Vətənin ən şərqi
"10 il əvvəl
adada suiti əlindən tərpənmək
olmurdu. Qayıqla ora yaxınlaşanda
mühərriki söndürürdük
ki, həm suitilər qorxmasınlar, həm də mühərrikin pərinə
dəyib zədələnməsinlər.
İndi suitilər
nadir hallarda adaya çıxırlar" - deyə
Namiq kişi
söhbətə başlayır.
26 ildir burada
çalışan, saç-saqqalını
burada ağardan Namiq Hüseynov buranın mühafizəçilərindən
biridir. Suitilərin yoxa çıxmasını
həm turist axını, həm də Xəzərdə suyun səviyyəsinin artması ilə əlaqələndirir. Yaxın keçmişdə
ada yarımadanın bir hissəsi idi. Suyun səviyyəsi artdıqca
ərazi adaya çevrildi. Bu da suitilərin populyasiya ərazisinin azalmasına səbəb oldu. Əsas da onların
sahilə yan almalarını çətinləşdirdi.
Heç
söhbətin haradan getdiyini demədim. Elə isə...
Buranı "Qartalın dimdiyi" kimi tanıyırıq. El arasında başqa adı "Şah dili"dir. Söhbət Azərbaycanın şərqdə
materikə bitişik ən ucqar nöqtəsindən,
Abşeron Milli Parkının ərazisindən
gedir. "Qartalın dimdiy"inə
çoxdan səfər
etmək istəyirdim.
Bakıda yaşayasan,
burada olmayasan... Ayıbdı! Bəxtimdən çox vaxt
sərt küləklərin
əsdiyi bu ərazidə hava sakit idi. Üstəlik, avqustun yandırıcı
günəşi buludların
arxasında gizlənmişdi.
Zarafat deyil, ən ucqar nöqtəyə gedib-qayıtmaq üçün
3 saata yaxın payi-piyada yol qət etməli idim. Üstəlik, qumluq və
bataqlıq yolla.
Təəssüratlarımı bölüşməmişdən əvvəl park və ərazinin tarixi haqqında qısaca məlumat verim. Azərbaycan xəritədə
qanadları açılmış
qartala, Abşeron yarımadası həmin qartalın başına, sözügedən ərazi
isə qartalın dimdiyinə bənzədiyindən
birinci adın haradan qaynaqlandığı
məlum olur.
"Şah dili"nin yaranması isə yüz illər əvvələ gedib çıxır. Keçmiş zamanlarda varlı
əyanlar bura ova gəlirmişlər və
yerli əhali şahların ov ovladığı ərazini
belə adlandırırmışlar.
SSRİ dövründə,
60-cı illərin sonlarından
bura yasaqlıq olub. Eyni zamanda, parkın
ərazisində hərbi
hissə yerləşib.
Sovet ordusundan qalma bunkerlər az deyil.
İmperiya dövründə, eyni zamanda, müstəqilliyimizin
ilk illərində nəzarət
zəif olduğundan bura brokonyerlərin ən sevdiyi yerlərdən biri idi. Təbii ki, vəhşi
heyvanların, quşların
necə gəldi ovlanması ərazinin faunasına ciddi ziyan vururmuş. Bunun qarşısını
almaq üçün
Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 8 fevral tarixli sərəncamı ilə
Abşeron Dövlət
Təbiət Yasaqlığının
bazasında yaradılan
Abşeron Milli Parkı indi brokonyerlərin deyil, turistlərin ən sevimli yerlərindən birinə çevrilib. Parkın ərazisi 783 hektardır.
Bunun 375 hektarı quru, 408 hektarı isə dənizə düşür.
Parkın girişindən
adanın son nöqtəsinə
qədər məsafə
10,4 km-dir. Arzuladığımız yerə 6 km avtomobillə, qalan məsafəni isə dənizin ən dayaz yerini
keçməklə piyada
getməlisən. Parkda onlarla
heyvan və quş məskən salıb. Onların təxminən yarısı
"Qırmızı kitab"a
düşən heyvanlardır.
Məsələn, bayaq
haqqında söz açdığımız dünyada
suitilərin ən xırda növü olan, "Ginnesin rekordlar kitabı"na düşən və Xəzərdə
məskunlaşan yeganə
məməli olan Xəzər suitisi. Yaxud adi flaminqo, kürən
vağ, qıvrımlələk
qutan və s.
Yolum "dimdiy"ədir. Təlimat
və qadağalarla tanış olduqdan sonra şərqə üz tuturam. Düzü, gözlədiyimin tam əksi olaraq yolboyu bir məməli
heyvana rast gəlmədim. Görmək
istədiyim çöl
qabanı, çaqqal,
canavar, ceyran... Hamısı
qeybə çəkilmişdi.
Görmək istəmədiyim canlı da var
idi - gürzə.
Məhz ağına da, qarasına da lənət oxunmuş məxluqun üzündən
Sovet dövründən
qalma bunkerləri görə, seyrçi qülləsinə çıxa
bilmədim. Heç yoldan
kənara bir addım da atmadım.
Lənətə gəlmiş
ilan qorxusu!.. Sonradan məlum oldu
ki, demə, heyvanlar da insanlardan
qorxurmuş və bu üzdən gözümüzə görünməməyə
çalışırlar. Bu haqda növbəti
abzasda. 5 km yorucu yoldan sonra
"dimdiy"in ucundayam.
Ətrafda dənizdən, qumsal
adadan və bir də uzaqda
parkın inzibati binasından başqa nəsə görünmür.
Amma bu yer adama
o qədər doğma
gəlir ki. Bəs necə, Vətənin hər qarışı doğmadı. Həyatımda ilk dəfə dalğaların
qovuşduğunu gördüm.
Qəribə hiss idi...
Qayıdan başı Namiq
kişi ilə xeyli söhbət etdim. Maraqlı həmsöhbətdir. Vəhşi heyvanların
görünməməsinin səbəbini soruşuram.
Deyir ki, bura turist axını
çox olduğundan heyvanlar gündüzlər
gizlənməyə, insanlarla
rastlaşmamağa çalışırlar:
"Biz onlardan qorxduğumuz
kimi, onlar da bizdən qorxurlar. Əraziyə daim nəzarət
olunur, müşahidələr
aparılır. Burada çöl
qabanı da var, canavar da,
çaqqal da, digər heyvanlar da. Hətta hamının görmək
istədiyi ceyran da. Bir neçə il
əvvəl parka 3 baş
- 2 erkək, 1 dişi
ceyran gətirmişdilər
ki, görək artım olacaq, ya yox. Ara-sıra ceyranlar
görünsə də,
yanlarında bala yoxdur. Ola bilsin
artmayıblar. Ya da balaları ya canavar, ya da
çaqqalın əlinə
keçib".
Turistlərdən söz
düşmüşkən, həqiqətən bura maraq böyükdür.
Park hər gün onlarla turist qəbul edir. Onların
arasında əcnəbilər
az deyil.
Əsas da soyuq aylarda
ziyarətçilər çox
olur. Bunun da səbəbi
parkda qışlayan flaminqolardı. Hər halda
gələnlərin əksəriyyətini
flaminqodan, canavardan, suitidən, qartaldan çox ən ucqar məkan maraqlandırır. Başqa sözlə,
qartaldan çox, onun "dimdiyi".
Yeri gəlmişkən,
parka giriş haqqı
simvolikdir. Cəmi 2 manat. Üstəlik, 6 yaşına kimi uşaqların, həmçinin,
Vətən müharibəsi
iştirakçılarının və başqa həssas zümrənin nümayəndələrinin girişi
pulsuzdur. Maraq üçün
onu da qeyd
edim ki, Azərbaycanda bütün
qoruqlara giriş haqqı 2 manatdı.
Təbii
ki, bilet satışından gələn
gəlirlə xərcləri
qarşılamaq mümkün
deyil. Abşeron Milli Parkı
digər qoruqlarla yanaşı, dövlətdən
maliyyələşir.
Ziyarətçilərin çox olması park işçilərini sevindirməklə
yanaşı, qayğılarını
da artırır. Əsas problem tullantılarla bağlıdı.
Nə qədər xəbərdarlıq
olunsalar da, təlimatlandırılsalar da,
məsuliyyətsiz insanlar
tullantıları parkın
ərazisinə atırlar.
Bir yandan da dalğaların
sahilə gətirdiyi zibillər. Namiq kişi və
iş yoldaşları
ayda bir neçə dəfə 5
km-lik ərazini əziyyətlə təmizləyirlər.
Di gəl, hər
şey yenidən təkrar olunur.
5 saatlıq yorucu
gəzintiyə baxmayaraq,
"dimdik"dən "gözə"
- şəhərə əla
təəssüratla qayıdıram. Qarabağ adlı
ən böyük arzumdan sonra kiçicik arzuma da çatdım - Azərbaycanda olmadığım
iki məkana ayaq basdım. Qalır digər arzular... Vətənin hər yeri müqəddəsdir. Müqəddər
yerləri isə ziyarət etmək vacibdir!
P.S. Yazının hazırlanmasında
göstərdikləri yardıma
görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
mətbuat katibi İradə İbrahimovaya
və Abşeron Milli Parkının direktoru Etibar İbrahimova minnətdarlığımı
bildirirəm.
İlqar
TAĞIYEV
525-ci qəzet .- 2021.- 4 avqust.- S.18.