Zamana meydan oxuyanlar...  

 

 

Cəmi 19 yaşı vardı. Həqiqi hərbi xidmətdə olan 18-19 yaşlı əsgər üçün birdən-birə müharibəyə qatılmaq elə asan deyil. Ancaq şagird ömrü yaşayıblar, məktəb partası arxasından yenicə durublar axı...

 

Fikirlərimi hazırda Ağdamda hərbi xidmətdə olan mayor Ramiz Abdullayevlə bölüşdüm. Səsində sevgi vardı: "Rameş Zəkiyev 19 yaşın böyüklüyünün, cəsurluğunun, döyüş ruhunun göstəricisi idi. O qədər mərdliklə döyüşürdü ki. O qədər əxlaqi keyfiyyətləri vardı ki, bir irad belə göstərmək olmazdı. Müqəddəs döyüşçü ruhuna malik idi. Ölümün gözünə baxa-baxa vətən üçün öldürməyə ölməyə hazır idi. Bütün tapşırıqları yerinə yetirirdi. 120 mm-lik minamyotda baş tuşlayıcı idi. Heyətiylə düşmən istehkamlarını dəqiq nişan alıb dağıdırdı. 3 postu tamam dağıtdılar, düşmən kolonunu  vurdular. Düşmənin basqı qrupu bizim səngərlərə girmişdi. Düşməni məhv etdilər, səngərləri təmizlədilər. Rameş çox şücaət göstərdi. Oktyabrın 15-də növbəti atəşi yerinə yetirib sığınacağa keçdilər. Düşmən artilleriyasından qrad mərmisi onların sığınacağına düşdü. İki nəfər şəhid oldu, yeddi nəfər yaralandı. Şəhid olsa da, vətən sevgisinin, döyüş ruhunun ölməzliyini yaşatdı".

 

Qəhrəmanım Rameş Zəkiyev 2001-ci il iyunun 27-də Astaranın Şahağacı kəndində dünyaya göz açıb. Atası Gülverdi Zəkiyevi 10 yaşında itirən Rameş bacısı ilə ana himayəsində böyüyüb.

 

Birinci Qarabağ müharibəsinin qəhrəmanı Rauf Mirzəyev adına 1 nömrəli Şahağacı kənd tam orta məktəbində təhsil alıb. Kiçik yaşlarından boksla məşğul olub, bir çox yarışlarda iştirakına görə fəxri-fərmanları, medalları var. 2016-cı ildə ölkəmizi Rusiyada təmsil edib. 9 illik təhsildən sonra kollecə daxil olub. Anası İlhamə xanım deyir ki, Bakıda oxuyurdu, oxumaq istəmədi, çətin idi. Bir sənətə sahiblənmək, işləmək istəyirdi. Maddi çətinliyimiz vardı, arada işlədi. Elə hey "ana, əsgər gedim, gəlib özüm işləyib baxacam sənə , bacıma da" deyirdi. Qismət olmadı. Məqamı ucadı bilirəm. Amma ümidim, dayağım idi. Yoxluğuna dözmək çətindi. Övlad itkisi ağırdır...

 

 

 

19 yaşa baxanda uşaqdır. Amma düşüncəsi böyükdür Rameşin. Əməlləri, hərəkətləri, cəsurluğu böyükdür. 2018-ci ildə həqiqi hərbi xidmətinə Ağdamın Baharlı kəndində  başlayır.

 

Gizir Cahid Məmmədovun dediklərindən: "Rameş mənim əsgərim olub. 3 aylıq karantindən sonra birlikdə olmuşuq xidmət boyu. Bütün heyət sevirdi onu. Çox tərbiyəli əsgər idi. Ən çətin tapşırıqları hamıdan birinci yerinə yetirirdi. Tovuz hadisələrində biz döyüş mövqeyinə çıxdıq. Çətin günlər oldu. Bir damcı qorxu hissi görmədim onda. General Polad Həşimovun ölümü hamımızı sarsıtdı. Rameş heç özünə gələ bilmirdi. Hər gün müharibə olacağını gözləyirdi. Nümunəvi  əsgər idi. Müharibənin ilk günündən əsl qəhrəmanlıq göstərirdi. Düşmən heyəti ilə dolu iki maşını məhv etmişik onunla. Bizi vura bilmirdilər. İrəliləyirdik. Ona görə iriçaplı silahlardan atəş açırdılar. Oktyabrın 15-də səhər saatlarında vurdular. Onunla birlikdə maxe Əmirov Adəm şəhid oldu. deyim. Ruhları şad olsun. Qələbə qazandıq. Var olsun Ordumuz, igid əsgərlərimiz". 

 

Çevik olduğundan onu minamyotçu təlim kurslarına qəbul edirlər. Minamyotdan istifadə etməyi asanlıqla öyrənir, təlimlərdə riyazi təfəkkürü ilə seçilir, atıcılığın bütün sirlərinə yiyələnir sentyabrın 27-də peşəkar minatan kimi döyüşlərə qatılır. Minaatan silahdan effektiv istifadə onu idarə edən heyətin bacarığından asılıdır.

 

Baş çavuş Rahət Tahirovun dediklərindən: "Onunla eyni taborda olmuşuq. Çox intizamlı idi. Bu, əsgər üçün vacib xüsusiyyətdir. İşguzar, qoçaq mərd idi. Elə bil yorulmurdu. Ən təhlükəli vəziyyətdə belə Rameş işin öhdəsindən gəlirdi. Əla minamyotçu idi. Düzü, hər əsgər minamyotdan istifadəni öyrənə bilmir. Burda həndəsəni bilməlisən. Çox çevik idi. Dəqiq atıcı idi. Hədəfdən yan keçmirdi. Neçə hərbi texnikanı, hərbi sursat maşınlarını vurmuşdu".

 

Rameş Zəkiyev 2020-ci il oktyabrın 15-də vətənin bütövlüyü uğrunda, Ağdamın Hacıməmmədli kəndi uğrunda gedən döyüşlərdə şəhid olur.

Anası İlhamə xanım qızıyla birlikdə qardaşının yanında yaşayır. Kiçik otaqda Rameşin xatirə güşəsi var. Rameşə aid əşyalara baxıram. Hətta sevimli fincanı da burdadır. Bir idman yarışlarında aldığı fəxri-fərmanlar, təltiflər, medallar.

 

"Hər yarışdan sevinclə, qürurla qayıdardı. Aldığı təltifləri səliqəylə yığardı. "Hələ elə medallar alacam ki, mənimlə fəxr edəcəksiz" deyərdi. Dayısı Azərin səsi gəlir. Baxışlarını izləyirəm. Aldığı son medala baxırıq: "Vətən uğrunda"...

 

Bacısı Adilənin kövrək səsi qulaqlarımdan getmir: "O, mənə ata, qardaş, dost idi. Bütün qızların dostu, qardaşı idi. Rameş olan yerdə bir oğlan bir qızın xətrinə dəyə bilməzdi. Sözü-söhbəti mənimlə idi. Hərdən Qarabağ hadisələrindən danışardıq. Çox danışmırdı əslində, çünki özünü təhqir olunmuş kimi hiss edirdi. Hadisələri öyrənirdi, bir görürdün özünü söyür. "Təsəvvür edə bilmirəm ki, bizim qızlarımızı ermənilər əsir götürüb" - hərdən belə deyirdi, az qalırdı ürəyi partlasın. 18 yaşını elə gözləyirdi, elə gözləyirdi. Mən əsgər gedəndə müharibə başlayacaq, torpaqları azad edəcəyik, deyirdi. Elə bil ürəyinə dammışdı".

 

Haqlısan, qızım. Belə oğullarımız var. Torpaqlarımızı azad etmək üçün böyüməyə tələsən oğullar. Onların yaşı 18, 20, 25 olmur ki. Onların yaşı illərin sayı ilə ölçülmür. Onların ömrü, düşüncəsi zamana sığmır. Ölümü məğlub edən, zamana meydan oxuyan oğullardır onlar.

 

 

Kamalə ABİYEVA

 

525-ci qəzet .- 2021.- 6 avqust.- S.15.