Sən özün bir kitabsan
Onun cismani yoxluğundan sonra qələmə
söz verdim, onun haqqında olan ürək sözlərimi,
onu sevənlərin ürək sözlərini bir yerə
toplayıb yazacağam deyə... Əslində, onun həyatda
olduğu anlarda da, onunla danışdığım
mövzularda belə özünə deyə bilməsəm də,
ürəyimdə hər zaman dediyim bir cümlə vardı:
"Sən bir
kitabsan". Biz kitab ifadəsini kağızdan
hazırlanan səhifələr, onlar üzərindəki
yazılar, qalın üzlüklü və cildlər şəklində
olan insan məhsulu bilirik. Amma Tanrının örnək
bilinən insan
adlı məhsulu olan kitablar daha dəyərli, daha
mənalı, daha əzəmətli daha möhtəşəm
olur. Çünki o kitabın mərkəzində fədakar, geniş bir ürək,
bəşəriyyətə fayda verən bir düşüncə, eyni zamanda, səsi,
gülüşü, danışığı, nitqi onu tanıyanlara elm, ədəb təqdim edən bir ruh var olmaqdadır. Məhz
buna görə də Tanrının yaratdığı bu əsər
özündən sonra da danışılır, müzakirə
olunur, oxunur və sevilir. Tanrı nadir kitablarını,
yəni seçilən insanlarını pak olmayan mühitdə
yaratmaz, yetişdirməz. Haqqında
danışdığım insan Yaradanın bir elə-obaya,
bir nəslə bəxş etdiyi Tanrının ilham payı
İlham Abbas oğlu Mazanlı şəxsiyyətidir.
Sazlı-sözlü,
mənəviyyat çeşməsi olan qədim türk eli, türk yurdu olan Göyçə
mahalında, Abbas Əli oğlunun ocağında göz
açdı dünyaya. Evin, ailənin ikinci
övladı olsa da, ilk oğul payı idi. Göyçənin qarlı-çovğunlu bir fevral
günü dünyaya gözlərini açmışdı
İlham. Əsl türk antropoloji xüsusiyətinə
sahib olan sarı saçlı, mavi gözlü ilk oğul
payı dünyaya gəlmişdi o gün. İlham
Mazanovun hər iki babasının, Göycənin
tanınmış ağsaqqalları olan Əli Namazov və
Oruc İbrahimovun sevimli nəvə payı gəmişdi
dünyaya. Ondan sonra ailədə
dünyaya gələn oğul və qızların sayı
artsa da, yenə də seçilirdi İlham.
Ətrafında əmilər, dayılar, xalalar, bibilər pərvanə
kimi
fırlanıb əzizləyərək
böyütdülər onu. Balaca İlham geyinib, keçinib məktəbə
qədəm qoydu Göyçə mahalının Cil kəndində...
Dağların təmiz havasından udub, sərin
bulaqların müqəddəs
suyundan içib torpağın bağrında boy atan köklü bir ağac
kimi böyüdü, boy atdı. Qonaqlı-qaralı
Mazanovlar ailəsinin ilk oğul payı beləcə məktəbi
bitirdi. Atası Abbas Mazanovun
müxtəlif dövrlərdə yüksək dövlət
vəzifələrində işləməsi, Göyçə
camaatına yardımsevərliliyi
ilə bərabər, eyni zamanda, həm də gözəl
folklor bilicisi, Göyçə aşıq məktəbinə
bələd olması, şeirə, dastana olan dərin
marağının sayəsində
bu evdə ədəbiyyata marağın olmaması
mümkün deyildi. Bəlkə də buna
görə idi ki, İlham Mazanlı hələ məktəb
yaşlarından şeirlər yazırdı. Kim bilir, bəlkə də elə bu maraq onu Bakı
Dövlət Universitetinin jurnalistika fakültəsinə gətirib
çıxarmışdı. Birinci kursun ilk semestrinin tətilində
doğma kəndinə qayıdarkən nənəsinə, babasına və
anasına tələbə payı alıb sevindirmişdi
İlham... Bütün bunlar böyüklərinə qayğının və
sevdiklərinə diqqətin
nümunəsi idi.
Tələbəlik illərində çox yaxın
dostları vardı. Mən baba-nənə yanında böyüyən balaca məktəbli qız
idim. İlham dayımın tələbə
yoldaşları gəlirdi kəndə. Göyçənin
gəzməli, tarixi yerlərini, sərin bulaqlarını gəzdirərdi
babam onlara. Gedərkən də kənd
sovqatı bir adət idi Göyçədə. Elə gənc
yaşda o qədər səmimi, o qədər möhkəm dostluq
bağları qurmuşdu ki, ətrafı
ilə o dostluqlar illərə meydan oxuyacaq qədər uzun
ömürlü oldu. Məhz həmin dostluqlar amansız xəstəliyin
ayırdığı günə qədər də davam
edirdi...
Göyçənin qonaqpərvər ziyalısı,
atası Abbas Mazanovun arzusu İlhamı daha yüksək məqamlarda,
daha yüksək kürsülərdə görmək idi. Məhz bu arzu
ilə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin
məzunu İlham Mazanlı 1988-ci ildə Rusiya Prezidenti
yanında Dövlət Qulluğu Akademiyasının kütləvi
informasiya vasitələri kafedrası üzrə
aspiranturasına daxil olmuşdur. 1991-ci ildə may ayının 30-da "Mətbuat millətlərarası
münasibətlərin təkmilləşdirilməsi
amili kimi" mövzusunda namizədlik dissertasiyasını
müdafiə edərək tarix elmləri namizədi
adını almışdır. Onun iş fəaliyyətləri siyahısında Bakı Ali Partiya məktəbi,
Azərbaycan televiziyasında ilk canlı efir aparıcılığı,
"Azərbaycan kommunisti" jurnalı, Bakı Sosial İdarəetmə
və Politologiya institutu, Gənclər və İdman nazirliyi,
Azərbaycan Respublikası Nazirlər Kabineti strukturunda Beynəlxalq
Humanitar Yardım üzrə Respublika komissiyası
işçi qrupunun rəhbəri, Qaçqın və məcburi
köçkünlərlə iş şöbəsi
müdirinin müavini, Beynəlxalq Humanitar təşkilatlarla
iş bölməsinin müdiri vəzifələri də
olmuşdur. İlham müəllim eyni zamanda, Şərqi
Avropada və postsovet məkanında yerini dəyişmiş əhalinin sosial-hüquqi problemlərinin həlli üzrə Cenevrə prosesinin üzvü olmuş və hər il
illik konfranslarda iştirak
etmiş, Avropa İttifaqı ilə
Azərbaycan Respublikası İqtisadi Əlaqələr
Komissiyasının qaçqın və köçkünlərin
problemləri ilə balı müzakirələrdə fəal
iştirak etmişdir.
1998-ci ildə Heydər
Əliyevin 1 iyul tarixli sərəncamı ilə
Qaçqınların və məcburi köçkünlərin
problemlərinin həlli üzrə Dövlət
komissiyasının tərkibinə daxil edilmişdir. 2001-2011-ci illər ərzində Beynəlxalq Miqrasiya
Təşkilatının Azərbaycandakı Nümayəndəliyində
Miqrasiya İnformasiya Mərkəzinin direktoru vəzifəsində
işləmişdir. Müxtəlif illərdə dünyanin müxtəlif
ölkələrində keçirilmiş tədbirlərdə
Azərbaycan hökumətini təmsil etmişdir.
2003-cü
ildən Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika
kafedrasının
dosenti olmuşdur. 300 məqalənin,
5 kitabın müəllifidir.
Bəli, bütün bunlar İlham Mazanlı şəxsiyyətinin
bu günə qədər əldə etdiyi nailiyyətlərinin,
həyat yolunun qısa tarixçəsi idi. Təəssüf
ki, dünyanın ölüm adlı bir həqiqəti var.
Heç bir yaranan insan bundan qaça bilməz. Amma ölümün də geci-tezi var.
Ölümün tez olanı yazıldı onun qismətinə.
Bəzi insanlar var ki, onlar
yaşayışları ilə nümunə olurlar, bəzi
insanlar da var ki, onlar ölümləri ilə nümunə
olurlar. Məncə, o, ölümü ilə
nümunə olanlardandır. Çünki İslam
Peyğəmbərin belə bir hədisi var: "Necə
yaşasanız, elə ölərsiniz". Bu
sözün dərin fəlsəfi anlamı var. Bu o deməkdir
ki, şərəfli ölüm şərəfli həyatın
aynasıdır, nümunəvi həyat nümunəvi
ölümü formalaşdırır. İnsanın
yaşadığı bütün həyatı, onun failiyyət nöqtəsi
ölüm ilə tamamlanır. Ölüm həyat
adlı yalanın tək gerçəyi, insanın ən son
heyrətidir. Əslində, ölüm həyatın
ən təmiz güzgüsüdür. Amansız xəstəliyin
cəngində çırpınanda belə o qədər
güclü, o qədər əzmkar, o qədər həyat
dolu bir
davranış sərgilədi ki, üzündəki
təbəssüm, çöhrəsindəki nur ölüm
anında belə yox olub getmədi.
Bir quş
uçuşu qədər xəfif, heç kəsi
üzməyəcək qədər gizli, səssiz-səmirsiz
getdi bu dünyadan. Səhhətində yaranan problemlərlə
bağlı olaraq yerişində, hərəkətində
yaranan çətinliyi o qədər ustalıqla göstərməməyə
çalışırdı ki, heç kəs onun daxilində
gedən amansız xəstəliyin izlərini belə görə
bilmədi.
Uzaqlarda
qalan, yurd yeri olan müqəddəs Göyçə
mahalını, doğulduğu kəndini çox sevirdi... Həmişə
Ahmet Kutsi Tecerin məhşur bir şeirini təkrarlayırdı:
Orda bir kənd
var uzaqda,
O kənd
bizim kəndimizidir.
Gəzməsək
də, tozmasaq da,
O kənd
bizim kəndimizdir.
Onun itkisi
hər doğmasına bir cür təsir etdi: Yaşlı
ata-anasına bir ayrı, atadan daha çox dost olmağı
bacardığı övladlarına bir ayrı, heç vaxt qəlbini
qırmadığı, incitmədiyi
bacı-qardaşlarına bir ayrı, ömür-gün
yoldaşına bir ayrı... Amma mənim üçün
gülər üzlü, həlim xarakterli, zərif yumor hissli
dayı, həm ziyalı şəxsiyyətli bir insan olmaqla bərabər,
həm də mənim iş yoldaşım idi. Eyni
binada işləyirdik biz. O, üçüncü, mən
isə dördüncü mərtəbədə... Demək
olar ki, hər iş günü görürdüm onu. Uca
boylu, səliqəli geyimli, gülər üzlü, əlində
portfeli, ya da kompüteri... Uzaqdan hər görəndə sevinir, yaxınlaşıb
görüşür, fəxr edirdim onunla... Tələbələrin
sevimlisi idi. Tələbələr onu həm
xarici görünüşünə görə, həm də
dərs keçmə üslubuna görə daha çox
avropalılara bənzədirdi onu. Əsl
alim, əsl ziyalı mədəniyyəti, davranışı
var idi onda. Adi bir suala belə o qədər dərin və
elmi bir cavab verirdi ki... Sakit, aramlı
danışığı içində incə yumoru gülüş gətirirdi qarşısındakına.
Millətini, xalqını həddindən artıq çox sevirdi. Hətta özü danışırdı ki, Moskvada arxivdə kitablarının birini yazarkən bəzi milli məsələlərdəki faktları üzə çıxarmaması üçün ona təzyiqlər olunmuş, zənglər edilmişdi. Lakin bunlara baxmayaraq, o kitabı lazımınca ərsəyə gətirərək təhvil vermişdi. Millətinin maariflənməsini, tələbələrin təəssübünü o qədər üstün tuturdu ki, bunun xalqın təhsilli gələcəyi naminə özünə bir fədakarlıq kimi qəbul edirdi. Çap etdirdiyi kitablarını təmənnasız olaraq tələbələrə paylayır və bunu özünə xüsusi bir borc bilərək etdiyindən özünü xoşbəxt sayırdı. Bir dəfə səhhətinin ağır zamanlarında ziyarətinə getmişdim. Daha çox elmi söhbətlər etməyi xoşlayırdı. Maarifçi ziyalılardan Nəcəf bəy Vəzirov haqqında bir hadisə danışdı: Nəcəf bəy ömrü boyu öz əsərləri üçün qonorar almamışdır. 1913-cü ildə "Kaspi" qəzetinin müxbiri ondan soruşur:
- Nə üçün bədii əsərlərinizdən qonorar almırsınız?
Vəzirov belə cavab vermişdi: "Mən hələ vicdanımı itirməmişəm ki, xalqımın maariflənməsinə kömək edən yazılarımdan qazanc götürüm.
Sonda Nəcəf bəy Vəzirovun işlətdiyi cümləni söyləyəndə cümləsinin sonunu güclə gətirdi, gözləri doldu, səsi titrədi, dodaqları əsdi... Çünki o, özü də eyni düşüncəyə sahib ziyalı idi. Bu, əslində, onun özünün hər bir tələbəsinə olan münasibəti idi. Eyni amal və əqidə ilə o da xalqının övladlarına N.B.Vəzirov kimi, H.B.Zərdabi, Cəlil Məmmədquluzadə, Sabir kimi təmənnasız elm öyrətmək istəyirdi. Bəlkə buna görə idi tələbələrinin ona olan bu sevgisi? Bəlkə onda olan yüksək mədəniyyətə, kübar davranışına görə idi ətrafının onu hörmət və sevgi selinə bürüməsi?
Bəli, əslində, mən onun haqqında yazdığım bütün bu fikirlərimi o həyatda olarkən özünə də demək istədiyim fikirlər idi... Amma bilirdim ki, o, özünün təriflənməsini sevməyəcək qədər təvazökar biri idi.
Hər insan ömrü bir kitabdır. Amma hər
ömür sahibi olan insan bir kitab deyil. Hamı
kimi dünyaya gəlsən də, dünyadan fərqli bir insan
kimi getdin. Dünyanı elminlə,
kitablarınla bəzədin. İşlədiyin
sahəyə bəhrə verdin, fayda gətirdin. Azərbaycan jurnalistika ədəbiyyatına, tələbələrinə
miras qoyub getdiyin kitabların dünya durduqca duracaq, ruhuna rəhmət oxudacaq, sənə
minnətdar olacaqlar. Çünki sən əsl
alim ömrü yaşadın. Sonda fikrimi Hz.Əlinin bir
sözü ilə bitirmək istəyirəm: "Alim ölsə
də, yaşayar, Cahil yaşarkən də
ölüdür".
Odur ki,
SƏN DAİMA YAŞAYACAQSAN, İLHAM ABBAS OĞLU MAZANLI!
Aygün XƏLİLQIZI,
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2021.- 4 avqust.- S.21.