Sevə-sevə yaşadı, sevə-sevə
xatırlayırıq...
Könül
ziyarətinin nə olduğunu Yunus Əmrənin bir
misrasını oxuyandan sonra dərk etdim: Min Kəbədən
yeyrəkdir bir könül ziyarəti. Onu da dərk etdim
ki, ömrünü könül ziyarətlərinin
işığına döndərənlər
sağlığında da,
son nəfəsindən sonra
da ziyarət səviyyəsində xatırlanır. Tanıdığım, xarakterinə yaxından bələd olduğum insanları da həmişə bu misra ilə qoşa xatırlamışam.
Hər xatırlamanı bir ziyarət bilməklə.
Rəsul
Məmmədalı oğlu
da illərlə (və son nəfəsiməcən
belə də olacaq!) düşüncələrimin
"mənəvi sakinlərindən"
biri olub. Vətəni
sevənlər "Vətəni
sevin" demədən
bizə Vətəni sevdirib, dünyanı sevənlər "dünyanı
sevin" demədən
bizə dünyanı
sevmək öyrədib.
Böyük vətənpərvər,
böyük alim Xudu Məmmədov deyərdi: "Uşaqlara
Vətəni sevməyi
öyrətmək lazım
deyil. Siz onlara Vətəni
tanıdın, özləri
sevəcəklər". Rəsul Məmmədalı
oğlu söhbətlərində
Vətəndən danışardı,
bu mükalimələşmə
Vətəni tanıtma
mükalimələşməsi olardı...
Rəsul
Məmmədalı oğlu
1950-ci il avqustun 18-də Zəngilan
rayonunun Pircivan (hazırda Zəngilan şəhəri) qəsəbəsində
anadan olub. Sonralar böyüklərdən eşitmişəm
ki, Rəsul uşaqlığından hər
gördüyüylə maraqlanıb.
Onun
"niyə?"ləri
son dərəcədə düşündürücü
"niyə?"lər olub. Belə suallara dünyanı öyrənmək niyyəti
də deyə bilərik; suallar verə-verə öyrənən,
öyrənə-öyrənə suallar verən Rəsul məktəbdə
də yaxşı oxuyub. Bu sualları
müəllimlərinə də
ünvanlayaraq Zəngilan
şəhər 1 saylı
orta məktəbinin məzunu olub. "Əla" qiymətlərin
işığı onu
Azərbaycan Dövlət
Unlversitetinin Hüquq fakültəsinə uğurlayıb.
1967-ci ildə. O illərdə bu fakültəyə qəbulun
özünəməxsus çətinlikləri
vardı. Bu çətinlikləri
hər oğul dəf edə bilməzdi. Rəsul bunu savadı
ilə həm asanlaşdırdı, həm
də gerçəkləşdirdi.
Tələbə oldu Rəsul.
Azərbaycan Dövlət Universitetinin
Hüquq fakültəsinin
tələbəsi. Bir vaxtlar
atası Məmmədalıya,
anası Fatmaya, müəllimlərinə ünvanladığı
sualların cavablarını
özü tapacaqdı.
Özü minlərlə sualı
təfəkkürü, təhsili,
dünyaduyumu hesabına
cavablandıracaqdı. Zamanında vermədiyi, ağlına gəlməyən
suallara da cavab verəcəkdi...
Tələbəydi. Oxuya-oxuya
öyrənən, öyrənə-öyrənə
oxuyan, "arşını
əyilmiş dünyanı
haqq yoluna qaytarmaq" niyyətiylə
ayları il
edən tələbələr
böyük qürurla
"tələbəyəm, mən zamanın tələbiyəm" deyirdi.
Rəsul
sonralar respublikanın
tanınmış hüquqşünas
olacaq Muradla (Babayev), Rafiqlə (Əhmədov) daha səmimi həmsöhbət
olurdu. Bu, sonralar dünyaya görk olacaq böyük dostluğun başlanğıcıymış. Hər üçünün
ömrünə hopan,
hər üçünün
illərini ömürləşdirən
dostluq...
Xidməti ilə əlaqədar Bakıya gələndə mənimlə də, qardaşı Rəhimlə də mütləq görüşərdi. Qəflətən gələrdi. Bu gəliş təkcə təhsilimizlə maraqlanma missiyası, istəyi deyildi. Bizim bu və ya digər xarakterimizə bələd olmaq niyyəti də vardı bu gəlişlərdə. Dərsliklərlə yanaşı, bədii ədəbiyyat görəndə qaşları çatılardı, sonra bizə bəlli (və əziz!) təbəssümü ilə "Bədii ədəbiyyata aludə olub dərslərini unudanlar da, dərslərinə aludə olub bədii ədəbiyyatdan tamam uzaqlaşanlar da özünün sabahlarına xəyanət edir. Birincidə yaxşı mütəxəssis olmayacaq, ikincidə xarakteri bütöv formalaşmayacaq...", - deyərdi. Və bizə hiss etdirmədən o kitabların altına qoyduqları bir müddət bizim "qolumuzdan yapışardı"...
1974-cü il idi. Mən də tələbəydim. Tətildə rayona getmişdim. Yanvarın 9-u idi. Uşaqlığımdan böyüklərə rəğbətim olub, onlarla hər görüşü, Yunus
Əmrə demişkən,
könül ziyarəti
bilmişəm. Atam
deyərdi: Böyüklərə
sevgi Tanrıya sevgidi...
Məmmədalı dayıgillə görüşməyə
getmişdim. Dayımın da, bibimin də qoşa qolları kürəyimdə
çarpazlaşdı. "Nə yaxşı
gəldin, a Bayram.
Rəsulun tələbə dostu Rafiqin toyuna
hazırlaşırdıq. Sən də bizimlə gedəcəksən...
Bilirsən ki, Rəsul
hərbi xidmətdədi.
Rəhim
də hələ Bakıdan gəlməyib.
Kiçik qardaşı
kimi onu sən əvəz edərsən..." Etiraz edə
bilməzdim; Rəsul zabit idi, qardaşı
Rəhim imtahanlarını
hələ bitirməmişdi.
O toy indiyəcən xatirimdədi.
Rəsulun bu ailənin əzizi olduğunu duyduqca ürəyim dağa dönürdü; toyda
"Rafiqin dostu, əslində, qardaşı
Rəsul zabitdi, hərbi xidmətdədi, ata-anası, qardaşı
burdadı..." təqdimatı
xoş təbəssümlə
süslənmişdi...
Hərbi xidmətdən sonra Rəsul İmaməliyev Şamaxı rayon Prokurorluğunda
müstəntiq işləməyə
başladı. Təhsildən həyata, suallarından
həmin sualların cavabını özü tapacağı mühitə
gəlmişdi. O illərin
bütün hüquqşünaslarının
düşüncələrində bir Mehman obrazı
olurdu. Hərdən ona da "Kimə oxşamaq istərdin?" sualı verilərdi. Rəsul
özünəməxsus (və
düşündürücü!) təbəssümlə, təmkinlə
"Özümə" deyərdi;
Rəsul Məmmədalı
oğlu özünə
oxşadı...
Rəsul 1978-1982-ci illərdə Ağdam
rayon Prokurorluğunda, 1982-1990-cı illərdə Füzuli
rayon Prokurorluğunda, Sabirabad
rayon Prokurorluğnda müstəntiq
işlədi.
Qanunu sevirdi Rəsul. O da bilirdi ki, bir kəlamda deyildiyi kimi, qanun şahdır. Bu kəlamın işığında işlədi. İnsanlarla (müraciət edənlərlə, müraciətə görə vətəndaşlarla) bu kəlamlara sədaqətin cazibəsində söhbətləşirdi. Həm də insanlıq qanunlarını unutmadan. "Qanun da alidir, insanlıq qanunları da. Qanunun aliliyinə zərrəcə xələl gətirmədən insanlıq qanunlarına əməl edən hüquqşünasların sırasında olmuşam", - Rəsul İmaməliyev belə deyərdi. İnsanları səbrlə dinləməyi bacarırdı. Dinləyə-dinləyə qanunun tələbləri səviyyəsində soruşacaqlarını, alacağı cavablar əsasında ümumiləşdirəcəyi fikirləri təhlilə çəkərdi. Ona görə də cinayət işi ilə əlaqədar sorğular çox zaman uzun çəkmirdi. Güclü məntiq, güclü analiz-sintez qabiliyyəti, cinayət məcəllələrinə vaqiflik onun iş prosesinin "yolgöstərəni", haqqın cəfakeşi olurdu. Ona görə də qanunu vicdanla, ədalətlə qoruyurdu, qanunu sonadək müdafiə edirdi. Kiminsə haqsız cəzalandırılmasına da yol verməzdi. Belə adamlara el arasında haqq adamı deyirlər...
1984-cü il idi. Füzuli rayonunda təbliğatçıların zona seminarı keçirilirdi. O illərdə partiya xətti ilə keçirilən belə tədbirlərə ciddi diqqət yetirilirdi. Rəhbərlərə elə gəlirdi ki, belə tədbirlər yüksək səviyyədə keçirilməsə, "dünyanın bir yanı uçar", yəni Mərkəz onları ciddi, çox ciddi cəzalandırar. Seminarda mən də iştirak edirdim. Onda Rəsul Füzuli rayon prokurorluğunda işləyirdi. Onunla görüşməyi özümə mənəvi borc bildim; sonralar Füzuliyə gələndə onunla görüşmədiyimə görə mənə "beş-üç kəlmə" tutarlı söz deyərdi. Rayon partiya komitəsinin ikinci katibi Musa Cəfərovu məlumatlandırdım və onun icazəsiylə prokurorluğa getdim. Xoş təsadüflər adama həmişə gözəl könül xoşluğu verir. Rəsul prokurorluğun həyətində gəzişirdi. Bilirdim ki, belə gəzişmələrdə də düşüncələri işlə bağlı olur. Ona görə bir qədər ayaq saxladım. Məni gördü. Hamının səmimi insan kimi tanıdığı qohumum mənimlə də qədərsiz səmimiyyətlə görüşdü. İncə, çox incə şəkildə Füzuliyə gəlişimin məqsədini soruşdu. Əlini çiynimə qoydu, yəni səni burda gördüyümə şadam, deməli, dövlət sənə inanır. Onun bu sözsüz qüruru ürəyimi şükranlıqla silkələdi. Anasını, dayısını, əzizlərini və anamı soruşdu. Bu sorğularda böyük sevgi vardı. Mənim gəlişimlə əlaqədar hamımızı axşam qonaq dəvət etdi.
Seminardan sonra Rəsul bizə "Çənlibel"də gözəl bir qonaqlıq verdi...
İllər keçirdi...
Ermənilər Azərbaycandan ərazi iddiasına düşəndə Rəsul Sabirabad rayon Prokurorluğunda işləyirdi. Vaxt tapanda Zəngilana gəlirdi. Vaxtı olmayanda müxtəlif vasitələrlə Zəngilanla maraqlanırdı. Bu maraq canyandırma səviyyəsində maraq idi.
Mən Zəngilan rayon ərazi özünümüdafiə taborunun komandiri olanda Rəsulla bir neçə dəfə görüşmüşdük. Zəngilanda. Onun qohum kimi, zəngilanlı kimi sorğuları Zəngilana sevginin təzahürü idi. Zəngilanın müdafiəsi ilə ciddi marqlanırdı, "İmkanım həddində nə kömək lazımdırsa, hazıram. Siz döyüşürsünüz, bizim əvəzimizdən də döyüşürsünüz. Biz də belə döyüşməliyik..." Sonralar Rəsulun bu kəlmələri bütün vətənsevərlərin Zəngilana sayğı şüarı oldu. Rəsul Zəngilan özünümüdafiə taboruna bir neçə dəfə yardım gətirdi. Onda hərbçilərə dediyi kəlmələr indi də yaddaşımdadı: "Siz Vətəni bizdən çox sevirsiniz. Bu sevgiyə görə çox sağ olun...". Rəsul İmaməliyev Vətəni tanıyanlara, sevənlərə sevgisini daha duyğusallıqla ifadə edirdi...
1991-ci ildə təcrübəsinin, peşəkarlığının, dövlətə sədaqətinin zəmanəti ilə yeni vəzifəyə təyin edildi: Azərbaycan Respublikası Baş Prokurorluğunda Baş Prokuror yanında Mühüm işlər üzrə baş müstəntiq. Bu vəzifədə də həmin amalla, həmin əqidəylə, həmin sevgi ilə xidmət etdi. 1997-ci ilə kimi. 1997-ci ildə Lerik rayonun prokuroru təyin edildi. Yeni vəzifənin məsuliyyəti illərin təcrübəsi ilə, təfəkkürün, təhsilin, öyüd-nəsihətlərlə qədərsiz sədaqətin bir ürəkdə incəliklə çulğaşmasına səbəb oldu. Bu, xarakterin sosial həyata, ictimaiyyətə inteqrasiyasıydı. Baş ədliyyə müşaviri Rəsul İmaməliyev təqaüdə çıxana kimi bu vəzifədə xidmət etdi.
Bir aqildən soruşurlar: İnsanda ən çox dəyər verdiyin xarakter hansıdır? Aqil deyir ki, səmimiyyət (Rəsul İmaməliyev səmimi insan idi), savadlılıq (Rəsul İmaməliyev savadlı insan idi), insanlığa cəfakeşlik (Rəsul İmaməliyev insanlığın cəfakeşi idi). Bu xarakterlə tanındı Məmmədalı oğlu Rəsul, bu xarakterlə yaşadı.
70 yaşına beş gün qalana kimi; son nəfəsi beş günə çatmadı... 2020-ci il avqustun 13-də dünya Rəsul Məmmədalı oğlu İmaməliyev kimi dəyərli vətəndaşı, qayğıkeş qohumu, bütün çalarları ilə dostluq timsalı olan bir insanı itirdi.
Ürəklərdə yaşayır Rəsul
Zəngilanı sevdi, sevdirdi...
Vətənini sevdi, sevdirdi...
Sevə-sevə yaşadı, sevə-sevə
xatırlayırıq...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet .- 2021.- 5 avqust.- S.11.