Səmimi yaşantılar, poetik dualar...
Dua etməklə
arzuya, niyyətə qovuşmaq nəzərdə
tutulur. O dualar müstəcəb olur ki, dua edənin
özü əməlisaleh
olsun. O zaman ona tərəf açılan əlləri
Yaradan daha tez görür. Gənc şair Eltun Türkelin də öz duaları var. Onun duaları bu yaxınlarda işıq üzü görmüş
"Tənhaların duası'' adlı kitabında oxucularına təqdim olunub.
Kitabda toplanmış
müxtəlif məzmunlu
şeirlər, hekayə
və oçerkdə
etdiyi dualar yeni fikir, deyim
tərzində gənc
bir istedadın ədəbi aləmin qapısını döyməsinə
zəmin yaradır.
Hər bir damcısında cürət boy atır,
Cəsarət boy atır, qüdrət boy atır.
Anbaan düşmənə nifrət
boy atır,
Şəhid övladının göz
yaşlarında.
"Şəhid övladının
göz yaşlarında"
şeirindəki bu bənddə yüzlərlə,
minlərlə şəhid
övladlarının düşmənə
qarşı böyüyən
nifrəti şair diqqətindən yayınmır. Axı bu
körpələrin günahı
nə idi ki, atasız böyüsünlər? "Günahları" Qarabağ
adlı torpaqlarının
və erməni kimi murdar, xəyanətkar
qonşularının olmasıdır.
Şair öz-özlüyündə təsəlli
tapır. Şəhid övladının
göz yaşlarının
hər damcısında
nalə, ah, haqq səsi olması ilə bərabər, nurlu sabahı görən şair son bənddə deyir:
Onda haqq səsi var, nalə var, ah var.
İşıqlı gələcək,
nurlu sabah
var.
Vallah, qibləgah var, ziyarətgah var,
Şəhid övladının göz
yaşlarında.
Azərbaycan ordusunun hərb tarixində görünməmiş
şücaətindən, 30 illik Qarabağ həsrətinə 44 gündə
son qoymasından vəcdə
gələn şair sevinclə dua oxuyur. Onun "Gəlmişik"
duasından mənfur düşmənin otuz ildə xaraba qoyduğu Qarabağda qurub-yaratmaq arzusu aşıb-daşır:
Qarabağım, torpağında
Can söyləyib, can duymağa,
Şəhər salıb, yollar çəkib
Can söyləyib, can duymağa,
Gəlmişik!
İctimai mövzulardan yan keçməyən şair
dərdin tüğyan
etdiyi bu dünyadan qaçmaq istəyir. Bəxti ilə dərdi
döyüşən müəllifin
dərdi tövşüyür,
yorulur. Qara bəxti ağ
günə çıxarda
bilməyən dərd
çoxluğundan çılpaq
qalıb. Çılpaq
qalan dərdini başqası görməsin
deyə dərdlərinə
libas tikdirmək istəyir Eltun:
Dərzi
ümidlərim sınıb-küsməmiş,
Dərdimin boyunu ölçüb-biçməmiş,
Sapım
əllərimdə düyün
düşməmiş,
Gedim dərdlərimə
bir libas tikim.
Şeirdə yeni deyim, yeni
ifadə, sözə yeni don biçmək göz önündədir.
Geriyə
baxmadan üzü işığa,
Qaçıb bu dünyadan getməyim gəlir.
Dünyanı haqsızlıq öz ağuşuna alıb. Bir parça çörəyin
xətrinə şəxsiyyətin
çiliklənməsini görən
şair, çarəni
belə dünyadan qaçmaqda görür:
Özümü götürüb öz
əllərimə,
Qaçıb bu dünyadan getməyim gəlir.
Xeyri yoxdur, Eltun! Hara
qaçsan da, yenə
bu dünyanın sakinisən. İnsanlar arasında
"mənim", "sənin"
ifadəsi yaranandan onlar ədalət arzusu ilə axtarışdadırlar. Hələ də
bir şey əldə edə bilməyiblər və edə bilməyəcəklər
də. Nə qədər insanda
aşırı nəfs
varsa, ədalətli cəmiyyət arzu olaraq qalacaqdır.
Eltunun məhəbbət
mövzusunda yazdığı
şeirlər, ayrılıq,
inciklik, umu-küsü
üstündə köklənib. Məhəbbət
mövzusunda olan şeirlərin böyük
əksəriyyətində ayrılıq,
nakamlıq, həsrət
aparıcı xətdir.
Elə poeziya da dərddən, nakamlıqdan
doğulur desək, səhv etmərik:
Oyaqkən gəlməyə yol
qoymamısan,
Odur ki, yuxumu seçib
gəlirsən...
Qəlbimin eşq adlı qapısı bağlı,
Sən hansı
qapıdan keçib gəlirsən?
"Nə olar, yuxuma
gəlmə gecələr"
şeirindən yuxarıda
bir bənd nümunə
çəkdik. Bu bənddə şair eşqin qapısını
bağlasa da, yenə sevdiyi yuxusuna gəlir. Çünki o, içəridədir - ürəyindədir. Unutmağa çalışsa
da, unuda bilmir. Ürək də sevdiyi ilə "gedib":
Sənli
xatirələrim,
Düşdükcə yaddaşıma.
Mürəkkəbsiz qələmi,
Batırıb göz yaşıma,
Sənə məktub yazıram.
Yaxud da
"Mən oyağam"
şeirində bir bəndə diqqət edək:
Nə gecələr tükənir,
Nə zülmət
sona çatır.
Həsrətinin əlləri,
Yuxuma da
daş atır,
Mən oyağam.
Məhəbbət mövzusunda bir-birindən
gözəl əsərlər
yazılıb. Bu mövzuda
yeni fikir demək o qədər də asan məsələ
deyil.
Eltun Türkel
"Boş məktub"
şeirində məhəbbətin
böyüklüyünü, onun ecazkar gücünü
fərqli formada mənalandıra bilmişdir. İşlənmiş
mövzuya yeni prizmadan baxmağı bacaran şair hiss və duyğuların tərcümanı olan gözəl bir poetik nümunə yaratmışdır:
Mənə hər gün məktub yolla,
Yazılmamış sətrin gəlsin.
Ağ vərəqi açan zaman,
Bircə misra ətrin gəlsin.
Maraqlıdır: həm deyir hər gün məktub yolla, həm də deyir məktubu yazmadan yolla, açanda ətrini duyum.
Mənə hər gün məktub yolla,
Uzaqlığın bilinməsin.
Elə bax ki, boş
vərəqə,
Baxışların silinməsin.
Məktubu açanda sevdiyinin
baxışlarını ağ vərəqdə
görəcək. Ürəyindən keçənləri duya biləcək. Bu ancaq haqq aşiqlərində
olur. Folklordan bəhrələnən şair
şeirin son bəndində:
Qələm ilə yazma, gülüm,
Yaralama məktubumu.
Ağ vərəqi oxuyaram,
Qaralama məktubumu.
Həqiqi
sevginin Eltun qələmində bənzərsiz
tərənnümüdür bu!
Kitabda bir maraqlı şeir də var: "Tənhaların duası". Kitabın adı da bu
şeirdən götürülüb.
Şeirdə müəllif
tənha olan insanın daxilindəki iztirabların, cavab tapa bilmədiyi sualların qarşısında acizliyinin
və bu zaman arzusuna yetişmək üçün
oxuduğu duaların təqdimatını uğurla
verib:
Öz ürəyin sual verə özünə,
Söz tapmayıb
qarşısında susasan.
İp keçirilib cavabların boynuna,
Siqaretin tüstüsündən asasan.
Bilirsənmi çətin nədir, əzizim?
Yalnızlığın soyadını daşıya.
Arzulara məzar olan otaqda,
Xatirələr sənlə birgə yaşaya.
Ən çətini tənhalıqdır,
əzizim,
Pəncərəndən küsər günəş
şüası.
Yollasan
da, ünvanına çatmamış,
Geri dönər tənhaların
duası.
Müəllifin fikri ilə razılaşmaq da olur, razılaşmamaq da. Razılaşmaq olur ki, insanın tənhalığı
bədbəxtlikdir. Əgər tənhaların
duası qəbul olunsaydı, heç tənha olmazdılar.
Həm də razılaşmaq olmur ki, insan
daxilən tənhadır
və tənhalar Yaradana daha yaxın
sayılırlar. Onların duaları
nə üçün
ünvanına çatmasın?
Bu mübahisə doğuran
fikirlə bizim işimiz yoxdur! Fikrimiz başqadır.
Şair, sən ki çox
vaxt tənha olursan. Bu tənhalıq qələm adamlarının
hamısına xas xüsusiyyətdir. Kitabdakı duaları da siz
tənha olanda oxumusunuz. Qaldı həmin duaların
ünvanına çatıb-çatmaması,
ondan arxayın olun, fikrimizcə, sizin oxuduğunuz dualar ünvanına çatar. Bunu dualarınızın istedadla oxunması və oxucuların onları maraqla qarşılamasında da görmək
mümkündür.
Kitabda iki hekayə və bir oçerk də öz yerini alıb. Eltun Türkel
gənc qələm sahibi kimi hekayə
və oçerk janrında da qələmini
uğurla sınamışdır.
"Keçmişin bu
günü" hekayəsində
müharibənin törətdiyi
faciədən və həmin faciənin insan həyatında buraxdığı dərin
yaralardan söz açılır. Gövhərin fədakarlığı, iztirabları, 25 illik səbri inandırıcı
dillə canlandırılır.
Sonda Gövhərin
iztirablarına sevinc qatılması müharibənin
törətdiyi faciələrə
insanlığın, haqqın,
ədalətin qalib gəlməsinin göstəricisidir.
"Aqalaktiya" hekayəsi
həcmcə qısadır
və yumoristik üslubda qələmə
alınmışdır. Dilinin bəlasına düşən
Qədim kişi
avtobusdan düşəndə
qarşısına çıxan
qonşusu soruşur:
" -
Ay Qədim kişi, hardan belə?
- Əşşi, hardan
olacaq ee? On səkkiz il əvvəl verdiyim məsləhətin təşəkkürnaməsini
yollamışdılar, onu
alıb gəlirəm
- deyib çayxanaya tərəf üz tutdu".
"Qələbə ətirli medallar" oçerkində İkinci
Qarabağ savaşında
qəhrəmancasına mənfur
düşmənə sinə
gərən qazi Ruslan İsmayılovun döyüş yoluna nəzər salınır. Döyüş zamanı igid əsgərlərimizin qarşılaşdığı
çətinliklər aydın
və səlis bir dillə oxucuya çatdırılır.
Oçerkdə Azərbaycan əsgərinin
qorxmazlığı, dar
ayaqda dostuna-döyüş
yoldaşına arxa-dayaq
olması inandırıcı
detallarla göstərilir.
Eltun Türkeli
yeni kitabının işıq üzü görməsi münasibətilə
təbrik edir, ona yaradıcılıq yolunda daha böyük
uğurlar diləyirik.
Fazil Sənan
525-ci qəzet.- 2021.- 29 aprel.- S.13.