Ağadadaşın kişi sözü
1.
... sonra kəndə xəbər yayıldı ki,
papaqçı Ağadadaşın oğlu Gülbala da əsgər
getdi və Gülbala bu kənddən cəbhəyə gedən
yeddinci cavan idi. Hələ ki, bu cavanlar pis
gözdən iraqıydı, hələ ki,
salamatçılığıydı, təkcə
Çörəkçi Firuzənin nəvəsi Atif
qarnından qəlpə yarası almışdı, Bakıda
hospitala gətirmişdilər, deyilənə görə, vəziyyəti
ağır idi və bütün kənd camaatının da duası onunlaydı ki, təki uşağa bir
şey olmasın. Çörəkçi Firuzə hər
gün sübh tezdən avtobusa minib, hospitala gedirdi, axşam da
avtobusla kəndə qayıdırdı və təndir
çörəyi bişirməyə vaxtı
olmadığı üçün, kənd camaatı məcbur
olurdu ki, çörəyi Cəfərin marketindən
alsın. Çörəyə, əlbəttə, pis demək
olmaz, çörək çörəkdi, ancaq bir iş
vardı ki, Firuzə arvadın təndirə yapıb,
bişirdiyi çörəyin dadı ayrı idi.
Dəniz kənarındakı bu
Abşeron kəndinin qumu da, ənciri, ağ şanısı
kimi məşhur idi və elə ki, yazın axırları gəlirdi,
yay başlayırdı, məktəblər tətilə
bağlanırdı, necə ki, qışdan sonrakı
alça, ərik ağacları çiçəkləyirdi,
püstə, badam, innab, muşmula
oyanıb, adamın üzünə gülürdü, bu kənd
də eləcə canlanırdı. Məsələ
burasındaydı ki, Bakı sakinlərindən kimin burda
bağı varıydısa, bağa köçürdü,
bağı olmayan ailəlikcə istirahətə gəlib, ev
kirayələyirdi və Bakıdan bura cəmi-cümlətanı
45 kilometrlik yol idi.
Kəndin
yaxınlığından elektrik dəmir yolu da keçirdi,
elə o kiçik stansiyanın yanında avtobus
dayanacağı vardı və ta ki, nar dəyənəcən
şəhərə get-gəl çox olurdu, salam-əleyküm
də, təzə xəbər-əsər də
çoxalırdı, Ağakərimin hətta Bakıda məşhur olan kababxanası da müştəridən əskik
olmurdu, axşamlar yay kinoteatrında o qədər adam kinoya
baxırdı ki, kino bitəndən sonra süpürgəçi
Münəvvər arvad Bakıdan gəlmiş
arvad-uşağın cırtladığı tum
qabıqlarını skamyaların arasından süpürə-süpürə
hirslənib, kinonu çıxaranın atasının goruna
söyürdü.
Bəzən də yayın
cırhacır vaxtında xarici turistlər də dəstə
ilə Bakıdan dənizdə çimməyə gəlirdi və
kəndin cavanları da turistlərə, çox zaman da turist
qızlara, arvadlara həvəslə bələdçilik
edirdilər, onları çimərliyin kənarındakı sərin
qayalığa aparırdılar ki, oraları da
görsünlər və sərinləsinlər. Hətta belə bir hadisə də olmuşdu ki,
"Dünya nemətləri" adlı kənd marketinin
sahibi və satıcısı Cəfərin oğlu Həmid
çimərlikdə Anjel adında bir fransız qızı
ilə tanış olmuşdu, indi o qızla evlənib, Fransada
yaşayırdı və Parisdən kəndə ayda,
yalan olmasın, azı üç-dörd məktub göndərirdi.
Bir sözlə, kənd
camaatı yay aylarının səs-küyünə, haray-həşirinə
öyrənmişdi, ancaq birdən-birə bu COVİD-19
pandemiyası ki, başladı, hər şey dəyişdi:
kirayə üçün hazırlanmış otaqlar boş,
yayın gün yandıran istisində külafərəngilər boş,
Ağakərimin kababxanasında kasadlıq. Hətta dəniz də bu yay, elə bil, yetimlədi
- çimərliyin isti narın qumunda gəzən, uzanıb,
özünü günə verən də yox idi, uşaqdan
tutmuş böyüyə kimi çimən, top oynayan, suyu
şappaşap şappıldadan da olmurdu, hərdən ancaq onu
görürdün ki, özünü saxlaya bilməyən
tək-tük kənd adamı dənizə girib, az qala
gözdən itənəcən üzür, sonra da geri
qayıdır - vəssalam.
Adama elə gəlirdi ki, dənizin
səsi də əvvəlki deyildi, elə bil, COVİD-19 dənizi
də əməlli-başlı darıxdırmışdı
və dənizin səsi tənhalığından şikayət
edirdi - hər halda təkcə bu kənddə deyil,
Abşeronun başqa kəndlərində də yaxşı
tanınan şair və meyxanaçı Balaəmi
Əhsən belə hiss edirdi, bu barədə gözəl bir
qəzəl də yazmışdı.
Kənd o pandemiyalı yayı beləcə
dinməz-söyləməz keçirtdi, ancaq payızın gəlməyi
ilə sentyabr ayının sonunda ki, Qarabağ müharibəsi
başladı, kəndi dopdolu bir həyəcan
bürüdü, camaat gecə-gündüz televizorun
qabağından çəkilmədi, cəbhədən xəbər gözlədi və Qarabağ kəndləri, qəsəbələri,
rayon mərkəzləri gündən-günə azad edildikcə,
kənd camaatının sevinc hissi, elə bil, o həyəcana
dalğa-dalğa gözəl bir coşğunluq yayıb, kəndin
bütün ab-havasını dəyişirdi.
Öz musiqiçilər dəstəsi
ilə yaxın-uzaq Abşeron kəndlərindəki
toyların bir çoxunu idarə edən, məşhur klarnet
ustası Cəbrayıl müharibə başlayan gündən
ikinci mərtəbədəki balkonunda xüsusi olaraq mikrofon
quraşdırmışdı və cəbhədən gələn
hər gözəl xəbərdən sonra balkona
çıxıb, gözəl də havalardan birini elə bir şövq ilə
çalırdı ki, klarnetin səsi, elə bil,
öz-özünə canlanmış dənizin səsinə
qarışıb, bütün kəndə
yayılırdı.
2.
Gülbala Zübeydə ilə
Papaqçı Ağadadaşın yeganə oğlu idi - yeganə
oğlu deyəndə ki, ümumiyyətlə, onların yeganə
övladı idi və Gülbala cəbhəyə gedəndən
sonra Ağadadaş uşağın
nigarançılığından özünə yer tapa bilməyən
Zübeydəyə təskinlik verməklə məşqul
idi, özü isə içində arvadından da betər
nigarançılıq çəkirdi. Elə həmin vaxt da
Ağadadaş gecə yuxuya getməzdən əvvəl əhd
etdi, özü özünə kişi sözü verdi ki,
inşallah, Gülbala sağ-salamat qayıtsın, kənddə
kim istəsə, onun üçün müftə papaq tikəcək.
Ancaq kənddə heç kimin, o
cümlədən, Ağadadaşla Zübeydənin də xəbəri
yox idi ki, onlardan savayı, bir nəfər də gecə yerinə
uzananda da, səhər duranda da, məktəbdə də
ürəyində Allaha yalvarırdı ki, Gülbalaya
heç nə olmasın, Gülbala sağ-salamat geri
qayıtsın. Bundan Nisənin ən yaxın rəfiqələrinin,
hətta 11-ci sinifdə birgə oxuduqları Səriyyənin də
xəbəri yox idi və bu sevda dəniz sahilindəki o
gözəl Abşeron kəndində təkcə Nisənin
ürəyini yaxıb-yandırırdı. Bu, elə bir sevda
idi ki, Həmid-Anjel romantikasını da bir kənara
qoymuşdu - əvvəllər Həmid-Anjel sevgisi barədə
fikirləşəndə Nisənin ürəyinə gözəl
bir istilik yayılırdı, ancaq indi Həmidlə Anjel də,
Parislə Fransa da yaddan çıxmışdı, Nisənin
ürəyi ancaq Gülbalaya məxsus idi.
Məsələ burasındaydı
ki, hələ keçən il, o zaman ki, Nisə 10-cu sinifdə
oxuyurdu və Gülbala da 11-i bitirib, papaqçı
dükanında atasına
kömək etməyə başlamışdı, on yeddi illik
həyatında Nisənin ürəyində ilk dəfə bir
sevgi yaranmışdı və bu da ilk dəfə idi ki, Nisə hamıdan gizlətdiyi gündəliyində
"Kəpənək" adlı bir şeir
yazmışdı, çünki elə bil, o sevgi birdən-birə
gözəl naxışlarının rəngi bir-birinə
qarışmış kəpənək kimi, uçub gəlib
onun ürəyinə qonmuşdu - o gözəl kəpənəyin yüngül qanadları necə
açılıb-bükülürdüsə, Nisənin də
ürəyi eləcə döyünürdü. Nisənin məktəb
yolu Gülbalagilin evlərinin qarşısından
keçirdi, hərdən də elə olurdu ki, o evdən
Gülbalanın tarının səsi gəlirdi və o
anlarda məktəbdən evə qayıdan Nisə
dünyanın ən gözəl musiqisini eşidirdi, ürəyi
də eyniylə o cür döyünürdü.
Elə ki, Gülbala cəbhəyə getdi,
dörd-beş gündən
sonra Nisə daha dözə bilməyib, ürəyinin sirrini Səriyyəyə
açdı və Səriyyə:
- Ayzə, nə yaxçı!..- dedi. - Day
bunnan yaxçı nə istəyirsən?! Sevirsən də!..-
Sonra da Nisəyə ürək-dirək verdi. - Bax, sən
dedün e, o saat da mənim ureyimə damdı ki, inşallah,
sizin toyuvuzda oynıyıceyik! Sağ-salamat qayıdecek
Gülbala, Allah qoysa! Sənə deyirəm də, yüz faiz!
Səriyyə Ağakərimin ki, pandemiyaya
görə kababxanası kasadlamışdı, yeddinci
qızı idi və özündən böyük altı
bacısının altısı da bir-bir gözəl ailə
qurmuşdular. Yəqin elə buna görə də, Səriyyənin
belə əmin-amanlıqla danışmağı, elə bil,
Nisəni bir balaca sakitləşdirirdi, ancaq sonra ki,
ayrılırdılar, Nisənin o sakitliyi də uzun çəkmirdi.
3.
Ağadadaş öz sənətinin
böyük sənətkarı idi, çal papaqdan tutmuş,
qulaqlı papağa, cürbəcür kepkalara qədər nə
ki, kişi baş geyimi var idi hamısını ən yüksək
səviyyədə tikirdi və nə tikirdisə, hər biri
onun yaratdağı sənət əsəri idi. Təkcə
şlyapa tikmirdi - nəinki kənddə, heç
Bakının özündə də daha şlyapa qoyan yox idi.
Hərdən televizor ilə göstərilən
tarixi filmlərdə, xüsusən Osmanlı
padşahlarından danışan Türkiyə seriallarında
qədim baş geyimlərini görəndə, Ağadadaş
fikirləşirdi ki, baş geyimləri də adamlar kimidi, gəlməyi,
sonra da birdəfəlik getməyi var, ancaq belə fikirlər
onun papaq yaradıcılığına heç vəchlə
təsir edə bilmirdi. Bakının
özündən də müştərilər gəlib,
Ağadadaşa papaq sifariş edirdilər, o cümlədən,
bir xeyli tanınmış din xadimlərinin, məşhur xanəndələrin
çal papağını da, Dövlət
Filarmoniyasınının rəqqasları üçün
motal papağı da o, tikmişdi. Bu da mat qalmali bir
iş idi ki, televizorda başına papaq qoymuş kimsə
görünəndə və o adamı
tanıyıb-tanımamağından asılı olmayaraq,
Ağadadaş o saat özünün tikdiyi papağı
tanıyırdı:
- Alə, baxın e, mənim
papağımdır!..
Kənd cavanlarının,
onların Bakıdakı dost-tanışlarının da bir
çoxunun kepkasını Ağadadaş tikmişdi,
çünki hansı təzə kepka dəbə
düşürdüsə, bircə dəfə baxmaqla, məşhur
Avropa firma kepkalarından da əlasını
o tikirdi və bu mənfur COVİD-19 bir tuği-lənət
olub, müştərilərin də ayağını kəsmişdi.
Bir tərəfdən müştəri
yoxluğu, o biri tərəfdən də Gülbalanın
ayrıca tikiş makinasının kimsəsizliyi, yəni
Ağadadaşın dükanda tənha qalması onun ürəyini
sıxırdı və gənc çağlarından bu tərəfə,
həyatında ilk dəfə idi ki, Ağadadaş
öz dükanında darıxırdı.
Bu dükanı
Ağadadaşın rəhmətlik atası tikdirmişdi,
ömrünün sonuna kimi də burda papaqçılıqla
məşqul olmuşdu və Ağadadaş da
papaqçılığı bu dükanda atasından öyrənmişdi,
indi də burdakı ikinci tikiş makinasının
arxasında Gülbala əyləşirdi. Gülbala
yeniyetmə vaxtlarından tar çalmağı öyrənmişdi
və elə ki, məktəbi bitirdi, qaldı iki od
arasında: musiqinin dalınca getsin, ya atasının sənətini
davam etdirsin? Ağadadaş məsləhət
üçün Gülbalayla birlikdə Şakirgilə getdi və
Şakir Gülbalanın tar çalmağına diqqətlə
qulaq asandan sonra:
- Ağadadaş,- dedi.- Uşaq
çalmağı öyrənib, özuyçün də
pis çalmır, ancaq mən belə başa düşürəm
ki, o, bu sənətin dalınca getsə, indiki yüzlərlə
tar çalanlardan biri olacaq, onlardan artıq olmayacaq.
Sözün düzü belədi. İndi, özün bil.
Ağadadaş:
- Allah atova rəhmət eləsin! - dedi və o
vaxtdan da Gülbala bu sənəti atasından öyrənməklə
məşqul idi, ancaq hərdən ürəyinə
düşəndə tarı qoburundan çıxarıb, evdə
çalmağı da var idi.
Həmin Vətən müharibəsi
gedən vaxt ki, birdən gecənin yarısı Şakirin klarnetinin
səsi qəflətən zilə qalxıb, bütün kəndə
yayıldı, onda məlum oldu ki, müharibə qələbə
ilə sona çatıb, torpaqlar azad edilib və elə bil ki,
Novruz bayramı idi, kəndin camaatı bir-birini təbrik
edirdi, bir-birinə gözaydınlığı verirdi,
COVİD-19-u heç yadına salan və vecinə alan da yox
idi. On-on beş gündən sonra da Gülbala
sağ-salamat kəndə qayıtdı və elə həmin
günün səhəri Ağadadaş vaxtıyla
xeyli çətinliklə də olsa, Krımdan gətirtdiyi
və xüsusi bir müştəri üçün ehtiyatda
saxladığı məşhur qaragül cinsli quzu dərisini
çıxarıb, ilk çal papağı kəndin
birinci ağsaqqalı hesab olunan Hacı Müzəffər
Ağa üçün tikdi və ona göndərdi.
Kəndin başqa
ağsaqqalları da, əlbəttə, özləri durub, gəlib,
müftə papaq tikdirməyəcəkdilər, onsuz da
onların hamısının başının ölçüsü
Ağadadaşın dəftərçəsində səliqə-səhmanla
bir-bir yazılmışdı və Ağadadaş daha
altı çal papaq tikib, ağsaqqallara göndərdi.
Gülbala ilə Çörəkçi Firuzənin
oğlu Atif dost idilər və şükür Allaha ki, Atifin
də üzü yaxşılığa doğru gedirdi.
Gülbala Atifi yoluxmaq üçün Bakıya gedəndə
Ağadadaş ona tapşırdı ki, Atifin də
başının ölçüsünü gətirsin və
ölçü gələndən sonra yaraşıqlı
bir kepka tikib, Çörəkçi Firuzəgilə göndərdi.
Bundan sonra da kənd cavanları arasında xəbər
yayıldı ki, Papaqçı Ağadadaş hamı
üçün müftə papaq tikir və cavanlar, xüsusən
də yeniyetmələr kepka üçün növbəyə
düzüldülər.
4.
Gülbala qayıdandan bir
neçə gün sonra birdən kəndə hay
düşdü ki, General gəlib, maşını da həmişəki
kimi, məktəbin qabağındakı meydançada
saxlatdırıb və cavanlar, yeniyetmələr də həmişəki
kimi, meydançaya axışıb, Generalın başına
yığışdı. General bu kənddə
anadan olub, burada böyüyüb boya-başa
çatmışdı, orta məktəbi burda bitirmişdi,
sonra ailəlikcə Bakıya köçmüşdülər,
ancaq bu kəndin doğmalığı və buranın
camaatına hörmət-izzəti həmişəlik onunun
ürəyində idi və aydın məsələdir ki, böyükdən-kiçiyə
bütün kənd camaatı da onunla fəxr edirdi.
General əlində portfel
tutmuş yavəri ilə birlikdə kənd adamlarının,
onlara qoşulmuş uşaqların müşayiəti ilə
gedə-gedə, pişvaza çıxmış camaatla
görüşə-görüşə, öpüşə-öpuüşə,
ayaq saxlayıb, hal-əhval tuta-tuta məhəlləyə
çıxmış ağsaqqalların, o cümlədən,
Hacı Müzəffər Ağanın, ağbirçəklərin
xeyir-duasını ala-ala əvvəlcə Çörəkçi
Firuzənin təndir dükanına gəldi və gülə-gülə
xoş xəbər verdi:
- Salam, ay Füruzə bacı, - dedi. -
Gözün aydın olsun, Atif bu gün səhər
özü ayağa qalxıb, gəzdi!..
Hələ hospitala getməyə macal
tapmamış Çörəkçi Firuzə bir an duruxub,
yerində dondu, sonra elə bil, ətli-əndamlı bir arvad
yox, cavan qız uşağı idi, az qala atılıb, unlu əlləri
ilə Generalı qucaqladı:
- Ay sənə qurban olum!- dedi və sevincindən
qəhərlənə-qəhərlənə: - Ay sənə
qurban olum! - deyə-deyə əlləriylə Generalın pencəyinə
yapışdırdığı unlu barmaq izlərini
çırpmağa başladı.
General:
- Narahat olma, ay Firuzə bacı, - dedi, sonra da
sinə dolusu nəfəs alıb, yavərinə baxdı: - Səncə,
dünyada təndir çörəyinin iyindən gözəl
bir şey var?
Cavan yavər elə bil, bir az
şaşırdı və General özü öz sualına
cavab verdi:
- Yox!.. Yoxdu!..
Ordan da General başına
toplaşmış adamların müşayiəti ilə
birbaşa Ağadadaşın papaq dükanına gəldi və
yavərin portfeldən çıxartdığı "Vətən
müharibəsi iştirakçısı" medalını
öz tikiş makinasının arxasından dik atılan
Gülbalanın pencəyinin döşünə taxdı.
Yeniyetmələr, cavanlar bu təntənəni telefonla
vidioya çəkdilər və elə həmin gün də
bu video kənd camaatının nə qədər ki, telefonu
var idi, hamısına yayıldı.
Və həmin bazar günü
Nisə də öz otağına çəkilib, telefonda Səriyyənin
göndərdiyi o videoya baxırdı və Nisənin ürəyi
o qədər sevinc və qürur hissi ilə dolurdu ki, hər
dəfə təzədən videoya baxanda yanaqlarına bir-iki
damcı isti gözyaşı süzülürdü.
General yavəri ilə birlikdə
axşamacan kənddə oldu və General ki, hələ
gün batmamış klarnet ustası Şakirgilin balkonunda
oturub, pürrəngi çay içirdi, Şakirin
çaldığı klarnetin dünyanın gözəl
işlərindən xəbər verən səsi dənizin səsinə
qarışıb, kəndi başına götürdü. Axşam isə General maşına minəndə
məlum oldu ki, Çörəkçi Firuzə beş dənə
təndir çörəyini Generala, beş dənəsini yavərə,
beş dənəsini də sürücüyə pay gətirib,
maşina qoyub və Generalın belə şeyləri qətiyyən
xoşlamadığını yaxşı bilən
sürücü sükan arxasına keçməzdən əvvəl
ona baxdı ki, nə etsin, ancaq General bu dəfə bir söz
demədi, gülümsədi, sürücü də
arxayın olub, sükan arxasına keçdi.
5.
Ağadadaş Gülbala ilə fəxr
edirdi, hətta özüylə də fəxr edirdi ki,
Gülbalanın atasıdır və evdən
çıxıb, dükanına gələnə kimi
rastlaşdığı kənd camaatıyla da daxili bir fəxarət
hissi ilə salamlaşıb,
hal-əhval tuturdu.
Balaəmi Əhsən Gülbalanın şəninə
əla bir şeir yazmışdı və o şeir hətta
Bakıda qəzetdə də çap olunmuşdu. Nisə
ürək eləmirdi ki, özü Nəcəfin qəzet
köşkünə gedib, o qəzeti alsın və qəzet
almağa Səriyyə getdi. Qəzetçi Nəcəfin
qardaşı Ələkbər araqla dostluq edirdi və buna
görə də Nəcəf zaman-zaman qanıqara olurdu. Bu dəfə
də deyəsən, dilxor vaxtına
düşmüşdü və Səriyyə Nisə
üsün o qəzetdən üç-dörd dənə
almaq istəyəndə, qızın üstünə
çımxırdı:
- Bir dənədən artıq olmaz!
Başqaları adam döyül?
Və Səriyyənin gətirdiyi
o yeganə qəzeti Nisə tez-tez açıb, daha əzbər
bildiyi həmin şeiri təzədən bir də oxuyurdu.
İndi Nisənin qürur hissində daha artıq bir hərarət
var idi və məsələ burasındaydı ki, Atifin vəziyyəti
günü-gündən yaxşılaşırdı,
Çörəkçi Firuzə xala da günün birinci
yarısı hospitalda ona baş çəkməyə gedirdi,
günün ikinci yarısında isə yenə çörək
bişirirdi. Gözlənilməz və gözəl
bir təsadüf o oldu ki, Nisə təndir çörəyi
almaq üçün Firuzə xalanın dükanına gedəndə,
orda Gülbala ilə rastlaşmışdı. Nisə nə
qədər çalışırdı, cəhd edirdi, amma bu
görüş barədə gündəliyinə nəsə
yaza bilmirdi, çünki Gülbala onunla elə
salamlaşdı, ona elə səmimi, yox, səmimidən də
artıq, elə doğma nəzərlərlə baxdı ki,
Nisə söz tapa bilmirdi ki, ürəyindəkiləri
gündəliyinə köçürsün. Bu işdə Səriyyə
də ona heç cürə kömək edə bilmirdi və
Səriyyə:
- Sənə demişəm də, ürəyimə
damıb, e, damıb. -deyirdi.- Arxeyin olginən, hər şey sənün
öz ürəyüncə olacey. Vallah, Həmidlə Anjel
yalan olacey sizün yanuvuzda! Görmürsən gündə bir
məktub yazıb, göndərir? Anjeli sevir e, buna sözüm
yox, ancağ Parisdə darıxır də... Ayzə, istəyirsən
sən də Gülbalaya bir məktub yaz , aparıb verim ona, hə?
Nisə:
- Yox, mən yaza bilmərəm... - deyirdi.
- Nöşün?
- Yox də, yaza bilmərəm...
Və Generalın o gözəl və
unudulmaz gəlişindən sonra Ağadadaş daha artıq dərəcədə
cani-dildən və sidq-ürəkdən papaqları tikməyə
başladı, papaq həvəskarlarının sayı da xeyli
artdı və axırda iş gəlib o yerə çatdı
ki, dükanda nə qədər dəri,
parça, astarlıq vardısa, hamısı
qurtarmışdı. Pandemiyaya görə parça
dükanları da bağlı idi və Ağadadaş məcbur
oldu Bakıya gedib, tanış börkçü ustalardan əlborcu
olaraq bir az parça və astarlıq götürüb gətirsin.
6.
Hacı Müzəffər Ağa
dünyanın işləri barədə fikirləşəndə,
bəzən onun evi, həyəti bu fikirlərə
sığmırdı və günün sakit
çağlarında Hacı evdən çıxıb, dəniz
kənarına gedirdi, orda gəzişirdi. Həmin
anlarda Hacıda elə bir hiss yaranırdı ki, elə bil dəniz
də onu tanıyır, onun fikrinə-zikrinə aşina
olur və bu dəfə də dəniz
kənarına gedəndə, qarşı səkidə
Ağadadaşın dükanının qabağına
üç-dörd yeniyetmənin
yığışdığını gördü və
ağsaqqalın bu işdən xoşu gəlmədi:
- Ay
uşaq, a bala, - dedi. -
İnsaf deyilən şey yoxdu süzdə? Alə,
bu kişi day söküldü ki!.. Əhdindən keçə bilmir, abırlı
adamdı, süzə nə olub? Kişi
kostyumunu da söküb, sizə kepka tiksin? Bəs döyül, alə? Hə?
Papaq qoyan da, qoymayan da tökülüb gəlürsüz
ki, mənə papaq tik. Əyibdi!.. Eşitdüz? Əyibdi!..
Və
Hacı Müzəffər Ağanın bu sözlərindən
sonra kənd yeniyetmələrinin kepka həyəcanına sərin
su səpdilər və elə bil, Ağadadaşın tək
özü yox, dükanı da bir az dincəldi, ancaq bir-iki
gün keçmişdi ki, əvvəlcə araq iyi gəldi,
sonra Qəzetçi Nəcəfin qardaşı Ələkbər
dükanın açıq qapısından içəri
boylandı.
Ələkbərin
ürəyi tər-təmiz idi, özü də sakit adam idi,
ancaq bu bədbəxt oğlu içən idi və kənd
camaatı elə ürəyi təmizliyinə görə də
ona dözürdü, özünün də əlindən hər
iş gəlirdi: kimin evində elektrik kontakt edirdi,
işığı sönürdü, o saat onu
çağırırdılar, düzəldirdi, kimin evində
krantdan, vannadan su axırdı,
çağırırdılar, düzəldirdi və sairə
bu kimi işlərə yarıyırdı, yaxşı da
şahmat oynayırdı, hər halda məəttəl
qalmalı bir iş idi ki, samovar çaydanı kimi həmişə
dəmdə olan bu bədbəxt oğlu bədbəxtin kənddə
uda bilmədiyi adam yox idi. Şahmatı pulla oynayırdı,
udurdu, pulu da aparıb verirdi arağa, hərdən də Qəzetçi
Nəcəfin tənəsi ona təsir edirdi, içməyi tərgidirdi,
ancaq bir müddətdən sonra görürdün ki, yenə
şahmat taxtasını qoltuğuna vurub, kənddə gəzə-gəzə
şahmat oynamağa müştəri axtarır və onda
hamı bilirdi ki, Ələkbər yenə dəmlik aləminin
qapısını açıb.
Deməli,
əvvəlcə araq iyi gəldi, sonra yenə dəmlik aləmində
olan Ələkbər qapıdan içəri boylandı:
- Qədeş,
mənimçün də bir dənə kepka tik də, nolar?
Gülbala
yenə Atifi hospitalda yoluxmaq üçün Bakıya
getmişdi və öz tikiş makinasının arxasında
bekar oturmuş Ağadadaş dərindən köks
ötürüb:
-
Keç içəri,- dedi.
Ələkbər
dükana keçdi və əvvəlcə:
- Salam...
- dedi, sonra da həmişə cürbəcür parçalar
yığılan boş rəfləri gözdən
keçirib, belə başa düşdü ki, bu istəyindən
bir şey çıxmayacaq.
Ağadadaş:
- Sən
də kepka istəyirsən? - soruşdu.
Ələkbər
aşkar bir ümidsizliklə:
- Həri
də... - dedi.
Ağadadaş
zənnlə ona baxa-baxa:
- Onda, -
dedi, - mənə de ki, Ağadadaş, sən öl, day
içməyəciyəm! Heç vaxt! Eşitdün?
Heç vaxt!
Ələkbər
matdım-matdım ona baxdı:
- Elə
beləyçinə deyim?
- Sənə
dedim də!..
- Deyim ki,
sən öl, day içməyəcəyəm?
Ağadadaş başı ilə təsdiq elədi.
Ələkbər
dübarə soruşdu:
-
Heç vaxt?
Ağadadaş yenə başı ilə təsdiq etdi.
Ələkbər:
-
Xudahafiz, qədeş, - dedi.- Mənnik
döyül. - Və çönüb dükandan
çıxmaq istədi.
Ağadadaş:
-
Nöş sənlik döyül, alə?-
soruşdu.
Ələkbər
ayaq saxlayıb:
- Sənə
deyəciyəm sən öl, sonra da təzədən içəciyəm.
- dedi. - Mənnik döyül bu, qədeş! Xudahafiz!..
Və
Ələkbər dükandan çıxa-çıxda
Ağadadaş:
- Diyan, alə,
- dedi. - Gəl otur burda, başuvun "razmerini"
götürüm.
Və Ələkbər yenə geri
çönərək, araq iyi verə-verə kənardakı
kürsünü altına çəkib, həvəslə
Ağadadaşın qabağında oturdu ki, qədeş onun
başının ölçüsünü
götürsün və ona yaxşı bir kepka tiksin.
ELÇİN
525-ci qəzet.- 17 aprel.- S.16-17.