"Atam fotoqraf olmağımı istəmirdi"
Elə hadisələr var
ki, onu şərh
etməyə sözlər
yetərli olmur. Lakin zamanında çəkilən
bir foto həmin hadisəni bütün çılpaqlığı
ilə ifadə edə bilir.
Belə fotolar mənim üçün "danışan
şəkillər" adlanır. Müsahibimiz sənətilə
Azərbaycan adına layiq işlərə imza atan fotoqraflardan biri Fərqanə Qasımlıdır.
Əvvəldən qeyd edim ki, azərbaycanlı kimi onun qazandığı
uğurlara hər zaman sevinmişəm, lakin bu yolda
keçdiyi hekayəsini
dinlədikcə gördüyü
işin necə dəyərli olduğunu anlayırdım.
***
- Necə oldu ki, müəllimə Fərqanə xanım, fotoqrafiya kimi rəngli və daha çətin sahəyə keçid edib uğur qazana bildi?
- Bəli, ilk təhsilim
ibtidai sinif müəlliməliyidir. Hətta
20 il məktəbdə dərs
də demişəm. Hazırda fotojurnalist şagirdlərim
belə var. Lakin 15 yaşımdan foto çəkirəm və bu mənə atamdan miras olaraq
keçib. Atam polis işçisi
idi, həm də həvəskar foto portret çəkirdi. Hətta evimizdə otağın birini qaranlıq edib, qırmızı işıqlar qoyardı ki, şəkilləri orada yuyub hazırlasın. O
vaxtlar 5-6 yaşım
vardı və çox həvəsli idim deyə atam imkan verərdi
ki, şəkilləri
dərmanlı suya mən salam. Sevgim də oradan yarandı. Sonra doğum
günümdə atam
mənə fotoaparat hədiyyə etdi. Ancaq heç vaxt istəmirdi ki, mən bu sənətə
yiyələnim. Düzü, fotoqrafiya
ilə məşğul
olsam da, heç fotoqraf olmaq da istəmirdim. Arzum rejissor
olmaq idi. Yadıma gəlir 9 yaşımdan Oskar mükafatlarına
baxıb deyirdim ki, bir gün mən də o səhnəyə çıxacağam, mükafat
əlimdə olacaq. Sonra elə oldu ki,
atam rejissor olmağıma icazə vermədi. Bir-birimizlə çox mübarizə apardıq, amma alınmadı. Atam məni
müəllimə kimi
görmək istəyirdi. Mən də atamın sözündən çıxmadım. Düşündüm ki, oxuya-oxuya
bəlkə yola gətirərəm. Lakin heç
cürə mümkün
olmadı və mən təhsilimi bitirib məktəbdə işə düzəldim. Müəllimə işlədiyim vaxtda
da fotoqrafiya ilə maraqlanırdım, ancaq atama bunu bildirmirdim. Böyüyəndə anladım ki,
bu peşənin çətinliyini anladığı
üçün atam məni qorumaq istəyib icazə vermirdi. Sonradan ailə həyatı
qurdum və mümkün şəraiti
mənim üçün
həyat yoldaşım
yaratdı. O incəsənəti
sevən biridir, həmişə deyir ki, insan özünü
bu həyatda tapmalıdır, istədiyi
işi görməlidir
ki, xoşbəxt olsun. Mənə dedi ki, sübut et ki, bu sənətə aşiqsən və zamanında öz mübarizəni aparmısan.
Artıq uzun illərdir beynəlxalq müsabiqələrdə
iştirak edirəm. Azərbaycanda isə 2015-ci ildən
etibarən keçirilən
bütün beynəlxalq
yarışlarda iştirak
etmişəm. Ölkəmizdə fotoqraflardan bəhs edən ilk sənədli filmin müəllifiyəm. Hətta 2016-cı ildə
"Formula-1" yarışında da ilk
xanım fotoqraf kimi qeydə alınmışam.
Yarışlarda çəkdiyim
fotoları Azərbaycan adına beynəlxalq müsabiqələrə
göndərirəm.
- Nə qədər
kobud səslənsə
də, müasir dövrdə şəkil çəkə bilən çox adam özünü fotoqraf adlandırır. Kimi illərini
bu sahəyə qoyur, kimisi də
bir şəkillə
trend olub fotoqraf sayılır. Bu doğrudurmu?
- Fotoqraf kimi bu məndə heç bir qıcıq yaratmır. Hər kəsin öz
seçimi var. Belə
deyim, zamana uyğun olaraq, bir şəkillə partlayış etmək, trendə düşmək
olar. Lakin bu təsadüfi haldırsa, sonradan irəliləmək bir az çətin
olacaq. Nə qədər də
olmasa, illərlə əziyyət çəkənlərlə
müqayisədə hər
zaman boşluqlar hiss ediləcək. Fotoqrafiya elə
sahədir ki, hər kəsin öz yolu, baxış
bucağı olmalıdır. Elə insanlara rast gəlmişəm ki, kiməsə baxıb həvəslənib. İşə pul qazanmaq istəyilə
yanaşıblar, sonradan
isə davam edə bilməyiblər. Kənardan asan görünsə də, bu, çətin
sənətdir. Xanımlar üçün
daha çətindir. Mən bu sahəyə gələndən heç
kimə "yaxşı,
yaxud pis çəkir" kimi baxmamışam və öz yolumu tutmuşam. Azərbaycanda fotoqraf sənətkarları
kimlərdisə, ancaq
onların işi ilə maraqlanmışam. Beynəlxalq müsabiqələrdə iştirakımın
da səbəbi o idi ki, çiynimdən fotoaparatı asıb yalandan deməyim ki, mən fotoqrafam. Mənim qazandıqlarım mənim
peşə arxivimdir.
- Fotoqraf kimi sizə uğur gətirən ilk fotonuz hansı olub və onun yaranma
hekayəsi necədir?
- Fotomüsabiqələrdə ilk qazandığım uğur
Xudafərin körpüsü
ilə bağlı olub. O şəkli Naxçıvana gedəndə
İran tərəfdən çəkmişdim. Xudafərinin
o biri üzü ermənilərin işğalı
altında olan Azərbaycan əraziləri
idi. Şəkli
çox yaxından çəkmişdim və
məqsədim körpünü
deyil, bizim erməni işğalında
olan torpaqlarımızdakı evləri göstərmək idi. Bir şeyi qeyd edim. Mən Bakıda böyümüşəm
və qaçqınlıq
dövründə köçüb
gələnlərin çoxunun
həyatına şahid
olmuşam. Lakin
onların nə hiss etdiyini tam olaraq anlamamışam. İnanın, ilk dəfə o hissləri həmin anda yaşadım. Bir qədər
tutuldum və o zaman anladım ki, torpaq itirmək
nə deməkdir. Sən dayanmısan və çox yaxınında sənin doğma torpaqlarındır. Lakin ona
toxuna bilmirsən. Fotonu çəkərkən orada
yaşadığım hadisə
məni and içməyə
vadar etdi. Dedim, o
torpaqlar bizimdir və and içirəm ki, mən bu
fotoları bir gün mütləq sərhədin o tərəfindən
- işğaldan azad olunmuş ərazilərimizdə
dayanıb çəkəcəyəm.
Dediyim gündən
10 il sonra torpaqlarımız işğaldan azad olundu. Çox cəhd etsəm
də, işğaldan
azad olandan sonra ora gedə
bilmədim. Arzumun
10 il sonra reallaşmış fotosunu (2010-2020) çəkmək
istəyirdim. Təəssüf ki, alınmadı. Ancaq şükürlər olsun
ki, azad olundu. Həmin fotonu Mədəniyyət
Nazirliyinin keçirdiyi
"Mənim Azərbaycanım"
müsabiqəsinə yollamışdım. Doğrusu, müsabiqələrə şəkil
seçərkən hər
zaman yoldaşımla məsləhətləşirəm. O
dedi ki, bu fotonu müsabiqəyə
yollama, çünki insanlar baxıb məyus ola bilər. Sanki köhnə yaranın qaysağını qopartmış
kimi olacaqsan. Bu dəfə isə
təkidlə həmin
şəkli yollamaq və insanlara mesaj ötürmək istəyirdim ki, Azərbaycanın bir parçası da buradır,
unutmayaq. Şəkil sosial
şəbəkədə paylaşılıb
səsverməyə qoyulmuşdu
və minlərlə şərh yazılmışdı. Hətta çoxları elə bildi ki, bu
şəkil fotoşopdur
(photoshop). Lakin həmin
yerdən video da çəkdiyim
üçün sübut
etdim ki, fotoşop deyil. Şərhləri oxuyanda anladım
ki, mən öz mesajımı düzgün çatdıra
bilmişəm və müsabiqədə təşkilatçı
rəğbəti qazanmış
nominasiya üzrə qalib oldu.
- Fotojurnalistika, fotoqəzetçi
kimi terminlər var. Lakin bizdə ixtisas olaraq fotoqrafiyanın tədris olunduğu məktəb yoxdur. Bu, hansı çətinlikləri
yaradır?
- Bildiyim qədərilə bizdə fotoqraflar ancaq
Azərbayan Dövlət Mədəniyyət
İncəsənət Universitetində operator yaxud rejissorluq
ixtisasını oxuyurlar, sonra müəllim yanına
gedərək öyrənə bilirlər. Sırf fotoqrafiya
ilə bağlı ixtisas təəssüf ki, yoxdur. Bu
işin vaxtında üzərinə düşüb həll
etmək lazım idi. Çox istəyərdim ki,
fotoqrafiyanın bir məktəbi olsun. Üstünlüyü
də çox olardı. Xarici fotoqraflarla bizim fərqimiz odur
ki, onlar məktəb keçirlər və
nəzəriyyəni bilirlər. Bizdə isə praktika
var, lakin nəzəriyyə yoxdur. Adi fotoreportaj hazırlayan
xarici və yerli resurslara baxanda fərqi hiss etmək olur. Bizim
fotoqrafların beynəlxalq dərəcədə
tanınmamasının səbəbi də məktəbin
olmamağıdır. Çox azsaylı fotoqrafımız var
ki, dünya səviyyəsinə çıxa bilib.
Bəzən deyirlər, şəkil yolladım amma
seçilmədi. Bütün bunlar şəkillərin
standartlara uyğun olmamasına görədir.
- Pandemiya dövrü peşənizlə əlaqədar
fəaliyyətinizə necə təsir etdi? Bu dövrü
izah edən bir fotonuz oldumu?
- Mənim üçün pandemiya dövrü
əvvəlki illərdən çox fərqli oldu.
Əvvəllər adətən
çəkilişlərdə olurdum və təbiəti
sevdiyim üçün evdə oturan biri deyildim. Bizim
ailəlikcə evdə oturmağımız bu dövrə
təsadüf etdi. Bu dövr mənə fotoqrafiya
sahəsində nə istədiyimi və özümü
tapdım. Boş küçələri, həyatı
çəkəndə artıq fikirlərim formalaşdı.
Əsl Fərqanəni onda kəşf etdim. Hansı janrlarda
daha çox özümü tapıram, əvvəllər bunu
hiss etməmişdim. Bəli, pandemiya dövrünü
tarixə salan bir fotom da oldu. Hansı ki, Amerikanın onlayn
fotoqrafiya jurnalı fotomüsabiqə keçirirdi və
evdə çəkdiyim həmin fotonu ora göndərdim. O
jurnaldakı ən yaxşı fotolar siyahısına
seçildi. Şəkli sərt karantin vaxtı
çəkmişdim. Hekayəsi də belədir ki, biz
qızıma ad günündə Fransaya səyahət
sözü vermişdik. Pandemiya dövrünə düşdüyü
üçün gedə bilmədik. Uşaq məndən
koronavirusun nə olduğunu soruşub onun oyuncağını
istədi. Hər yer bağlı olduğu üçün
oyuncağı özüm hazırladım. Atası oyuncaqla
ona xəritədə koronavirusu göstərirdi. Ortaya belə
maraqlı foto çıxdı. Fotonun adı "Səyahətçilər"
idi. Burada 3 səyahətçi vardı: koronavirus, ata və
qızı.
- Artıq kifayət qədər peşə
təcrübəniz var. Gənc fotoqraflara nə
məsləhət görərdiniz?
- Bəzən
hiss etmişəm ki, gənclərimiz təcrübəli fotoqraflarımızla
söhbət edəndə
çəkinirlər. Onların fotoaparatlarının
bahalığı, peşəkar
olmağı gəncləri
bəlkə də ruhdan salır. Əgər həqiqətən
də bu sənəti sevirlərsə,
davam edib öyrənsinlər. Çox
şad olaram ki, Azərbaycan adı fotoqrafiya ilə bağlı bütün beynəlxalq yarışlarda çəkilsin. Bizim fotoqraflarımız heç bir ölkə nümayəndələrindən
geri qalmır. Gənclər heç nədən çəkinməsinlər.
Çünki min kilometr yolu getmək
birinci addımdan başlayır.
Afaq RZA
525-ci qəzet.-2021.- 28 aprel.- S.23.