Bütün yumurtaları bir
səbətə yığmayın
Anton Çexovun "Bektaşi
üzümü" hekayəsinin
qəhrəmanı İvanoviç
bütün həyatı
boyu bir malikanə almaq və həmin malikanənin həyətində
bektaşi üzümü
yetişdirmək arzusu
ilə yaşayır və bütün həyatını bu xəyalını gerçəkləşdirmək
üçün həba
edir. Yemir-içmir, gəzmir, gecə-gündüz
işləyir, yenə
də arzusunda olduğu mülkü almağa pulu çatmır. Öz gücünə
o pulu toplaya bilməyəcəyini başa
düşən İvan
pul üçün zəngin, eybəcər, dul bir qadınla
evlənir. Varlı qadının
pullarını da öz pulları kimi xəsisliklə xərcləyir. Zəngin həyatdan
gələn bu qadın İvanoviçlə
yaşadığı həyatın
çətinliklərinə dözə bilməyib, qısa zamanda vəfat edir və nəhayət, İvanoviç bütün
həyatını uğruna
sərf etdiyi arzusuna çatır.
Xəyalındakı mülkü alır
və həmin mülkdə 20 ədəd
bektaşi üzümü
kolu əkdirir.
İvanoviç üçün xoşbəxtlik
arzuladığı mülkdə
oturub öz mülkündə yetişən
bektaşi üzümünün
barını yemək
idi. Çexov İvanoviçi
bu arzusuna çatdırır, amma...
Amma bu arzunun həsrəti ilə keçən çətinlik dolu bir ömür bu arzunun vüsal
sevincindən daha ağır gəlir. Xoşbəxtliyi mülkündə oturub bektaşi üzümü
yeməkdə görən
İvan bir ömürü bədbəxt
yaşamağa razı
olur. Çexov İvanoviçin taleyinin timsalında oxucuya taleyüklü bir sual verir.
Dəyərmi?
Bütün arzuların, savaşların,
ağrıların cavabı bu sualdan keçir. Həyatı amalı hesab
etdiyiniz xəyal üçün mütləq
ki, nələrisə
qurban verməli oluruq. Əlahəzrət həyat heç
nəyi bədəl ödəmədən vermir.
Bəzən insan xəyalına
o qədər düşkün
olur ki, ödədiyi bədəlləri
görə bilmir, ya da görmək
istəmir.
Bu "korluq" bir
tərəfdən yaxşıdır. Ona görə
yaxşıdır ki,
insan bir şeyi bütün varlığı ilə istəyib savaşanda məqsədə çatmaq
daha real olur. Çünki sən həyatındakı digər
şeyləri ali məqsədindən
aşağıda gördüyün
üçün rahat
qurban verə bilirsən. Məsələn, çatmaq istədiyin
məqam üçün
gənclik illərini səhərdən-axşama qədər
işləyərək keçirmək
səni qorxutmur.
İşləyirsən, savaşırsan, ya qazanırsan, ya məğlub olursan. Yox, pis olan tərəf təkcə uduzmaq yox, həm
də uğrunda savaşdığın qalibiyyətin
verdiyin savaşa dəyməyəcək qədər
önəmsiz olduğunu
başa düşməkdir.
Nə qədər ağıllı olursan ol, nə qədər ağılla addım atırsan at, “yolun başında verdiyin dəyərmi” sualının cavabını bəzən ancaq yolun sonunda tapa bilirsən. O son ki, orda sual “dəyərmi” “olmur, dəyərdimi” olur.
Bu sualın cavabını ancaq bütün ömrün boyu oturmaq üçün savaşdığın kresloya oturanda verə bilərsən. Bu sualın cavabını ona qovuşmaq üçün canını belə verməyə hazır olduğun adamla bir ömrü bölüşəndə başa düşə bilərsən. Bir sözlə, cavab illərin mübarizəsində gizlənir.
İllərini verdiyin adam, heç vaxt getməz dediyin adam bir gün eləcə çıxıb gedir. İllərini sərf etdiyin, min-bir əziyyətlə qurduğun işin bir səhvlə məhv ola bilir. Hamı gedə bilər, hamı xəyanət edə bilər, bircə özünüzdən bərk yapışın, özünüzdən. Özünüzə qulaq asın, insan öz ürəyinin səsi ilə girdiyi savaşlarda məğlub olanda onu məğlubiyyət daha az incidir. Onda İvanoviçin taleyini yaşamaq da o qədər ağrıtmır.
Əlbəttə, o iş üçün də, o adam üçün də xoşbəxliyini onda zənn etdiyin üçün mübarizə apardığını düşünürsən. İvanoviçin bektaşi üzümünü xoşbəxtlik zənn etdiyi kimi.
İvanoviçin taleyini kimsə, nəsə mütləq ki, bizə yaşadacaq. Heç birimiz bir bektaşi üzümü peşmanlığından
sığortalanmamışıq. İvanoviçin
taleyini yaşamaq istəmirsinizsə, məşhur bir
deyimdə deyildiyi kimi,
"bütün yumurtaları bir səbətə yığmayın". Bir adam üçün, bir iş üçün,
bir insan üçün bütün
həyatını qurban vermək İvanoviçin taleyini
gözə almaqdır. Əgər bir ömür tək bir səbəti
daşımalı olsanız, o səbət
əlinizdən düşəndə bütün
yumurtalarınız o səbətdə
qırılacaq. İkinci bir səbət götürməkdən
qorxmayın. Həyat bir qab
bektaşi üzümündən daha artıq olmalı...
Aytac
SAHƏD
525-ci qəzet .- 2021.- 4 avqust.- S.23.