilk dəfə və yüksək peşəkarlıq səviyyəsində Xalq yazıçısı Elçin gətirmişdir. Bu, Azərbaycan ədəbiyyatında XIX əsrin sonlarından yaradılmağa başlamış və artıq bir əsrdən çox davam etməkdə olan "kiçik adam" obrazları silsiləsinin tam yeni bir səhifəsidir. Elçin "Baladadaşın ilk məhəbbəti" və "Baladadaşın toy hamamı" hekayələrində bütün yaradıcılığı boyu müxtəlif yönlərdən əks etdirdiyi eynilikdən və tənhalıqdan yaxa qurtarmağın, mühitin ab-havasını dəyişdirməyin fərqli təzahürlərini canlandırmışdır. Baladadaşın macəravari həyatı, qəribə sevgisi, səmimi və həyati çabaları mühitin eyniliklərini pozan, tənhalıqdan xilas olmağa şərait yaradan məqamlar kimi təbii bir koloritlə təsvir olunmuşdur. Bu, hekayələr cəmiyyətin ən sıravi adamının da mühitin eyniliklərindən yorulub bezikdiyini, fərqli bir ab-havaya ehtiyacı olduğunu hiss edən və buna can atan sadə adamların mənəviyyatındakı dəyişiklikləri realist şəkildə etdirən Azərbaycan hekayəsinin klassik nümunələridir.

 

Xalq yazıçısı Elçin eyni zamanda, Azərbaycan ədəbiyyatında əncirli-üzümlü Abşeron koloritinin də özünəməxsus rəsmini çəkmişdir. Elçinin Abşeron mühiti ilə bağlı ədəbiyyatda canlandırdığı bənzərsiz mənzərələri yalnız xalq rəssamı Tahir Salahovun eyni mövzuda çəkilmiş rəsmləri ilə müqayisə oluna bilər. "Birmərtəbəli, ikimərtəbəli evlərdən, kol-kosdan çəpər çəkilmiş, taxtadan salınmış, daşdan hasar tikilmiş həyətlərdən, salxımları qaralmış meynələrdən, qırmızı çiçəkli nar ağaclarından, tut ağaclarından, bolluca günəşdən, bir də dənizdən" ibarət olan bu bənzərsiz lövhə Elçinin həm də çox dəqiq müşahidə qabiliyyətinə malik mahir bir yazıçı-rəssam olduğunu göstərir. Bir sözlə, "Baladadaşın ilk məhəbbəti" hekayəsi Azərbaycan ədəbiyyatının şedevrlərindən biridir. Elçinin bu günlərdə oxuculara təqdim etdiyi "Ağadadaşın kişi sözü" hekayəsi mahiyyət etibarilə "Baladadaşın ilk məhəbbəti" xəttinin yeni tarixi şəraitlə əlaqəli şəkildə yaradıcı tərzdə davam etdirilməsindən ibarət olan Abşeron koloritli orijinal hekayədir. Bu hekayədə ad olaraq Baladadaşın Ağadadaşla əvəz olunması formal xarakter daşımayıb, oxşar taleli hekayə qəhrəmanlarının fərqli mühitdə və başqa münasibətlərin çevrəsində təsvir edilməsinin mühüm bir göstəricisidir. Başqa sözlə, Ağadadaş XXI əsrin Baladadaşıdır. Eyni zamanda, yazıçı bu hekayədə aerodrom papaqlı Baladadaşdan papaqçı Ağadadaşa keçməklə mövzunu genişləndirmiş və dərinləşdirmişdir. Papaqçı Ağadadaşın Qarabağ müharibəsindən alnıaçıq qayıtmış oğluna görə ödənişsiz kepkalar tikib bağışlaması həm də Baladadaş kimi zahirən köntöy, mənəviyyatca isə saf, bütöv, işıqlı oğlanların yetişib artacağına dair yazıçı qayəsini nəzərə çarpdırır. Bundan başqa, Elçin "Ağadadaşın kişi sözü" hekayəsi ilə Azərbaycan ədəbiyyatında ilk Abşeron hekayələri trilogiyası yaratmışdır. Düşünürük ki, Elçin "Abşeron hekayələri" adlı silsilə əsərlər yaratmaq missiyasını bundan sonra uğurla davam etdirib ədəbiyyatımızı zənginləşdirəcəkdir. Ayrıca bir kitaba çevriləcək "Abşeron hekayələri" Azərbaycan hekayəçiliyinin yeni mərhələsinin simasını müəyyən edə bilən hekayələr külliyatı ola bilər.

 

Xalq yazıçısı Elçin avtobioqrafik qeydlərindən birində "Parisdə avtomobil qəzası" hekayəsini Məhəmməd Füzulinin "Şikayətnamə"sindən sonra Azərbaycan ədəbiyyatında müxtəlif əsrlərdə yaradılmış "hekayə antologiyası"na daxil ola bilən hekayələr sırasına aid etmişdir. Tərtib etdiyi "Hekayə antologiyası" yazıçının bədii zövqünü, sənət meyarlarını öyrənmək baxımından da maraq doğurur. Elçinin "Hekayə antologiyası"na daxil edilmiş Məhəmməd Füzulinin "Şikayətnamə", M.F.Axundzadənin  "Aldanmış kəvakib" (yazıçı bu əsərin povest adlandırılmasını doğru hesab etmir - İ.H.), Cəlil Məmmədquluzadənin "Poçt qutusu", Əbdürəhim bəy Haqverdiyevin "Bomba", Süleyman Sani Axundovun "Qaraca qız", Abdulla Şaiqin "Məktub yetişmədi", Süleyman Rəhimovun "Su ərizəsi", Mehdi Hüseynin "Rəqiblər" (Elçin bu hekayə haqqında diplom işi yazıb), İlyas Əfəndiyevin "Qırçı və qızıl gül", İsa Hüseynovun "Piyada", Salam Qədirzadənin "Xəzan yarpaqları", Anarın "Keçən ilin son gecəsi" (məndən soruşsalar, "Yaxşı padşahın nağılı - İ.H.), Yusif Səmədoğlunun "Foto fantaziya" hekayələri doğrudan da "Azərbaycan hekayəsinin nadir qızıl fondunu təşkil edir. Hekayəyə məhz bu miqyasda yanaşmaq həmin janrda yalnız ən yaxşı əsərlər yaratmaq yolunu seçmək deməkdir. Bütün janrlarda yazılmış əsərlərində olduğu kimi, hekayə yaradıcılığında da Elçin həmin yazıçılıq məsuliyyətini daim diqqət mərkəzində saxlamış, bədii keyfiyyət meyarına məsuliyyətlə yanaşmışdır. İdeya-bədii cəhətdən bir-birindən fərqlənsələr də, onun əksər hekayələri kiçik janrın böyük tələblərinə tam cavab verən kamil sənət nümunələridir. Hesab edirik ki, yaddaqalan, təsirli, koloritli, oxunaqlı hekayələri ilə Azərbaycan ədəbiyyatının Elçin fondu yaranmışdır. Fikrimizcə, Elçinin "Gümüşü, narıncı, məxməri", "Baladadaşın ilk məhəbbəti", "Baladadaşın toy hamamı", "Beş dəqiqə və əbədiyyət", “Stalinin ölümü", "Qarabağ şikəstəsi", "Rəssam Muxtar Manaflının həyatı, sənəti və dünyadan qaçışı", "Ağadadaşın kişi sözü" hekayələri də Azərbaycan ədəbiyyatının hekayə antologiyasına daxil edilmək baxımından "Parisdə avtomobil qəzası" hekayəsi ilə rəqabətə girə bilər. Azərbaycan ədəbiyyatının ən yaxşı hekayəçiləri sırasında istedadlı bir yazıçı kimi Elçinin özünəməxsus fərqli yeri və mühüm xidmətləri vardır. Biz qətiyyən Elçinin hekayələrini onun ciddi yaradıcılıq axtarışları sayəsində yaranmış və hər biri özünəməxsus sənət hadisəsi olan povestlərinə və romanlarına qarşı qoymaq fikrində deyilik. Lakin qəti olaraq bu fikirdəyik ki, Elçinin bədii nəsr sahəsində və ümumən ədəbiyyatda qazandığı uğurların əsasında onun hekayələri üçün çəkdiyi zəhmətin böyük payı, əvəzsiz yeri vardır. Həmçinin, Xalq yazıçısı Elçinin "ədəbiyyatın mirvarisi" hesab edilən Azərbaycan hekayəçiliyinin ən yaxşı yaradıcılarından biri olduğunu bəyan etməyin obyektiv reallıq olduğunu bildirməyi də özümüzə borc hesab edirik.

 

Xalq yazıçısı Elçinin hekayələrinin aşağıdakı kimi təsnifatını aparmaq olar: portret hekayələri, realist-fantastik hekayələr, bədii-sənədli, yaxud intellektual hekayələr, absurd hekayələr. Etiraf etmək lazımdır ki, incə, dəqiq həyatı müşahidə və psixologizm Elçinin bütün hekayələri və tam halda bədii yaradıcılığı üçün səciyyəvi cəhətdir. Bununla belə, obrazların fərdi simasını və psixologiyasını daha dərindən, bütün incə təfərrüatları ilə əks etdirməklə onun özünəməxsus portretini yaratmaq baxımından "Baladadaşın ilk məhəbbəti", "Baladadaşın toy hamamı", "Parisdə avtomobil qəzası", "Beş dəqiqə və əbədiyyət", "Rəssam Muxtar Manaflının həyatı, sənəti və dünyadan qaçışı", "Nadir İbadlı və onun son xəstəsi", "Ağadadaşın kişi sözü"  hekayələri xüsusilə fərqlənir. Bu hekayələrdə müşahidəçilik və psixologizm çox uğurlu alınmış "Dolça" povesti ilə bir sırada dayanır. Bu əsərlərdə yazıçı əlbəttə, ilk növbədə aparıcı obrazı bütün yönləri, əməl və rəftarı, zahiri görkəmi və fərdi psixologiyası ilə əks etdirmək vəzifəsini istedadla həyata keçirir. Baladadaşın yalnız zahiri görkəmi, geyim-keçimi deyil, xasiyyəti, adamlara münasibəti, həyat hadisələrinə baxışı, yanaşması, sevgi macərası da fərqli cizgilərlə təqdim olunur. Bu, yalnız və yalnız "əncirli-üzümlü" Abşeron mühitinin və Xalq yazıçısı Elçinin Baladadaşıdır. "Parisdə avtomobil qəzası" hekayəsində Elçin hekayəsinin aparıcı obrazı olan Köhnə Göy Zənbil ləqəbi qazanmış Kərim müəllimin xasiyyəti ilə zahiri görkəmini bir yerdə çox uğurla canlandırmışdır. Yazıçı portret hekayələrində obrazın zahiri əlamətləri ilə daxili aləminin tarazlığını yaratmaqla kifayətlənməyərək, onların sosial mühitdəki funksiyalarını da portret cizgilərinin üzərinə gəlir. Ona görə də Elçinin hekayə qəhrəmanlarının portretləri statik deyil, dinamik şəkildə təzahür edir. Oxucu bu qəhrəmanların zahiri cəhətlərində gördükləri ilə daxili-mənəvi aləminin diktə etdiyi gerçəkliyi onun real həyatdakı əməl və rəftarında da görə bilir. Portret hekayələrin başqa bir cəhəti isə onların nə yazıçının özündən əvvəl yaradılmış bədii obrazlarla, insan tipləri ilə, nə də özünün yaratdığı surətlərilə əlaqədar oxşar, bənzər sifətlərinin olmamasıdır. Elçinin nə qədər hekayəsi varsa, o qədər də yaratdığı orijinal portretlər vardır. Əslində, portret yaratmaq bədii yaradıcılığın əsas qanunauyğunluqlarından olan obrazların fərdiləşdirilməsi hadisəsinə aid olub, biri digərini təkrar etməyən obrazların yaradılmasını nəzərdə tutan sənət prinsipidir. Ustad bir sənətkar kimi Elçin ədəbiyyata  gətirdiyi hər obrazın fərqli simasını və tərcümeyi-halını böyük məharətlə canlandırmışdır. Lakin Elçinin portret hekayələrindəki detallar obrazların fərdiləşdirilməsindən başqa, həm də onların tam, bütöv, hərtərəfli simasının təqdim olunmasına xidmət edir. Bir sözlə, Elçinin portret hekayələri obrazların hərtərəfli şəkildə işlənməsi ilə səciyyələnir. Hekayə qəhrəmanlarının zahiri cizgilərini yazıçı-rəssam kimi bütün təbiiliyi ilə çəkən Elçin dərindən müşahidə edib yaratdığı obrazların mənəvi aləmini rentgendə olduğu kimi göstərməyi bacarmışdır. Elçinin təqdim etdiyi obraz oxucunun qarşısında özünün bütün əsas xüsusiyyətləri ilə birlikdə canlandırılır.

 

Realist-fantastik hekayələr Elçinin yaradıcılığında təsadüfi, gəldi-gedər hadisə deyildir. Adətən fantastik əsərlərdə daha çox romantik məqamlar öz əksini tapdığı halda, Elçinin fantastikasında realizm aparıcılıq təşkil edir. Bütövlükdə realist yazıçı olan Elçinin yaradıcılığı üçün fantastika köməkçi vasitədir. Daha doğrusu, fantastik məqamlar yazıçının realizminin xüsusiyyəti kimi təzahür edir və nəticə etibarilə onu tamamlayır. Realist-fantastik hekayələr adlandırdığımız bədii nümunələrdə də fantastika yazıçının gerçək həyati baxışlarını, izlədiyi real qayəni açmağa xidmət edir. Bu fantastika "eyniliklərə doğru üsyan edən" mühitin durğunluğundan, nigarançılıqdan yaxa qurtarmağa çalışan qəhrəmanlar üçün açılmış pəncərədir. Fikrimizcə, Elçinin ilk povestlərindən birinin "Açıq pəncərə" adlandırması da təsadüfi olmayıb, onun əsərlərindəki darıxan adamların eynitipli mühitin yeknəsəkliyindən xilas olmaq üçün təsəvvürdə canlandırdıqları və ya çatmaq istədikləri nəfəslik funksiyasını yerinə yetirir.

 

Yazıçının ilk dövr hekayələrindən olan 1968-ci ildə yazılmış "Qatar. Pikasso. Latur" hekayəsində qatarda yol yoldaşı olan Məleykə xanımla müsahibənin məşhur İspan rəssamı Pikassonun "Kasıbların süfrəsi" və Laturun "Müqəddəs Sebestian üçün ağlayan müqəddəs İrina" rəsmləri ətrafındakı uydurulmuş macəravari hekayətləri cəmiyyətin tipik bir parçası olaraq "pəncərənin eyni zülməti", təkərlərin təkrarlanan "çaqqaçukku" və "mücərrəd tənhalıq" kimi təsvir edilmiş biganə və laqeyd münasibətləri, yaddaşma proseslərini dağıtmağa real pəncərə açmağa xidmət edir. Burada fantastika "özü ilə özü arasında təkbətək" qalmış insanın yaşamalı olduğu darıxdırıcı mühitin buxovlarını yıxan "nəfərlik" funksiyasını yerinə yetirir. Hekayədəki Etyen Pasnyorun adından həyat yoldaşı Tereza haqqında deyilmiş "o, bezib, başa düşürsünüzmü, artıq hər şeyə biganə olub, onda həvəs ölüb, ya da ölməkdədir.

 

O, özü də özündən ayrılır" - sözləri eynitipli mülahiş qaranlığın mahiyyətinə aydınlıq gətirir. Əksinə, həmin fantastik aləmdə gərgin müdhişlik mühitinin keçici olması haqqındakı fikirlər əslində, gerçək həyatda yaşanan hadisələri və münasibətləri tənzimləmək və ümidi itirməmək üçün açar verir: "Mən hiss edirəm ki, bütün bunlar müvəqqətidir. Əgər on gün, on beş gün biz insan kimi yaşaya bilsək, daha həmişə Tereza ilə birlikdə olacağıq... Bu, böhrandır, müsyö, müvəqqəti böhran. Lakin bu müvəqqəti böhran bizi bir-birimizdən əbədi olaraq ayıra bilər".

 

"Qatar. Pikasso. Latur" hekayəsində evdəki köhnə "Temp-2" televizorunun "Elektron-2" adlı televizoru ilə dəyişdirilməsi niyyəti də eynitipli həyat tempinin müasirləşdirilməsinə olan tələbatın vacibliyini mənalandırır. Beləliklə, fantastik bədii vasitələr real gerçəkliyin bədii ifadəsinə kömək edir.

 

Elçinin hekayələrində fantastika təsvir olunan hadisələrin daxili məntiqinə uyğun olaraq müxtəlif bədii vasitələrlə ifadə olunmuşdur. "Nadir İbadlı və onun son xəstəsi" hekayəsində fantastika qarabasma, "Kölgə" hekayəsində "kölgələrin söhbəti", "Qəbiristanlıq əhvalatı"nda xatirə, "Missiya" hekayəsində yuxu, "Çingiz xanın daşları"nda fərziyə və sair vasitələrlə təzahür edir. Və harada, necə, nə üçün təzahür etməsindən asılı olmayaraq, Elçin üçün fantastik təsvirlər reallığı aydınlaşdırmaq və qüvvətləndirməkdən başqa heç nə deyildir. Xüsusən, Sovet dövrü hekayələrində o, gerçək həyat hadisəsi kimi təsvir edilməsi mümkün olmayan hadisələri və ya mətləbləri fantastika vasitəsilə ifadə etmişdir. Bu baxımdan "Qırmızı ayı balası" hekayəsinin finalında nəzərə çarpdırılan "möcüzə təkcə nağıllarda olmur" - fikri Elçinin realist-fantastik hekayələrinin fəlsəfəsini başa düşmək üçün açar verir.

 

Ümumiyyətlə, Elçinin yaradıcılığında sənədli bədii nəsrin özünəməxsus yeri vardır. "Ölüm hökmü" romanı ədəbiyyatımızda repressiya dövrünün hadisələrinə həsr olunmuş ciddi bədii əsərdir. Doğrudur, "Ölüm hökmü" və yaxud "Baş" romanlarında dövrün hadisələri və şəxsiyyətlərinə aid konkret sənədlərin təsvir verilməmişdir. "Ölüm hökmü" romanındakı Tülkü Gəldi Qəbiristanlığının adı da, ətrafında cərəyan edən hadisələr də tarixi proseslərin yazıçı fantaziyasından keçirilmiş, əhvalatlar kimi təqdim edilməsini şərtləndirmişdir. Bu mənada sənədlilik Elçinin yaradıcılığı üçün şərti xarakter daşıyıb, tarixin hadisələrin və proseslərin bədiiləşdirilməsi mənasını daşıyır. Elçinin sənədli-bədii nəsr nümunələri adlandırdığımız hekayələrində də konkret olaraq hər hansı bir tarixi faktdan və ya hansısa bir sənəddən söz açılmamışdır. Lakin Elçin kiçik həcmli "sənədli" hekayələrində dövrün, mühitin dərk olunmuş obrazını yaratmışdır... "Stalinin ölümü" hekayəsində konkret olaraq keçmiş Sovet dövlətinin başçısı İosif Stalinin vəfatı hadisələrinin sonunda Stalinizm dövrünün səciyyəvi hadisələrindən bəhs edilmişdir ki, bu da öz növbəsində konkret tarixi dövrün sənədlərdə olduğu qədər obyektiv şəkildə dərk və şərh olunmasına şərait yaradır. Hekayədəki Sovet rejimi mənasını ifadə edən "sarı hamam" anlayışı assosiativ şəkildə təsvir edilmiş hadisələrin alt qatındakı mahiyyətini başa düşmək baxımından düşünülmüş bədii detaldır. Yeri gəlmişkən deyək ki, Elçin müxtəlif əsərlərində "sarı" faktorundan Sovet diktaturası anlayışını mənalandırmaq üçün yaradıcı şəkildə istifadə etməyi bacarmışdır. "Sarı pencək" hekayəsində sarı pencək Sovet dövlətinin prototipi kimi çıxış edir. "Patriarx" adlı memuarında da "sarı qalstuk" detalından məşhur türk yazıçısı Yaşar Kamalın gözü ilə Sovet rejiminin atributu kimi söz açılmışdır. "Stalinin ölümü" hekayəsində də istifadə olunan "Sarı hamam" detalı sənədsiz-filansız Sovet hökumətini bildirən anlayış kimi düşünülmüşdür. Hekayədə təsvir edilən "qoca tut ağacı" da artıq ömrünü başa vurmaqda olan Sovet quruluşu mənasını ifadə edir. Ümumiyyətlə, Elçin 1990-cı ilin aprel ayında yazdığı "Stalinin ölümü" hekayəsi vasitəsilə gerçək olaraq İosif Stalinin dünyasını dəyişməsi hadisəsinin yaratdığı imkandan istifadə edərək artıq uçuruma, dağılmağa, məhv olmağa doğru gedən Sovet dövlətinin son aqibətini təsvir etmək istəmişdir. Hekayədəki “provodnik” Ağakərim, poçtalyon Müzəffər, pinəçi Balaniyaz və başqaları ilə bağlı əhvalatlar həm "ellər atası" Stalinin ölümü dövrünün hadisələrinin insan talelərində qavranılması proseslərinə, həm də Sovet sisteminin son akkordlarını yaşatmasına ayrı-ayrı qütblərin münasibətini tipikləşdirmişdir. "Hər şey gəlib keçir" hekayəsi də sənədsiz-sənədli hekayə kimi qələmə alınmış kiçik janrın böyük nümunəsidir. "Stalinin ölümü" və "Hər şey gəlib keçir" (1986) Elçinin "Ölüm hökmü" romanından əvvəl və ya sonra yazılmış, həmin romanın ab-havasında yaranan düşündürücü, intellektual hekayələrdir. Bu uğurlu hekayələri Elçinin "Ölüm hökmü" romanının yaradıcılıq məşqləri də adlandırmaq mümkündür. Elçinin bədii-sənədli hekayələrində intellektual düşüncə və yanaşma xüsusi yer tutur. Bütövlükdə intellektuallıq Elçinin həm sənədli-bədii hekayələrinin, həm də ümumən onun bədii yaradıcılığının xarakterik xüsusiyyətlərindən biri kimi çıxış edir.

 

Məlum olduğu kimi, Xalq yazıçısı Elçin Azərbaycan ədəbiyyatında absurd teatrın əsas yaradıcısı kimi qəbul olunur. Obrazlı şəkildə belə demək olar ki, Azərbaycan absurd teatrı Xalq yazıçısı Elçinin müəlliflik şəhadətnaməsidir. Müşahidələr göstərir ki, Elçin Azərbaycan absurd hekayəsinin də mükəmməl nümunələrini meydana qoymuşdur. Yazıçının XX əsrin altmış-səksəninci illərində yazılmış hekayələrində köməkçi bədii vasitə kimi ara-sıra görünməyə başlayan absurd hekayə elementləri tədricən inkişaf edərək, bu janrın onun yaradıcılığında mükəmməl bədii nümunələrinin yaradılması ilə nəticələnmişdir. Əslində, hələ 1983-cü ildə qələmə alınmış "Beş dəqiqə və əbədiyyət" hekayəsi Azərbaycan absurd hekayəsinin ilk nümunələrindən biridir. Vaxtilə 1984-cü ildə Moskvada çıxan "Smena" jurnalında çap olunmuş bu hekayə həmin jurnal tərəfindən "İlin ən yaxşı hekayəsi" nominasiyasının qalibi olmaq şansı qazanmışdır. Aradan illər keçdikdən sonra yazılmış "Trindadina" (2006) isə xalis absurd hekayənin bariz nümunəsidir. Elçinin absurd hekayələrindən mücərrəd zaman haqqında və ya qarışıq həyat barədə müəyyən bir aydın fikir hasil olunur. Sadəcə bu hekayələrdən baş çıxarmaqda oxucunun üzərinə çox iş düşür.

 

Ayrıca qeyd edək ki, Elçinin hekayələrinin təsnifatına daxil etməsən də, yazıçının hekayələrində povestə doğru ciddi bir meyl vardır. Əvvəla, o, bir çox hekayələrində povest miqyasında düşünüb-daşınmış, povest mövzusunun hekayə formatına yerləşdirmişdir. Bununla belə, Elçinin bir sıra hekayələri həm həcminə, həm də əhatə etdiyi həyat materialına görə povestə daha yaxındır. Məsələn, "Qarabağ şikəstəsi" - 24 bölmədən (23 səhifə), "Şuşaya duman gəlib" - 3 hissədən (33 səhifə), "Gül dedi bülbülə" - IV fəsildən (32 səhifə), "Koşeyin taleyi" - 6 bölmə üzrə 27 səhifədən ibarətdir. Hətta "İntihar" hekayəsində əsasən romana və ya povestə xas olan epiloq da verilmişdir. Fikrimizcə, bu hekayələri təsnifat baxımından hekayə-povestlər, yaxud povestvari hekayələr adlandırmaq olar. Doğrudur, həmin hekayələr janr baxımından povestdən çox böyük hekayəyə yaxındırlar. Qeyd olunan hekayələr əhatə etdiyi həyat hadisələrinə və surətlərinə görə əsasən böyük hekayənin meyarlarına daha çox cavab verirlər. Lakin Elçinin yaradıcılığındakı hekayə formatında hadisə və povest miqyasında düşüncə masştabını görməmək mümkün deyildir. Bu, ilk növbədə Elçin müəllimin zəngin həyat təcrübəsinə, geniş dünyagörüşə və çox dərin və incə müşahidə qabiliyyətinə malik olması ilə əlaqədardır. Elçinin yaradıcılığı hansı həcmdə həyat materialından bəhs etməsindən asılı olmayaraq, hadisələri və insan talelərini dərindən və geniş planda görmək, onlardan ümumiləşdirilmiş ictimai nəticələr çıxarmaq imkanları ilə səciyyələnir. Buna görədir ki, Elçinin bəzi povestləri də roman masştabına malikdir. Yaxud Elçinin hekayələri əsasında film çəkilməsi, bəzi hekayələrinin səhnə əsərinə çevrilməsi də yazıçının kiçik janrın sərhədləri daxilində böyük, zəruri, ciddi və əhəmiyyətli mətləblərdən bəhs etmək istedadını nümayiş etdirir. Lakin bu məqamda bir cəhəti də qeyd etmək lazıdır ki,  Elçin həyat materialına əlavə rəng vurmur, onu az qala naturalist şəkildə, lakin realizm meyarları əsasında mənalandırır.

 

Elçinin yaradıcılığında reallıq, gerçəklik, müşahidə, konkret həyat hadisəsinin real təsviri heç də onun yaradıcılığında naturalizmin olması kimi başa düşülməməlidir. Əksinə, sadaladığım xüsusiyyətlər Elçin realizminin həyata və insana əsl bələdlikdən doğan keyfiyyət halında olduğunu sübut edir. Hazırkı mərhələdə Elçinin yaradıcılığı müstəqillik dövrü Azərbaycan ədəbiyyatındakı neorealizmin və ya yeni realizmin aydın və parlaq təzahürüdür. Elçin yeni tarixi epoxada təzahür edən yeni realist ədəbiyyatın görkəmli yaradıcısıdır.

 

Bununla belə, Elçinin əsərlərində müşahidə olunan bir xüsusiyyəti də ilk dəfə olaraq qeyd etməyi lazım bilirik. Fikrimizcə, Elçinin yaradıcılığında neorealizmin aparıcılığını, dominantlığını qəbul etmək şərti ilə müəyyən qədər magik realizmə meyl müşahidə olunmaqdadır. Hekayələrində folklora daha çox və yaradıcı şəkildə müraciət etməsi, hətta bir çox hekayələrinin adında və məzmununda nağıl notlarının olması ("İki çal papağın və bir qara kapkanın nağılı", "Qış nağılı", "Bülbülün nağılı" və sair), kiçik janrda yazılmış bəzi əsərlərinin nağıl təhlükəsi kimi səsləndirilməsi ("Günlərin bir günündə", "Gül dedi bülbülə") Elçinin yaradıcılığında magik realizmə meylin özünəməxsus bir keyfiyyət kimi təzahür etməkdə olduğunu düşünməyə əsas verir. Elçin müəllimin yaradıcılığında magik realizmə meylin ən bariz nümunəsini "Mahmud və Məryəm" romanında görmək mümkündür. Fikrimcə, "Mahmud və Məryəm" romanında magik realizm meyl deyil, artıq keyfiyyət halındadır.  Eyni xüsusiyyətləri "Ağ dəvə" romanında da görmək mümkündür. Yazıçının romanda əsas hadisələri Balakərimin nağılları vasitəsi ilə danışmaq üsulunu seçməsi, əsərdə "alın yazısı" notlarının olması da yazıçının özündən asılı olmayaraq magik realizmə meylinin xüsusi bir məsələ olduğunu nümayiş etdirir. Hətta akademik Nizami Cəfərov da "Elçin. Yazıçının yaradıcılıq yolu" monoqrafiyasında onun əsrlərində, xüsusən "Ağ dəvə" romanında mistika notlarının olmasına diqqət etmişdir (səh.115). Bizə görə yazıçının dramaturgiyasındakı "dəlixana" və "dəli" motivlərinin mahiyyətində də magik realizmin xüsusiyyətləri ilə səsləşən məqamlar vardır. Hətta Elçin müəllimin son vaxtlarda çap etdirdiyi "Şanapipik" hekayəsindəki mistik epizodlar onun yaradıcılığında magik realizmə meylin davamlı bir prosesə çevrilməkdə olduğunu yenidən düşünmək üçün işarə kimi səslənir.

 

Əlbəttə, Xalq yazıçısı Elçinin yaradıcılıq metodu və ya əsərlərində müşahidə edilən "izmlər" məsələsi xüsusi tədqiqatın və ayrıca söhbətin mövzusudur. İndiki halda isə magik realizm əlamətləri ən azı Elçin realizmini fərqli çalarlarla zənginləşdirən xüsusiyyətlərdən biri kimi qiymətləndirilə bilər.

 

Yaradıcılığında aparıcılıq təşkil edən realizm (yeni realizm), naturalizm ünsürləri, magik realizmə xüsusi meyl Xalq yazıçısı Elçinin həyatın və cəmiyyətin daha dərin qatlarını bədii ədəbiyyatın təmiz havasına çıxarmaq yollarındakı çoxcəhətli istedadının və imkanlarının real göstəriciləridir. Ayrılıqda bir izmə sığmayıb, öz yaradıcılığında izmləri birləşdirmək böyük sənətin və böyük yazıçılığının göstəricisidir. De-fakto Elçinin Azərbaycan ədəbiyyatının qüdrətli yaradıcılarından biri olduğunu isbat etməyə ehtiyac yoxdur. Təqdim oluna "45 seçilmiş hekayələr" də əsl ədəbiyyat   böyük sənət faktıdır.- Məqalə

 

İsa HƏBİBBƏYLİ

 

525-ci qəzet.-2021.- 24 aprel.- S.14-15; 19.