Dilçiliyimizin Tağıyevi
Aprelin
28-də görkəmli dilçi-alim,
Əməkdar elm xadimi,
professor Məmməd Tağı oğlu Tağıyevin anadan olmasının 100 illiyi tamam olur.
Hər dəfə
professor Məmməd Tağıyevin
adı çəkiləndə
tələbələr bir
anlığa elə bilirlər söhbət Zeynalabdin Tağıyevdən
gedir. Əslində, o da dilçiliyimizin Tağıyevidir. O da öz
varidatını - bilik
və bacarığını
xalqın yolunda səxavətlə, fanatcasına
sərf edib, elmi əsərlər, dərsliklər, lüğətlər
qoyub gedib.
Professor Tağıyevin bir alim kimi
tədqiqat dairəsi çox genişdir. Dilçiliyin,
demək olar ki, bütün sahələri - fonetika, morfologiya, sintaksis, leksikologiya, frazeologiya, üslubiyyat, leksikoqrafiya, ədəbi dil tarixi, dialektologiya və s. onun maraq dairəsində olub. Bunların içərisində əsas yeri, heç şübhəsiz,
frazeologiya tutur. Ona şöhrət qazandıran
da məhz bu sahə olub. Professor M.Tağıyevin 1966-cı ildə
nəşr etdirdiyi monoqrafiyasında nəzəri
əsaslarını işləyib
hazırladığı "əhatə metodu" frazeologiya sahəsində yeni bir səhifə
açıb. Bu metod frazeoloji vahidlərin müəyyənləşməsində
mövcud olan fikir ayrılığına
son qoyub. İsveçrəli
alim Y.Hoyzerman monoqrafiyasında bu haqda belə yazır: "Alman frazeologiyasının bir çox mübahisəli məsələlərini mən
professor M.Tağıyevin işləyib
hazırladığı nəzəriyyənin
əsasında həll
etməyə müvəffəq
oldum".
Frazeologiya sahəsində öz sözünü dedikdən
sonra M.Tağıyevin
elmi fəaliyyətində
aparıcı mövqeni
leksikoqrafiya tutub. 70-ci illərdə o, lüğətçiliyin,
xüsusən də ikidilli lüğətçiliyin
nəzəri məsələlərini
araşdırmaqla məşğul
olurdu. Bu axtarışlar fundamental bir
işlə - dördcildlik
"Azərbaycanca-rusca lüğət"in
tərtibi ilə nəticələndi. Bu lüğət həm leksikoqrafiyada, həm də xalqın ictimai-mədəni həyatında
bir hadisə kimi qiymətləndirildi.
Professor M.Tağıyev bu lüğətin tərtibinə də novatorcasına yanaşdı;
o, hər iki dildə olan sözlərin mənalarını
tutuşdurmaqla, məna
tutumunda özünü
göstərən simmetriya
və assimetriyanı müəyyən etməklə
bu müqayisənin nəticəsini əks etdirən model tapdı.
O, bu vaxta qədər Azərbaycan lüğətçiliyində işlənən "lüğət
maddəsi" terminini
"lüğət məqaləsi"
ilə əvəz etdi. Bu, sadəcə,
söz əvəzlənməsi
deyildi. M.Tağıyev hər bir lüğət məqaləsinə
müqayisəli-tipoloji araşdırmanın
nəticəsi kimi baxırdı. Bu zəmində də M.Tağıyevin "leksikoqrafik
metod" adlandırdığı
yeni bir metod yarandı. İlk dəfə aspirantı S.Teymurovanın
dissertasiyasında (1983) elmə
bəyan edilən bu metod sonralar
onun digər yetirmələri tərəfindən
inkişaf etdirildi.
Rus dilini rusların qibtə edəcəyi bir səviyyədə bilən
və tədqiq edən M.Tağıyev öz doğma dilini sevən və sevdirən bir şəxs idi. M.Tağıyevin rusist obrazı
arxasında əsl vətənpərvər bir
azərbaycanlı, maarifpərvər
ziyalı ürəyi
döyünürdü. Təsadüfi deyil ki, respublikamızda Azərbaycan
dilinin ən zəngin kartotekası onun rəhbərliyi altında yaradıldı.
Burada Azərbaycan dilinin normativ və qeyri-normativ leksikası bütün mənaları
və məna çalarları ilə əhatə olunmuşdu.
Bu kartoteka keçmiş
İttifaq miqyasında
ən böyük kartotekalardan biri sayılırdı və respublikamıza
gələn dilçi
qonaqların ziyarət
yerinə çevrilmişdi.
Professor A.Tixonov yazırdı:
"Məmməd Tağı
oğlunun xidməti Lüğətin unikal kartotekasını yaratmaqda
və güclü, yekdil, daim peşəkarlığını
artıran tərtibçi
kollektivinin seçilməsi,
hazırlanması və
inkişaf etdirməsindədir.
Kartoteka ictimai əhəmiyyətinə
görə kiçik
kollektivin gündəlik
əziyyəti sayəsində
milli dilə qiymətli daşlardan - sözlərdən ucaldılan
möhtəşəm abidədir.
Azərbaycan mədəniyyətinin inkişafı naminə onun davamlı və daimi qayğıya
ehtiyacı var".
Sağlığında M.Tağıyev öz yetirmələrini yalnız
elmin işığına
deyil, süfrə başına da toplamağı
sevərdi. "Söhbət
şahanə, yemək
bəhanə" ruhunda
keçən belə
məclislər ona mehriban, insani münasibətlərin hökm
sürdüyü bir kollektiv yaratmağa imkan verirdi. Vaxtilə onunla çörək kəsmək
şərəfinə nail olmuş
hər bir kəs bu çörəyi
itirməməyə, onun
adına layiq bir iz
qoymağa çalışır.
Gözəl alim, gözəl insan Məmməd Tağı oğlu Tağıyevin xatirəsi
illərdən illərə,
nəsillərdən nəsillərə
keçərək əbədi
yaşayacaq.
Şəhla ƏHMƏDOVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2021.- 28 aprel.- S. 15.