Can verdi yurdunu yaşatmaq üçün…
Heç bir qələbə, heç bir zəfər asanlıqla əldə olunmur. Təəssüf
ki, dünyanın düzəni belədir: haqqın olanı belə itkilərinlə, ağrılarınla qazanırsan.
Hələ bu, torpaq itkisi, vətən həsrətidirsə. Zamanında o torpaqların sahibləri zorla, silah gücünə,
ölümlər səbəbinə
min illik dədə-baba
yurdlarından çıxarılır.
Haqqını tələb edəndə,
vətənini qorumağa
çalışanda minlərlə
qurbanlar verir, amma yenə də haqsızlığın
önünü kəsə
bilmirlər. Sonra başlayır
vətən həsrətiylə
keçən ömür.
O ömür ki, hər nəfəsində
vətənində vətənsizliyinlə
baş-başa qalırsan,
özünü qoymağa
yer, ürəyinin odunu söndürməyə
su tapmırsan. Nə qəribədir ki, həmin dövrdə belə qurban verirsən, itkilər yaşayırsan, səhərlərin
şəhid xəbərlərinə
açılır. Gedən gedir,
amma bir parça torpağın
da əsarətdən qurtulmur.
Bəs nə oldu bu
itkilərin nəticəsi
deyə için-içini
yeyir. Sonra gün gəlir
ki, bıçaq sümüyə dayanır,
“ya vətən, ya ölüm” deyib sarılırsan silaha, qaldırırsan başını yerdən.
Başlayır böyük Vətən
savaşın. Düz 44 gün
itkilərinlə, qazanclarınla,
ağrılarınla, sevinclərinlə
bir məqsədə köklənir və nəhayətində, o böyük
zəfərə yetişirsən.
Önündə 30 ildən
sonra azad etdiyin vətənin, yumruq kimi birləşən
xalq, arxada isə 3000-ə yaxın qəhrəman şəhidlərin
vətən uğrunda
torpağa əmanət
gedən cavan canı...
Tovuz rayonu Dondarquşçu kəndinin
Vətən müharibəsində
qurban verdiyi şəhidlərimizdəndir Əliyev
Əmrah Ülfətoğlu. Cəmi 23 yaşı
vardı kəfənini
boynuna salıb torpaqlarının azadlığı
uğrunda könüllü
şəkildə ön
cəbhəyə yollananda.
Demək olar ki, müharibənin sonuna kimi də
qəhrəmancasına döyüşmüş,
Şuşa zəfərini də görmüşdü. Təəssüf
ki, böyük qələbəni görmək
üçün 2-cə gün
möhləti yetmədi
və o, elə Şuşa zəfərinin
rəsmən açıqlandığı
gün şəhidlik
zirvəsinə ucaldı.
Evin
3-cü övladı idi
Əmrah: özündən
böyük iki bacısı, özündən
kiçik bir qardaşı vardı. Atası traktor sürücüsü,
anası isə evdar qadındır. 2003-cü ildə Tovuz rayon Dondarquşçu
kənd tam orta məktəbində 1-cisinifə getmişdi. Tanıyanların sözləridir ki,
o, tərbiyəli, mədəni,
qürurlu, vətənsevər
uşaq idi. Əmrah 10 yaşından traktor sürməyə başlamış
və o vaxtlardan kənd təsərrüfatında
işləyərək öz
halal zəhmətilə pul
qazanmağa çalışmışdı.
Zəhmətkeş, həssas, ailəsinə
bağlı bir insan idi. Eyni zamanda,məktəbə
də gedir, dərslərinə də
diqqətli yanaşardı,
heçkim Əmrahdan
narazılıq etməzdi.
Yaşının az olmasına baxmayaraq, kənddə yaxşı hörmət qazanmışdı. Böyüklə
böyük kimi, kiçiklə kiçik
kimi rəftarı, anlayışlı xasiyyəti,
insanlarla yola getmək xüsusiyyəti
onu hər kəsə sevdirmişdi.Kəndin
yaşca ən kiçik traktor sürücüsü olan
Əmrah həm də xeyirxahlığı
ilə tanınırdı.
Belə ki, o, nisbətən imkansız ailələrin
işini pulsuz görərmiş. Məktəbi
bitirdikdən sonra ali məktəbə
qəbul imtahanlarından
yaxşı nəticə
göstərib, qəbul
olsa da, atasını köməksiz qoymaq istəmədiyindən təhsilinin
ardıyca getmir, yenə də öz doğma kəndində təsərrüfat
işləriylə məşğul
olmağa davam edir.
2016-cı ildə vətənə xidmətə
yollanır, əsgərliyi
Beyləqan rayonunda keçir. O, həmin dönəmdə Aprel döyüşlərində də
minamyotçu kimi xidmət edir. Yüksək şücaət
göstərdiyinə görə
fəxri medala layiq görülür. Hərbi xidmətini 2018-ci
ilin yanvar ayında başa vurub doğma kəndinə geri dönür və əvvəlki kimi kəndtəsərrüfatındaişləməyəbaşlayır.
Həmin ilin noyabr ayında ailə həyatı quran Əmrahın 2019-cu ilin noyabrın 4-də ilk övladı Adəm dünyaya gəlir. Nə yazıq ki, Əmrah Adəm balasını heç bir il doğru-düzgün
görə bilmir.
Ən böyük
arzusu özünə
ev tikmək olan Əmrah bunun üçün gecə-gündüz işləyirdi.
Lakin 2020-ci il sentyabrın 27-də başlanan
Vətən müharibəsində
savaşmaq üçün
cəbhəyə könüllü
yazıldı Əmrah.
Oktyabr ayında döyüşə yollandı.
O gedəndən sonra oğlu Adəmin 1 yaşı tamam olur. Əmrah oğlunu telefon vasitəsiylə təbrik
edə bilir ancaq. İkinci övladını isə ümumiyyətlə görmür.
Son telefon zənglərinin birində,
əgər müharibədən
qayıtmasa, övladının
adını Rüfət
qoymağı vəsiyyət
edir. Noyabrın 8-də
Əmrahın evlə
son danışığı
olur, sevinclə “Bu gün yaxşı
xəbər eşidəcəksiz”
deyir. Bir neçə saatdan sonra canlı yayımda Ali Baş Komandan İlham Əliyev çıxış edərək
Şuşa zəfərini
açıqlayır. Lakin təəssüf
ki, ailənin sevinci yarıda qırılır. Çünki
elə həmin gün Əmrahın şəhidlik xəbəri
gəlir. İki övlad atası, ikinci oğlunun üzünü belə görməyən Əmrah
vətənin azadlığı
yolunda əbədiyyətə
yüksəlmişdi. Noyabrın 9-da, Əmrahın
həyat yoldaşının
qız toyu ildönümündə şəhidimiz
son yolçuluğuna
uğurlandı, canından
keçdiyi torpağa
əmanət edildi. Bir yaşını atasız keçirən və bundan sonrakı həyatını
da atasız yaşamağa məhkum qalan Adəm bala atasının gözlərinə torpağı
öz kiçik əlləriylə tökdü,
körpə canıyla
nə baş verdiyinin fərqində olmadan.
Bu xalqın
həm fəxri, həm də qəlbinə düşən
oddur şəhidlərimiz.
Başımızın dikliyi,
alnımızın açıqlığı,
gözümüzün yaşıdırlar.
Əbədi and yerimiz, ruhlarına layiq olmağı boynumuzun borcu bildiyimiz qürur mənbəyimizdirlər. Həm
itkimiz, həm də qazancımızdırlar.
Hər birini sayğı, sevgi və ehtiramla yad edir, ruhlarına
dinclik diləyirik! Allah rəhmət eləsin!
MEHRİ
525-ci qəzet.- 30 aprel.- S.16.