Əbədiyyətdəki əziz
ünvanlarımız
Şəhidlər
ölməz, Vətən bölünməz!
Həyat nə qədər şirin olsa da, ölüm
heç bir insan övladının qaça bilməyəcəyi
tale yazısıdır. Amma Allah qatında seçilmiş elə
insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk
edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar.
Ölümlərin ən şərəflisi də
deyirlər buna. Bu, müqəddəs şəhidlik
zirvəsidir ki, hər kəsə qismət olmaz.
Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
sentyabr ayında başlanan və 44 gün davam edən Vətən
müharibəmiz 30 ilə yaxın erməni
işğalında olan torpaqlarımızın,
Qarabağın azadlığıyla nəticələndi.
Müharibə
varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də
qurbanlarsız ötüşmədi. Azərbaycanın
üç minə yaxın qəhrəmanı
torpaqlarımızın azadlığı uğrunda şəhidlik
zirvəsinə ucaldı, minlərlə igid qazi adını
qazandı. "525-ci qəzet" olaraq bu
layihəmizdə mütəmadi şəkildə hissə-hissə
həmin igidlərimizi oxucularımıza
tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq
dastanı olan bu həyatlarla qürur duyur, onları
unutmayacağımıza, unutdurmayacağımıza söz
veririk! Allah hər birinə rəhmət eləsin!
P.S. Bu
layihəmizə dəstək olmaq üçün ətrafınızda
tanıdığınız, bildiyiniz şəhidlər varsa,
həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin
göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya
bilərsiniz!
shahane.mushfiq@gmail.com
***
Anar Həmzə oğlu Vəliyev 21 iyul 2002-ci ildə
Qazax rayonunun Orta Salahlı kəndində anadan olub. 2008-ci ildə Səməd
Hacıyev adına Orta Salahlı kənd
tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2017-ci ildə həmin
məktəbin 9-cu sinfini bitirib. 23 iyul 2020-ci ildə
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi
xidmətə çağrılıb.
Anar Vəliyev Vətən müharibəsində ilk
döyüşə Tərtərdən başlayıb,
Füzulinin, Laçının düşmənlərdən
azad edilməsi uğrunda gedən qanlı vuruşmalarda fədakarlıq
göstərib. Hərbi əməliyyatlar zamanı
yaşına uyğun olmayan mərdliklə
döyüşür, düşmənə aman vermirdi. Talış kəndi uğrunda gedən
döyüş isə Anarın sonuncu döyüşü
olub.
Müdafiə
Nazirliyinin N saylı hərbi hissəsinin operatoru əsgər
Anar Vəliyev 11 oktyabr 2020-ci il tarixdə Tərtər
rayonunun Talış kəndi istiqamətində gedən
döyüşlərdə düşmənin hücumunun
qarşısını alarkən minaatan silahdan atılan atəş
nəticəsində başından aldığı
ağır qəlpə yarasından qəhrəmancasına
şəhid olub və oktyabrın 11-də doğulduğu Orta
Salahlı kənd qəbiristanlığında dəfn edilib.
Anar Vəliyev şəhadətindən sonra "Vətən
uğrunda" və "Laçının azad olunmasına
görə" medalları ilə təltif olunub.
***
Xüsusi
təyinatlıların baş giziri, kəşfiyyatçı
Camal Vidadi oğlu İsmayılov 1984-cü il
iyulun 7-də Neftçalanın Həsənabad qəsəbəsində
anadan olub. Onun ailədə bir bacısı və
bir qardaşı olub. 1986-cı ildə-Camalın
2 yaşı olanda İsmayılovlar ailəsi Neftçala rayonundan
Rusiyanın Krasnoyarsk diyarının İqarka şəhərinə
köçərək orada yaşamağa başlayıblar.
Camal
İsmayılov 1990-cı ildə İqarka şəhərində
V.P.Astafyev adına 1 nömrəli orta
ümumtəhsil məktəbinin birinci sinfinə qəbul olub
və birinci sinfi orada bitirib. 1991-ci ildə yenidən
Azərbaycana dönüblər və Camal doğma
Neftçala rayonunda təhsilini davam etdirərək orta məktəbi
bitirib.
2002-ci ildə həqiqi hərbi xidmətə yollanan
Camal burda hərbçi olmağa qərar verir. O, Xüsusi Təyinatlı
Qüvvələrdə baş gizir kimi xidmət edir. Ömrünün 18 ilini Vətənə şərəfli
xidmətə həsr edir. 18 il ərzində
cürbəcür kurslarda iştirak etmiş, təhsilini
artırmış, istər nəzəri, istər praktik cəhətdən
təkmilləşmiş, hərbi hissə komandirləri tərəfindən
dəfələrlə medallara və fəxri fərmanlara layiq
görülmüşdü. Rus, erməni və
ingilis dillərini mükəmməl bilirdi. 2016-cı ilin Aprel döyüşlərində
göstərdiyi şücaətə görə
üçüncü dərəcəli medal ilə təltif
edilmişdi.
Kəşfiyatçı
kimi daim öz üzərində çalışaraq
dağ-xizəkçilik, paraşütdən tullanmanın
bütün sirlərini öyrənmiş, Azərbaycan,
Türkiyə və Gürcüstanda keçirilən -
"Turaz Şahini", "Anadolu Qartalı"
"Eternity-2019", "Anatolian Sofex-2018" və bir
çox təlimlərində iştirak edərək
çoxlu sertifikat, tərifnamələrə layiq
görülmüşdü.
Camal İsmayılov 2008-ci ildə Fatimə
İsmayılova ilə ailə həyatı qurmuşdu. 2009-cu il
təvəllüdlü Əsmət və 2011-ci il təvəllüdlü
Əsnad adında qızları olan Camal İsmayılov, hərbi
əməliyyatlara yollanmazdan əvvəl oğlunun
olacağını öyrənmişdi və övladına
Alparslan adını verəcəyini demişdi. 2021-ci il fevralın 12-də onun oğlu dünyaya gəlib
və övladına atasının arzusuna uyğun olaraq
Alparslan adı verilib.
Vətən müharibəsində Füzuli, Cəbrayıl,
Zəngilan şəhərlərinin, Ərgünəş
yüksəkliyinin, Hadrut qəsəbəsinin azad
olunmasında, eləcə də Laçın dəhlizinə
hakim yüksəkliyin alınmasında Camal İsmayılov
böyük qəhrəmanlıqlar göstərib. Ümumi olaraq
24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin
azad edilməsi uğrunda gedən döyüşlərdə
olub. Hadrut döyüşləri zamanı
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin zabitləri
ilə birgə Ermənistan Ordusunun rabitə
qovşağına qoşulmuşdur və erməni hərbçilərinin
başqa istiqamətə yönlənməsini təmin edib.
Oktyabrda Füzulinin azadlığı uğrunda
gedən döyüşlərin birində hərbçi
yoldaşını xilas edərkən yaralanmasına baxmayaraq,
bir müddət hospitalda müalicə alaraq, yenidən
döyüşlərə qoşulub.
Camal və 40 nəfərdən ibarət olan qrup
oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ
almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə
sahib olan mövqelər uğrunda döyüşlərə
daxil olmuşdular. Döyüşlər əvvəlcə
Qubadlı rayonu istiqamətində olan əlverişli
mövqelər uğrunda aparılmışdı. Qeyri-bərabər şəraitdə olan
döyüşlərdə Ermənistan tərəfdən
150-200 nəfər hərbi qulluqçu vuruşurdu. 7
saatdan çox davam edən ağır döyüşlər
nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə
Qrupun şəxsi heyətindən dörd nəfər -
baş gizir Camal İsmayılov, baş gizir Sübhan Cəbrayılov,
gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev şəhid
olublar. Ümumi olaraq Camal İsmayılovun mənsub
olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı
Qüvvələrin ən çox şəhid verən
taborudur. Camalın şəhidliyi
oktyabrın 21-də-anasının doğum günündə
təsdiq olunub. Neftçala şəhərində
dəfn edilib.
Camal
İsmayılov şəhadətindən sonra "Vətən
Müharibəsi Qəhrəmanı" adı, "Vətən uğrunda", Cəbrayılın
azad olunmasına görə" ,"Füzulinin azad
olunmasına görə" və "Xocavəndin azad
olunmasına görə" medalları ilə təltif
edilib.
***
Nahid Soqat
oğlu Mikayılov 1982-ci il aprelin 25-də
Kürdəmirin Şilyan kəndində anadan olub. Şilyan kənd
Elşad Qurbanov adına orta məktəbdə
təhsil alıb. Orta məktəbi bitirdikdən
sonra hərbi xidmətə yollanıb.
Xidmətini başa vurduqdan sonra hərb sahəsinə
olan marağından yenidən bu istiqamətdə xidmətini
davam etdirir.
Beş il Gəncədə, 15 il isə
Ağdamda düşmənlə üz-üzə mövqelərdə
xidmət edib. 2016-cı il Aprel
döyüşlərində iştirak edib. Həmin
döyüşlərdən sağ-salamat qayıtsa da, şəkərli
diabet xəstəliyinə tutulub. Ancaq bu xəstəliklə
də xidmətini davam etdirib. Həyat
yoldaşı səhhətindən ötrü bu sahədən
ayrılmasında çox israr etsə də, Nahid
"torpaqlarımızı azad etməyincə bu yoldan
dönmək yoxdur"-deyərək hərb sahəsindən
imtina etmir. Qüsursuz xidmətinə
görə müxtəlif zamanlarda komandanlıq tərəfindən
fəxri fərmanlar, təşəkkürnamələr və
medallarla təltif edilib.
Ailəli olan şəhidimizin üç oğul
övladı vətənə əmanət qalıb. Onlardan biri
atasının yolunu davam etdirməkdə qərarlıdır.
Baş
gizir N.Mikayılov 2020-ci il sentyabrın 27-də
başlanan Vətən müharibəsində savaşıb. Nahid Mikayılov oktyabrın 30-da Ağdam istiqamətində
şəhid olub. Kürdəmir şəhərinin
Şəhidlər xiyabanında dəfn olunub.
Nahid Mikayılov şəhadətindən sonra "Vətən
uğrunda" və "Ağdamın azad olunmasına
görə" medalı ilə təltif edilib.
***
Sabir Hikmət oğlu Salahov 15 avqust 1999-cu ildə Salyanda
anadan olub. 2005-ci ildə Salyan şəhər 3 saylı orta məktəbin
birinci sinfinə gedib, 2016-cı ildə oranı bitirib. Daha sonra 2017-ci ildə "Neft və energetika"
kollecinə daxil olur, lakin təhsilini yarımçıq
qoyub, oktyabrın 2-də Vətənə borcunu yerinə
yetirmək üçün hərbi xidmətə yollanır.
Ağcabədidə xidmət edən Sabir 2019-cu ildə
aprelin 2-də ordudan tərxis olunur. Hərbi xidmətdən
tərxis olunduqdan sonra könüllü ordu sıralarında
"MAXE" kimi qulluq etməyə başlayır.
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinə
ilk gündən qatılan Sabir Salahov Füzuli istiqamətində
şiddətli döyüşlərdə qəhrəmancasına
şəhid olub. Oktyabrın 6-da Salyan rayon Şəhidlər
xiyabanında dəfn olunub.
Sabir
Salahov şəhadətindən sonra "Vətən
uğrunda", "Füzulinin azad olunmasına görə"
və "Xocavəndin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Elşən
Ağabala oğlu Ağasıyev 1999-cu il
22 sentyabrda Xaçmazda anadan olub. 2006-cı ildə Xaçmaz
rayon B.Rəsulov adına tam orta məktəbin
1-ci sinfinə daxil olub. 2016-cı ildə həmin
məktəbin məzunu olub. Subay idi.
Elşən həmçinin, məktəb illərindən
sərbəst güləşlə də məşğul
olurdu.
Elşən
Ağasıyev 2020-ci il may ayının
25-də Xaçmaz RHK-dan həqiqi hərbi xidmətə
yollanır.
Elşən
2020-ci il sentyabrın 27-də Azərbaycanda
başlanan Vətən müharibəsində iştirak edib. Döyüş yoldaşlarının sözlərinə
görə, Elşən savaşın ilk günlərində
ayağından yaralansa da, ön cəbhəni tərk etməyərək
döyüşməyə davam edib.
Elşən
Ağasıyevin atası 1992-ci il birinci
Qarabağ döyüşlərində dörd il
könüllü döyüşüb. Oğlu
hərbi xidmətə yollananda atasına bildirib ki, onların
yarımçıq qoyduğu işləri tamamlayıb,
torpaqlarımızı düşməndən azad edəcək.
"Elşən mehriban və vətənpərvər övlad idi. Biz onu elə tərbiyə etmişdik. Döyüşlər başlayanda hamı məni qınayırdı. Deyirdilər, çox narahatsan. Mənim narahatlığım elə-belə deyildi. Çünki mən oğlumu tanıyırdım. Bilirdim ki, Elşən sakit duran deyil, irəli atılacaq. Axırıncı dəfə sentyabrın 30-da danışdıq. Bizimlə sağollaşıb, halallaşdı. Allaha çox sağ ol deyirəm ki, mənə bu cür oğul bəxş edib. Qısa ömrü ilə mənə böyük qürur yaşatdı. Cəmi 21 il yaşadı. Amma tarix yazıb getdi. Oğlumla fəxr edirəm", - deyə şəhidin anası Zəminə Ağasıyeva söyləyir.
Elşən Ağasıyev Talış və Suqovuşan uğrunda döyüşlərin iştirakçısı olub. Oktyabrın 3-də Suqovuşan uğrunda döyüşdə şəhidlik zirvəsinə yüksəlib.
Elşən Ağasıyev şəhadətindən sonra "Laçının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
***
Araz Elsevər oğlu Seyfullayev 2001-ci il mayın 28-də Masallıda anadan olub. Subay idi. O, Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.
Araz Seyfullayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Araz Seyfullayev oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. Masallı şəhərində dəfn olunub.
Araz Seyfullayev şəhadətindən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Arzu Seymur oğlu İsgəndərov 1988-ci il oktyabrın 27-də Şəmkirin Zəyəm qəsəbəsində anadan olub. 1994-2002-ci illərdə Zəyəm qəsəbə tam orta məktəbində, 2003-2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Arzu İsgəndərov 2010-cu ildə Təlim Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində taqım komandiri, 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Bərdə rayonunda yerləşən N saylı hərbi hissəsində bölmə rəisi, 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən N saylı hərbi hissəsində bölmə rəisi, 2015-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən N saylı hərbi hissəsində bölmə rəisi, 2015-2018-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsində bölmə rəisi vəzifələri üzrə xidmət edib. 2020-ci ilin avqust ayından isə Bakı korpusuna AİS rəisi vəzifəsinə təyinat alıb.
Arzu İsgəndərov 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.
Qüsursuz xidmətinə görə müxtəlif dövrlərdə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilib.
Kapitan A.İsgəndərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 13-də Xocavənd rayonu istiqamətində minaya düşməsi nəticəsində şəhid olub. Şəmkir rayonunda dəfn edilib.
Ailəli olan şəhidimizin Aylin və Arzum adlı iki qızı yadigar qaldı.
Arzu İsgəndərov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
***
Daşdəmir Əlizaman oğlu Paşayev 1982-ci ildə Bakıda anadan olub. 1988-1996-cı illərdə 250 saylı orta məktəbdə təhsil alıb. 1996-1999-cu illərdə Cəmşid Naxçıvanski hərbi liseydə oxuyub. 1999-2003-cü illərdə Ali Baş Komandalıq Akademiyasında təhsil alıb.
2003-cü ildə leytenant hərbi rütbəsində xidmətə başlayıb. İsveçrədə 6 ay kurs keçib. Kursdan sonra Xüsusi Təyinatlı kəşfiyyatçı dərəcəsini alıb. Azərbaycan Xüsusi Təyinatlıları Qüvvələrində xidmətə başlayıb. Ali vəziyyəti əlaqədar olaraq Baş-leytenant rütbəsində ehtiyata buraxılıb.
Bundan sonra ANS telekanalında rəis müavini köməkçisi, Bakıda Ərəb səfirliyində, Bakı Metropolitenində yol xidmətində, Türkiyə Respublikasında, müxtəlif iş yerlərində və sonra maşın ustası kimi çalışıb.
Daşdəmir Paşayev 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı ehtiyatda olan baş leytenant kimi döyüşlərdə könüllü iştirak edib. Mayor rütbəsində könüllülər üzərində komandir vəzifəsinə təyin olunub. Füzuli uğrunda döyüşlərdə iştirak etdib. 8 noyabr 2020-ci ildə Şuşada şəhid olub. 9 noyabr 2020-ci ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.
Ailə olan şəhidimizin dörd övladı yadigar qalıb.
Daşdəmir Paşayev şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
***
Denis
Aleksandr oğlu Əliyev (doğum adı: Denis
Aleksandroviç Pronin) 1989-cu il mayın
26-da Xətai rayonunda anadan olub. Milliyyətcə
rus idi. 1995-2006-cı illərdə Xətai rayonunda T.
Bağırov adına 59 nömrəli tam
orta məktəbində təhsil alıb.
Azərbaycan
Ordusunun əsgəri olan Denis Əliyev 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsi
zamanı Cəbrayılın azadlığı uğrunda gedən
döyüşlərdə savaşıb. Denis
Əliyev oktyabrın 6-da Cəbrayıl döyüşləri
zamanı şəhid olub. Xətai rayonunda
dəfn olunub. Ailəli olan şəhidimizdən
vətənə əmanət 8 yaşlı bir qız
övladı qalıb.
Denis
Əliyev şəhadətindən sonra "Vətən
uğrunda", "Cəbrayılın azad olunmasına
görə" və "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Elcan Famil
oğlu Cəlilov 1996-cı il fevralın
26-da Tovuzda anadan olub. 2003-2014-cü illərdə A. Puşkin adına Tovuz şəhər tam orta məktəbində
təhsil alıb. Subay idi.
O,
2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin
sıralarında müddətli həqiqi hərbi xidmətdə
olub.
Azərbaycan
Silahlı Qüvvələrinin əsgəri olan Elcan Cəlilov
2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Xocavəndin azadlığı
uğrunda gedən döyüşlərdə
könüllü olaraq savaşıb və noyabrın 7-də
Xocavənd döyüşləri zamanı şəhid olub. Tovuz rayonunda dəfn edilib.
Elcan Cəlilov şəhadətindən sonra "Vətən
uğrunda" və "Xocavəndin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Elşən
Qulu oğlu Quluzadə 1998-ci il oktyabrın
20-də Füzulinin Mahmudlu kəndində anadan olub.
Çavuş
Elşən Quluzadə 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsi
zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və
Füzulinin azadlığı uğrunda gedən
döyüşlərdə savaşıb. Elşən
Quluzadə oktyabrın 13-də Füzuli döyüşləri
zamanı ağır yaralanıb və tibb müəssisəsinə
yerləşdirilib.
Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən
Elşən Quluzadə "Cəsur döyüşçü",
29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə
"Şuşanın azad olunmasına görə"
medalları ilə təltif edilir.
Elşən
Quluzadə 2021-ci il yanvarın 21-də
müalicə aldığı tibb müəssisəsində
koma vəziyyətinin 100-cü günündə şəhid
olub. Onunla vida mərasimi Təzəpir məscidində
baş tutub. Vida mərasiminə daxili
işlər naziri Vilayət Eyvazov və birinci müavini
general-leytenant Seyfulla Əzimov qatılıb. Elşən Quluzadə Füzuli rayonunun Mahmudlu kəndində
dəfn olunub.
Elşən
Quluzadə şəhadətindən sonra "Vətən
uğrunda", "Cəbrayılın azad olunmasına
görə", "Füzulinin azad olunmasına görə"
və "Kəlbəcərin azad olunmasına görə"
medalı ilə təltif edilib.
***
Elvin
Ədalət oğlu Kazımov 1987-ci il
dekabrın 3-də Bakıda anadan olub. 1993-2003-cü illərdə
Xətai rayonunda 221 nömrəli tam orta məktəbdə,
2003-2006-cı illərdə isə Cəmşid
Naxçıvanski adına Hərbi Liseydə
təhsil alıb. Ali hərbi təhsilini 2006-2010-cu illərdə
Heydər Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbində (AAHM) alıb. 2011-ci
ildə Silahlı qüvvələrin Təlim və Tədris
Mərkəzinin "Zabit İxtisas Kursu"nu bitirib.
Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin 23 iyun 2010-cu il tarixli əmri ilə "leytenant" hərbi
rütbəsi verilib və N saylı hərbi hissədə
leytenant rütbəsiylə xidmətə başlayıb.
Mexanikləşdirilmiş taborun qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi - kəşfiyyat taqımının komandiri, motatıcı taqım komandiri, dağ - atıcı bölüyünün komandiri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AHM) kursant taqım komandiri - müəllim köməkçisi, cəbhə bölgəsindəki hərbi hissənin motatıcı bölük komandiri vəzifələrində xidmət edib. "Kapitan" hərbi rütbəsinədək yüksəlib.
Kapitan Elvin Kazımov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 6-da Talış döyüşləri zamanı şəhid olub. II Fəxri xiyabanda dəfn olunub.
Ailəli olan şəhidimizin vətənə əmanət bir övladı qalıb.
Elvin Kazımov şəhadətindən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Mətləb Məhəmməd oğlu Cəfərov 19 noyabr 1977-ci ildə Sabirabadın Nərimankənd kəndində anadan olub. 9-cu sinfə qədər Sabirabad rayon Nərimankənd kənd tam orta məktəbində təhsil alıb, 2 il sonra təhsilini davam etdirdiyi Bakı şəhərindəki liseylərdən birindən məzun olub. Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) ali təhsil alıb.
Mətləb Cəfərov ali məktəbdən məzun olduqdan sonra "leytenant" rütbəsi ilə hərbi xidmət qulluqçusu olub. Xidmətini ehtiyatda olan zabit kimi və "baş leytenant" rütbəsi ilə başa vurub.
Baş leytenant Mətləb Cəfərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü olaraq 16 oktyabrdan iştirak edib. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, 2 noyabr 2020-ci ildə Qubadlı istiqamətində ağır yaralanıb. 18 günlük koma vəziyyətindən sonra 20 noyabr 2020-ci ildə müalicə aldığı xəstəxanada şəhid olub.
Mətləb Cəfərov şəhadətindən
sonra "Vətən uğrunda", "İgidliyə
görə" və "Şuşanın azad olunmasına
görə" medalları ilə təltif edilib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet .- 2021.- 5 avqust.- S.14-15