Səngər adamının şeirləri
VƏ YA MÜHARİBƏNİN
İÇİNDƏN YAZANDA
Çağdaş günümüzdə savaş ədəbiyyatından
söz düşərkən müharibə mövzusunda silsilə
şeirləri, qələmə aldığı cəbhə
xatirələri ilə gündəmdə olan şair-publisist
Emin Pirinin obrazı göz önünə gəlir. Onun hasilə gətirdiyi
bədii nümunələr səmimiliyi, ən
başlıcası isə inandığı həqiqətləri
əks etdirməsi ilə seçilir.
Hələ
2008-ci ildə Ağdam istiqamətində, düşmənlə
təmas xəttində həqiqi hərbi xidmətdə olan,
daha sonra kursant kimi hərbi təhsil alan,
iki il ərzində burada zabittək qulluq edən Emin səngər
həyatı yaşamışdı. Atəşkəs
dövrü olsa da, yırtıcı düşmənin təxribatlarının,
sərhədyanı kəndlərimizi tez-tez atəşə
tutmasının, dinc sakinləri gülləbaran etməsinin
şahidi olmuşdu.
Bədii ədəbiyyata, yazıb-yaratmağa olan həvəsi
güclü idi. Bəlkə elə bu kədər dolu
yaşantıları, itkilərimizdən dolayı
keçirdiyi dərin təəssüf hissi bir şair kimi,
onun yaradıcılığına müharibə mövzusunu
gətirmişdi. Sevgi şeirləri ilə ədəbiyyata
gələn şairin ilk bədii nümunələri həm də
Birinci Qarabağ savaşında və sonrakı dönəmdə
hər an
qarşılaşdığımız ah-zarın, inilti və
nisgilin tərcümanı idi. Məğlubiyyətimizdən
doğan qüssəni içində yaşadan, bu üzdən
heç nə ilə ovunmayan, darıxan şairin bu qəbildən
olan şeirlərində təsirli məqamlarla, fərqli
poetik düşüncələrlə, bəzən rişxənd
dolu sərt intonasiya ilə qarşılaşırıq.
Gənc şairin Vətən mövzusunda qələmə aldığı
"Başdaşları utandırdı məni"
şeirində Qarabağ ağrı-acımızın illərin
ətəyindən yapışıb yaman çox
uzandığını, şəhid məzarlarının
qalib gələcəyimiz günün intizarı ilə
"gözlərini yola dikməsini" təəssüf
qarışıq kədər hissi ilə
çatdırır. Birinci Qarabağ savaşında şəhadətə
yüksəlmiş, sükut məkanı Şəhidlər
Xiyabanında uyuyan, indi yaşca ondan çox kiçik, on səkkiz
yaşlı oğulların başdaşları üzərindəki
doğum tarixlərini gözdən keçirən şairin
yaşadığı duyğulardan bu şeir doğulub:
Məndən
kiçikdi hələ
məndən öncə doğulanlar,
"əmi" deyib
üstümə qaçır başdaşları.
bir əsgərin
ölüm günü
başdaşının doğum günüymüş...
Müəllifin "Dünyanın ən təmiz
yalanı" adlı şeirində axar-baxarlı, dağ
havalı elindən-obasından köçmək məcburiyyətində
qalmış ailələrin, didərgin balalarının ən
ülvi arzularından məhrum olması bədii sözün
gücü ilə, bənzərsiz poetik lövhə yaratmaqla
təsvir edilmişdir. Qarla oynamağı sevən
uşaqların hətta bu istəklərinə də
çata bilmədiyini, sevincləri kədərə
çevirən amansız müharibənin, dinc
yaşayışın, əmin-amanlığın
üstündən xətt çəkdiyini vurğulayır
Emin Piri. Saflıq, təmizlik rəmzi olan bəmbəyaz
qara müraciətlə yazılmış şeirdə
oxuyuruq:
Qar
vardı,
uşaqlar yoxdu.
müharibə qovmuşdu
yavruları torpaqlarından.
onların yerində
tanklar
"oynayırdı".
qar istəyir
uşaqlar -
tanksız,
yalansız...
yağırsansa, belə yağ, qar!
Uzun illərdən bəri davam etmiş atəşkəs
dövründə düşmən mərmiləri ilə hədəfə
alınan neçə-neçə əsgərimizin, sərhədyanı
kəndlərin dinc sakinlərinin güdaza getməsi, həyatını
itirməsi, anaların göz yaşı, fəryadı
hamımıza bəllidir. Eşitdiyimiz, qulaqlarımızı
yağır edən, "adı var, özü yox" atəşkəsdən,
əslində, "nə müharibə, nə də
sülh" rejimindən bezən müəllif yazırdı:
atəşkəs pozulub...
düşmən susduruldu
mərmilərə
atılan
Ana fəryadıyla.
Sülhə,
müharibə kabusundan azad həyata təşnə olan, can
atan soydaşlarımız kimi, müəllifin də ən
böyük istəyi otuz ildən bəri qapılarını
aça bilmədiyimiz yurd yerlərinin tezliklə düşməndən
təmizlənməsi, ölkəmizin ərazi
bütövlüyünün bərqərar edilməsi idi.
"Can borcu" şeirindəki sətiraltı mənalar bu
baxımdan fikrimizə sübutdur:
Qız
qalası,
tək
tənha yalqız qalası...
Ancaq
Şuşa
qalasına
qonaq
getmək də
keçir könlündən
bizim
Qız qalasının.
"Mələklərə atılan mərmilər"
şeiri də dərin bir yanğı, hüzn və kədər
hissi yaradır qəlbimizdə. Bütün canlılara, hətta
göydə uçan quşa, qarmaqarışıq vaxtda,
elatı köç edən kəndlərdə aralıqda
sahibsiz qalmış heyvanlara, yamyaşıl ağaclara,
bütün təbiət gözəlliklərinə güllə
atan erməni qaniçənlər, təbii ki, düşmən
hesab etdikləri soydaşlarımıza, əliyalın,
silahsiz insanlara, qadınlara, qız-gəlinə, körpə
uşaqlara belə rəhm etmirdi:
Analar
saxlaya bilmirdi
bombaları,
uşaqlar qaça bilmirdi
bombalardan...
şəhər bombalanarkən
itirmişdi
altıaylıq körpəsini.
axtarırdı yavrusunu...
daş
qaldırmaqdan
daşa
dönmüşdü təklənmiş əli.
Bundan daha
təsirli fəlakət, faciə ola bilərmi?
Müharibənin sərt üzü, dəhşət,
ölüm saçan cəbhə lövhələri bu
şeirlərin canına, ruhuna hopub.
Savaş ədəbiyyatı gerçəyi o zaman əks
etdirə bilir ki, bu qəbildən ədəbi əsər
yazan şəxs qanlı cəbhələrin barıt qoxusunu
duymuş, hərb qovğasının isti-soyuğunu
dadmış olsun. Hərbi qulluqdan uzaqlaşsa da, gərək
olan anda daim Vətənin yanında olacağını
düşünürdü Emin Piri. Birinci
Qarabağ savaşındakı məğlubiyyətimizin qaysaq
bağlamayan yaraları ilə barışmayan şair 44
günlük Vətən müharibəmizin ilk günlərindən
könüllü olaraq cəbhəyə yollanır. Zabit Emin Piri artıq qanlı savaşın
içində idi, təkcə eşitdiklərini deyil, həm
də gördüklərini yazırdı. Cəbrayıl,
Füzuli, Xocavənd və Şuşa ətrafında
gedən döyüşlərdə iştirak etmişdi. "Allah, mən ölümü barmağında
oynadan bəndənəm" deyən hərbçi-şair
savaş meydanında yaşadıqlarını, komandirtək
rəhbərlik etdiyi tağımın əsgərləri ilə
birgə qatıldığı uğurlu döyüş əməliyyatlarını,
fərarilik edən, böyük itkilər verən
düşmənin aciz durumunu öz cəbhə gündəliklərində
sözün gücü ilə təsvir edirdi. Gözüylə odlar-alovlar görən müharibə
adamı şahid idi ki, yandırıb-yaxan savaşlar həm də
ağır döyüş əməliyyatlarına qatılan
oğulların əlilliyə düçar olması, fiziki
imkanlarını itirməsi, ailələrinə,
balalarının, sevdiklərinin yanına əlsiz-ayaqsız, əlil
arabasında dönməsi deməkdir. Şairin
"İtirilmiş əllər" şeirində bəhs
edildiyi kimi:
Görüşəndə
sevgilisinin əlində
gözü axtarardı
ona veriləcək
gülləri.
İndi
kitabları arasında qurutduğu
gül
ləçəklərində axtarır
sevgilisinin cəbhədə itirdiyi əlləri.
Müəllif
"əsgərlərin ayaqları torpağa basdırılan
minalara toxunanda ölüm saçan partlayışın dərin
yaralar açdığını, qara xəbər alan anaların yuxusunun
qaçdığını", kövrək, lirik təsvirlərlə
dilə gətirir:
...O da cəbhədəydi,
mərmilər qucaqlamışdı
sağ
ayağının addımını...
addım
səsinə qayıdıb
itmiş
ayağını aldı əlinə.
Müharibənin qanlı səhnələrini təsirli,
poetik lövhələrlə canlandıran "Sağ qalan
varmı?" şeirini həyəcansız oxumaq olmur. "Hər əsgər
tabutu bir ağ gəlinliklə köçər, hər
atılan güllə bir sevən qızın arzularını
götürüb gedər" - deyən şair şeirin
sonuncu misralarını mərdliklə vuruşub şəhid
olan igidlərimizin şəninə elegiyatək bitirir,
komandirin həyəcan dolu sualı və döyüşdə
yaranan lal sükut yaddaşımıza həkk olunur:
Gecə
yarısı bir qız
məktub
yazır səngərə...
Daha məktub
yazmağa,
ehtiyac
yoxdu...
tağım komandirinin
səngərdən qıvrıla-qıvrıla
boğuq
səsi gəlir:
kimsə
sağdı?!
Əvvəldə söylədiyimiz kimi, Emin Piri onu daha
çox tanıdan savaş şeirləri ilə kifayətlənməyib,
cəbhə həyatının müxtəlif anlarını
aydın, anlaşıqlı təhkiyə ilə qeyd dəftərçəsinə
köçürüb. Bu cəbhə gündəlikləri onun ərsəyə
gətirdiyi dəyərli publisistika nümunələridir.
Müəllifin fikrincə, müharibə faciədir,
insanların ölümü, şəhərlərin, kəndlərin
viran olması, nadir mədəniyyət nümunələrinin
dağıdılmasıdır. Tərəqqipərvər
insanlar, dünya şöhrətli söz adamları tarixən
haqlı mübarizə və müharibələrin tərəfdarı
olublar. Hərbçi-şair müsahibələrinin
birində deyir ki, "müharibəyə qarşı olmaq
lazımdır. Mən özüm də savaşa
qarşıyam və həmişə də belə olacaq... Biz müharibə eləməmişik. Biz işğalçılığa qarşı
çıxmışıq, haqqımızı istəmişik".
Yaşadığı səngər həyatı
yuxularına girən Emin Piri cəbhə gündəliklərində
yazır ki, "Vətən müharibəsi məni bu əzabdan
qurtardı.
Daha o yuxuları görmürəm... Səngər
həyatımız davam edir. Burada
başını səngərdən qaldırmaq ya hansısa
snayperin sinəsinə medal taxmaqdır, səngərdən
qırağa çıxmaqsa, ayaqlarını minalar
üstündə unutmaqdır". Barıt qoxulu bu qeydlərdə
daha sonra oxuyuruq: "Keçmişdə etdiyim qaralamalarım
Vətən müharibəsi zəfərindən sonra məndə
maraq oyatdı. Çünki məğlub bir
ölkənin səngər həyatından bəhs etməyi
ya özümə yaraşdırmır, ya da bundan
utanırdım. Axı, kimə nəyi
sübut edəcəkdim? Utanırdım... Məğlub bir ölkənin zabiti kimi xatirələr
dərc etdirməkdən. Eləcə səngər
şeirlərimlə ovunurdum".
"Yaşasın sülh naminə müharibə!"
deyən müəllifə görə, müharibə sonrası
həmişə savaşlardan daha dəhşətli və
ağrılı olur. Emin Pirinin ürək ağrısı ilə hasilə
gətirdiyi cəbhə gündəlikləri savaşdan yeni
çıxmış bir xalqın yaşadıqlarını,
övladlarını şəhid vermiş anaların göz
yaşlarını, körpə cəsədlərini,
ataların donub buz bağlamış
sığallarını, məzarlıqlardakı
başdaşlarından boylanan sevgiləri, daha nələri-nələri
bir daha canlandırır, yada salır. Müəllifin
"Müharibədən müharibəyə ədəbiyyat",
"Koronadan daha qorxulu xəstəlik -
soyqırımı", "Yaşasın müharibə"
və digər cəbhə gündəlikləri də maraqla
oxunur.
"Uşaqlardan-uşaqlara - Xocalı"
adlandırdığı müharibə gündəliyi
ordumuzun Xocalının kəndlərində - o müqəddəs,
cənnətməkan torpaqlarda apardığı
döyüş əməliyyatı günlərində hərbçi-yazarın
yaşantılarından bəhs edir. Erməni canilərin
bu yurd yerimizdə törətdikləri
soyqırımını yaddaşında çözələyən
Emin Piri qeydlərində "Bu cür cənnət torpaqda
uşaq qətliamı niyə yaşansın, axı?! Cənnət
torpağı uşaq qanıyla gübrələmək
hansı düşüncənin məhsulu ola
bilər? Vandalizmin!" fikirlərini önə
çəkir.
Hücum əməliyyatlarımız zamanı qorxuya
düşüb evlərini tərk edən erməni ailələrinin
yaşadığı evlərin birində uşaq fotoşəkilləri
albomunu vərəqləyən zabit Emin Pirinin keçirdiyi
hisslər olduqca düşündürücüdür. Cəbhə
gündəliyinin müəllifi bu evdə vaxtilə yaşamış
azərbaycanlı uşağın - "yaşı bizdən
böyük, bizdən əvvəl doğulan, amma heç
zaman böyüməyən bir uşağın"
iztirablarını, qar üstünə qan yağan gecədə
qətlə yetirilən, torpağa qarışan
günahsız, məsum yavrunu göz önünə gətirir.
Qətliamın yaşandığı yerdə erməni
uşaqlarının şəkillərinə baxan müəllif
yazısını bu ovqatla bitirir: "Uşaqlıq xatirəsinin
nə olduğunu yaxşı bilirəm. Bizimkilər
yaşamasalar da, o qaçaqaçda uşaqlıq xatirələrini
salıb itirsələr də. Bəlkə
də bəziləri xatirələrlə birgə torpağa
qarışıb torpaq olsalar da. Azərbaycanın
torpaq uşaqları..."
Cəbhələrdə
qarşılaşdığı hadisələri bitkin,
dolğun şəkildə, obrazlı dillə
çatdıran gündəliklərin bir qismi hekayə təsiri
bağışlayır. Düşünürəm
ki, gənc həmkarım, istedadlı qələm adamı
haqsıza suçunu başa salan, tarixi ədalətsizliyi bərpa
etmiş Vətən müharibəmizin odlu, həyəcanlı
günlərinin ayrılmaz parçası olan cəbhə
gündəliklərini bir toplu, kitab kimi dərc etdirəcək.
Bu əsər Zəfər savaşımızdan bəhs edən
etibarlı mənbə, mükəmməl qaynaq kimi hərb
tariximizə düşəcək.
Zemfira MƏHƏRRƏMLİ
Yazıçı-publisist
525-ci qəzet.- 28 aprel.- S.20.