Zəfərin tablosu

 

HƏRBİ QƏNİMƏTLƏR PARKINDA QOYULMUŞ MULYAJLARIN HƏMMÜƏLLİFİ MÜŞFİQ HEYDƏROV: "BİZ BU MULYAJLARDA DÖYÜŞ MEYDANINDAN QAÇAN, QORXAQ ERMƏNİ HƏRBÇİLƏRİNİN ƏSL OBRAZLARINI ƏKS ETDİRMƏYƏ ÇALIŞMIŞIQ"

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatlar böyük zəfərlə sonuclandı nəticədə təxminən 30 il düşmən işğalında olan torpaqlarımız azad edildi.

44 günlük Vətən müharibəsi nəticəsində düşmənin canlı qüvvəsi, müzəffər ordumuzun qarşısında sözün həqiqi mənasında, diz çökdülər. Azərbaycan Ordusunun sarsıdıcı zərbələrindən vahiməyə düşən düşmən qüvvələri canlarını qurtarmaq hayında qalıb xeyli miqdarda silah-sursatı, hərbi texnikanı döyüş meydanında qoyub qaçdılar. Bunun da nəticəsində cəsur hərbçilərimiz bu döyüşlərdə xeyli sayda hərbi qənimətlər əldə etdilər.

Xatırlayırsınızsa, Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra - noyabrın 11-də müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş məhv edilmiş texnikasının nümayişi üçün müəyyən planların olduğunu bildirmişdi. Bir müddət sonra - dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirildi.

Bunun ardınca Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürdü. Çox qısa zamanda görülən genişmiqyaslı işlər artıq yekunlaşıb: açıq səma altında nadir park salınıb. Zəfər paradının ən yaddaqalan rəmzi kompozisiyalardan biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan "Qarabağ Azərbaycandır!" yazılı lövhə parkın ərazisindədir. Parkda sərgilənən ən maraqlı eksponatlardan biri , erməni əsgərlərinin maketləridir. Layihə üzərində çalışan peşəkar heykəltəraşların hazırladıqları maketlərdə mənfur düşmən bütün eybəcərlikləri ilə əks etdirilib.

Həmin maketləri hazırlayan  heykəltəraşlardan biri, Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin məzunu Müşfiq Heydərovla bu mövzuda qısa söhbət etdik.

 

***

 

- Necə oldu ki, maketləri hazırlamaq təklifi aldınız?

Erməni hərbçilərin maketlərini hazırlayanlar: "Çalışırdıq ki, ən eybəcər  obrazlar olsun" – FOTO

- Maket mulyajların hazırlanması üçün tender elan olunmuşdu. Erməni əsgərlərinin mulyajlarının hazırlanması üçün tenderdə iştirak etdikdən sonra işlər üç nəfər heykəltəraş arasında bölüşdürüldü: 16 ədəd mulyajı Kamran Əsədovla mən birlikdə hazırlamışıq, qalanları isə Rəşid Məhərrəmovun komandası tərəfindən ərsəyə gətirilib.

- Mulyajların bir hissəsinin sizə həvalə olunduğunu biləndə hansı hisslər keçirdiniz?

- Şübhəsiz, bu, mənim üçün böyük məsuliyyət idi. Təklifi eşidəndə, təbii ki, belə bir layihədə iştirak etdiyim üçün qürur hissi keçirdim.

- Ağlınızda olan ideyaları mulyajların üzərində tam olaraq əks etdirə bildiniz, yoxsa ideyalar hazır verilmişdi?

- Biz mulyajların simasında əsasən 44 günlük Vətən müharibəsində igidlərimiz qarşısında tab gətirə bilməyib səngərdə gizlənən, qorxaq, döyüş meydanından qaçan, diz çökən erməni əsgərlərinin obrazlarını əks etdirməyə çalışmışıq.

- Maketləri hazırlayarkən başqa həmkarlarınızla da məsləhətləşdiniz?

- Bu layihə üzərində həmkarım Kamran Əsədovla birlikdə çalışmışıq. Ona görə , işin ərsəyə gəlməsində ikimiz məsləhətləşmişik.

- Bəs xaricdə olan hərbi müzeylərdən ilhamlandığınız məqamlar varmı?

- Bunlar mulyajdır, ona görə ancaq obraz yaratmağa çalışmışıq. Əlbəttə, xarici ölkələrdə olan hərbi muzeylər haqqında da araşdırma aparıb maraqlanmışıq. Oradakı muzeylərdə belə mulyajlar sərgilənir. Çalışdıq ki, onlardan daha yaxşı çıxaraq. Məqsədimiz ermənilərin öz aləmində yaratdığı "məğlubedilməz erməni ordusu"nun əslində, bir mif olduğunu hər kəsə göstərmək idi.

- Mulyajlarla bağlı müsbət fikirlərlə yanaşı, mənfi rəylər səsləndirilir. Bu haqda düşünürsünüz?

- Sözün düzü, biz işlədiyimiz müddətdə heç bir mənfi reaksiya ilə qarşılaşmadıq. Hətta sosial şəbəkədə paylaşdıqdan sonra belə, mənfi rəylə rastlaşmadım. Ola bilər, saytlarda belə rəylər var, ancaq düzünü desəm, oxumağa vaxtımız olmayıb. Ətrafımızda olan, bizi tanıyan insanlar da müsbət rəy bildirdilər. Bununla belə, mənfi rəylərin gəlməsi normaldır, çünki hər bir insanın baxış bucağı eyni deyil. Buna görə biz hər kəsin fikrinə hörmətlə yanaşırıq.

 

Aytac ASLAN

 

525-ci qəzet.- 2021.- 17 aprel.- S.11.