"Ana dili
millətin taleyidir"
1 avqust - Azərbaycan
əlifbası və Azərbaycan dili günüdür. Bu tarix Ümummilli lider Heydər Əliyevin "Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən qeyd edilir. Fərman Azərbaycan dilinə,
onun inkişafına dövlət qayğısının
ən bariz nümunəsidir. Heydər
Əliyevin qətiyyəti,
siyasi iradəsi və prinsipiallığı
nəticəsində respublikamız
həmin tarixdən etibarən tam şəkildə
yeni əlifbaya - latın qrafikalı
Azərbaycan əlifbasına
keçid etdi.
Azərbaycan dili özünün hazırkı səviyyəsinə
çatana qədər
müxtəlif tarixi mərhələlərdən keçib. Ulu öndərin
şəxsi təşəbbüsü
və qətiyyəti,
sarsılmaz iradəsi
və ciddi səyləri ilə
1978-ci ildə Azərbaycan
Sovet Sosialist Respublikasının Konstitusiyasına
Azərbaycan dilinin dövlət dili olması haqqında ayrıca maddə daxil edilib. Sovet İttifaqında bu cür ciddi
məsələnin həllinə
nail olmaq heç də asan deyildi.
Azərbaycan dili xalqımızın milli varlığını
müəyyən edən,
azərbaycançılıq məfkurəsinin əsasında
duran mühüm amillərdəndir. Ulu öndər Azərbaycan
dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir
dünyada müəyyən
ictimai-mədəni mövqeyi
olan bir xalqın milli sərvəti kimi yanaşırdı.
Azərbaycan dili ilə bağlı vacib addımlardan biri də Ulu öndər
Heydər Əliyevin
2002-ci il sentyabrın 30-da imzaladığı
"Azərbaycan Respublikasının
dövlət dili haqqında" Azərbaycan
Respublikasının Qanunudur.
Müstəqil Azərbaycan
dövlətinin ana dilinə hərtərəfli
qayğısını təcəssüm
etdirən bu qanunda dövlət dilinin işlənməsi,
inkişafı, saflığının
qorunması, ədəbi
dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik
elminin nəzəri və tətbiqi sahələrinin inkişafı
üçün lazımi
şəraitin yaradılması
və s. kimi məsələlər də
nəzərdə tutulub.
Dil elə bir ictimai varlıqdır
ki, orada xalqın mədəniyyəti,
ədəbiyyatı, məişəti,
dünyagörüşü, bir sözlə, bütün göstəriciləri
öz əksini tapır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, onu inkişaf etdirən ən güclü vasitədir.
Bu gün Azərbaycan
dövləti dilimizin
cəmiyyətdə rolunun
daha da möhkəmlənməsini
təmin edir.
Dövlət müstəqilliyimizin başlıca
rəmzlərindən olan
Azərbaycan dilinə
qayğı Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarda
öz əksini tapıb. Cənab Prezident
İlham Əliyevin 9 aprel 2013-cü il
tarixili sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın
tələbələrinə uyğun istifadəsinə
və ölkədə
dilçiliyin inkişafına
dair Dövlət Proqramı" ana dilimizin hərtərəfli
inkişafı və tətbiqi baxımından
böyük əhəmiyyət
daşıyır.
Dil, sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda, ədəbiyyatdır, tarixdir, millətin taleyidir. Dili öyrətməyin özü sevgi üzərində qurulmalıdır. Hər bir şəxs dünya mədəniyyətinə bələdçiliyini dil vasitəsilə əldə edir. Dil insanları bir-birinə bağlayır. Azərbaycan dili hər bir şəxsdə Vətən anlayışını doğmalaşdırır, Azərbaycanı bu ölkədə yaşayan hər bir vətəndaşın vətəninə çevirir. Dilimizin nüfuzunu artırmaq üçün düzgün danışmağı və yazmağı bacarmalıyıq.
Dilçilik İnstitutunda dilimizin saflığının qorunması, ədəbi dil normalarının pozulması faktlarının qarşısının alınması sahəsində məqsədyönlü addımlar atılır. Son illərdə Dilçilik İnstitutunda "Azərbaycan dilinin yeni sözlər və mənalar lüğəti", "Azərbaycan dilinin Orfoqrafiya lüğəti" nəşr olunub. "Azərbaycan dilinin Orfoepiya normaları" hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Hal-hazırda "Azərbaycan dilinin Orfoepiya lüğəti" və "Qarabağ Dialektoloji atlası" çapa hazırlanır.
Azərbaycan dili həm dil quruculuğu prosesinə, həm də dildə gedən prosesə hər zaman həssasdır. Dilimizi vətənimiz kimi qorumalıyıq və sevməliyik.
Təranə ŞÜKÜRLÜ
Filologiya üzrə fəlsəfə doktoru,
dosent, AMEA Nəsimi
adına Dilçilik İnstitutunun
Mətbuat xidmətinin rəhbəri
525-ci qəzet .- 2021.- 3 avqust.- S.13.