Ölüm xəbərinin... sevinci?!
19-cu əsrin sonlarında
bir gözəl günün səhəri idi. Məşhur isveçli kimyagər
və zəngin mühəndis Alfred Nobel qəzetləri
vərəqləyirdi. Və birdən özü haqqında xəbərə
rast gəldi. Xəbərin başlığı
belə idi: "Ölüm kralı öldü".
Niyə onu "ölüm kralı" adlandırmışdılar? Çünki dinamiti icad edən
Alfred Nobel olmuşdu. Əslində, dinamit insanları öldürmək üçün
icad edilməmişdi;
dağ-mədən sənayesində
işləri asanlaşdrmaq
üçün idi.
Ancaq dinamitlə insanlar bir-birini, həm də kütləvi qırmağa başlamışdı.
Buna görə də mətbuat Alfred Nobeli "ölüm kralı" adlandırmışdı.
Və zəngin mühəndis adının belə anılmasından çox
rahatsız olmuşdu.
Buna görə də 1895-1896-cı illərdə
bir vəsiyyətnamə
yazdı və bəşəriyyətə ən
yaxşı xidmət
edənləri ödülləndirmək
üçün Nobel mükafat
fondu təsis etdi. Bu mükafatlar
kimya, fizika, tibb, fiziologiya ilə yanaşı, ədəbiyyata da görə verilir. Eyni zamanda, Nobel sülh mükafatı da var.
Alfred Nobel İtaliyanın San Remo şəhərində 63 yaşında
beyin qanamasından vəfat etdi. Bəlkə də
partlayıcını kəşf
etməsinə görə
əleyhinə məhkəmə
iddiaları, haqqında
neqativ məqalələr
olmasaydı, beyninə
qan sızmazdı - daha uzun yaşayardı.
Üstəlik, onu ruhi gərginlik, davamlı
stress altında saxlayan
həm də haqqında tirajlanan ölüm xəbərləri
idi. Avropa qəzetləri "Nobel öldü" nidaları
ilə dolub daşırdı, alim bunu oxuyurdu və...
daha çox "ölürdü". Xəbərlər Alfred Nobelin varlığı, insan arasına çıxması ilə
dəfələrlə təkzib
olunsa da, nə fayda?! Hər belə ölüm xəbəri ona fiziki və mənəvi zərbə idi. Sonda o yalan xəbərlər
"məqsədinə" çatdı; Alfred Nobel, doğrudan
da, öldü.
Nobeldən qabaq da, sonra
da mətbuat ölüm xəbərlərinə
çox həssas idi; qəzetlər hər gün ölüm və qan xəbəri axtarırdı. O qədər axtardılar-axtardılar, axırda
saymaqla qurtarmayacaq qədər ölüm və onun xəbərini
tapdılar: bəşəriyyət
iki dünya müharibəsi yaşadı
və bu gün də feilən üçüncüsünü
yaşayır. Daha doğrusu,
ölməkdə davam
edir. Və qəribəsi budur
ki, bu qədər
ölüm, bu qədər qan varkən - günümüzdə
istər hibrid müharibələr, istərsə
də, COVİD-19 pandemiyası
səbəbindən ölümlər
çoxalıb sanki adiləşmişkən, jurnalistlər
yenə də hər yerdə ölüm xəbərləri
axtarırlar.
Xüsusilə də, məşhur adamları "öldürüb
diriltmək"dən əl
çəkmirlər. Zaman-zaman
dünya mediası Britni Spirsdən tutmuş Makali Kalkinə qədər, Silvester Stallonedən tutmuş Tarkana qədər dünyaca məhşur ulduzları necə və neçə dəfələrlə
"öldürüb".
Məşhur rus müğənnisi
Alla Puqaçovanın:
"Az qala ölmüşdüm" sözlərini
də Rusiya mediası "Alla Puqaçova ölmüş"
kimi yozmuşdu. Və bu, təkcə
incəsənət, şou-biznes
adamlarının başına
gəlmir; media Mixalil Qorbaçovu, Barak Obamanı,
Vladimir Putini də...
"o dünyaya göndərmişdi". Elə
bizim özümüzdə
də belə hallar çox tez-tez baş verir; bizim media kimləri "yuyub kəfənləməyib ki"!
Aygün Kazımova, Könül Xasıyeva, Coşqun
Rəhimov... və digərləri. Keçmiş
səhiyyə naziri Əli İnsanovu həbsxanada necə "gömdük"sə,
adam bir nəmişli yaz günündə 74 yaşında
boz plaşda türmənin bayırına
çıxıb keçmiş
dostlardan tutmuş gələcək düşmənlərə
qədər hamıya
üz bozartdı.
Bəli, bu adlarını çəkdiyim adamlar medianın "qara siyahısından" keçib salamat qalanlardır. Yaxud Hacı Nuran. Elə şəkil çəkdirdiyi jurnalistlər onun özünü neçə dəfə "rəhmətlik edib" - sayı bilinmir. Di gəl ki, adam hələ də bəzəkli pencəyini geyib ortalıqda gəzir. Ancaq idman naziri Azad Rəhimov, eləcə də, Arif Quliyev, Baloğlan Əşrəfov, Ramiz Əzizbəyli onlar qədər şanslı deyildilər; yalandan yayılmış ölüm xəbərləri sonradan gerçək oldu. Yəni "öldü" yazılanda sağ idilər...
Mediada yayılan yalan xəbərlər bütövlükdə... öldürür. Hamı Mark Tven kimi: "Ölümüm haqqında xəbərləri çox şişirdiblər" deyə ironiya ilə gülüb keçə bilməyib. Bütün yalan xəbərlər, xüsusilə də, yalandan yayılmış ölüm xəbəri insanların səhhətini gerçəkdən pozur. Normal ictimai auranı da. Medianın "öldürdüyü" adamlar, bəli, sonradan "dirilir"; sosial şəbəkələrə, efirə, cəmiyyətə çıxır. Hamı görür ki, sağdır. Və media hər "öldürüb-dirildən" xəbərləri ilə hər dəfə özü bir az da ölür.
"Öldürə-öldürə" görün axırda kimi "öldürdük!" Türkiyədəki yanğınları söndürmək üçün qardaş ölkəyə getmiş yanğınsöndürəni. Onlar onsuz da hər an ölümlə üz-üzədirlər. Və ailələri də hər gün yanğınlardan xəbərlərlə "ölüb-dirilir". Elə hamımız. Bəs onda qardaşını yanğından qurtarmaq üçün canı yanan, özünü oda-alova atan qardaşımızı niyə yalandan "öldürürük?!" Nədir məqsəd?! Nə qazanırıq?! O qardaşımız, çox şükür, sağdır. Bəs biz?! Nə qədər salamatıq?!
...Söz azadlığının bir kəsim mediada yalan xəbər azadlığı, hətta ən pisi, yalan sözün azadlığı kimi qavranıldığı yerdə Söz, gerçəkdən ölür. Hərçənd Alfred Nobel gerçək Sözün yaşaması üçün Ədəbiyyata da mükafat ayırıb. Özümüzü maddi, fiziki yaşatmaq üçün Sözü öldürməliyikmi?! İnsanların məlumat almaq hüququ var, doğru! Yalan məlumatlar o hüququ pozmurmu?! Pozur. İnsanların söz azadlığı var. Yalan söz o azadlığın arealını məhdudlaşdırır. Və informasiya əsrinin ən böyük bəlalarından biri yalan sözlə doğru sözün, yanlış fikirlə gerçək fikrin, feyklə faktın - haqla nahaqqın bir-birinə qarışmasıdır. Söz, fikir, məlumat azadlığı deyibən insanlara yanlış anlama fürsətləri də veririk çox zaman. İnsanları "öldürən" və... öldürən xəbərlərə deyil, daha çox yaşadan xəbərlərə fokuslanmaq lazımdır bəlkə. Onsuz da hər kəs bir gün öləcək və o xəbəri həmin günün mediası anında "yaşayacaq". Ancaq yalnız ölüm və qan xəbərləri ilə yaşayandırmı media?! Ölüm xəbərini hamıdan qabaq yaymaq sevinci... "Beyrəyin qanlı köynəyi"ni xəbər lentlərinə hər kəsdən öncə "sərmək"... Budurmu yəni bizim üçün informativ-kommunikativ xoşbəxtlik?!
Sanki hamıdan sonra öləcəyikmiş kimi..
Bahəddin HƏZİ
525-ci qəzet .- 2021.- 4 avqust.- S.17.