Azərbaycan-Monteneqro ədəbi əlaqələrində
yeni səhifə
Azərbaycan Yazıçılar Birliyi
Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin
yeni və mərhələli ədəbi
layihəsi bitmək üzrədir.
Birinci mərhələ
"Ulduz" jurnalı
ilə ortaq gerçəkləşib. Belə
ki, "Ulduz" jurnalının sonuncu
4-cü sayında 12 monteneqrolu
şair və yazıçının əsərlərindən
ibarət "Çağdaş
Monteneqro ədəbiyyatı"
xüsusi bölməsi
işıq üzü
görüb. Jurnalın Monteneqro
ədəbiyyatı bölməsi
Azərbaycan-Monteneqro Mədəni
və İqtisadi Əlaqələr Mərkəzinin
direktoru Seyran Mirzəzadənin geniş
"Azərbaycan-Monteneqro ədəbi-mədəni
əlaqələrinin işığında"
yazısı ilə açılır.
Monteneqro-Azərbaycan ədəbi əlaqələrinin yeni səhifəsi
Yazıda
indiyə qədər
görülən işlərdən
danışan Seyran Mirzəzadə haqlı olaraq qeyd edir
ki, bütövlükdə
Azərbaycan ədəbiyyatının
Monteneqroda təbliği
istiqamətində bır
sıra işlər görülsə də, Monteneqro ədəbi mühiti Azərbaycan oxucuları üçün
yaddır: "Bu baxımdan
Monteneqronun müasir yazıçı və şairlərinin əsərlərinin
ilk dəfə Azərbaycan
dilində çap olunması və bunun Azərbaycan ədəbiyyat səhnəsində
öz yeri olan "Ulduz" jurnalında baş verməsi monteneqrolu dostlarımıza bir vəfa borcunu qaytarmaqla yanaşı, mədəni əlaqələrimizin
inkişafına da böyük
töhfə olacağına
əminəm. Əlaqələrimizin
daha da dərinləşməsinə
xidmət edəcək
bu əhəmiyyətli
töhfəyə görə
Azərbaycan Yazıçılar
Birliyinin Bədii Tərcümə Mərkəzinə,
eləcə də
"Ulduz" jurnalına
və zəhməti keçən, əməyi
olan hər kəsə, ilk növbədə
dəyərli naşir
və tərcüməçilərə
ürəkdən təşəkkür
edirəm..."
Qeyd edək ki, şeir bölməsində
Slobodan Vukanoviç, Miraş Martinoviç, Boris Yovanoviç, Bojidar Proroçiç, Lena Rut Stefanoviç
və Tanya Bakiçin şeirləri,
nəsr bölməsində
isə Borislav Çimeşa, Faiz Softiç, Boqiç Rakoviç, Nataşa Rakoçeviç Juriç
və Blaqoye Vuyisiçin hekayələri
(tərcüməçilər Səlim Babullaoğlu,
Elxan Zal, Fərid Hüseyn, Qismət Rüstəmov, Məqsəd
Nur, Alpay Azər, Dürdanə İbrahimova və Nəcibə Bağırzadədir)
yer alıb.
Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin
sədri Səlim Babullaoğlu qeyd edib ki, Monteneqroda
ayrıca kitab halında "Çağdaş
Azərbaycan ədəbiyyatı"
toplusu işıq üzü görməkdədir:
"Biz "Ulduz"
jurnalı ilə birlikdə birinci mərhələni yekunlaşdırdıq,
yeri gəlmişkən,
mən jurnalın baş redaktoru Qulu Ağsəsə təşəkkür edirəm.
Bizim ədəbiyyatın
Podqoritsada çap olunması ikinci mərhələdir ki, o da artıq yekunlaşmaq
üzrədir. Kitabda nəsr
bölməsində Xalq
yazıçıları Anar
və Çingiz Abdullayevin, Əyyub Qiyas, Məqsəd Nur, Alpay Azər,
İlqar Fəhmi və Müşfiq Xanın hekayələri, şeir bölməsində
isə Nurəngiz Gün, Vaqif Səmədoğlu, Elxan Zal, Rəşad Məcid, Qulu Ağsəs, Nigar Həsənzadə, Leyla Əliyeva, Səlim Babullaoğlu, Qismət, Fərid Hüseyn və Şəhriyar Del Geraninin şeirləri yer alıbdır. Müəlliflər doğum
tarixlərinə görə
sıralanıblar. Kitaba "Ön
söz"ü Azərbaycan
- Monteneqro Mədəni
və İqtisadi Əlaqələr Mərkəzinin
direktoru Seyran Mirzəzadə, "Son söz əvəzi" yazısını isə kitabın tərcüməçiləri Bojidar Proroçiç və Dijana Tiganj yazıblar.
Əlbəttə ki, bu vacib işləri
görməkdə bizim
əsas tərəfdaşımız Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr
Mərkəzi və cənab Seyran Mirzəzadə idi ki, bütün bu işlərin təşkilati ağırlığını,
xüsusən Monteneqrodakı
tərcümə və
çap məsələlərini
onlar həll ediblər. Mən Seyran müəllimə də, dostum Bojidar Proroçiçə
də dərin təşəkkür edirəm.
İnanıram ki, həm bizdə, həm Monteneqroda çap olunan mətnlər ədəbiyyatlarımız
barədə az da olsa təsəvvür
yaradacaqdır..."
525-ci qəzet.- 2021.- 27 aprel.- S.13