Emin Sabitoğlu
dünyası...
Ömürdə iz salan günlər zaman keçdikcə unudulmaz xatirələrə çevrilir. Bu yazımda həmin o xoş, unudulmaz xatirələrimdən biri haqqında yazmaq istəyirəm.
1983-cü ilin oktyabrın 14-də, gözləmədiyimiz halda, məşhur bəstəkar Emin Sabitoğlu, unudulmaz mahnılar ifaçısı Mirzə Babayev və atamın gənclik illərindən dostluq etdiyi Qulu Əsgərov bizə gəldilər. Həmin unudulmaz günün xatirəsi həmişə yaddaşımdadır. Ümumiyyətlə, belə xatirələr heç vaxt unudulmur... İlk dəqiqələrdə Emin Sabitoğlunun əksər böyük şəxsiyyətlərdə olan bir xüsusiyyətini müşahidə elədim: Sadəliyini. Eyni zamanda, o, həm də bir ədəbiyyat bilicisi idi, Nazim Hikmətin:
Gelsene dedi bana
Kalsana dedi bana
Gülsene dedi bana,
Ölsene
dedi bana.
Geldim,
Kaldım,
Güldüm,
Öldüm.
- şeirini ilk dəfə həmin gün ondan eşitdim. Həmin şeiri elə
həmin gecə türk dilində yadigar olaraq atamın xatirə dəftərinə də yazdı.
Onun bir xüsusiyyəti barədə də yazmaq istəyirəm: söhbət edərkən
bütün varlığı
ilə söhbətə
bağlanırdı. Həmsöhbətini
də diqqətlə,
səbrlə, eyni zamanda da böyük
hörmətlə dinləyirdi...
Süfrə arxasında Qulu
Əsgərov həmişə
bizə gələndə
olduğu kimi, qardaşım Azərin tarını gətizdirdi
(rəhmətlik həm
də mahir tar ifaçısı idi).
Tarda özünü müşayiət edə-edə
bu dəfə Bahar Şirvaninin məşhur:
Hər kim ki, hicri-yar ilə
düşsə dimağdən,
Heç
açılarmı könlü
onun seyri-bağdən?
- beyti ilə
başlayan qəzəlini
oxudu... Maraqlı söhbətlər edirdilər. Artıq qaranlıq
düşmüşdü. Hava sərin olduğu üçün pəncərələr
yarı açıq idi. Birdən Emin Sabitoğlu mənə:
- Pəncərələri bağla-dedi.
Bağladım. Nəfəslikləri də bağlamağımı
istədi. Sonra durub
otaqdakı qara
"Belarus" pianosunun arxasına
keçdi. Onun pəncərələri
bağlatması bizə
indi aydın oldu. Çalacağı melodiyanı küçədə
kiminsə eşitməsini
istəmirdi. Və
pianoda bu vaxta qədər eşitmədiyimiz bir şərqi çaldı...
Son akkordları vurandan
sonra hələ də dinlədiyi bu sehrli melodiyanın
təsiri altında olan atam:
-Bu nə melodiyadır belə?.. Bu əsrarəngiz mahnının
müəllifi kimdir?- deyə soruşdu.
Emin Sabitoğlu:
- Müəllifi Üzeyir
bəydir. Çaldığım melodiya isə
Azərbaycan Xalq Cümhuriyyətinin himnidır
(indiki himnimiz.E.Ə.)-dedi. O vaxt keçirdiyimiz
duyğusal hissləri
indi sözlə ifadə eləmək olduqca çətin, bəlkə də mümkünsüzdür.
Sonra Emin Sabitoğlu əzbərdən
himnin sözlərini söylədi. Əhməd Cavadın, Şükriyyə
xanımın faciəli
həyatlarından danışdı.
Başı olmazın bəlalar
çəkmiş Şükriyyə
xanımın məşəqqətli
həyatı barədə
ilk dəfə həmin
gecə Emin Sabitoğlundan eşitdim (sonralar, müstəqillik illərində Emin Sabitoğlu Əhməd Cavadın Şükriyyəyə
həsr etdiyi şeirə sevilən bir mahnı bəstələdi).
Yadımdadır, məclis gecə yarısına qədər
davam elədi. Həmin ərəfədə,
o vaxtkı "Kommunist"
qəzetində Emin Sabitoğlu haqqında bir məqalə (müəllifini təəssüf
ki, unutmuşam) çap olunmuşdu.
Atam da, mən də
həmin məqaləni
oxumuşduq. Emin Sabitoğlunun
yaradıcılığından bəhs edən məqalə müəllifi
onun dostları haqqında da yazmışdı, Emin Sabitoğlunun yazıçı
Anarla dostluğunu xüsusi vurğulamışdı.
Dediyim məqalədə
Emin Sabitoğlunu ən çox duyğulandıran da məhz həmin hissə idi:
- Anarla dost olmaq bilirsiniz nə deməkdir? Mən həmişə onunla dostluğumdan fəxr etmişəm.
Anar böyük yazıçı, böyük
vətəndaş, böyük
ziyalı, böyük
dostdur-dedi.
...Süfrəyə çay
gələndə Mirzə
Babayev kitabxanamızı
görmək istədiyini
dedi. Onu böyük kitabxanamıza
gətirdim. Rəflərə
sıra ilə düzülmüş çoxlu
sayda kitablara baxıb - Burda bir aləm var
ki, -dedi. Bir neçə kitabı götürüb baxdı,
vərəqlədi. Ən çox
ilgisini çəkən
məşhur aktyor İnnokenti Smuktunovskinin kitabı oldu. Kitabxanamızdakı divanda oturub
həmin kitabdan bəzi hissələri oxudu da. Sonra kitabı öz yerinə qoyub - Kaş sən yaşda olaydım, bu kitabları bir-bir oxuyardım-deyə əlavə elədi.
Mən o vaxta qədər Mirzə Babayevi yalnız televizorda görmüşdüm. Onunla söhbət edərkən
onun səhnədə
başqa, həyatda isə tamam başqa adam
olduğunu görürdüm.
Səhnədə nə
qədər şən,
qıvraq, teatral idisə, həyatda bir o qədər kübar, alicənab, ağır təbiətli
bir adam
idi...
Yenidən qonaqlar olan otağa
qayıtdıq. Çay içə-içə söhbət edirdilər.
Birdən, heç gözləmədiyimiz halda
Emin Sabitoğlu:
-Mən Neftçalanı gəzmək istəyirəm-dedi.
Atam təəccüblə:
- İndi? Gecənin bu vədəsi?-deyə soruşdu.
-Hə, indi gəzmək
istəyirəm-Emin Sabitoğlu
istəyində israrlı
idi.
Gecə saat birə qalıb. Emin Sabitoğlu,
Mirzə Babayev və mən (bələdçi kimi) küçəyə çıxdıq
(Atam və Qulu Əsgərov evdə qaldılar). Adamsız, qaranlıq, işıqsız
küçə. Tam sakitlikdir. Mərkəzi küçəyə çıxacaq tini burulmuşduq ki, Emin Sabitoğlu qəfildən ayaq saxladı. Bir müddət sakitcə dayanıb, məni təəccübə salacaq
diqqətlə nəyisə
dinlədi, dinlədi...və sonra heyrətlə:
- Mirzə, dənizin səsini eşidirsən?
-dedi.
Mirzə Babayevi bilmirəm, amma mən çaşıb qalmışdım. Dəniz bizim şəhərdən ən azı bir kilometr yarım uzaqlıqda idi və şəxsən mən, o vaxta qədər məhəlləmizin heç bir yerindən dənizin səsini eşitməmişdim... Nəsə demək istədim. Emin Sabitoğlu əlinin işarəsi ilə mənə "Sus...Danışma..." işarəsini verdi... Bu dəm dəqiq hiss edirdim ki, onun bütün fikri mənim eşitmədiyim həmin dəniz səsinin yanındadır.
- Eşidirsiz? -Əlini dəniz olan səmtə uzatdı- Mirzə, eşidirsən?.. Səsə bax... Kim bu səsi nota sala bilər? Bəh...Bəh...Bəh... Bu nə səsdir, İlahi... -Sonsuz heyrət içərisində olan bəstəkar həm də həyəcanlı idi.
...İndi o unudulmaz hadisədən uzun illər keçir. Mən dənizin səsini, dediyim kimi, məhəlləmizdən nə o vaxta qədər, nə də ondan sonra (o vaxt ilə müqayisədə, indi dəniz xeyli geriyə çəkilib) heç vaxt eşitmədim. Amma o unudulmaz gündən sonra hər dəfə Emin Sabitoğlunun könül oxşayan musiqilərini dinləyəndə bütün aydınlığı ilə anlayıram ki, Emin Sabitoğlu həmin gecə dənizin səsini gerçəkdən də eşidirmiş. Çünki onun bir çox musiqilərində dənizin uzaqdan gələn pıçıltılarını əks etdirən o qədər məqamlar var ki...
Demək, əsl böyük bəstəkarlar həm də hər kəsin eşidə bilməyəcəyi səsləri eşidənlər və həmin səsləri öz ölməz əsərlərində səsləndirənlərdir...
Ən əsası isə, bizim
eşitmədiyimiz, eşidə bilmədiyimiz o
dənizin səsini eşitmək, hiss etmək,
duymaq üçün,
insanda sadəcə olaraq
Emin Sabitoğlu
dühası, Emin Sabitoğlu
duyumu, Emin Sabitoğlu hissiyyatı, Emin
Sabitoğlu istedadı olması gərəkdir...
Etibar ƏBİLOV
525-ci qəzet .- 2021.- 5 avqust.- S.10.