Yaddaşımızın əbədi Qalası

 

 

Yaz gəlib, qar əriyib, müharibə bitib, vətən çölləri çiçəkləyib. bu çöllərdə 175 gündür itkin deyə axtardığımız Qalası iki gündür tapılıb. Daha doğrusu, müharibə vaxtı əsgərlərimizin boynuna taxdığı gilizin içindən çıxan 5 kəlmə söz - Kərimli Qalası Müslüm  Hacıqabul rayon Muğan qəsəbəsi - ana torpağın aylarca qoynunda qoruyub tər saxladığı nəşi (yaxınları tanıyıb) onun ölüm hökmünü təsdiq edib.

 

5 aydır gözümüz gəzən, qulağımız arayan, nigaran olduğumuz, nəzir deyib sorağını aradığımız Qalası tapılıb. İlahi, bu 5 kəlmə sözün hökmünə bax! Bu beş kəlmə ümidlərimizi puça çıxardı, Qalasını bizlərdən qat-qat yuxarı mərtəbəyə qaldırdı. O mərtəbəyə ki orada Tanrı ona qanad taxıb öz cənnətində əbədi ölməzlik bəxş edibmiş.

 

Qalası şəhid oldu. Bu xəbərdən Ana torpaq bir Şəhid qədər böyüdü. O şəhid ki üç bacının tək qardaşı idi, anasını illər əvvəl itirmişdi.

 

Gör diləklə doğulubmuş ki,  adını Qalası qoymuşdular. Qalası qoymuşdular ki, bir ailə üçün, bir ata-ana üçün Qala olsun, arxa, dayaq olsun. Doğrudan da Qala  oldu. Sosial şəbəkədə özündən biixtiyar yazdığı Qala (həyatda iz buraxdı) profili alın yazısımıydı, ya tale yazdırmışdı Yaradanın diliylə? Bizlər bunu bilə bilmərik...

 

Kərimli Qalası Müslüm oğlu 2000-ci il yanvar ayının 8-də Hacıqabul rayon Muğan qəsəbəsində anadan olub. 2020-ci il sentyabr ayının 21-də orduya çağırılıb Qalası. Noyabr ayının 2-dən onunla əlaqə kəsilmişdi. Gah sağ sorağı, gah əsir sorağı gəlirdi. Bütün qəsəbə, eşidib-bilən onun üçün nigaran idi. 5 ay itkin kimi axtarıldı. Nəhayət, 2021-ci il aprel ayının 21-də nəşi tapılaraq ailəsinə təhvil verildi. Qalası Kərimli Şuşa uğrunda gedən döyüşlərdə savaşıb. Şuşa döyüşləri zamanı Daşaltı istiqamətində şəhid olub. Ölkə Prezidentinin sərəncamıyla "Cəsur döyüşçü" medalı ilə təltif olunub.

 

, balam, adını Qalası qoymuşdular, bir ailə üçün oğul olasan deyə. Amma sən bir ailənin oğlu olmaqdan daha şərəfli yolu, uca amalı seçdin. Yaddaşımızda əbədi Qalası oldun. Döyüşdən dostlarına yazdığın son mesajın da yerinə yetdi: "Şəhid olsam, anamın yanında dəfn edərsiniz". İndi sən artıq bir ananın övladı deyilsən, bütöv bir xalqın balasısan. İndi sən Zəfər gününün qaliblərindən biri, Vətən torpağının bir parçasısan.

 

Nur içində yat, körpə şəhidim!

 

Laylanı ellər çalacaq, ruhun cənnətdə şad olacaq!

 

Selcan Sara

 

 525-ci qəzet.- 2021.- 27 aprel.- S.15.