Vətən, millət və
Böyük Turan sevdalısı
Görkəmli
şair və Alim Yavuz Bülənd Bakilərin 85 yaşı
Türk
dünyasının böyük şairi Yavuz Bülənd
Bakilərlə tanışlığım 1982-ci ilin iyul
ayında, Üzeyir Hacıbəylinin ev-muzeyində gerçəkləşib.
Mən
o zaman dahi bəstəkarımızın ev-muzeyində
çalışırdım. İsti yay günü idi. Otaqda
tək oturub kitab oxuyurdum. Birdən qapı açıldı
və iki nəfər otağa daxil oldu. Qonaqları muzeylə
tanış etmək üçün qalxdım,
eksponatları göstərmək üçün
çubuğu götürdüm və qarşılarına
keçərək "xoş gəldiniz" dedim. Məni
çubuqla görən müsafir gülümsəyərək,
zarafatla: "- Bizi döyməkmi istəyirsiniz?" - dedi.
Çox şirin Türkiyə türkcəsində
danışan bu yaraşıqlı insanın qardaş, həmişə
həsrətində olduğumuz Türkiyədən gəldiyini
anladım.
-
Yox, yox, əstağfürullah, nə
danışırsınız, sizi dahi sənətkarımızın
ev-muzeyi ilə tanış etmək istəyirəm" - deyə
cavab verdim.
Qonaqlardan
ikincisi, cavan oğlan bu ucaboy, nurlu insanı təqdim etdi:
- Yavuz Bülənd Bakilər Türkiyənin
tanınmış şairi, Türkiyə Cümhuriyyətinin
Mədəniyyət nazirinin müavinidir. Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin dəvəti
ilə Bakıda qonaqdır. Mən isə
cəmiyyətin əməkdaşı Elçin
Şıxlıyam.
Məmnun olduğumu bildirərək, ekskursiyaya
başladım. Böyük Turan şairi Yavuz Bülənd
Bakilərlə tanışlığımız beləcə
başladı. Mən böyük həvəslə
muzey barədə, Üzeyir bəy Hacıbəylinin həyat
və yaradıcılığı haqqında qonaqlara məlumat
verdim. Hörmətli müsafir isə məni
çox diqqətlə dinləyir, bloknotunda qeydlər
aparırdı. Sonuncu otağın divarındakı
Ağdam şəhərində Üzeyir bəy Hacıbəyli
parkını və oradakı bəstəkarın abidəsinin
şəklini onlara göstərəndə Yavuz bəy "mən
də Ağdamdanam" - dedi. Mənim
çaşqınlığımı görən qonaq ulu
babalarının XIX əsrin əvvəllərində
Qarabağdan Türkiyəyə köçdüklərini
söylədi. Elə o andan da Yavuz bəy
mənim üçün doğma adama çevrildi. Sonra qohumluq əlaqələrimizin də olduğunu
öyrəndik.
Artıq otuz yeddi ildir ki, bu nəcib, xeyirxah, millətini,
vətənini canından çox sevən, hər zaman
türklüyü ilə qürur duyan insanla, onun ailəsi ilə
mehriban münasibətlərimiz davam edir. Mütəmadi
görüşlərimiz olur, Yavuz bəy və qardaşı
Naci bəyin sayəsində İstanbulu, Boğaziçini,
Böyük Adanı qarış-qarış gəzmişik,
görməli yerlərinə, muzeylərinə valeh
olmuşuq. Yadımdadır, 1994-cü ildə
Yavuz Bülənd Bakilərin dəvəti ilə anamla bərabər
İstanbulda olarkən, məni İstanbul Texniki Universitetinin nəzdində
olan Türk Musiqisi Dövlət Konservatoriyasına konfransa dəvət
etmişdilər. Orada iki saata yaxın
Türk dünyasının dühası Üzeyir bəy
Hacıbəylinin həyat və yaradıcılığı
haqqında məruzə ilə çıxış etdim.
Professor və tələbə heyəti tərəfindən
böyük ehtiramla qarşılandım. Naci
Bakilər də orada iştirak edirdi. Konfransdan sonra, mənim
çıxışımı təşkil edən
konservatoriyanın professoru Süleyman Şənel bizə
qonaqlıq verdi. Maraqlı
görüşdən məmnun olan Naci bəy mənimlə
qürur duyduğunu, çıxışımı çox
bəyəndiyini söylədi. Yəni
onlarla hər görüşümüz tarixə
dönür, yaddaşımıza həkk olunur, məqalələrə
çevrilir. Böyük şairimiz, rəhmətlik
Şahmar Əkbərzadənin baş redaktoru olduğu "Mədəniyyət"
qəzetində mənim 1996-cı ildə Yavuz Bülənd
Bakilər haqqında "Azərbaycan ürəyimdə bir
şahdamardır" adlı məqaləm dərc
olunmuşdu. Həmin məqalə
Selçuk Karakılıçın hazırladığı
və 2006-cı ildə İstanbulda nəşr etdirdiyi Yavuz
Bülent Bakilere Armağan" kitabına daxil edilmişdir.
Yavuz bəy həqiqətən sevilən, arzu olunan,
Tanrının türk xalqına bəxş etdiyi nadir
simalardandır. Onun adı həm Türkiyədə, həm
Azərbaycanda, həm də bütün Turan elində
çox məşhurdur. Yavuz Bülənd
Bakilər dedikdə tanınmış şair, yazar, publisist,
jurnalist, tədqiqatçı alim, mədəniyyət xadimi və
sözün həqiqi mənasında böyük insan göz
önündə canlanır. Onun şəxsiyyəti
və sənətkarlığı bir-birini tamamlayır.
Vətəninə, xalqına, dilinə, dininə,
mədəniyyətinə, tarixinə, keçmişinə, gələcəyinə
bağlı böyük bir şəxsiyyət göz
önünə gəlir. Görkəmli sənətkar
olan Y.B.Bakilər insani keyfiyyətləri, həssaslığı,
xoşgörülüyü, kübarlığı ilə də
onu tanıyanların qəlbində özünə abidə
ucaldıb.
Bu
yaxınlarda bizim tanınmış xanımlarımızdan
biri, vaxtilə "Lider TV"də böyük şair
haqqında maraqlı veriliş hazırlayan Zöhrə Əliyeva
mənə dedi ki, "Yavuz Bülənd Bakilərin şeirlər
kitabını məndən kimsə oxumağa
götürüb, geri qaytarmayıb. Mümkünsə,
Yavuz bəy mənə kitabından yenə də hədiyyə
etsin. Onun bütün
yaradıcılığı, xüsusilə,
"Şaşırdım kaldım işte" şeiri
çox xoşuma gəlir". Mən də
bunu şairə çatdırdım. Sağ olsun,
Zöhrə xanıma avtoqrafla özünün "Harman"
şeirlər kitabını göndərdi. Yəni
Yavuz Bülənd Bakilər bu qəlbin sahibidir. Çox sadə, təvazökar, nəcib bir
insandır.
Təpədən dırnağa kimi millətsevər olan
Yavuz bəyin həyat və yaradıcılığına nəzər
salanda, söhbətlərini dinləyəndə onun nə qədər
kökünə, əslinə, nəslinə, milli
düşüncə tərzinə sadiqliyinin şahidi oluruq. Yavuz Bülənd
Bakilərin babaları Qarabağdan Türkiyəyə
köçmüşlər. Sivasın Gürün qəsəbəsində
Çarçıbaşı məhəlləsində vəfat
edən və orada bir təpə üstündə dəfn
edilən atasının babası 110 il
yaşamış, "Hacı Mahmud əl Qarabaği"
imzasını daşımışdı. İndi
Yavuz bəy ulu babasının tərtib etdiyi şəcərənin
əsasında on bir arxa dönəninin, ulu babalarının
adlarını bilir. Əllərində
olan qeydlərə görə birinci ulu babası Hacı Əli
Murad və onun oğlu Hacı Əli Fərəhşad
Qarabağda dünyaya gəlmiş, yaşamış və
orada da vəfat etmişlər. İmperialist
Çar ordusu Azərbaycanı işğal edəndən
sonra, onların ailəsi Osmanlı dövlətinə
sığınmaq məcburiyyətində qalmışlar.
Yavuz bəyin Qarabağdan Türkiyəyə gedən
ulu babasının adı Məhəmməd Sabirdir. O,
yaxınları ilə birlikdə Maraş şəhərinə
yerləşmişdi. Məhəmməd Sabir
şair olub. Hacı Əli Fərəhşadın
oğlu olan Məhəmməd Sabir Maraş şəhərində
yaşamış və orada da dünyasını dəyişmişdi.
Məhəmməd Sabirin vəfatından sonra
övladları yenidən Azərbaycana geri dönmək istəsələr
də, dövrün Osmanlı idarəsi onları
buraxmamışdı. O zaman ailənin bir qismi
Ağrı, bir qismi Kars, bir qismi də Sivas şəhərlərində
yerləşmişdi. İndi onların
qohumlarının bir hissəsi Ankarada, bir hissəsi İzmirdə,
bir hissəsi də İstanbulda yaşayır. Yavuz Bəyin atası Cezmi Bakilər Türkiyənin
müxtəlif şəhərlərində Nüfus (əhali
artımı, siyahıyaalma) idarəsində müdir vəzifəsində
çalışıb. Ədəbiyyatla,
tarixlə çox maraqlanıb. Anası
Hayriyə Bakilərin isə təhsili olmayıb, lakin gözəl
səsi və danışıq qabiliyyəti varmış.
Xalq yaradıcılığını,
nağılları, bayatıları, xalq mahnılarını
gözəl söyləyirmiş. Yavuz bəy
anasının nağılları, bayatıları,
laylaları ilə böyüyüb. Hayriyə
xanım on iki övlad dünyaya gətirib. Lakin doqquz uşaq kiçikkən
dünyasını dəyişib. Onlar bir
bacı, iki qardaş qalıblar. Yavuz bəydən beş yaş böyük olan bacısı
Şükran Orbay (o da rəhmətə gedib), Yavuz bəy və
bir də Yavuz bəydən on yaş kiçik qardaşı
Naci Bakilər. Hayriyə xanım 1978-ci ildə,
Cezmi bəy isə 1980-ci ildə vəfat etmiş, Sivas
torpağında əbədiyyətə qovuşmuşlar.
Nəslinin layiqli davamçısı, sənətkarlığı
ilə qürur duyduğumuz, azman şair Yavuz Bülənd
Bakilər 23 aprel 1936-cı ildə Türkiyənin Sivas şəhərində
dünyaya gəlib. İlk və orta təhsilini atası Cezmi
Bakilərin işi ilə əlaqədar olaraq Sivas, Qaziantep və
Malatyada alıb. 1960-cı ildə Ankara
Universitetinin hüquq fakültəsini bitirib. 1961-1963-cü illərdə Ankarada, Çankayada
Prezidentin Mühafizə Alayında əsgəri xidmətdə
olub. Əsgərlikdən sonra Ankarada
Metal-İş Federasiyasında təhsil və araşdırma
müdiri işləyib, 1964-1968-ci illərdə Ankara radiosunda
çalışıb. 1968-1975-ci illərdə
özünün dünyaya gəldiyi Sivas şəhərində vəkillik
etmiş, siyasət aləminə atılmış, "Ədalət"
partiyasının üzvü olmuşdur. Partiyanın
Sivas təşkilatına rəhbərlik edib.
1975-ci ildə
yenidən Ankaraya dönmüş, burada əvvəlcə
Nazirlər Kabinetinin Torpaq və Kənd Təsərrüfatı
Reforması Nazirliyində hüquq məsləhətçisi
işləyib, sonra Ankara Televiziyasında ona vəzifə
verilib. 1976-1979-cu illərdə Dövlət
televiziyasında müxtəlif mədəniyyət
proqramları hazırlayaraq, tamaşaçılara təqdim
edib. TRT - dən Mədəniyyət
Nazirliyinə müşavir vəzifəsinə dəvət
olunub. 12 sentyabr 1980-ci il hərbi
çevrilişindən sonra o, Mədəniyyət nazirinin
müavini vəzifəsinə təyin edilib. 1993-cü
ildə Süleyman Dəmirəl Baş nazir olarkən Yavuz
Bülənd Bakiləri Mədəniyyət Nazirliyindən
Nazirlər Kabinetinə Baş nazirin müşaviri vəzifəsinə
gətirib. Lakin Yavuz bəy 1994-cü ildə,
vaxtından əvvəl öz xahişi ilə işdən
ayrılaraq təqaüdə çıxıb. 1995-ci ildə Ankaradan İstanbula köçüb.
Yavuz Bülənd Bakilər hansı vəzifədə
çalışmasından asılı olmayaraq, xalqına,
millətinə, can-başla xidmət edib, vətəninin
çiçəklənməsi naminə özünün
bilik və bacarığını əsirgəməyib. Hələ dövlət məmuru
işləyərkən o, İstanbul qəzetlərindən
"Zaman", "Türkiyə", "Tərcüman"
və başqa mətbuat orqanlarında müntəzəm
çıxış edir, maraqlı,
düşündürücü, aktual, həyatla səsləşən
məqalələr dərc etdirirdi.
Ciddi yaradıcılığa 1952-ci ildə başlayan
şair, publisist qələmi əlində möhkəm tutdu,
onu bir daha yerə qoymadı. Ustad yazar bir-birinin
ardınca kitablar nəşr etməyə başladı.
Onun ilk şeirlər kitabı 1962-ci ildə
"Yalnızlıq" adı ilə işıq üzü
gördü. Onun ardınca "Duvaq"
(1970), "Səninlə" (1980), "Harman" (1996)
şeirlər kitabları nəşr olundu. Bunlardan əlavə, Yavuz bəy bir neçə
antologiya hazırlamışdır. "Şeirimizdə
ana" (1967) və "Sivasa şeir" (1973) tez bir zamanda
oxucular arasında geniş yayılmışdır. Onun
"Aşıq Veysəl" adlı kitabı 1986-cı ildə
dörd yüz əlli min tirajla, beş dəfə
çap olunmuşdur. Bundan sonra "Mehmet Akifde
Çağdaş Türkiyə idealı" (1986), iki cildlik
"Sözün doğrusu" (1999), "Elçi bəy"
(2001), "Arif Nihat Asyanın sevgi məktubları" (2001),
"Gedənlərin ardından" (2005), "Arif Nihat Asya
ihtişamı" (2007), "Azərbaycan ürəyimdə
bir şahdamardır" (2009) kitabları işıq
üzü görüb. Bu kitabların hər
biri dəfələrlə oxucuların xahişi ilə nəşr
edilib.
Yavuz Bülənd Bakilərin ilk publisistik kitabı isə
"Üsküpdən Kosovoya" adlanır. 1976-cı ildə
Yuqoslaviyanın Struqa şəhərində mütəmadi
olaraq keçirilən şeir axşamlarına Türkiyə
Mədəniyyət Nazirliyi və Xarici İşlər
Nazirliyinin birgə qərarı ilə Yavuz Bülənd Bakilər
göndərilir. Ustad şair orada
çıxış edir və şeir axşamlarından
televiziya proqramı hazırlayır. Oradakı
türk abidələrini ilk dəfə televiziya ekranlarında
işıqlandıran Yavuz bəy olmuşdur. Və Bütün Türkiyədə böyük
maraqla qarşılanmışdır. 1950-ci
ildən Turançılıq eşqi ilə yaşayan Yavuz
Bülənd Bakilər Yuqoslaviya türkləri ilə
bağlı düşüncələrini geniş ictimaiyyətə
çatdırmışdır. 1978-ci ildə
Ankarada çıxan "Hisar" jurnalının rəhbərliyi
ondan Yuqoslaviya xatirələrini yazmağı xahiş
etmişdir. O, Yuqoslaviya düşüncələrini
yazmış, jurnalın 12 sayında dərc olunmuş və
çox böyük maraq doğurmuşdu. 1979-cu
ildə həmin yazılar Türk Ədəbiyyatı
Vakfı tərəfindən "Üsküpdən
Kosovoya" adı ilə nəşr edildi. Bu kitaba olan maraqdan sonra böyük yazar publisistika
sahəsində daha da ciddi çalışmağa
başladı. 1980-ci ildə Mədəniyyət
Nazirliyində nazir müavini vəzifəsində
çalışarkən Beynəlxalq Daşkənd
Festivalına nümayəndə heyətinin rəhbəri
olaraq qatılan Yavuz Bülənd Bakilər Daşkənddə,
Səmərqənddə, Buxarada və başqa yerlərdə
gördüklərini də "Türkistan, Türkistan"
adı ilə qələmə aldı. Kitab
1986-cı ildə ilk dəfə işıq üzü
gördü. Həm "Üsküpdən
Kosovaya", həm də "Türkistan, Türkistan"
kitabları Türkiyədə dəfələrlə nəşr
edilmişdir. İndi bu kitablardan Türkiyə
Cümhuriyyəti Təhsil Nazirliyinin qərarı ilə
bütün universitetlərdə dərslik kimi istifadə
olunur.
Bir haşiyə çıxaraq bildirim ki, Yavuz Bülənd
Bakilərin Azərbaycana ilk gəlişi elə 1980-ci ilə
təsadüf edir. Beynəlxalq Daşkənd Festivalından
birbaşa Bakıya gələn şair böyük həyəcanla
Azərbaycanın paytaxtına ayaq basmışdı.
Uzun illər həsrətini çəkdiyi doğma vətənini
görmək şərəfinə nail olmuşdu. Qarabağa isə getməyinə icazə verilməyib.
Nə qədər çalışsa da, ulu babalarının
vətənini, onların məzarlarını ziyarət etmək
ona qismət
olmayıb. Yavuz bəyi yalnız Bakının gəzməli,
görməli yerlərinə aparmışdılar. Elə həmin vaxt onu ilk dəfə Üzeyir
Hacıbəylinin ev-muzeyinə də gətirmişdilər.
Başqa bir tədbirə getdiyim üçün o zaman
mən Yavuz bəylə muzeydə görüşə bilməmişdim. Ancaq türkləri
çox sevdiyimi bilən muzeyin əməkdaşları mənə
onun barəsində danışdılar. Onu da dedilər
ki, Yavuz bəyi muzeylə tanış edən
xanım rusdilli olduğundan Azərbaycan dilində çəkinə-çəkinə
danışırmış. Bunu görən
söz sərrafı ona "insan öz ana dilində
danışmaqdan utanmaz" - deyə iradını
bildirmişdi. İş
yoldaşlarımın söhbətlərindən sonra muzeyin fəxri
qonaqlar kitabını açdım, orada Yavuz Bülənd
Bakilər imzası ilə yazılan çox səmimi ürək
sözlərini oxudum və muzeydə olmadığıma təəssüfləndim.
Onunla şəxsi görüşümüz isə,
yuxarıda qeyd etdiyim kimi, 1982-ci ildə oldu.
Doğma Qarabağı isə Yavuz Bülənd Bakilər,
yaxın dostu, Azərbaycanın böyük şairi Bəxtiyar
Vahabzadənin sayəsində 1987-ci ildə ziyarət edə
bildi. Əcdadlarının vətəni Ağdam şəhərində
unudulmaz xatirələr yaşadı. Ancaq
cənnət Şuşamızı görmək ona qismət
olmadı. Çünki o vaxt Yavuz bəyin
Şuşaya getməsinə icazə verməmişdilər.
Lakin o vaxt cəfakeş, həsrətkeş vətən
oğlunun Şuşaya buraxılmadığını görən
xalqımızın fədakar oğlu, məşhur alim Xudu Məmmədov
və görkəmli şairimiz Şahmar Əkbərzadə
Yavuz bəy üçün Şuşa torpağı,
Cıdır düzündən isə məşhur
Xarıbülbül çiçəyi gətirmişdilər.
Amma nə yazıq ki, o, bir ovuc vətən
torpağını Türkiyəyə aparıb
çıxara bilməmişdi, Moskva gömrükxanasında əlindən
almışdılar. O, hönkür-hönkür
ağlayaraq, çətinliklə vətən
torpağından ayrılmışdı.
Xarıbülbülü isə aparıb, Türkiyədəki
bağçalarında əkmiş, lakin Şuşa
torpağından başqa heç yerdə bitməyən
Xarıbülbül orada ərsəyə gəlməmişdir.
Bütün bu olaylardan həssas qəlbli bir
şairin nə qədər iztirablar çəkdiyini anlamaq o
qədər də çətin deyil.
Gerçək Vətən təəssübkeşi olan
Yavuz Bülənd Bakilər Azərbaycan, eləcə də Azərbaycan
şair və yazıçılarının çox
böyük təbliğatçısıdır. O, böyük şairimiz Bəxtiyar
Vahabzadənin "Hara gedir bu dünya", "Fəryad",
"İkinci səs" (1991) və "Göy Türklər,
Özümüzü kəsən qılınc" (1998) pyeslərini
Türkiyə türkcəsinə
uyğunlaşdırmış və Türkiyə Mədəniyyət
Nazirliyi tərəfindən kitab şəklində çap
olunmuşdu. Bundan əlavə Həsən Həsənovun
"Brüsseldən məktublar" adlı teatr əsərini
Türkiyə türkcəsinə uyğunlaşdıraraq,
tamaşaya qoyulması üçün İstanbul
Böyük Şəhər Bələdiyyəsinə
vermişdi. Əsər münsiflər heyətinin
"oynanıla bilər" qərarını alıb.
Böyük yazar hər zaman müxtəlif vasitələrlə
Türkiyə sərhədlərindən kənarda yaşayan
soydaşlarından, türk abidələrindən bəhs
edir, məqalələr qələmə alır, televiziya
proqramları hazırlayır, konfranslar keçirir. Türkiyənin
81 şəhərinin 70-də maraqlı mövzularla
çıxış edən böyük söz ustası dinləyicilərin
rəğbətini, sevgisini qazanıb. Yavuz
Bülənd Bakiləri saatlarla dinləmək
mümkündür. O qədər maraqlı natiqdir ki,
insan ona qulaq asmaqdan yorulmur. Çünki Yavuz bəy
çox səmimi, dürüst insandır. Göründüyü kimi, olan, olduğu kimi
görünən şəxsiyyətdir. Ona
görə də xalqın böyük məhəbbətini
qazanıb.
Yavuz Bülənd Bakilər sevə-sevə baxılan və
dinlənilən televiziya və radio proqramlarının müəllifidir. SSRİ
dağılandan sonra Türkiyənin dövlət
televiziyasında (TRT) və özəl kanalda 100-dən
artıq proqram hazırlayıb. Azərbaycana
və Orta Asiya Respublikalarına həsr etdiyi verilişlər
hədsiz maraqla qarşılanıb. Yorulmaz
publisist "Üsküpdə türk əsərləri"
TV verilişləri ilə birgə 102 televiziya
proqramını tamaşaçıların ixtiyarına verib.
Öz verilişlərində türk dilinin təmizliyi,
saflığı, düzgün yazılışı,
danışma tərzi, mədəniyyətimizin, tariximizin,
abidələrimizin araşdırılması, düzgün təhlili,
qorunması, gələcək nəsillərə
doğru-düzgün çatdırılması
yollarını göstərib.
Azərbaycan sevdalısı, "Azərbaycan ürəyimdə
bir şahdamardır" şeirinin müəllifi, iki
övlad (bir qız, bir oğlan), iki nəvə sahibi olan Yavuz
Bülənd Bakilər vətənə hədsiz sevgisindən
dolayı, hətta qızına "Aybala" ismini verib. Uşaqlığından
yadigar olaraq, anası Hayriyə xanımın övladlarına
"ay bala" xitabını qızının adında
yaşadır. Yavuz bəydən sonra
Türkiyədə Aybala adı çoxalıb. Alparslan Türkeş də nəvəsinə Aybala
ismini qoymuşdu. "Can Azərbaycan"
ifadəsini də ilk dəfə böyük vətənpərvər
Yavuz Bülənd Bakilər Türkiyə ədəbiyyatına,
mətbuatına gətirib.
Vətən, xalq onu sevənləri, ona layiqincə xidmət
edənləri hər zaman qiymətləndirməyi bacarır. Yavuz Bülənd Bakilərin
də vətən, millət yolunda təmənnasız fəaliyyəti
həm Türkiyədə , həm də
Azərbaycanda dəyərləndirilib. 40-dan
çox mükafata layiq görülüb. Ona Azərbaycanda Asiya və Gəncə Universitetlərinin
"Fəxri ədəbiyyat doktoru" diplomu verilib. Yavuz bəy, yəqin ki, bundan sonra da neçə-neçə
fəxri adlara, mükafatlara layiq görüləcək.
Amma onun üçün ən böyük dəyər,
qiymət, ödül onun xalqının məhəbbəti,
sevgisidir ki, bunu da qazanmağa müvəffəq olub. Şair, yazıçı, vətəndaş
üçün bundan önəmli heç nə yoxdur.
Yavuz Bülənd Bakilər vətəninin,
xalqının, milli dəyərlərinin aşiqidir, fədaisidir.
Ulu türk dünyasının qüdrətli
oğlu, vətəninə, millətinə bağlı
Böyük Turan şairidir.
Səadət
QARABAĞLI
525-ci qəzet.- 2021.- 30 aprel.- S.14-15.