Hüseyn Cavid -
Naxçıvan haqqında şeir
Bu gün gəncliyə baxsan,
Bir sel kimi hər
an
Sağlam, yeni məfkurələr izlər.
Bizlər?
…Bizlər yeniləşsək
belə, daim,
Bir əskilik az-çox bizə hakim…
…Onlar qoşacaq, çarpışacaqlar,
Bir çox
uçurumlar aşacaqlar.
Lazımsa cəhalətlə güləşmək,
Bir çarə var: ancaq yeniləşmək!
Bu şeir parçasını
nə zaman oxusan, yenidir. Yüz il, bəlkə
də ondan çox qabaq yazılıb. Cavid yazıb… Bizim Cavid! Təkcə
“İblis” əsəri
ilə bizdən çıxıb bəşərə
meydan oxuyan Cavid. Məddahlığa
boyun əymədiyi üçün uzaq Sibirə sürgün edilib, buzlaqlarda qərib ölən, qırx bir ildən
sonra Naxçıvanda
anadan olduğu evin qarşısında ikinci dəfə məzara qoyulan Ustad Cavidimiz…
Ədəbiyyatdan az-çox anladığım
üçün bəzən
başqa peşə sahibləri bir məlumatı dəqiqləşdirmək
üçün mənə
üz tutar. Bildiyimi əminliklə deyirəm,
bilmədiyimi yox.
Amma bu dəfə
verilən sual qarışısında çaşıb
qaldım:
-Hüseyn Cavidin
Naxçıvan haqqında
yazdığı şeiri
bilirsinizmi?
Bir anlığa
mənə elə gəldi ki, həqiqətən belə
bir şeir var, mənim xəbərim yoxdu. Sual verənin üzünə
sualla baxanda gülümsünüb davam
etdi:
-Naxçıvanlı olduğu
üçün deyirəm.
Bütün naxçıvanlı
şairlərin bu mövzuda çoxlu şeiri var. Necə ola bilər
ki, Cavid yazmasın.
Müsahibimin dərdini başa
düşüb, dərindən
köks ötürdüm:
-Cavid dünyanı məhv edən İblisləri özünə
dərd etdiyi üçün, Naxçıvanı
düşünməyə, onu vəsf etməyə
vaxtı olmayıb.
Ardınca əlavə etdim:
-Yəni bəşəri şair olmaq bu deməkdi. Doğulub böyüdüyü
torpaq da bəşərin bir parçası olduğu üçün yazdıqlarından,
sözsüz, Azərbaycana,
Nəqşi-cahana da
pay düşür. Əksər yazdıqlarında
da mövzuya əsil azərbaycanlı missiyası ilə yanaşıb. Dünya bir
azərbaycan şairinin
gözündə necə
görünür, elə
baxıb. “Azər”
poeması buna misal ola
bilər. Azər obrazı şairin
özüdü, müasiridi. O, dünyanın
gedişatına yeni düşüncə, təfəkkürlə
yanaşır. Qərblə Şərqi müqayisə
edir. Əsərdə
bir parça var. Qulaq as, Cavid deyir ki:
Şərq elləri əlçatmaz
“xəyal” üçün
yaşarkən,
Qərb
aləmi az
da olsa həqiqətdən
xoşlanır.
Şərqin sönük duyğusuna
afyon ruhu qoşarkən,
Onlar yeni bir silah kəşfini
səadət sanır.
Şərq uğraşır yalnız
“ölməyim” deyə,
Qərb elləri maildir
öldürməyə.
Ya o, ya bu qoşar
durar hər bir dilək peşində,
Məqsəd ancaq yarışı yok, bir həyatı
xoş bulmaq.
Şərqə görə o diyarda
azad ikən düşüncə,
Yazıq!.. Yenə mümkün deyil
didişmədən qurtarmaq.
Bu bəşəri müqayisə
bu gün də keçərli deyilmi, sizcə?
Qarşımdakı insan:
-Mən heç burasını düşünməmişdim.
Gedirəm Cavidi təzədən
oxumağa.Yəqin ki,
hələ Ustadın
anlamadığımız çox
fikirləri var. Biz beləyik
də, özümüzünkünü
qoyub başqalarını
pəh-pəhlə oxuyuruq.
- Çox təəssüf…
Ömrü faciə olan Hüseyn Cavidin istər tarixi dram əsərlərini,
istərsə də faciələrini oxusanız,
nəinki dünya klassiklərindən geri qalmadığını, hətta
fəlsəfi fikirləri
ilə onları kölgədə qoyduğunu
görərsiniz…
Mənə primitiv bir sualla
müraciət edənin
ürəyində sönməyəcək
bir Cavid işığı yandırdığıma
əmin olduqdan sonra fikirlərimlə baş-başa qaldım.
Bir xörəyi
birinci dəfə yeyəndə çox ləzzətli olur. Hələ hər
ədvası yerindədirsə,
o ayrı bir zövq verir. Təkrar qabağına gələndə,
(gündə gəlirsə,
lap pis) miciliyirsən,
yəni iştahasız
yeyirsən. Sonra da adı gələndə üz çevirirsən.
Eyni adam
tərəfindən bir
mövzuda yazılan əsərlər də belədi. Bir də görürsən, biri
bağı tərif edir:
Bağ gözəl görünür
dağlar qoynunda,
Bülbül tora düşüb ağlar qoynunda.
Keçirsən o biri şeirə:
Dağların qoynunda bağ da gözəldir,
Bülbülü öldürmə, sağ da gözəldir. ( sovet psixologiyası, üslubu da üstündə!)
Bilirsiniz də, (bəlkə də bilmirsiniz) mən Naxçıvan radiosunda əsasən, poeziya ilə bağlı verilişlərlə
çıxış edirəm. Həsən
keçəl, ya da keçəl Həsən mənasını
verən şeirlər
təsadüfən ard-arda
düşəndə rejissorum
da dillənir:
-Elə bil təkrar
oldu axı?
Təkrarçılıq, təkrarçılıq, yenə
də təkrarçılıq. Şairin
özü-özünü təkrar etməyi bir yana,
şair şairi bilərəkdən təkrar
edəndə, onda vay düşür ürəyimə. Kənara
çıxmıram, Naxçıvan
ədəbi mühitində
sözə sahiblik edəcək şairlər
var. Əvvəllər də
olub, indi də var. Naxçıvan
haqqında şeir yazmayan,
-İblis nədir? Cümlə
xəyanətlərə bais,
Ya hər kəsə xain olan insan
nədir?- İblis!-
deyən
Ustad Cavid, qələmindən başqa
heç bir söykənəcəyi olmayan,
-bir qayaya söykənmişəm,
deyirəm kaş,
daşa dönəm
yavaş-yavaş..-
deyən Məmməd
Araz, doğma yurdu haqqında sözün əsil mənasında bir-birindən
fərqli poeziya nəğmələri yaradan,
-Dünyada hər yerdən xoş gəlir mənə
bu Şərqin qapısı, Şərqin
gu şəsi…deyən İslam Səfərli, bu dünyanın ağzındakı
hansı daddı bilməyən,
Dönüm azad bir qartala,
Vəzifəm, çinim olmasın...-arzusuyla şərəfli bir ömür qoyub gedən Vaqif Məmmədov, eyni anda üç
missiyanı- şair, əsgər, ziyalı missiyasını yerinə
yetirən,
Söz karvanım yola çıxdı yaz ilə,
Sinəmdəki həsrət ilə,
köz ilə,
Ayrılığın köklədiyi saz ilə,
Axtar məni, soruş məni, tap məni. – sorağı ilə bu gün
xəstə yatağında
gözünü qapıya
tikib, qələm dostlarından bir salam gözləyən, Səhlab Məmmədov, bir gün vətəndən
vətənə vətən
aparmaq istəyən,
Mən nə sonun başlanğıcı,
nə başlanğıc
sonundayam.
Kainata nur çiləyən
bir nöqtənin donundayam.- düşüncəsi
ilə dünyanı ovcuna alan Xanəli
Kərimli, yerdəkilərlə
işi olmayıb, ömrü boyu göy üzü ilə danışan,
-Nə yaxşı udmayıb gecə gündüzü,
Nə yaxşı göydədi
hələ göy üzü..- deyə yavaş-yavaş
özünü oxuyan
Hüseyn Bağıroğlu,
xoşbəxtliyi sabun
kimi sürüşüb
əlindən çıxan,
torpağı öpüb-qoxlayıb
əyninə geyən,
-Elə düyünlər var açmayaq deyə,
Allah düyün vurmuş
düyün üstünə. –deyib, qaşlarını düyünləyən
Rahil Tahirli, təkliklərdən yorulub,
adamsızlığa üz
tutan,
-Hamıya həbs olunsan da,
Hamıdan azadsan mənə…
-misraları ilə yoluna davam edən
Elxan Yurdoğlu, Yer üzünü külək qanadlarına yığıb Tanrıya
əmanət edən,
yol boyu özünə məzar qazıb özünü öldürərək diri
qayıdan,
Üzür ruhun gəmisi
dünyanın boş üzünə,
Qəddarlıqla yoğrulmuş
bir az da xoş üzünə...-
deyib, ömrünü
sonsuzluğun sonunu görməyə bağışlamış
bəndəniz və bu kimi söz
sahibləri var.
Hə, bir də, Naxçıvanın
tarixi yerlərinə poeziya dililə səyahət etmək istəsəniz,
Tanrının ərki insafa,
Yoxsulun ərki
azadır.
Buludun ərki yağışa,
Şairin ərki kağızadır.
Zəngin insafını,
Yoxsul azını,
Bulud yağışını,
Şair kağızını
Zümzümə edir hər gün sakitcə.
Ən gözəl xorunu oxuyur bəşər,
Xor oxuyur beləcə…-deyən Muxtar Qasımzadəni oxuyun.
Adını çəkdiyim bu və bu kimi şairləri oxumaq, sizi bilmirəm, mənə çox şey qazandırır. Amma təkrar biliyin anasıdır deyimini yanlış anlayıb, cild-cild, kitab-kitab beynimizi döyənək edən şeirlər də çoxdu.
Sözsüz ki, qeyd etdiyim və etmədiyim (üzrlü sayın, ancaq yaddaşımda olanları mətnə gətirdim) şairlərin hər birinin yaradıcılığı haqqında geniş mətnlər yaza bilərəm. Amma bu gün mövzu o deyil. Cavidin yeniliyə səsləyən misraları ilə başlamışdım. Tanrısı gözəllik, sevgi olan şairim… Həyatdan əsərlərinə, əsərlərindən həyatına gətirdiyi İblislərlə ömrü boyu savaşan, bəşəriliyi ilə sonunda bütün mənfi tiplərə qalib gələn Ustadım… Kaş bu gün Naxçıvanda olub, onun bu gününü bir nəzmə çəkəydin. Tarixi dramları, faciələri- bütöv külliyatı ilə Şərqin qapısından dünyaya günəş kimi boylanan Söz aynasının əsərləri onu hələ də başa düşməyənlər tərəfindən vaxtilə çox tənqidə məruz qalmışdı. Yadıma sadə bir aktyorun dediyi fikir düşür:- “Cavidi tənqid üçün ikinci bir Cavid lazımdır ki, o da bizdə yoxdur”
Bir status paylaşmışdım keçənlərdə: Oxuyub düşündüyüm, oxuyub güldüyüm, oxuyub ağladığım, oxuyub öldüyüm, oxuyub dirildiyim şeirlər var. Hüseyn Cavid Naxçıvan haqqında ürək yanğısı ilə, qürurla oxuyub dirildiyim şeirdi. Ustad Naxçıvan haqqında şeir yazmasa da, Cahanın oxuyub bitirə bilmədiyi Cavid şeiri var… Bir də dünyanın ən zərif canlısı olan qadınlara böyük sayğısı vardı Ustadın:
Qadın gülərsə, şu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
Bu misraları oxuyub dərindən gülümsəyirəm. Ustadın sözündən çıxmaq olmaz axı...
Təranə Arifqızı
Naxçıvan radiosunun əməkdaşı
525-ci qəzet .- 2021.- 3 avqust.- S.15.