Şəhid Niyamin
Niftalızadənin şərəfli həyat yolu
Vətən müharibəsinin zəfər
dastanını yazan igidlərimizdən biri də 23 yaşlı Niyamin olub. Özündən iki yaş böyük
bacısının yeganə
qardaşı olan Niftalızadə Niyamin Xaliq oğlu 15 yanvar 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Nursu kəndində
doğulub. Onun 5 yaşı
olanda Bakı şəhərinə köçüblər.
O da 2003-2012-ci illərdə
Bakı şəhəri
Xətai rayonunda yerləşən 191 saylı
tam orta məktəbdə
təhsil alıb.
Şəhidimizin müəllimi öz
şagirdini belə xatırlayır: "Niyamin
sakitçiliyi ilə
bütün uşaqlardan
fərqlənirdi. Tənəffüsdə belə bir qırağa
çəkilirdi, sanki
onun bir başqa dünyası var idi. Məktəbdə oxuyarkən ən
sevdiyi fənn tarix və ədəbiyyat
idi. Olduqca vətənpərvər böyüyürdü". Niyamin 9 illik təhsilini bitirib kompüter ixtisası üzrə peşə təhsilinə
yiyələnmişdi.
2015-ci ildə həqiqi
hərbi xidmətə
yollanmış, Naxçıvan
Muxtar Respublikası N saylı hərbi hissədə, düşmənlə
50 metr məsafədə
olan postda xidmət keçmişdir. Həmin müddətdə
nümunəvi əsgər
olaraq hərbi hissə komandirləri tərəfindən dəfələrlə
müxtəlif təltiflərlə
mükafatlandırılmışdır.
Komandiri Niyaminin xidmət yerini dəyişdirmək
istəsə də, xahiş etmişdir ki, mən postda
durmaq, cəbhə xəttində olmaq istəyirəm.
2017-ci ildə ön cəbhədə xidmət edən əsgər kimi hərbi xidmətini başa vurur.
Həqiqi hərbi xidmətdən
qayıtdıqdan sonra
ikinci peşə təhsilini alıb, aşpazlıq sənətinə
yiyələnmişdir. 2017-ci ildən məşğul
olduğu həmin peşəsində olduqca böyük uğurlar qazanmışdı. Aşpaz
köməkçisi olaraq
işə başlayan
Niyamin şəhadətindən
1 ay əvvəl aşpazlıq
səviyyəsinə qalxmışdı.
Aşpaz
olaraq çalışdığı
maaşını əlinə
ala bilmədi. İşində çox peşəkar olsa da, ürəyi
hərbi ilə döyünürdü. Dəfələrlə
"mən hərbiyə
getmək, müddətdən
artıq hərbçi
kimi çalışmaq
istəyirəm" - desə
də, ailəsi onu bu fikrindən
daşındırırdı. O isə həmişə cavab verib ki,
"siz deməklə
deyil, mən bir gün hərbidə
çalışacağam".
Tovuz döyüşlərində
şəhid olmuş polkovnik İlqar Mirzəyev həqiqi hərbi xidmətdə olarkən Niyamin komandiri olmuşdur. Komandiri İlqar
Mirzəyev şəhid
olduqdan sonra Niyamin könüllü olaraq qeydiyyatdan keçir. Komandirinin qisasını almağı
qarşına məqsəd
qoyur. 23 yaşlı Niftalızadə
Niyamin Xaliq oğlu könüllü olaraq İkinci Qarabağ müharibəsinə
qoşulur. 21 sentyabrdan
təlimlərə qatılır
və 27 sentyabrdan
ön cəbhədə
döyüşlərdə iştirak edir.
Niyaminin döyüş yolu Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərindən
keçib. 7 oktyabr
2020-ci ildə şəhidlik
zirvəsinə ucalıb.
09.10.2020-ci ildə Dədə Qorqud məzarlığında torpağa
tapşırılıb. Ölümündən sonra
Niyamin "Vətən
uğrunda" və
"Cəbrayılın azad
olunmasına görə" medalları
ilə təltif olunub.
Döyüş və qazi yoldaşları onun qəhrəmanlıqlarını belə nağıl edirlər: "Düşmən gözlənilməyən anda hücuma keçdi, iki tankları üzərimizə gəlirdi. Niyamin bütün yoldaşlarını arxaya verdi - siz gözləyin, mən gəlirəm - deyib özünə yüksəklikdə yer təyin edərək düşmənin bir tankını məhv etdi. İkinci tank artıq geri qayıtmaq istəyirmiş ki, Niyamin aman verməyib, ikinci tankı da partlatdı. Elə həmin an düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucaldı". Döyüş yoldaşları Niyaminin taborun ürəyi olaraq şəhid olduğunu vurğulayıblar.
Ailəsini ziyarətə gələn qazi yoldaşlarından biri söyləyib ki, "Niyamin çox sakit, paylaşan oğlan idi. Hələ təlimdə ikən iki dəfə mənə corab vermişdi. Ayın beşi ağır döyüşlər gedirdi. Mən yaralanıb neytral zonada qaldım. Çox qan itirirdim, özümə müdaxilə edə bilmirdim. Heç kəs bu riskə girməzdi, bir də baxdım ki, Niyamin yerə uzanıb fırlana-fırlana mənim yanıma gəldi, ilkin müdaxilə edib yaramı bağladı və eyni vəziyyətdə yerə uzanıb fırlana-fırlana geri qayıtdı. Mən bu gün həyatımı Niyaminə borcluyam".
Digər qazı yoldaşı bildirir ki, döyüşdə olduğumuz müddətdə heç vaxt Niyamin arxada durmurdu, həmişə qabaqda döyüşürdü. Bir dostu ilə danışanda dostu Niyaminə deyir ki, ehtiyatlı ol, çalış arxada get. Niyamin cavab verir ki, "mən qorxaq kimi arxada olmağa getmirəm, gedirəm döyüşəm, ya qəhrəman, ya qazi, ya da şəhid kimi geri qayıdam..."
Niyamin həm də "Fənərbaxça" futbol klubunun qatı azarkeşi idi. Dəfn olunduqdan sonra doğmaları qəbrinin üstünə ancaq sarı və mavi güllər apararaq, sevimli klubunun formasını, bayrağını məzarı üstünə qoyublar. Bu sevgiyə "Fənərbaxça" klubu biganə qalmamış, rəsmi səhifələrində Niyamindən bəhs edib, başsağlığı vermişlər.
Bacısı Nərmin qardaşının vətənpərvərliyini belə təsvir edir: "Şəhadətindən sonra qardaşımın bir paylaşımını tapdım. 2019-cu ildə qardaş Türkiyədə baş verən bir hadisədə şəhid ailələrinə başsağlığını bildirib yazmışdı: "Vətəni namus, bayrağı şərəf, şəhadəti mükafat bilən ölümlə qorxudula bilməz!"
Niyamin şəhadəti ölüm bilməyib... Son dəfə evdən çıxanda danışdıq - dedi, bacı, narahat olma, uzağı 2 həftəyə evdəyəm. Dediyi kimi də etdi, söz verdiyi gündən 2 həftə sonra gəldi, ancaq Şəhid olaraq gəldi. Telefonla 4 oktyabr ata-anamla danışıb, hər şey yaxşı olacaq, narahat olmayın - deyib..."
Xeyriyyəçilikdən, maddi
yardıma ehtiyacı olanlara kömək
etməkdən zövq alan
şəhidimiz Vətənə olan borcunu qanı-canı bahasına ödədi.
Nə yaxşı ki, uğrunda
can qoyduqları qələbəni
qazandıq, ruhları qarşısında baş
əyirik.
Gülnar SƏMA
525-ci qəzet .- 2021.- 3 avqust.- S.16.