"İpək Yolu"nun böyük
musiqiçi səyyahı
Azərbaycan musiqi mədəniyyətinin görkəmli
simalarından olan dünya şöhrətli bəstəkar
Firəngiz Əlizadə dahi Üzeyir Hacıbəyli ənənələrinin
davamçısıdır. O, Şərqin zəngin musiqi ənənələrini
qədim alətlər vasitəsilə Qərbə
tanıdaraq iki mədəniyyət arasında Üzeyir bəyin
yaratdığı körpüləri daha da genişləndirib.
F.Əlizadənin orkestr düşüncəsinə
yüksək universal professionallıq, parlaq milli özünəməxsusluq,
tembr rəngarəngliyi, orkestr effektliyinin incəliyi daxildir. Onun
yaradıcılığında kamera-instrumental musiqi
mühüm yer tutur və professional bir pianoçu kimi
ifaçılıq sənətinin bütün sirlərinə
yiyələnib. Bu baxımdan dünya konsert
salonlarında ifaçılıq məharətini həm də
müasir musiqinin təbliğatçısı və bəstəkar kimi yüksək səviyyədə
nümayiş etdirib.
Qədim
dövrlərdən Azərbaycan torpağından keçən
"Böyük İpək yolu" Avropa Birliyinin TRASEKA
proqramı əsasında bərpa edilib və bu proqram təkcə
iqtisadi sahədə əlaqələrin deyil, həm də mədəniyyət əlaqələrinin
yaradılması deməkdir. Bu layihə çərçivəsində
bəstəkar Firəngiz
Əlizadə görkəmli mədəniyyət xadimləri
ilə bir sırada durmaqla, sözün əsl mənasında,
"İpək yolu"nun
böyük musiqiçi səyyahına çevrilib.
Onun "Muğamsayağı", "Qovuşanlar",
"İlğım", "Vadi" əsərləri
Nyu-York, San-Fransisko, Amsterdam, Köln, Bern kimi şəhərlərdə
yüksək səviyyədə dinləyicilərə təqdim
olunaraq, ona geniş autoriya qazandırıb.
1979-cu ildə
Firəngiz Əlizadənin simli kvarteti SSRİ və Fransa bəstəkarlarının
Parisdə iki tərəfli görüşündə səslənir
və həmin il Parisdə elektron musiqi institutunda Sovet bəstəkarlarının
təmsil edilməsi vəzifəsi azərbaycanlı gənc bəstəkara
həvalə edilir. Bu illərdə onun "Orqan
üçün fantaziyası", "Habilsayağı"
əsəri "Azərbaycan musiqisi" təqdimatı ilə
Moskva, Kiyev, Riqa, Vilnüs, Tallin, Ulyanovsk şəhərlərində
həssas dinləyici auditoriyası qarşısında
yüksək səviyyədə səslənib.
1987-ci ildə Qərbi Berlində keçirilən
36-cı Beynəlxalq incəsənət festivalında, parlaq
yaradıcılığı bəstəkara beynəlxalq
ictimayyətin yüksək rəyini qazandırır. O, ilk dəfə olaraq alman
bəstəkarlarından Şönberqin, Vebernin, Messianın,
Keycin və Krambin əsərlərini öz vətənlərində
və eyni zamanda, ilk dəfə ölkəmizdə də ifa
edərək onların yaradıcılığını təbliğ
edir.
F.Əlizadə 1988-ci ildə Amerikada həmkarları ilə
birlikdə silsilə konsertlərini gerçəkləşdirir. Amerika mətbuatı bəstəkarın səslənmiş
əsərlərini "Əsl
istedadın cazibədar əsərləri "
adlandırmışdı.
1989-cu ildə
ABŞ, Almaniya, İngiltərə, Niderlandda
keçirilmiş festivallarda əsərləri səslənən
bəstəkar, 1990-cı ildə artıq dünya musiqi ictimayyəti
arasında müasir musiqinin təbliğatçısı
kimi şöhrət qazanır. Xarici yayımlarda
icmalçılar onun
ifasında Ü.Hacıbəylinin, T. Quliyevin və
özünün Arnold Şönbergin xatirəsinə həsr
etdiyi "Fortepiano üçün musiqi" əsərlərini
xüsusilə vurğulamışdılar.
Firəngiz
Əlizadə 1993-cü ildə Türkiyənin Mədəniyyət
Nazirliyi tərəfindən Mersin şəhərində yeni
Opera və Balet Teatrının açılışı münasibətilə
sifariş olunmuş "Boş beşik" vokal-xoreoqrafik dramını bəstələmişdi.
Bu əsərin ilk tamaşasında o zamankı Türkiyə
prezidentinin iştirakı iki qardaş dövlət arasında
mədəni əlaqələrin daha da möhkəmlənməsinin
bir göstəricisi idi. O, 1998-ci ilə qədər Mersin Opera
və Balet Teatrında və Mersin Konservatoriyasında professor
vəzifəsində çalışdı. Türkiyədə
çalışarkən F.Əlizadə keçən əsrin
klassik bəstəkarlarının nadir ifa olunan 21 xor əsərindən
ibarət böyük bir proqram hazırlayır. Onun bu əməyi
Türkiyə mətbuatı tərəfindən "İlin
hadisəsi" kimi qiymətləndirmişdi.
Bəstəkar Firəngiz Əlizadə 1998-ci ildə Kölndə görkəmli
qadın bəstəkarların festivalında üç əsərini yüksək
səviyyədə səsləndirir. Virtuoz sənətkarın
bu ifası qiymətləndirilərək onun 50 illik yubileyinə
həsr olunmuş film çəkilib, filmdə müasir
dövrün novator və avanqard bəstəkarı,
pianoçu alim, dirijor və Azərbaycanı xarici ölkələrdə
uğurla təmsil edən mədəniyyət xadimi kimi
göstərilib.
F.Əlizadə 1999-cu ildə növbəti dəfə
Almaniyanın Berlin İncəsənət Akademiyasının
professoru vəzifəsinə dəvət edilir. O, 1999-cu ildən 2007-ci ilə
kimi Almaniyada, Berlin İncəsənət Akademiyasında
pianoçu və dirijor kimi fəaliyyət göstərir. Bu
illər ərzində bəstəkar dünyanın müxtəlif
ölkələrində konsertlər verməklə müasir
musiqinin görkəmli nümayəndəsi kimi adını tarixə
yazdırır.
Bəstəkar 2000-ci ildə Berlin şəhərinin
İncəsənət Akademiyasının sifarişi ilə
"Ştadt Graniza" ("Sərhəd şəhər")
baletini yaradır. F.Əlizadənin musiqisi əsasında səhnələşdirilən
10 balet dünyanın müxtəlif səhnələrində,
o cümlədən, Amerika və Avropada tamaşaya qoyulub.
2000-ci ildə görkəmli violonçel ustası Yo-Yo
Manın "Böyük İpək yolu" transkontinental
layihəsində dörd kompozisiyası ilə
çıxış edir. Konsertdə F.Əlizadənin Nəsiminin sözlərinə
yazılmış "Dərviş" əsəri muğam
ustası Alim Qasımovun ifasında səslənmiş və
bu layihənin ən möhtəşəm əsəri kimi
qiymətləndirilmişdi.
2019-cu ildə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən elan olunmuş "Nəsimi
ili" çərçivəsində ən möhtəşəm
layihələrdən biri bəstəkarın "Nəsimiyə
ithaf" baletinin YUNESKO səhnəsində
tamaşaya qoyulması oldu. Azərbaycanın
YUNESKO-ya üzv olmasının 25 illiyi münasibətilə təşkil
edilmiş tədbirdə Azərbaycanın dahi şairi Nəsimiyə
həsr olunan baletin nümayişi xüsusi əhəmiyyətə
malik idi. Bəstəkarın Nəsiminin
poeziyası əsasında yaratdığı "Dərviş",
"Zikr", "Nasimi-Passion" əsərlərinin
dünya premyeraları beynəlxalq ifaçı tərkiblərinin
təqdimatında səsləndi. "Dərviş" əsəri
görkəmli violonçel ifaçısı Yo-Yo Manın rəhbərliyi
altında 26 ölkənin musiqiçilərini birləşdirən
(Alim Qasımovun iştirakı ilə) "Böyük İpək
yolu" transkontinental layihəsində bir neçə dəfə
dünyanı dolaşdı.
"Nəsimi ili"nə böyük töhfə verən
Firəngiz Əlizadə öz əsərləri ilə Nəsimi
poeziyasının dünyada tanıdılmasında
böyük rol oynayıb. Fəxrlə
vurğulamaq istərdim ki, bütün dünyada məşhur
olan Ağa xan Fondunun təsis etdiyi "Aga Khan Music Awards -
2019" mükafatının Yaradıcılıq
nominasiyası üzrə laureatı olan Firəngiz Əlizadə
dünya üzrə bu mükafata layiq görülmüş
ilk bəstəkardır.
Dünya səhnələrində bəstəkarın
uğurla ifa edilən məhşur əsərlərindən
biri də "Mərsiyyə" kompozisiyasıdır. Auqsberq Musiqi
Akademiyasının professoru Yulius Berqer "Mərsiyyə"ni ifa edərkən dinləyicilərə Azərbaycan
xalqının müstəqillik uğrunda verdiyi qurbanların əziz
xatirəsinə ehtiramını da ifadə etmiş oldu.
F.Əlizadənin akademik Nərgiz Paşayevanın
librettosu əsasında yazdığı "İntizar"
operası yaradıcı heyətin həmrəyliyi sayəsində
ərsəyə gəlmiş yüksək bədii keyfiyyətlərə
malik müasir bir əsər kimi təqdirəlayiqdir. Azərbaycanın
tarixi ilə bağlı olan bu operanın "İntizar"
adlandırılması əsərin əsas ideyası - Vətən
uğrunda mübarizənin və əbədi məhəbbətə
inamın təcəssümü ilə bağlıdır.
Əsər özündə Xeyir və Şər
qüvvələrin qarşıdurması, haqq-ədalətin
qələbə çalması kimi bəşəri
mövzuları əks etdirir. Tarixi
mövzuya həsr olunmuş bu əsər müasir
dövrün ictimai-siyasi hadisələri ilə də tam səsləşir.
Əsərin məzmununda müqəddəs
torpaqlarımıza xəyanət və hiylə ilə ayaq
basan mənfur ermənilərin səfalı bir diyarı viran
qoyaraq, heç bir insanlığa sığmayan faciələr
törətməsi fonunda təqdim olunur.
Xalq artisti, "Şöhrət" ordenli, professor Firəngiz
Əlizadənin fəaliyyəti yalnız bəstəkarlıqla
məhdudlaşmır. Firəngiz xanımın bir ictimai xadim
kimi də mədəniyyət tariximizdə layiqli yeri var.
F.Əlizadə 2007-ci ildən Azərbaycan Bəstəkarlar
İttifaqının sədridir. O vaxtdan etibarən burada keçirilən
tədbirlər, milli musiqimizin inkişafına xidmət edən
layihələr məhz Firəngiz xanımın ideyalarına əsaslanır.
Onu da qeyd edək ki, bəstəkar bir neçə sənədli
filmin ssenari müəllifidir. Rejissor Cahangir Zeynalovun
çəkdiyi "Hüdudsuz muğam aləmi" sənədli
filmi buna ən gözəl nümunədir. Filmdə 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyilə
keçirilən Beynəlxalq Muğam Festivalı bütün
təfərrüatı ilə öz əksini tapıb.
Heydər Əliyev Fondunun rəhbərliyi ilə
keçirilən "Muğam Aləmi" Beynəlxalq Musiqi
festivallarının təşkilində xüsusi rolu olan
F.Əlizadə "Üzeyir dünyası" layihələrinin
baş redaktoru kimi də dəyərli fəaliyyət göstərir.
Firəngiz xanım ilk azərbaycanlı mədəniyyət
xadimidir ki, YUNESKO-nun "Sülh artisti" fəxri titulunu
qazanıb.
Xalq artisti fəxri adı, "Şöhrət" və
"Şərəf" ordenləri ilə təltif
olunmuş F.Əlizadə Roma Papası V Fransisk tərəfindən
xüsusi medala, TÜRKSOY-un "Onur Madalyası"na, həmçinin,
Azərbaycanda "Uğur", "Zirvə",
"Üzeyir Hacıbəyli" mükafatlarına layiq
görülüb. Onun haqqında çox sayda
kitablar və məqalələr (Almaniyada, Amerikada, Azərbaycanda
və digər ölkələrdə) yazılıb.
Şərq
və Qərb mədəniyyəti elementlərinin bənzərsiz
vəhdətini yaratmağa nail olan dünya şöhrətli bəstəkarımız Firəngiz
Əlizadəni yaxınlaşmaqda olan doğum günü
münasibətilə təbrik edir və ona möhkəm
cansağlığı, yeni yaradıcılıq nailiyyətləri
arzulayıram.
Bənövşə
RZAYEVA
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2021.- 27 aprel.- S.12