Özü Borçalıdan, sözü Laçından...

 

 

 

oxumun gələcəkdə nə olacağının sirri onun nüvəsindədir. Bu elə gizli və dəyişməz genetik koddur ki, kişniş toxumundan heç vaxt şüyüd və ya vəzəri çıxmır. Ancaq bu toxumların cücərməsi üçün mütləq onu münbit torpağa səpmək lazımdır.

 

İstedad da toxum kimidir. O, insanın qanında olur. Ancaq istedadın da cücərməsi üçün mühit lazımdır. İstedadlı şair dostum Kamandar Eyvazlının şeirlərini oxuduqca beynimdən bu fikirlər keçdi. Axı o, sazın-sözün zəngin ənənələrinini illər boyu yaşadan Azərbaycanın Borçalı mahalında doğulub, boya-başa çatıb. Onun istedadının toxum kimi cücərdiyi dövr məhz Borçalıda yaşadığı yeniyetməlik illərinə düşür. Kamandarın şeirlərinin doğmalığı, şirinliyi də ana südüylə iliyinə, qanına, ruhuna hopmuş saz havalarından, xalq nəfəsindən gəlir.

 

Borçalıda yaşayıb Borçalını unutmaq olar. Çünki özün onun qucağındasan. Səhər gözünü açandan, axşam yatana qədər onun dağını, daşını, dərəsini, təpəsini, düzünü, düzənliyini, bulağını, çayını, başının üstündə doğan günəşini, dolanan buludlarını, topuğunu öpən dumanını, otları, gülləri, çiçəkləri şehilə sırğalayan çənini, çiskinini görürsən. Suyunu içir, havasını udursan. Bunların hamısı Borçalıda yaşayan üçün elə Borçalı deməkdir.

 

Bakıda yaşayıb Borçalını unutmaq olmaz. Bu, özünü unutmaq kimi bir şeydir. Çünki yuxarıda sadaladıqlarımın heç biri Bakıda yoxdur ki, bütün günü sənin duyğularını, düşüncələrini Borçalı üstündə kökləsin. Bakıda Borçalını unutmamaq üçün hər gün özünü Borçalı havası üstündə kökləməlisən. Kamandar Eyvazlının şeirlərində mən, hər şeydən öncə, bunu gördüm. Mənə elə gəldi ki, o, özünü Borçalı havası üstündə kökləyən kimi şeir yazmaq istəyir. Çünki yaddaşında Borçalı xatirələri oyanır, qulağına saz səsi gəlir, yanaqlarını Borçalının dumanları yalayır, kirpiklərini Borçalının buludları nəmləndirir. "Kəndimizdə" şeirində olduğu kimi:

 

Uzanıb yatırdı şirin yuxuda

Görkəmi insandı, özü daş idi.

Əyilib içdiyim bir ovuc su da,

Onun gözlərindən axan yaş idi.

 

Uzaqdan insana oxşatdığı bir daşın bulaq ovcundan əyilib su içən şairin hissləri, duyğuları adama xoş gəlir, ovqatını elə həmin havaya kökləyir.

 

"Kəpənəkçidə yazılan şeirdən" bir bəndə baxaq:

 

Çəməni od alıb, düzə qar düşüb,

Görən bu işlərdə kimdi günahkar?!

Neçə ürəklərə intizar düşüb,

Neçə ayrılıqdan üşüyən də var.

 

Dədə-baba yurduna gələn şair burada çox şeyləri baş-ayaq görür. Dağda çəmən od tutub yanır, aranda düzə qar yağır. Görün dünyanın işləri nə qədər dolaşıb. Şair bunun günahkarını axtarır.

 

Şairin xəyalı yenə öz kəndində dolaşır. Uşaqlıq illərini xatırlayır, kəndin adamları gözlərinin önünə gəlir. Birdən əmisini xatırlayır. O əmisini ki, şairin od-alov dəcəlliyini hələ gözlərində yaşadır:

 

Nigaran qalıbdı ata ürəyi,

Görürəm, qayğımı daşıyır hələ.

Baxıram...

             od-alov dəcəlliyim də

Əmimin gözündə yaşayır hələ.

 

Kamandarın ikinci Borçalısı Laçındı. Gənclik illərində burada müəllim işləyən şair Laçını Borçalı qədər, laçınlıları borçalılılar qədər özünə doğmalaşdırıb. Yəqin özü də onlara doğmalaşıb. Laçının təbiəti Borçalıya çox oxşayır. Bunu Kamandar "Yaz gəlib" şeirində elə təsvir eləyir ki, şeirin harda yazıldığını bilməyən deyər ki, onu elə Borçalıda düzüb-qoşub:

 

Gözəllik önündə dincəlir gözüm,

Hər yanda torpağın min bir rəngi var.

Budaqdan sallanır su, düzüm-düzüm,

Onun da səsinin öz ahəngi var.

 

Kamandar Laçına necə bağlanıbsa, işğal illərində laçınlılar qədər onun həsrətini çəkir, könlündən o yerlərlə bağlı çox ülvi duyğular keçirdi:

 

Dərə bilmədiyim min gül, min çiçək,

Sevə bilmədiyim bir qız, bir mələk,

Yeyə bilmədiyim yarpız, çiyələk,

İçə bilmədiyim çeşmələr keçir.

 

Bunlar içi Laçın həsrətilə, tək Laçın yox, vaxtilə itirilmiş bütün torpaqlarımızın həsrətilə göynəyən şairin qəlbindən keçənlərin hamısı deyil. Görün bir də o yerlərə qayıtmaq üçün şairin qəlbindən nələr keçirmiş:

 

Nəyim var, desələr bağışlayardım,

Bir də o yerlərə qayıtmaq üçün.

Qubarlı könlümdə yatan, uyuyan,

Şirin duyğuları oyatmaq üçün.

 

Laçında keçirdiyi günlərin şirinliyini bir də yaşamaq üçün hər şeyindən keçməyə hazır olan şairin duyğularının səmimiliyinə inanmamaq olmur. Çox şükür ki, indi o torpaqlar azaddır və şairin oraları yenidən görməsinə lap az qalıb.

 

Kamandar Eyvazlı Zəlimxan Yaqubun müdafiəsinə qalxdı: “Əgər kişiliyin  çatırdısa...”

 

Kamandar indi Bakıda yaşayır. Şair qəlbində bir sevgi üçbucağı qurub. Bu üçbucaq Borçalını, Laçını və Bakını qırılmaz tellərlə bir-birinə bağlayıb.

 

Kamandar üç qız atasıdır. Onlardan biri  Almaniyada yaşayır. Çox qəribədir, övlad sevgisi atanın qəlbində onun yaşadığı şəhərə də sevgi oyadıb. Şair bu saat qızı qədər də onun yaşadığı şəhəri sevir.

 

Övlad ata-ananı həm bir-birinə, həm də qohum-qardaşa doğmalaşdırır. Gəlin çox zaman uşağı olana qədər gəldiyi evə çətin isnişir. Elə ki, uşaq oldu, onun gözündə hər şey dəyişir, yadlıq anlayışı unudulur. Daşdan, divardan da doğmalıq havası gəlir. Balanın yaşadığı bir şəhərin ataya-anaya doğmalaşmağı da yuxarıdakı hiss qədər təbiidir və onu Kamandar bir şeirində çox gözəl duyaraq ustalıqla poetikləşdirib:

 

İllərdir çəkirəm çəkdiyimi mən,

Xəyalım sərhədlər, sədlər aşıbdı.

Güvənib getdiyin birinci gündən

O şəhər mənə də doğmalaşıbdı.

 

Gözüm göy üzündə qalıb o vaxtdan...

Kim oldu günahkar, kim oldu düzgün?

Təyyarə səsinə durub yuxudan,

Təyyarə izinə baxıram hər gün.

 

Qızı uzaq qürbətdə yaşayan bir atanın hər gün "Təyyarə səsinə oyanıb, Təyyarə dalınca baxmağı" necə də təbii hisslərdi və onları oxuyanda kövrəlməmək olmur. Axı şairin qızını bu təyyarələr Vətəndən, doğmalarından ayırıb qürbətə aparır. Onu qürbətdən Vətənə, doğmalarının yanına da elə o təyyarələr qaytarır. Hələ qızının qürbətdə tək yaşamağının günahkarlarının şairi için-için necə qovurduğunu demirəm.

 

Kamandar Eyvazlının yaradıcılığından söz açmışkan onun "Körpünün üstü" poemasından danışmamaq olmaz. Kiçik həcmli bu lirik poemada şair çox böyük mətləblərə toxunub. Onun xəyalı çox körpülərin üstündən keçib, gözləri önündə neçə-neçə kövrək xatirələr canlanıb. Şair poemanın ayrı-ayrı bəndlərində təkcə gördüyümüz yox, görmədiyimiz körpüləri də bizə göstərir. Bəzən bir bəndlə, hətta bir misrayla bir körpünün obrazını yaradır:

 

Get-gəllər azalıb Körpünün üstdən,

Altında suları haray salardı.

Qocalar xatirə danışar pəsdən,

Hər axşam bir belə yığnaq olardı.

 

Bir zaman qocalar Körpünün üstünə yığışıb dərdləşərdilər. Bu, bizim gördüyümüz və üstündən o yana, bu yana adladığımız körpülərdən biridir. Şair bu bircə bənddə Körpünün tarixini - keçmişini və bugününü gözlərimiz önündə canlandırır və onun taleyinə özü də acıyır, bizi də acıdır. Axı bir zaman bu körpünün altında suları çağlayardı, üstündə də insanlar qaynaşardılar. Burada yığnaqlar, mərəkələr olardı. İndi onlar yoxdu. Bax bu yoxluğun acısı göynədir şairin ürəyini. O da dərdini oxucularıyla bölüşür. Körpünün üstüylə gediş-gəliş ona görə azalıb ki, 1988-ci ildə 800 min türkün yaşadığı Borçalıda bu gün 200 min nəfər qala, ya qalmaya. Halbuki bu gün Borçalının türk əhalisi bir milyon olmalıydı. Kamandar Eyvazlı bircə bənddə sözün gücüylə bu mənzərənin rəssam tablosunda olduğu qədər canlı və aydın şəklini çəkib.

 

Poemada oxucu təkcə gördüyü yox, görmədiyi körpülərin də adını eşidir, obrazları ilə qarşılaşır. Ayrı-ayrı bəndlərdə və misralarda şairin qəlbindəki sınaq körpüləri, qınaq körpüləri, uçmuş körpülər, körpü kimi uçmuş umudlar, inamlar dil açıb danışır:

 

Dünya insanına, ruha, mənliyə,

Sınaq körpüsüdür, sınaq Körpüsü.

Bizimki qarışıq hər bir şenliyə

Həm rəhmət, həm də ki, qınaq Körpüsü.

 

Bu sınaqlar da, qınaqlar da bizim boynumuzdadır. Gözlərimizin önündə ənənə körpüləri uçub-dağılır, mərdlik körpülərinin üstündən keçənlər günbəgün azalır, susuruq. Ancaq bunlar ötəri şeylərdi. Axı eli, obanı, milləti bir-birinə bağlayan gözəgörünməz körpülər var. Onları düşmən də qıra bilmir. O körpüləri qorumaq lazımdı. İki yüz illik həsrət, ayrılıq, qadağalar, Xudafərin körpüsünü iki yüz il üzümüzə bağlayan tikanlı məftillər Təbrizi Bakıdan, Bakını Təbrizdən yadlaşdıra bilmədi. Çünki bizim ruhlarımızı bir-birinə bağlayan can körpülərimizi, qan körpülərimizi qırmaq, sındırmaq mümkün deyil. Böyük Səməd Vurğun gözəl deyib:

 

Gözüm gözünüzdən uzaq olsa da,

Könüldən könülə yollar görünür.

 

Kamandar Eyvazlının körpüsünün taleyi də bizim taleyimizə oxşayır. Elə dərdimizin, sərimizin qaynağı da birdir. Ancaq ümidsiz olmağa heç bir əsas yoxdur. Biz özümüzə dönməliyik, özümüzə dönüb, ürəklərimizi bir-birinə bağlayan körpüləri qırılmağa qoymamalıyıq.

 

İslam SADIQ

 

 525-ci qəzet.- 2021.- 30 aprel.-S.12.