"Atam fotoqraf
olmağımı istəmirdi"
Elə hadisələr var ki, onu şərh etməyə
sözlər yetərli olmur. Lakin zamanında
çəkilən bir foto həmin hadisəni bütün
çılpaqlığı ilə ifadə edə bilir.
Belə fotolar mənim üçün
"danışan şəkillər" adlanır. Müsahibimiz sənətilə
Azərbaycan adına layiq işlərə
imza atan fotoqraflardan biri Fərqanə Qasımlıdır.
Əvvəldən qeyd edim ki, azərbaycanlı kimi onun
qazandığı uğurlara hər zaman sevinmişəm,
lakin bu yolda keçdiyi hekayəsini dinlədikcə
gördüyü işin necə dəyərli olduğunu
anlayırdım.
***
- Necə
oldu ki, müəllimə Fərqanə xanım, fotoqrafiya kimi
rəngli və daha çətin sahəyə keçid edib
uğur qazana bildi?
- Bəli,
ilk təhsilim ibtidai sinif müəlliməliyidir. Hətta 20 il məktəbdə dərs də demişəm.
Hazırda fotojurnalist şagirdlərim belə
var. Lakin 15 yaşımdan foto çəkirəm və bu mənə
atamdan miras olaraq keçib. Atam polis
işçisi idi, həm də həvəskar foto portret
çəkirdi. Hətta evimizdə
otağın birini qaranlıq edib, qırmızı
işıqlar qoyardı ki, şəkilləri orada yuyub
hazırlasın. O vaxtlar 5-6 yaşım vardı və
çox həvəsli idim deyə atam imkan verərdi ki, şəkilləri
dərmanlı suya mən salam. Sevgim də oradan yarandı. Sonra
doğum günümdə atam mənə fotoaparat hədiyyə
etdi. Ancaq heç vaxt istəmirdi ki, mən
bu sənətə yiyələnim. Düzü,
fotoqrafiya ilə məşğul olsam da, heç fotoqraf olmaq
da istəmirdim. Arzum rejissor olmaq idi.
Yadıma gəlir 9 yaşımdan Oskar mükafatlarına
baxıb deyirdim ki,
bir gün mən də o səhnəyə
çıxacağam, mükafat əlimdə olacaq. Sonra elə oldu ki, atam rejissor olmağıma icazə
vermədi. Bir-birimizlə çox
mübarizə apardıq, amma alınmadı. Atam məni müəllimə kimi görmək istəyirdi.
Mən də atamın sözündən
çıxmadım. Düşündüm
ki, oxuya-oxuya bəlkə yola gətirərəm. Lakin heç cürə mümkün olmadı və
mən təhsilimi bitirib məktəbdə işə düzəldim.
Müəllimə işlədiyim vaxtda da
fotoqrafiya ilə maraqlanırdım, ancaq atama bunu bildirmirdim.
Böyüyəndə anladım ki, bu peşənin
çətinliyini anladığı üçün atam məni
qorumaq istəyib icazə vermirdi. Sonradan ailə
həyatı qurdum və mümkün şəraiti mənim
üçün həyat yoldaşım yaratdı. O incəsənəti
sevən biridir, həmişə deyir ki, insan özünü
bu həyatda tapmalıdır, istədiyi işi görməlidir
ki, xoşbəxt olsun. Mənə dedi ki, sübut et ki, bu sənətə
aşiqsən və zamanında öz mübarizəni
aparmısan.
Artıq uzun illərdir beynəlxalq müsabiqələrdə
iştirak edirəm. Azərbaycanda isə 2015-ci ildən etibarən
keçirilən bütün beynəlxalq yarışlarda
iştirak etmişəm. Ölkəmizdə
fotoqraflardan bəhs edən ilk sənədli filmin müəllifiyəm.
Hətta 2016-cı ildə "Formula-1"
yarışında da ilk xanım fotoqraf kimi qeydə
alınmışam. Yarışlarda çəkdiyim
fotoları Azərbaycan adına beynəlxalq
müsabiqələrə göndərirəm.
- Nə qədər
kobud səslənsə də, müasir dövrdə şəkil
çəkə bilən çox adam
özünü fotoqraf adlandırır. Kimi illərini bu sahəyə
qoyur, kimisi də bir şəkillə trend olub fotoqraf
sayılır. Bu doğrudurmu?
- Fotoqraf kimi bu məndə
heç bir qıcıq yaratmır. Hər kəsin
öz seçimi var. Belə deyim, zamana uyğun olaraq, bir
şəkillə partlayış etmək, trendə
düşmək olar. Lakin bu təsadüfi haldırsa,
sonradan irəliləmək bir az çətin
olacaq. Nə qədər də olmasa, illərlə
əziyyət çəkənlərlə müqayisədə
hər zaman boşluqlar hiss ediləcək. Fotoqrafiya elə sahədir ki, hər kəsin öz
yolu, baxış bucağı olmalıdır. Elə insanlara rast gəlmişəm ki, kiməsə
baxıb həvəslənib. İşə
pul qazanmaq istəyilə yanaşıblar, sonradan isə davam
edə bilməyiblər. Kənardan asan
görünsə də, bu, çətin sənətdir.
Xanımlar üçün daha çətindir.
Mən bu sahəyə gələndən
heç kimə "yaxşı, yaxud pis çəkir"
kimi baxmamışam və öz yolumu tutmuşam. Azərbaycanda fotoqraf sənətkarları kimlərdisə,
ancaq onların işi ilə maraqlanmışam. Beynəlxalq müsabiqələrdə
iştirakımın da səbəbi o idi ki, çiynimdən
fotoaparatı asıb yalandan deməyim ki, mən fotoqrafam.
Mənim qazandıqlarım mənim peşə
arxivimdir.
- Fotoqraf
kimi sizə uğur gətirən ilk fotonuz hansı olub və
onun yaranma hekayəsi necədir?
-
Fotomüsabiqələrdə ilk qazandığım uğur
Xudafərin körpüsü ilə bağlı olub. O şəkli
Naxçıvana gedəndə İran tərəfdən
çəkmişdim. Xudafərinin o biri
üzü ermənilərin işğalı altında olan Azərbaycan
əraziləri idi. Şəkli çox yaxından
çəkmişdim və məqsədim körpünü deyil,
bizim erməni işğalında olan
torpaqlarımızdakı evləri göstərmək idi. Bir şeyi qeyd edim. Mən
Bakıda böyümüşəm və
qaçqınlıq dövründə köçüb gələnlərin
çoxunun həyatına şahid olmuşam. Lakin
onların nə hiss etdiyini tam olaraq anlamamışam. İnanın, ilk dəfə o hissləri həmin
anda yaşadım. Bir qədər tutuldum və
o zaman anladım ki, torpaq itirmək nə deməkdir. Sən dayanmısan və çox yaxınında sənin
doğma torpaqlarındır. Lakin ona toxuna
bilmirsən. Fotonu çəkərkən
orada yaşadığım hadisə məni and içməyə
vadar etdi. Dedim, o torpaqlar bizimdir və
and içirəm ki, mən bu fotoları bir gün mütləq
sərhədin o tərəfindən - işğaldan azad
olunmuş ərazilərimizdə dayanıb çəkəcəyəm.
Dediyim gündən 10 il sonra
torpaqlarımız işğaldan azad olundu. Çox
cəhd etsəm də, işğaldan azad olandan sonra ora gedə
bilmədim. Arzumun 10 il sonra
reallaşmış fotosunu (2010-2020) çəkmək istəyirdim.
Təəssüf ki, alınmadı. Ancaq şükürlər olsun ki, azad olundu. Həmin fotonu Mədəniyyət Nazirliyinin
keçirdiyi "Mənim Azərbaycanım" müsabiqəsinə
yollamışdım. Doğrusu, müsabiqələrə
şəkil seçərkən hər zaman yoldaşımla məsləhətləşirəm.
O dedi ki, bu fotonu müsabiqəyə yollama, çünki
insanlar baxıb məyus ola bilər. Sanki köhnə yaranın qaysağını
qopartmış kimi olacaqsan. Bu dəfə
isə təkidlə həmin şəkli yollamaq və insanlara
mesaj ötürmək istəyirdim ki, Azərbaycanın bir
parçası da buradır, unutmayaq. Şəkil
sosial şəbəkədə paylaşılıb səsverməyə
qoyulmuşdu və minlərlə şərh
yazılmışdı. Hətta
çoxları elə bildi ki, bu şəkil fotoşopdur
(photoshop). Lakin həmin yerdən video da
çəkdiyim üçün sübut etdim ki, fotoşop
deyil. Şərhləri oxuyanda anladım
ki, mən öz mesajımı düzgün çatdıra
bilmişəm və müsabiqədə təşkilatçı
rəğbəti qazanmış nominasiya üzrə qalib oldu.
-
Fotojurnalistika, fotoqəzetçi kimi terminlər var. Lakin bizdə
ixtisas olaraq fotoqrafiyanın tədris olunduğu məktəb
yoxdur. Bu, hansı çətinlikləri yaradır?
- Bildiyim qədərilə bizdə fotoqraflar
ancaq Azərbayan Dövlət Mədəniyyət İncəsənət
Universitetində operator yaxud rejissorluq ixtisasını oxuyurlar,
sonra müəllim yanına gedərək öyrənə
bilirlər. Sırf fotoqrafiya ilə bağlı ixtisas təəssüf
ki, yoxdur. Bu işin vaxtında üzərinə
düşüb həll etmək lazım idi. Çox istəyərdim
ki, fotoqrafiyanın bir məktəbi olsun.
Üstünlüyü də çox olardı. Xarici
fotoqraflarla bizim fərqimiz odur ki, onlar məktəb keçirlər
və nəzəriyyəni bilirlər. Bizdə isə
praktika var, lakin nəzəriyyə yoxdur. Adi fotoreportaj
hazırlayan xarici və yerli resurslara baxanda fərqi hiss etmək
olur. Bizim fotoqrafların beynəlxalq dərəcədə
tanınmamasının səbəbi də məktəbin
olmamağıdır. Çox azsaylı fotoqrafımız var
ki, dünya səviyyəsinə çıxa bilib. Bəzən
deyirlər, şəkil yolladım amma seçilmədi.
Bütün bunlar şəkillərin standartlara uyğun
olmamasına görədir.
- Pandemiya dövrü peşənizlə əlaqədar
fəaliyyətinizə necə təsir etdi? Bu dövrü
izah edən bir fotonuz oldumu?
- Mənim üçün pandemiya dövrü
əvvəlki illərdən çox fərqli oldu. Əvvəllər
adətən çəkilişlərdə olurdum və təbiəti
sevdiyim üçün evdə oturan biri deyildim. Bizim ailəlikcə
evdə oturmağımız bu dövrə təsadüf etdi.
Bu dövr mənə fotoqrafiya sahəsində nə istədiyimi
və özümü tapdım. Boş küçələri,
həyatı çəkəndə artıq fikirlərim
formalaşdı. Əsl Fərqanəni onda kəşf etdim.
Hansı janrlarda daha çox özümü tapıram, əvvəllər
bunu hiss etməmişdim. Bəli, pandemiya dövrünü
tarixə salan bir fotom da oldu. Hansı ki, Amerikanın onlayn
fotoqrafiya jurnalı fotomüsabiqə keçirirdi və evdə
çəkdiyim həmin fotonu ora göndərdim. O
jurnaldakı ən yaxşı fotolar siyahısına
seçildi. Şəkli sərt karantin vaxtı çəkmişdim.
Hekayəsi də belədir ki, biz qızıma ad günündə
Fransaya səyahət sözü vermişdik. Pandemiya
dövrünə düşdüyü üçün gedə
bilmədik. Uşaq məndən koronavirusun nə olduğunu
soruşub onun oyuncağını istədi. Hər yer
bağlı olduğu üçün oyuncağı
özüm hazırladım. Atası oyuncaqla ona xəritədə
koronavirusu göstərirdi. Ortaya belə maraqlı foto
çıxdı. Fotonun adı "Səyahətçilər"
idi. Burada 3 səyahətçi vardı: koronavirus, ata və
qızı.
- Artıq kifayət qədər peşə təcrübəniz
var. Gənc fotoqraflara nə məsləhət görərdiniz?
- Bəzən hiss etmişəm ki, gənclərimiz
təcrübəli fotoqraflarımızla söhbət edəndə
çəkinirlər. Onların
fotoaparatlarının bahalığı, peşəkar
olmağı gəncləri bəlkə də ruhdan salır.
Əgər həqiqətən də bu sənəti sevirlərsə,
davam edib öyrənsinlər. Çox şad olaram ki, Azərbaycan
adı fotoqrafiya ilə bağlı bütün beynəlxalq
yarışlarda çəkilsin. Bizim
fotoqraflarımız heç bir ölkə nümayəndələrindən
geri qalmır. Gənclər heç nədən çəkinməsinlər.
Çünki min kilometr yolu getmək birinci addımdan
başlayır.
Afaq RZA
525-ci qəzet.-2021.- 28 aprel.- S.23.