Bir qəzəlin Nəsimisi
(Əvvəli 24 aprel
sayımızda)
Nəsimi nədən üz cizgilərinə bu qədər
önəm verir? Nəsimi şeirində üz cizgiləri
rəmzi məna daşıyıb ilahi teofaniyanın müxtəlif
məqamlarını ifadə edir. Üzün
parlaqlığı və təkliyi səbəbindən vəhdəti,
saçın, tüklərin çoxsaylı olmasından
Allahın ad və sifətlərin cəmi olan kəsrəti
bildirməsi, gözün Basir (hər şeyi görən), dəhanın
əbədi həyat (Hayy) ilə əlaqəsi üz cizgilərinin
yüksək ilahi mahiyyətinə dəlalət edir. Bununla yanaşı, bədən üzvləri Nəsimi
şeirində İlahi Gözələ antriopomorfik
xüsusiyyətlər verməklə onu
insanlaşdırır, Onunla dünyəvi məzhəri
arasında vəhdət yaradır. Bu səbəbdən,
Nəsimi şeirlərində həm ilahi, həm də
dünyəvi motivlər səslənir. Gibb yazır ki,
"Biz onun hədsiz emosional lirikasını, gözəl
melodiyalı, ekstaz və trans halında
söylədiyi şeirləri oxuduqda hürufi
doktrinasının fantastik xüsusiyyətlərini unuduruq. Sanki bu qoca şairin, həqiqətən də,
özünəxas bir tərzdə Allahın üzünə
baxdığına inanırıq".
Nəsimi doğrudanmı Allaha baxır, Allahı görən
bir fəna halı yaşayırdı? Onun bəzi
şeirlərindən şahid-bazi, nəzər-bazi təcrübəsinə
meyilli olması anlaşılır. Bu, əvvəlki
tədqiqatlarımızdan birində qeyd etdiyimiz kimi, Gözəl
üzün, konkret olaraq bığ yeri tərləməmiş
cavan oğlanın (əmrad) üzünün seyri vasitəsilə
İlahi Gözlə yaxınlaşmaq təcrübəsi,
mistik bir ayindir. Nəsimi şeirində bu ayinin izləri
görsənir:
Nəzər-baz
olduğum indi həqiqət,
Ki, mənzurim nigarın mənzəridir.
İnsan-Quran anlamında biz qarşılıqlı
çevrilmə prosesi izləyirik. İnsan canlı bir
Quran olmaqla yanaşı, Quran da insan surətinə girir; Hədisdə
deyilir ki, Qiyamət günündə Quran insan surətində
zühur edəcək. Əslində,
İnsanın Müqəddəs söz və ya tərsinə,
sözün İnsan olması Quranın özündən
qaynaqlanır ki, bunun kamil nümunəsi Kəlimət Allah
(Allahın sözü) olan İsa əl-Məsihdir (ən-Nisə,
71). Hz. Əlinin də özünü
Allahın danışan kitabı kimi təqdim etməsi
"Cavidan-namə"də əks olunub.
Nəsiminin bir çox qəzəlləri, o cümlədən,
yuxarıdakı "Yəqin, ya Rəbb, üzündür rəqqi-mənşur"
mətləli qəzəl üzün himni, tərənnümüdür.
Yüzündür
rəqq-i mənşur
Yəqin,
ya Rəbb, yüzündür rəqq-i mənşur,
Muhamməd şər'i andan oldu məşhur.
(Ya Rəbb, üzün aşılanmış bir dəridir. Məhəmmədin
dini bununla məşhurlaşdı.)
İlk
öncə müraciətə nəzər salaq: "Ya Rəbb"
- deyir Nəsimi. Qəzəl Allahın gözəlliyinin
məzhəri olan İlahi Gözələ və ya Kamil insana
müraciətlə yazılıb. Burada üz, zülf,
göz, qaş və s. kimi üz cizgilərinin bolluğu
allahlaşmış İnsan və ya İnsana bənzər
Allah obrazı yaradır. Bu barədə Gibb yazır: "Nəsimi
şeirində manifestasiya edən manifestasiyanın
özündə mövcuddur. Şairin nəzərində
sevgi obyekti olan varlıq Allahın güzgüdəki əksi
deyil, Allah özüdür:
Sənə
kim deyən kim, Həqq degilsin,
Səni Həqq bilməyən Həqqdən
cüdadır".
İnsan üzünün üçüncü xisləti
həm də müqəddəs yazı olmasıdır. Fəzlullah
Astarabadiyə görə, Adəmin üzü ilahi
yazıdır və Qurandakı "aşılanmış dəri
üzərindəki yazıya and olsun ki" ifadəsi də
insan özüdür. Allah öz qüdrət
ilə bu yazını insanın dərisində
yazmışdır. Bu səbəbdən,
şair Məhəmmədin dininin Gözəlin üzündə
olduğunu bildirir.
"Yəqin, ya Rəbb, yüzündür rəqq-i mənşur"
bir daha Nəsimi Gözəlinin ilahi-dünyəvi mahiyyətini
əks etdirir.
İfadə ət-Tur surəsindən (ayə 2-3)
alınıb: Aşılanmış dəri üzərindəki
yazılı kitaba and olsun ki... Burada biz dəri
(rəqq) anlamına verilən xüsusi mənanı
görürük. Özündə Müqəddəs
Quranı, 28-32 müqəddəs hərfi əks etdirən
insan gözlərimiz önündə dərisi ilə
canlanır, ruhani-mənəvi anlamlar maddiyyat kəsb edir. Dəri burada ruhi ideyaların maddi ifadəsi kimi bir
önəm kəsb edir. Başqa bir ayədə
də dəri insani xüsusiyyətlər kəsb edir. Fussilət surəsində (ayə 21) deyilir ki, Allah dəriyə
dil vermişdir və o Qiyamət günü insanın üzünə
durub onun əleyhinə şahidlik edəcək.
525-ci Qəzet
- Prezident 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncam
imzaladı
Dəri maddi olanın ruhani olanla vəhdəti, maddi
olanın ilahi yazıya məskən olmasıdır. Hürufilikdə
dərinin xüsusi önəmi var. İnsan dərisi,
xüsusilə üz ilk növbədə üzərində
ilahi hikmətlərin açarı olan hərfləri gəzdirir;
insanın xətt-i xalı, yeddi cərgə anadangəlmə
tük cərgəsi məhz dəridə əks olunub. Qaş, göz, kiprik, ləb, zülf, xal, zənəxdan
kimi üz cizgiləri dəridə bərqərar olub. Bu mənada dəri əslində, insan adlı
müqəddəs yazının əks olunduğu bir
perqamentdir. Təsadüfi deyil ki, ilk insan olan Adəmin
adı "dəri" və "yerin üst qatı"
anlamında olan "ədim" sözü ilə eyni
kökdəndir. Bundan əvvəlki
yazılarımdan birində Hürufilikdə dəriyə bu qədər
önəm verildiyindən Nəsiminin dərisi soyulmaqla qətlə
yetirilməsini bir fərziyyə kimi irəli
sürmüşdüm.
Digər
tərəfdən, bir sıra şiə və sufi
təlimləri kimi, hürufilik də batiniliyə meyilli idi. Dəri insanın üzdə olan, zahiri tərəfi
idi ki, onun altında dərin batini anlamlar gizlənmişdir.
Bu anlamları dərk edənlər sanki dərisindən
çıxanlardır. Hər bir mistik, hər bir sufi zahirdən uzaqlaşıb batinə can
atır. Burada qəribə bir müşahidəmizi
də bölüşmək istərdik. Fəzlullahdan bəhs
edən ərəb mənbələri onu "zahid",
"asket" anlamına gələn "mutəqaşşıf"
sözü ilə anırlar. Bu sözün alt qatlarında
"dərisi çat-çat olmuş adam"
mənasını da görürük. Deməli ezoterizmə
meyl özü bir növ dərinin çatlaması, bir az da irəli getsək, soyulması ilə
bağlı assosiasiya yaradır.
Nəsimi
şeirində yuxarıdakı beytlə çoxsaylı səsləşmələr
vardır:
Üzündür
Turi-Sina, rəqq-i mənşur,
Bilindi
üştə gör nurun-alə-nur
Və
yaxud
Üzündür
lövh-i Musa, qamətin Tur,
Xətin
Fürqan, üzündür rəqq-i mənşur.
Üz - Kəbə
Qəzəlin
sonrakı iki beyti Kəbə məscidi ilə
bağlıdır:
Təvaf əmr
oldu çün Beytü l-ətiqə,
Rəsul
ol evi çün xoş qıldı mə'mur.
Sifatındır,
bilürəm Kə'bey-i mütləq,
Ziyarət eyləyənlər oldu məğfur.
(Kəbə ətrafında təvaf etmək əmr
olunub. Rəsulullah o evi təmir etmişdir.
Sənin Üzünün Kəbə olmasını bilirəm. O Kəbə
ki, onu ziyarət edənlər bağışlanır.)
Buradakı
Beytü l-ətiqlə (hərfi mənası "qədim ev") Kəbə nəzərdə tutulur.
Quran-i Kərimdə (əl-Həcc, 33) deyilir:
"(Qurbanlıq heyvanların) kəsiləcəyi yer qədim
evin (Kəbənin) yanındadır". Peyğəmbərin
sirəsində onun risalətdən öncə Kəbənin
təmirində xüsusi bir rol oynaması göstərilir.
Bu beytdə həmin hadisəyə işarə
edilə bilər. Ev (ərəbcə beyt)
sözünün məmurla bir yerdə işlənməsi əfsanəvi
bir səcdəgah olan, göylərdə yerləşən
Beytü l-məmuru yada salır. Merac rəvayətlərində
beytü l-məmurun mələklərin ibadətgahı
olması bildirilir.
Hürufiliyə görə, həccin mühüm ayini
olan təvafın yeddi dəfə olması yeddi cərgə
anadangəlmə tük cərgəsi ilə
bağlıdır. Kəbə və insan üzü və
28/32 hərflə birlikdə İlahi teofaniyanı əks
etdirir. Kəbə ətrafında yeddi dəfə
həyata keçirilən təvaf 4 ünsürlə birlikdə
28 edir. Dörd ünsürdən torpaq
hürufilikdə xüsusi qüdsiyyətə malikdir,
çünki insanın alnı və üzü Kəçə
torpağından yaradılıb. Ümumiyyətlə,
hürufi mətnlərində Kəbə məbədi ilə
bağlı bir sıra deyimlərə, hədislərə
xüsusi önəm verildiyini görürük. Bunlardan biri Al-i İmran surəsinin 172-ci ayəsindən
qaynaqlanan, Allahla insan övladlarının ruhları
arasındakı əzəli əhdnamənin Həcər əl-Əsvadın
içərisində olması, digəri isə bu daşa
insana xas üz cizgiləri aid edilməsidir.
Fəzlullah Adəmin məhz üzünün və
alnının Kəbə torpağından
yaradıldığını bildirən hədisi dönə-dönə
təkrarlayaraq bununla üzə bir daha ayrıca sakrallıq
verir. Məhz bu səbəbdən, Kəbə insanların
səcdəgahıdır.
Allahın
ipi - saç
Saçın
həblü l-mətindir, surətin həqq,
Hidayət şəm'i, yüzdən indi ol Nur.
(Saçın möhkəm bir ipdir, surətin Həqdir.
Üzün doğru yola aparan, işıq saçan
şamdır.
Quran o üzdən nazil olmuşdur.)
Nəsimi şeirində üzün ən geniş
yayılmış metaforu Müqəddəs Quran və onun
adlarıdır. Yuxarıdakı beytdə Quranın Nur
adı anılır, üz Nur kimi işıq saçır,
insanları hidayətə yönəldir. Quran
Allahın ərşinin yanında qorunub saxlanan və
bütün elmləri hifz edən Lövh-i Məhfuz məqamında
olan üzdən nazil olmuşdur. Buradaca
artıq üzün dixotomu kimi işlənən, klassik
şeirimizdə çeşidli mənalara meydan açan
saç gündəmə gəlir.
Levison, Əlibəyli, Bertels, Göyüşov,
Qasımova kimi tədqiqatçıların qeyd etdiyi kimi,
klassik şərq poeziyasında üz-saç dixotomları ətrafında
rəngarəng mənalar yaranıb. Həqqi, İlahi Nuru,
Vəhdəti, Müqəddəs yazını bildirən
üzün müqabilində zülf bir qədər neqativ təmayüllü
olub küfrü, hicabı, qaranlığı, Vəhdətə
gedən yoldakı çətinlikləri bildirir.
(Ardı olacaq)
Qasımova, Aida
525-ci qəzet $g 2021.- 28 aprel.- S.17.