Türk birliyinin yorulmaz ideoloqu Turan Yazqan

 

 

 

Türk birliyini təməli əsrlərə dayanan və rəngi heç zaman solmayan türk xalısına bənzədən mərhum Turan Yazqan, milli dil, istiqlal eşqi, hürriyyət sevgisi, irqçilikdən uzaq olmağı onun əsas çalarları hesab edirdi.

 

Türk Dünyası Araşdırmalar Vəqfinin (1980) qurucusu, türkçü ideoloq, professor Turan Yazqanın türk birliyinin mənzərəsi haqqında hələ əsrimizin əvvəllərində dediyi sözlər bu gün öz tarixi reallığını yaşamaqdadır: "Budur, qarşımızda türk xalısı... Bütün rəngləri xalis boyadan, Allahın verdiyi solmaz boyadan. Bu solmaz rənglərdən yaranan türk milləti, türk xalısı bütün əsrlər boyunca çox parçalandı. Bölük-bölük edildi... Parça-parça edildi... İstismar olundu, soyuldu, qırıldı; ancaq rəngləri solmadı. O rənglərin başında Allahın bu millətə verdiyi türk dili dayanır. Allahın türk millətinə verdiyi digər rəng istiqlal eşqidir. Bu eşq də heç solmadı, heç sönmədi. Allahın bizə verdiyi digər bir rəng hürriyyət sevdasıdır. Bu sevdanı da soldura bilmədilər, söndürəmmədilər. Allahın bizə verdiyi rənglərdən biri də irqçilikdən uzaq olmağımızdır. İrqçilik geni bu millətin damarlarında yoxdur. Bu xalını yenidən toxuyacağıq! Bu rəngləriylə toxuyacağıq, lakin çalarları "Dildə birlik"... "Fikirdə birlik"... "İşdə birlik" olacaq... Bu çalarlarla, bu rənglərlə toxunacaq türk xalısı XXI əsrə mütləq damğasını vuracaqdır!"

 

Turan Yazqanın çıxışlarını, "Türk Dünyası Tarih ve Kültür Dergisi" üçün qələmə aldığı yazıları, ayrı-ayrı məqalələrini özündə birləşdirən "Türk Dünyasında Dün, Bugün, Yarın" kitabı böyük türkçü ideoloqun düşüncələrinin əsas xətlərini ifadə etməkdədir. Kitabın tərtibçisi yazar və araşdırmaçı alim Muhsin Kadıoğlu əsəri dəyərləndirərkən yazır ki, "Turan Yazqanın əsərini oxuyarkən türklüyün və türk dövlətlərinin sabahlarında daha xoşbəxt, daha hüzurlu, daha müzəffər ola bilməsi üçün çox önəmli mesajlar tapacaqsınız". Bu mesajlardan böyük bir qismi Turan Yazqanın türk dünyasının uşaqları, yeni nəslin timsalında söylədikləri fikirlər və əməli şəkildə həyata keçirdiyi fəaliyyətində öz əksini tapmışdır. Çünki Turan Yazqanın türklük görüşlərinin ən mühüm özəlliyi onun gələcəyə yönəlməsi idi. Türk Dünyası Araşdırmaları Vəqfinin xətti ilə ənənəvi olaraq hər il keçirilən "Türk Dünyası Çocuk Şöleni" də həmin məqsədə yönəlmişdir. Kitaba daxil olan "Türk Dünyası Uşaq Festivalı"ndan nə gözləyirik?" yazısında türkçü alim Vəqfin əsas siyasətini də bu kontekstdə dəyərləndirirdi: "Qəti olaraq Vəqfimiz və nəşrlərimiz gündəlik siyasətin xaricindədir və kənarında da qalacaq. Lakin bu, uzun müddətli bir siyasət yürütmədiyimiz mənasına gəlməz. On il, iyirmi il, əlli il, yüz il kimi uzun zamanları hədəf alan və ölkələri yönəltməkdə deyil, uca türk millətini birləşdirmək, birliyin doğuracağı güclə "sözü keçər, qılıncı kəsər" zəngin, hüzurlu bir millət halına gətirməklə bağlı bir siyasətdir bizim siyasətimiz. "Türk Dünyası Uşaq Festivalı" bu siyasətimizin ən önəmli vasitələrindən biridir. Uşaqların bu görüşü bir-birini tanımaqla yanaşı, bir əbədi dostluq qurmaq imkanı verməkdədir. Bu dostluqdan 10-15 il sonra yepyeni filizlər yetişəcəkdir". "Uşaqlarımız tarix şüuruna sahib, dövlət, bayraq, vətən, dil, din kimi müqəddəs dəyərlərimizin məsum və yenilməz qoruyucusu olsunlar" deyən Turan Yazqanın görüşlərinin tarixi zəruriyyəti və gerçəkliyi günümüzdə də yaşanmaqdadır.

 

Turan Yazqan türk millətinin yetişməkdə olan nəslini birlik, qarşılıqlı anlaşmaq, bir-birini daha yaxından öyrənmək, türk ölkələrindəki mədəni irslə tanış olmağı insanlıq üçün də bir fayda kimi qiymətləndirir, bəşəriyyətin gələcək sütunları olan uşaqların dünya insanı üçün edəcəyi işlərin, ilk növbədə, milli kültürü mənimsəməklə mümkün olacağını dilə gətirir. "Öz uşaqlarımız arasında bunu bacarmaq insanlığa edə biləcəyimiz ən böyük yaxşılıqdır" deyən türkçü ideoloq "Türk Dünyası Uşaq Festivalı"da iştirak edən, dünyanın müxtəlif türk coğrafiyasından gələnlərin Türkiyədəki milli mədəniyyət örnəklərini öyrənmələrinə şərait yaradırdı.

 

Fərqli türk ölkələri və coğrafiyasından olan uşaqların ortaq məkana gətirilməsini son əsrlərdə köklərindən qoparılmağa çalışılan milli fidanlarımızın yetişməsində olduqca vacib olduğunu və tarixin bir zəruriyyəti kimi ortaya çıxdığını dərk edən Turan Yazqan iki yüzilliyin qovuşağından başlayaraq bu missiyanı reallaşdırmağa başlamışdır. Kitabın "Tarixin axışını dəyişmək" başlığında Turan Yazqan sovetlərin səbəb olduğu 70 illik ayrılığın sona yetməsini və müxtəlif ölkələrdən gələn türk uşaqlarının öz milli kimliklərini dərk etmələrini böyük xoşbəxtlik kimi dəyərləndirir.

 

 

 

Turan Yazqan böyük dövlətlərin əlində oyuncaq olanların öz millətlərinə və insanlığa düşmən olduğunu dilə gətirir və türk millətinə doğru yönəlmiş soyqırımları xatırladırdı. "Atatürkün ölüm günlərində və ölümündən sonra türklərin yaşadığı hər torpaqda millətimiz insanlıq tarixinin gördüyü ən böyük zülmü görməyə başladı. Və ən qorxunc işgəncələrə məruz qaldı. Bir əsr içində tam 100 milyon türkü itirdik" deyən Turan Yazqan müasir dövrümüz üçün də aktual olan məsələlərə diqqət çəkir: "Biz heç bir uşağımıza kin, nifrət aşılamadıq. Aşılayanlar və aşılanması üçün milyardlarca dollar xərcləyənlər utansın. Onların insanlıqdan kənar xislətidir ki, öz mənfəətləri üçün dünyanı hər gün qana boyamağa davam edirlər... Oyuncaq kimi istifadə etdikləri millətlər zənn edirlər ki, bu nəhəng güclər, bu mənfəət gücləri onlara dəstək olacaqlar. Xeyr, onlar oyuncaq olmaqdan uzağa gedə bilməyəcəklər. Başda erməni militanları və PKK kimi dünya nəhənglərinin əlaltıları oyuncaq olduqlarını anladıqları gün öz soylarına xidmət etməyə başlayacaqlar. Onların xəyanətləri bugün yalnız öz millətlərinə deyil, həm də insanlığadır".

 

Türkçü ideoloq Balkanlarda, keçmiş Sovetlər Birliyində və başqa regionlarda türklərə qarşı törədilmiş zülm və haqsızlıqdan bəhs edərək duyğularını bu şəkildə dilə gətirir: "Və artıq nə dəmir pərdə, nə atom bombası, bu uşaqların bir-biriylə qucaqlaşmasına kimsə əngəl ola bilər. Və türklər burada necə qucaqlaşırlarsa, önümüzdəki ən qısa dönəmdə də öz coğrafiyalarında, öz bayraqları altında, öz vətənlərində öz dövlətlərinə sahib olaraq, eyni zamanda, Allahın onlara verdiyi qaynaqları özləri istifadə etmək şərtiylə dünyanın ən güclü milləti, ən sayılan dövləti olacaqlar. Bu, tarixin axışıdır... Bu axış davam edəcək və türk milləti yerini alacaq".

 

Tarix boyunca parçalanmış türklərin birliyini "bu, əsla millətçilik, irqçilik, skullism, faşizm deyil, bu, sadəcə insani və ağıllı bir tutumdur" kimi dəyərləndirən Turan Yazqan türk birliyinə əngəl olan cəhətlərin tarixi səbəblərinə də diqqət yetirirdi: "Türklər birləşdiyi təqdirdə Allahın onlara bəxş etdiyi iqtisadi qaynaqları türklər üçün, türklərlə bərabər istifadə etməyə başlayarlarsa, o zaman dünyadakı balanslar bütünlüklə dəyişəcəkdir. Bu dəyişikliklərin olmaması üçün 1917-ci ildən bəri çox sistemli işlər gördülər. Öncə Azərbaycan torpaqlarını Ermənistana peşkəş etdilər, Azərbaycanla bizim aramıza Ermənistanı xəncər kimi soxdular və türk dünyası ilə qara yolumuzu kəsdilər. Sonra Türkiyənin ətrafında nə qədər türk varsa, bir körpə belə qalmamaq şərtiylə hamısını sürgün etdilər. Bu sürgünə göndərilən türklər hara aparılacaqları belə bəlli olmadan heyvan vaqonlarında daşındılar və önlərinə gələn yerlərə səpildilər. Bunlar sadəcə Krım türkləri deyil, Noğay, Kumuk, Balkar və hələ də yurdlarına dönmək izni ala bilməyən Axıska türkləridir... Türklərə elə bir iş şərtləri tətbiq etdilər ki, bu şərtlər altında beş milyon pambıq istehsal edən özbək qadınları dünyanın ən çox ölü uşaq doğan qadınları adına sahib oldular. Beş milyon ton pambığın istehsal olunduğu Özbəkistanda tək bir iplik fabriki qurmadılar, bir parça dəzgah qoymadılar, tək bir geyim emalatxanası yaratmadılar, çünki türk torpaqları xammal mənbəyi idi. Türklər də bu xammal mənbəyində minimum əmək haqqı ilə işləyən, sözdə bərabər, lakin sistemin ən çox əziyyət çəkən, ən çox əzilən fəhlələri idilər". Məhz türk uşaqlarının bu şüuru qavraması və onunla yetişməsi, milli kimliklərini dərk etmələri də bu görüşlərin əsas məqsədində dayanırdı.

 

O, Atatürkün "Türk birliyinə inanır və onu görürəm" sözlərinə də istinad edərək artıq tarixi zərurətin yaşanmağa başlanıldığını, bu birliyin türk millətinin haqlarının qorunmasını hədəf almasını, irqçilikdən tamamilə uşaq olduğunu, dünya millətləri ilə demokratik və bərabər hüquqlu münasibəti, türklərin üzərindəki soyğunçuluq siyasətinə son qoyulmasını və dünya insanlarının da haqq və hüquqlarının müdafiəsində yardımçı olmağı nəzərdə tuturdu. O, türklərin tarix boyunca müxtəlif millətlərin xilaskarı missiyasında çıxış etdiklərini də xatırladırdı: "Biz çox qətliam gördük, amma heç bir qətliam etmədik. Biz çox soyulduq, amma kimsənin haqqını yemədik. Biz çox bölündük, adlarımızı dəyişdirdilər, silah gücüylə, lakin biz heç kimsənin nə adına, nə dilinə, nə dininə qarışdıq. Dünya bu milləti belə tanımağa məcburdur. Dünya bu həqiqətdən qaça bilməz. Türk uşaqları məhz bu gerçəyi hayqırmaq üçün bir məkana gəlməkdədirlər". Böyüməkdə olan yeni nəslin sadəcə öz millətinin deyil, bütün dünyanın haqq səsinə çevrilməsini türkçü ideoloq milli-mənəvi dəyərlər və tarixi ənənələrimizə sədaqətin ifadəsi kimi qiymətləndirirdi.

 

Turan Yazqanın iki əsrin qovuşağında, yeni yüzilliyin ilk onilliyində türk birliyi üçün əməli işləri və fikirləri, özünün söylədiyi kimi, "türklüyün birliyi üçün toxum atmaq idi". Həmin toxumlar türkçü ideoloqun gələcəyə yönəlmiş ideallarında ifadə olunaraq bugün gerçəkliyini yaşamaqdadır: "On il sonra, on beş il sonra, iyirmi il sonra artıq türklər başlarını dik tutacaqlar, dünyanın bütün gücləri üzərlərinə gəlsə belə, əsla boyun əyməyəcəklər".

 

Bəsirə ƏZİZƏLİ

 525-ci qəzet.- 2021.- 29 aprel.- S.12.