Yüksək mənəvi-əxlaqi dəyərlərin ulu carçısı

 

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 fevral 2021-ci il tarixli Sərəncamına əsasən, ozan-aşıq sənətimizin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı, aşıq yaradıcılığı ənənələrinə yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış Aşıq Ələsgərin 200 illiyi geniş şəkildə qeyd edilir.

 

Aşıq Ələsgər fəaliyyəti boyu ali əxlaq kodeksi aşılayan şeirlər yaradaraq xalqa çatdırıb, uzun qış gecələrində yorulmadan məclislər aparıb, yaşadığı dövrə baxsaq, yüzlərlə, minlərlə savadsız insana mənəvi saflıq, xeyirxahlıq, gözəllik dərsi deyən ustad müəllim olub. Deməli, Aşıq Ələsgər ümumən Vətənin, xalqın, bəşəriyyətin gözəl gələcəyi, firavanlığı, xoşbəxtliyi naminə çalışıb.

 

Onun yaradıcılığının hər səhifəsində böyük hikmət, dərin məna vardır. Davranış qaydaları, səadətə, xoşbəxtliyə çatmaq yolları, ağsaqqala, qadına, böyüyə hörmət, sevgiyə, nikaha, ailə həyatına, kişilik, məğrurluq etalonlarına ciddi münasibət onun zəngin irsində öz parlaq əksini tapıb.Xalq şairi Məmməd Arazın sözləri ilə desək, "Ələsgər sazı, Ələsgər sözü Azərbaycan xalqı üçün bir əsrə yaxın (artıq iki əsr olmuşdur - K.C.) böyük bir ədəbiyyat universiteti rolunu oynamışdır".

 

Qüvvətli bədii məntiq Aşıq Ələsgər şeirinin üslubunu müəyyən edən amillərdəndir. Çox vaxt oxucunun mənəvi dünyasını oxşayan da elə bu amildir. Onda hissiz, duyğusuz deyilmiş bir söz, ifadə tapmaq çətindir. Aşıq şeirində sözü, fikri yüksək bədii səviyyəyə qaldırmaqda xalq ozanı Aşıq Ələsgərhər cəhətdən əvəzsiz sənətkardır.

 

Aşıq Ələsgərin şeirləri rəvan oxunur, onun dili axıcıdır, gözəldir.Bunun bir səbəbi sənətkar aşığın sözləri seçməyi, mənalandırmağı bacarmasındadırsa, digər səbəbi, sözləri yerinə görə işlətməsində, sıralamasında, cümlə qurmasında, məharət sahibi olmasındadır. Cümlələrin rəngarəng qurulması, həyəcanlı vurğu ilə deyilməsi yaradıcılıq görüşlərinin gözəlliyini artırıb, dilinə rəvanlıq, yüksək bədii keyfiyyət gətirib.

 

Atalar sözləri və zərbi-məsəllər Aşıq Ələsgərin şeir dili və üslubuna xüsusi rövnəq verərək, deyilən fikri xalq hikməti ilə bağlayıb, onun təsirini, nüfuzetmə gücünü artırıb. Hikmət sahibi xalqın dilindən eşitdiyini ulu ozanımız özünün şeir dilində daha da rövnəqləndirərək yenidən xalqa çatdırıb.Bəzən adama elə gəlir ki, bu şeirləri bir nəfər yox, məhz bütövlükdə xalq özü yaradıb.Ona görə də bu şeirlər xalq ruhunun, xalq mənəviyyatının hayqırtısı kimi səslənir.Əgər məktəb uşaqları Aşıq Ələsgəri şeirlərindəki doğmalığa, təmizliyə, nəğmə ahənginə görə sevirlərsə, böyüklər də, bu sadaladıqlarımızla yanaşı, onun sözlərinin böyük hikmətinə, məna dərinliyinə görə dillər əzbərinə çevirirlər. Aşıq Ələsgər atalar sözü və zərbi-məsəllərdən, bir qayda olaraq onları öz misra və beytlərinə uyğunlaşdıraraq istifadə edir: "Dost uzaq olmaqla könül yad olmaz"; "Qarğı mızraq qıl çuvala sığışmaz"; "Qonşuya kəc baxan özü ac olur"; "Dostun məzəmməti adam öldürür, Düşmənlə döyüşüb söyüşmək olar"; "İyid odur, namusunu atmasın"; "Bir baş ki, ilqara qurban getməsin, Onu bir qarpıza dəyişmək olar"; "Görürsən ki, baxtın yatıb, sən də yat"; "Bədəsildən hərgiz olmaz heç əsil"; "Bir gün yaranıbsan, bir gün ölürsən"; "Dost yolunda boran, qar olacaqdır"; "Qarı düşmən bir də gəlib dost olmaz"... Aşağıdakı bəndlər bütünlüklə atalar sözü və xalq hikməti ilə bağlandığından fikir daha təsirli və qüvvətli çıxıb:

 

Alçaqda dayan ki, çıxasan başa,

Tülküsən, aslanla girmə savaşa.

Gəl yapışma gücün çatmayan daşa,

Götürə bilməzsən, zora düşərsən.

 

Yaxud:

 

Danışdıq, barışdıq mərhəmət ilə,

İnciklik araya qatma, hayıfsan!

Sən tacir olmazsan bir manat ilə,

Namusu, qeyrəti atma, hayıfsan!

 

Ya da:

 

Arif olan, gəlin sizə söyləyim,

İyid sözü mərd-mərdana yaxşıdı.

Kişi gərək dediyindən dönməsin,

Biilqardan bir zənana yaxşıdı.

 

Göründüyü kim, Aşıq Ələsgər xalqdan öyrənən və xalqa öyrədən sənətkardır. O, el ədəbiyyatından, zəngin xalq yaradıcılığından çox şey götürmüş və ona çox şey də əlavə etmişdi.

 

 

 

Xalq ozanı Aşıq Ələsgərin poeziyası zəngin bir mənəvi irs xəzinəsidir. Xalq yazıçısı Mirzə İbrahimov əbəs yerə demir ki, Aşıq Ələsgərin poeziyası əbədi yaşayacaq böyük sənət nümunəsidir, Azərbaycan xalqının bədii təfəkkürünün qabaqcıl, mütərəqqi ənənələrini davam və inkişaf etdirmişdir. Bu böyük poeziyada insan və onuun mənəvi gözəllikləri, xalq həyatı və məişətinin konkret bədii səhnələri, vətənin təbiəti, xalqın adət və ənənələri zəngin boyalarla əks olunub.Onun yaradıcılığının bədii keyfiyyətləri sənətkarlığı, bədii dili və obrazlı ifadələri bişmiş, bitkin, bütöv və gözəldir.Bu mənada, Aşıq Ələsgərin əsərlərində bədiiliyin, estetik və üslubi gözəlliyin doğurduğu təsir xeyirxahlığın və yüksək əxlaqlılığın rəhni kimi də özünü göstərir. Şair sanki hər bir oxucusuna belə demək istəyir: Ulu Tanrı tərəfindən yaradılan həyatın gözəlliklərini düzgün dərk et, ətraf mühiti öyrənməyi bacar, onları qoru, mühafizə et, həmçinin bədii yaradıcılığa dair vərdişlərə yiyələn.

 

Nəğməkar şair Aşıq Ələsgər ətraf aləmin harmonik-ahəngdar xüsusiyyətlərini emosional ruhda təsvir və tərənnüm edir. Onun yaradıcılığında "Dağlar" mövzusu geniş məfhumdur. Ümumiyyətlə, "Dağlar" Ələsgər yaradıcılığında kişilik, mərdlik, cəsarət, əyilməzlik, vüqarlılıq, əzəmət simvolu kimi dəyərləndirilir:

 

Ağ xalat bürünər, zərnişan geyməz,

Heç kəsi dindirib, xətrinə dəyməz.

Sərdara söz deməz, şaha baş əyməz,

Qüdrətdən səngərli, qalalı dağlar.

 

"Sərdara, şaha baş əyməyən", "qüdrətdən səngərli, qalalı" olan dağlar aşığın qəlbini dolduran, riqqətə gətirən poetik obyektdir.

 

Aşıq Ələsgər xalq şeirinin məziyyətlərindən gözəl istifadə edib. Sinədəfdər Aşıq, onun zəngin mənəvi varlığı xalq həyatı ilə o qədər yaxın olub ki, doğma və xəlqi olan hər bir şey dərhal onun poeziya dühasına hopub. Bu da ondakı parlaq istedadla əlaqədardır.Aşıq Ələsgər şeirinin gözəlliyi, dilinin xəlqiliyi bir də ondadır ki, o, həyatda olan hər cür mətləbdən söz açıb.

 

 

 

 

 

Xalqın həyat və məişətinə çox yaxın və dərdlərinə qəlbən şərik olan ulu ozanımız yaradıcılığında bəzən gizli, çox zaman isə açıq şəkildə etiraz səsini ucaldıb. Xalq şairi Osman Sarıvəllinin qeyd etdiyi kimi, bəzən bilavasitə, bəzən də dolayısı ilə özündən razı bəylərin, xanların zülm və əsarətini; yalançı molla və ruhanilərin riyakarlıqlarını, ailə və məişətdəki nöqsanları, mədəniyyətsizliyi özünəməxsus bir dillə tənqid atəşinə tutmuş, həmçinin xalqın igid oğullarını, gözəl qızlarını, yurdumuzun zəngin təbiətini hərarətli bir qəlblə sevmiş, tərənnüm etmişdir. Həssas şair zəhmətkeş kütlənin ağır güzəranını görmüş, azğın mülkədarların, çinovniklərin, ağaların, bəylərin qeyri-insani rəftarını; ictimai haqsızlığın, bərabərsizliyin törətdiyi faciələri dərindən dərk edə bilmiş və bütün bunları poetik şeir nümunələri ilə ifadə etmişdi.

 

On səkkiz min aləm, yetmiş iki dil,

Ülfət qılır bir bazarın içində.

Kimi ətlaz geyir, tirmə qurşayır,

Kimi üryan gəzir qarın içində.

 

Demək nə lazımdı, özün bilirsən,

Bir gün yaranırsan, bir gün ölürsən.

Arsız-qəmsiz nə gününə gülürsən?!

Yandırarlar səni narın içində.

 

Aşıq Ələsgər "Olmaz" rədifli qoşmasında "varlıqda dost, yoxluqda kənar" olan müxənnətlərdən, "nüftədən pak", "loğmadan halal" olmayan nacins adamlardan uzaq gəzməyi məsləhət bilərək belə deyir:

 

Ələsgər, mətləbin xudadan istə,

Kərəm olmaz müxənnəsdə, xəsisdə,

Bəylik, göylük, səylik olan məclisdə

Qaç ki, orda xeyir-bərəkət olmaz.

 

Dədə Ələsgər nəcib əxlaqlı, dərin zəkalı, həqiqi din xadimlərinə yüksək ehtiram göstərməklə yanaşı, yalançı din təbliğatçılarını, ruhaniləri, mollaları, axundları, zahidləri, qazıları əsərlərində kəskin tənqid atəşinə tutub. Tamahkar, acgöz və xəsis "din xadimlərini" sancan "Çıxıbdı", "Görmədim", "Mollalar", "Eyləyək" kimi adlarını sadaladığımız qoşma və müxəmməsləri dediyimiz fikrə əyani sübutdur. "Söyüd ağacı kimi bar verməyən", "doğru-dürüst etibarı olmayan", "qananlar məclisində yeri olmayan", "xain", "yalançı", soyğunçu "mollalar" haqqında şair belə deyir:

 

İslama haramı halal bilərsiz,

Şəriətdən kənar mətləb dilərsiz,

Əskik danışarsız, artıq gülərsiz,

Namus, qeyrətiniz, arınız olmaz.

 

"Görmədim" qoşmasında şair "qazıların düz bazarın görmədiyindən", "Mollalar" adlı müxəmməsində isə mollaların pis əməllərindən danışır, onları "fağırın malını çapıb talayan", "kəndlilərə zülm eyləyən", qadınların namusuna təcavüz edən "fəndgir əxlaqsız", "xarabalıq sevən bayquş" adlandırır.

 

"Çıxıbdı" rədifli qoşmasında isə qazıların, mollaların, qoçuların, quldurların, pristavların, naçalniklərin xalqın başına gətirdiyi bəlaları, müsibətləri, oyunları acı-acı belə xatırlayır:

 

Ay həzərat, gəlin sizə söyləyim,

Bu dünyanın xəyanatı çıxıbdı.

İnsaflar azalıb, mürvət gödəlib,

Qazıların mazarratı çıxıbdı.

 

Aşıq Ələsgər bu kimi, yoldan azaraq günaha batan imtiyaz sahiblərini haqq yoluna, ədalətə, insafa dəvət edir, bu dünyadakı bəd əməllərinə görə axirətdə cəzadan qurtula bilməyəcəkləri barədə onları poetik dillə xəbərdar edir:

 

Günahkardı, nə ki yoldan azan var,

İki mələk - xeyir-şəri yazan var,

Ərəsət var, qıl körpü var, qazan var,

Orda qəbul olsun niyazım mənim!

 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 

Kamal CAMALOV Pedaqogika elmləri doktoru, Əməkdar müəllim

 

525-ci qəzet.- 28 aprel.- S.18.