Nizami Gəncəvinin fəlsəfi
irsində "Ədalət" nəzəriyyəsi
(II yazı)
Şah və Ədalət
XX əsrin tanınmış
siyası filosofu Con Rauls siyasi fəlsəfədə
"Ədalət" nəzəriyyəsi
ilə məşhurlaşdı. O, tədqiqatlarının
ikinci dönəmində
Ədalət (Justice) məfhumunu
İnsaf (Fairness) məfhumu
ilə eyniləşdirdi.
Rauls ədalətli
olmağı insaflı
olmaq kimi dəyərləndirdi. Maraqlıdır, XII əsrin filosofu Nizami Gəncəvi Ədalət təbirini işlədərkən ardınca
İnsaf ibarəsini gətirir. "Sirlər xəzinəsi"
əsəri 20 bölmə
və ya söhbətdən ibarətdir.
Burada
2-ci və 4-cü söhbətlər
ədalət və insaf məsələsinə
həsr olunub. Nizami 2-ci söhbətdə ədalətin
və insafın əhəmiyyəti barədə
söhbət açır.
O, məmləkətin sabitliyinin
yalnız ədalətlə
mümkün olacağını
vurğulayır. Ədalət gələrsə, insanın
ağlı və zəkası sevinər.
Poemanın davamında 531-579-cu illərdə
İranda hökmranlıq
etmiş Sasani padşahı I Xosrov Nuşirəvan şahın
vəziri ilə söhbəti verilir. Onlar viran
qalıb xərabəyə
çevrilmiş bir kəndin yanından keçərkən səssiz
kənddən 2 toyuq səsi eşidirlər.
Vəzir
şaha dərhal ədalət məsələsini
xatırladır. Bildirir ki,
məmləkətin idarəçiliyində
ədalət prinsipi
hakim olmasa, gələcəkdə
viran qalmış kəndlərin sayı yüz minlərə çatacaq. Nəticədə, ölkə xarabalığa
çevriləcək.
Bu poemanın 4-cü bülümündə
məşhur bir hekayə nəql edilir: "Qoca qarı və Sultan Səncər"
hekayəsi. Sultan Səncər həmin dövrdə daim eyş-işrətdə olan,
ədalətdən xəbərsiz
Səlcuq hökmdarıdır.
Şəhər hakimi (Sultanın
təyin etdiyi hakim) bir qatili tapmaq
üçün qoca qarının evinə hücum çəkir, ondan zorla qatil
haqda məlumat istəyir. Qoca qarı isə
qatil barədə məlumatsızdır. Qarının Sultana şikayəti və ona dediyi sözlər
poemada yüksək bədii tərzdə təsvir edilir. Qoca qarı Sultanı qiyamət gününün
hesab-kitabı ilə qorxudur. Ona xatırladır ki,
şahın vəzifəsi
insanlara çətinlik
yaratmaq deyil, onların çətinliyini
həll etməkdir, zəiflərin başına
sığal çəkməkdir,
ac zavallıların komasına
işıq saçmaqdır,
yaralı könüllərə
dərman olmaqdır.
Deyir ki, şahdan xalqa həqarət gəlməz, güc-qüvvət
gələr. Ədalət, insaf budur.
"Sirlər xəzinəsi"nin 14-cü məqaləsində
yenidən rəiyyətin
şahla dialoqu yer alır. Qoca bir kişi zalım şahın zülmlərindən
danışır. Şahın xəfiyyəsi
bunu görür və şaha xəbər aparır.
Şah qocanı saraya çağırır. Qoca dəstəmaz
alır və saraya yollanır. Şahla üz-üzə dayanan qoca onun bütün
zülmlərini qorxmadan
deyir. Şah qəzəblənir. Qoca özünü onun qarşısında dayanan
güzgüyə bənzədir.
Şaha bildirir ki, güzgü sənin eyblərini sənə göstərərkən
güzgünü sındırma,
eyblərini islah et, aradan qaldır.
Bu sözlər şahın qəlbinə
yatır, rəftarını
dəyişir və ədalətli olmağa qərar verir.
"Xosrov və
Şirin" poemasının
əvvəlində Nizami
Sasani hökmdar Hürmüzün oğlu
Pərvizə qarşı
ədalətli rəftarını
şərh edir. Pərviz ova çıxır
və yorulur. Yaxındakı kəndlərdən birinə gedir və orada musiqi-şərab
məclisi təşkil
edərək səhərə
qədər əylənir.
Pərvizin atı kəndlilərin
həyətinə girib
icazəsiz otlayır,
qulu da icazəsiz
bir kəndlinin bağına girir. Xəbər Hürmüzə çatır
və o, dərhal oğlunu cəzalandırır.
Şair bu dastanı nəql etdikdən sonra atəşpərəstlik
dininə sitayiş edən Hürmüzün
ədalətini dövrünün
müsəlman şahlarına
nümunə kimi göstərir. Nizaminin ibarələrindən
məlum etmək olur ki, onun
fikrincə, müsəlmanın
ədalətli olmağı
daha vacibdir.
Əsərin sonunda Nizami yenidən fəlsəfi fikrin dərinliklərinə
enir. Zülmün qarşılıqsız
qalmayacağını bildirir:
"Həyat ədalətin
beşiyidir".
Bu, filosofun təsbitidir. Nə edirsənsə,
bunun bədəlini ödəyəcəksən. Kainat nizam-intizam, ədalət üzərindədir. Başqasına quyu qazırsansa, bir gün həmin
quyuya özün düşəcəksən. "Bütün cahana bir nida gəldi:
Kim başqasına pislik
edirsə, əslində,
özünə pislik
etmişdir". Çünki təbiət zülmkarı
cəzalandırır. Bu, mütləqdir.
Nizaminin “Xəmsə”sindən şahların
ədaləti və ədalətsizliyi haqda hekayələri nəzərdən
keçirdik. İndi isə onun ədalətlə bağlı
digər bir ideyasına baxaq. Bu, 16-cı əsrin siyasi filosofu Tomas Murun təbirilə desək, utopiya və ya ideal dövlət haqqında irəli sürdüyü
mülahəzilərdir.
Nizami və utopiya
Utopiya, ideal dövlət
modeli, ideal cəmiyyət
konsepsiyasıdır. Qədim yunan
filosofu Platon (e.ə. 4-cü əsr)
"Dövlət" əsəri
yazmaqla ideal dövlətin
strukturunu, şərtlərini
və əsaslarını
verməyə çalışdı.
Sonralar bu ənənə filosoflar tərəfindən
davam etdirildi. Müsəlman filosofu Əl-Farabi
(872-950) ideal dövlət nəzəriyyəsi
yaratdı. Utopiya ədalət
məsələsinə sıx
bağlıdır. Çünki məhz ədalətin ən yüksək olduğu dövlət,
ideal dövlət statusu
ala bilir. Nizami Gəncəvi
"İskəndərnamə" əsərinin son hissəsində
ideal dövlət barədə
düşüncələrini bölüşür, bunun
xüsusiyyətlərini, forma və məzmununu təsvir edir. O, peyğəmbərlik məqamına
çatdıqdan sonra
yenidən dünyanın
seyrinə davam edir. Bir şəhərə rast gəlir. Şəhər əhli səfa-səmimiyyət
içində yaşayır.
Şəhərin qapıları və
orada olan bər-bəzəkli dükanlar
qıfılsızdı. Qocalar İskəndərin pişvazına
gəlirlər. İskəndər
onlardan soruşur: Necə ola
bilir ki, sizin bağlarınız bağbansız, sürüləriniz
çobansızdır? Onlar
cavab verirlər: Bu şəhərin əhalisi
həqiqətən dinə
sitayiş edən insanlardı. Onların həyat meyarı
dürüstlük və
sədaqətdir. Əgər bizdən
kimsə ziyan görsə, hamı onun ziyanını aradan qaldırmaq üçün əlbir olur. Bizim cəmiyyətdə bərabərlik hökm sürür. Bizim varımız,
mal-mülkümüz bərabərdir.
Bu səbəbdən kimsə yoxsul deyil ki, varlılar
ona rişxənd etsin. Bizim dövlətə, hakimiyyətə ehtiyacımız
yoxdu. Axı heç kim
başqasının malına
göz dikmir, kimsə oğurluq etmir. Buranın əhalisi dünya
malına hərislik etmir, möhtəkirliklə,
var-dövlət yığmaqla
məşğul olmur.
Əgər ova getsək və
ovladıqlarımız çox
olsa, biz israf etmərik, ehtiyacımız
qədərində ondan
yeyərik. Bu şəhərin əhalisi
kifayət qədər
uzun ömür yaşadıqdan sonra dünyadan köçərlər.
Bu səbəbdən biz ölülərimiz üçün
üzülmərik.
İskəndər bütün bu gördüklərindən təəccüblənir
və qərara alır ki, onların
həyat tərzini seçsin.
Məşhur bir sual var: Cəmiyyət filosofu yaradır, yoxsa filosof cəmiyyəti? Bu sualın düzgün cavabı belədir: Şübhəsiz, cəmiyyətin sosial-siyasi durumu filosofun formalaşmasında əsaslı rola malikdir. Lakin filosof həmin cəmiyyətdə formalaşandan sonra oranın vəziyyətini və problemlərini tənqid edə bilər. Nizaminin yaşadığı dövr və ərazi Səlcuq sultanlarının Böyük Atabəylərinin hakimiyyətinə təsadüf etmişdi. Zülm, haqsızlıq ən yüksək həddə çatmışdı. Belə bir dövrdə yaşayan Nizami ömrünün bir neçə ilini cəmiyyətdən təcrid olsa da, o, xəlvətə çəkilib siyasi-fəlsəfi məzmunlu ədəbiyyat nümunələri yaradırdı, zalım hakimiyyətə qarşı ədəbiyyatın dili ilə mübarizə aparırdı. Bu, Nizaminin dühasının başqa bir səhifəsidir.
Mail Yaqub,
Fəlsəfə üzrə fəlsəfə
doktoru
525-ci qəzet .- 2021.- 4 avqust.- S.19.