Yeni "mənzil"ində görüşənədək, əziz dost!... -

 

Qırx gün bundan əvvəl aldığımız ağır bir xəbər hamımızı sarsıtdı: İlham Mazanlı vəfat edib. Bu acı xəbər bizim - İlhamı, haradasa yarım əsrlik bir müddətdə tanıyan və artıq ahıllıq dövrünü yaşayan tələbə yoldaşlarının, necə deyərlər, qəddini əydi.

 

İlhamla son görüşüm gözümün önünə gəldi. Ötən ilin əvvəlləri idi. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində beynəlxalq jurnalistika kafedrasının dosenti işləyən İlham müəllim qabaqcadan zəng eləyib yanıma gəlmişdi. Hal-əhval tutduq.  Mən soruşmasam da (hərçənd ki, bilirdim), neçə illər əvvəl keçirdiyi avtomobil qəzasından sonra səhhətində yaranmış parkinson xəstəliyindən xilas olmaq üçün edilən müalicələrin bir fayda vermədiyindən söz açdı. Əlavə etdi ki, artıq öyrəşmişəm, bu, həyatımın bir hissəsinə çevrilib, çox güman, ömrümün sonunadək davam edəcək... Gəlişimin səbəbi isə başqadır, - dedi. - "Xalq qəzeti"ndə təcrübə keçəcək tələbələrimizin siyahısını gətirmişəm. Onlara qayğı göstərin, bəlkə bir şey alındı... "Aralarında ümid verəni varmı?" - soruşdum. Mənalı-mənalı gülümsünərək: "Ümidsiz düşmənin olsun", - dedi.

 

Çıxıb gedərkən İlham müəllim ayaq saxlayıb dedi:

 

- Hacı, üç ildən sonra tələbə kimi, ilk dəfə auditoriyaya qədəm basmağımızın 50 ili tamam olacaq. Xeyir-şər məclislərini çıxmaq şərti ilə indiyədək bir dəfə də olsun tələbə yoldaşlarımız bir yerə toplaşmamışıq. Ölüm-itim dünyasıdır, deyirəm, bəlkə yığışıb, heç olmasa, tanışlığımızın yarım əsrlik yubileyini qeyd edək. Buna indidən hazırlaşmaq lazımdır. Bundan əlavə, Sabirabadın Həşimxanlı kəndində balaca bir balıqçılıq təsərrüfatı yaratmışam. Gölə bizim Göyçə balıqlarına oxşar xırda balıqlar tökmüşəm, artıb-çoxalıb. İnşallah, səninlə və ürəyimiz istəyən bir neçə dostla bərabər, gələn payızda gedib baxarıq. O vaxtadək, yəqin ki, pandemiya da qurtarar... "İnşallah" - dedim.

 

 

 

...Aldığım üzücü xəbərin doğurduğu təəssüratı sosial şəbəkədə - feysbuk səhifəmdə aşağıdakı şəkildə paylaşdım:

 

"Yaxından tanıdığım, biliyinə-savadına, qanacağına-qabiliyyətinə, kübarlığına... və bunların hamısının cəmləşdiyi şəxsiyyətinə çox böyük hörmət bəslədiyim İlham Mazanlı da getdikcə seyrəkləşməkdə olan sıralarımızı tərk etdi. O, Allahın dərgahına bizdən əvvəl qədəm basdı. Yeri behişt olsun! Mənim tanıdığım İlham Mazanlının müsbət keyfiyyətlərinin təməlində onun doğulub-böyüdüyü Abbas müəllimin ailəsindən aldığı tərbiyənin təsiri, mükəmməl bir kübarlıq dayanırdı. Fikrimcə, bu dünyada olduğu kimi, haqq dünyasında da onu uca məqam gözləyir. Ona görə belə inamla deyirəm ki, bu dünyadakı heç bir hərəkətimiz - sözümüz, əməlimiz unudulmur, ən xırda detallarına qədər haqq-hesab dəftərimizə yazılır. İlham da bu dünyada nümunəvi ömür sürmüşdür. Yaxşını-yamanı, halalı-haramı nəzərə almış, xeyirxahlığı, əl tutmağı, ehtiyacı olana kömək etməyi yaşam tərzinə, həyat kredosuna çevirmişdir. Bu da ki, Rəbbimizin bəyəndiyi əməllər olduğundan İlhamın Haqq dünyasındakı mənzili cənnət olar, inşallah!"

 

Çox keçmədi ki, statusum dost-tanışın diqqətini cəlb elədi: çox sayda bəyənənlər və rəy yazanlar oldu. Həmin rəylərdən yeri gəldikcə fakt kimi istifadə edərək, İlham Mazanlının keçdiyi həyat yoluna işıq salmağa çalışdım.

 

İlham Abbas oğlu Mazanlı 1956-cı il fevralın 11-də Qərbi Azərbaycanda - Göyçə mahalının Cil kəndində dünyaya göz açıb. 1973-cü ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub. Elə ilk günlərdən yüksək mədəniyyəti, nəcibliyi, qayğıkeşliyi və məsuliyyəti ilə diqqəti cəlb edən İlham tələbə yoldaşları arasında hörmət qazanıb və bu, müəllimlərin də diqqətindən yayınmayıb. Onu 630-cu qrupun "başqanı" seçiblər və universiteti bitirənədək  1978-ci ilədək həmin postda qalıb.

 

Haşiyə. Tələbə yoldaşı, Əməkdar mədəniyyət işçisi Bəyalı Rzayevin sosial şəbəkədəki qeydlərindən: "Bir dəfə elə nəcib hərəkət etdi ki, özümü saxlaya bilməyib dedim: "İlham, sən bir qanadsız mələk kimi bizim aramıza düşmüsən. Yaxşı ki, qanadın yoxdur, yoxsa tez uçub gedərdin". İndi İlhamı itirərkən 45 il əvvəl dediklərimi xatırladım. Dostumuzu nə tez itirdik. İnsan qanadsız da uçurmuş..."

 

1991-ci ildə Rusiya prezidenti yanında Dövlət Qulluğu  Akademiyasının aspiranturasını bitirib. Elə həmin il "Mətbuat millətlərarası münasibətlərin təkmilləşdirilməsi amili kimi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix  elmləri namizədi olub. Son illərdə "Söz azadlığı və informasiya hüququnun KİV-lə həyata  keçirilməsinin sosial-siyasi askpektləri" mövzusunda doktorluq dissertasiyası üzərində işləyirdi.

 

Əmək fəaliyyətinə Bakı Ali  Partiya Məktəbində başlayıb. Sonralar "Azərbaycan kommunisti" jurnalında, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda, Gənclər və İdman  Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsində, Azərbaycan Respublikasının Nazirlər  Kabinetində müxtəlif vəzifələrdə işləyib. 2001-2011-ci illərdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyində Miqrasiya İnformasiya Mərkəzinin direktoru olub.

 

"...O vaxt mən "Xalq qəzeti"ndə Siyasət və Sosial Problemlər redaksiyasının müdiri işləyirdim. Məni nümayəndəliyə çağırıb, miqrasiya təşkilatının Azərbaycandakı fəaliyyəti ilə bağlı bir layihənin qəzetdə işıqlandırılması ilə bağlı onlara kömək etməyimi məsləhət gördü.  Bu, mənim üçün asan iş idi. Buna görə təşkilatdan hər ay ödənilən məbləğ isə az deyildi. Mən onu   İlhamla bölmək istədim. Bərk incidi..."

 

İlham Mazanlı 2003-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində pedaqoq kimi fəaliyyətə başlayıb. Tədris etdiyi  fənlər "Jurnalistika və müasir  dövrün qlobal problemləri" və "Xarici ölkələrin müasir KİV sistemləri" idi.

 

İlham müəllimin sonradan təhsil aldığı Moskva mühiti, habelə dünyanın qabaqcıl ölkələrində - ABŞ-da, Almaniyada, Belçikada, Danimarkada, İsveçrədə... iştirak  etdiyi konfranslarda, treninqlərdə və kurslarda öyrəndikləri onun pedaqoq kimi fəaliyyətində özünü büruzə verir, mühazirə və  seminarlara fərqli yanaşmaları ortaya qoyur, innovativ  metodlardan istifadə edirdi.

 

Tələbəlik dostu və müəllim həmkarı, professor Qulu Məhərrəmli: "İlhamla tələbə  yoldaşı olmuşuq. Hələ o illərdə özünün nəcibliyi, yüksək  mədəniyyəti, insanlara xeyirxah  münasibəti ilə fərqlənirdi. Tələbə  kimi çox çalışqan idi, yaxşı oxuyurdu, müəllimlərimiz onu  bizə nümunə göstərirdilər.

 

Tale  elə gətirdi ki, sonralar biz İlham müəllimlə BDU-da öz  fakültəmizdə birgə çalışmalı olduq. Çox yüksək intellektual səviyyəsi,  elmi təfəkkürü və pedaqoji  ustalığı ilə hamının rəğbətini qazanmışdı. Tələbələr onu  xüsusilə çox sevirdilər. Tədqiqat mövzusu olan beynəlxalq informasiya sahəsində ən yaxşı mütəxəssislərdən idi. Bir neçə kitabında mənim haqqımda da  yazıb və həmişə zarafatla "səni  tarixə salıb əbədiləşdirmişəm"  deyirdi. Dostluqda, şəxsi  münasibətdə çox səmimi və  etibarlı idi".

 

Qulu müəllim İlham Mazanlının alim-pedaqoq kimi fəaliyyətindən - kitablarından söz açdı. İlham 11 kitabın, yüzdən artıq elmi-nəzəri məqalənin, çox sayda metodik göstəriş və proqramların  müəllifidir. Onun qələminin məhsulu olan kitablar barədə  ayrıca danışmaq lazım gəlir. İlham müəllimin jurnalistika və müasir dövrün ayrı-ayrı sahələr üzrə qlobal problemlərinə həsr olunmuş elmi tədqiqatları, söz azadlığı və informasiya təhlükəsizliyi, KİV millətlərarası və dövlətlərarası  münasibətlərin təkmilləşdirilməsinin faktoru kimi... və sair mövzularda kitabları o qədər lakonik, sadə və  aydın  dildə, maraqlı forma və məzmun bağlılığı ilə qələmə alınmışdır ki, oxumadan yerə qoymaq  istəmirsən. Onu da qeyd edək ki,  bu əsərlərin əksəriyyəti son illərə -  İlham müəllimin xəstəliyə tutulduğu dövrə aiddir.

 

Təcrübə göstərir ki, uğursuzluğa  düçar olan imanlı, mərd insan  ruhdan düşmür, özünü itirmir. Həyatında baş verənləri Tanrının sınağı kimi qəbul edir. Hətta, hər cür təhlükəyə, ən ağır xəstəliyə  belə cəsarətlə sinə gərir, əyilmir, sınmır, diz çökmür. İlham  müəllim kimi...

 

İlham müəllim ömrünün 66-  ilində dünyadan köçdü. Bu, azdır,  ya çoxdur - deyə bilmərik. İnsana  verilən ömür payı Allahın qədər-qismətidir. Ondan da az yaşayan dost-tanışlarımız, tələbə  yoldaşlarımız olub, çox  yaşayanlar da var.

 

Digər tərəfdən, ömrün dəyəri,  sadəcə, yaşanmış illərin sayı ilə ölçülmür, ondan necə istifadə olunması ilə müəyyənləşir. Deməli, insanın ömrünü yaşanmış  günlərin, ayların, illərin miqdarı  yox, onun xeyirxah əməlləri,  haqqın tərəfini saxlaması, ədalətli olması, yaddaqalan, unudulmağa  qoymayan hadisə və faktlarla zənginliyi bəzəyir. İlham Mazanlının ömür yolunda belə  hadisə və faktlar kifayət qədərdir. "BDU-nun Jurnalistika fakültəsinin  müəllimi Əli Hacıyev: "İlham müəllim Sabirabadın Həşimxanlı kəndi camaatının rahat gediş-gəlişi üçün öz vəsaiti hesabına kanalın üstündən bir körpü saldırdı. Həşimxanlılar, həmçinin, yaxın  kəndlərin sakinləri də indi həmin  körpüdən keçərkən ona rəhmət oxuyurlar".

İnsanın şəxsiyyət kimi  formalaşmasında, şübhəsiz ki,  valideyn amili, ailə tərbiyəsi  mühüm rol oynayır. Bu mənada, statusumda İlham Mazanlının xarakterindəki dəyərlərin təməlində atası Abbas kişidən aldığı tərbiyənin təsiri barədə  dediklərim bəzi rəylərdə müdafiə olunur. "Xalq qəzeti" redaksiyasında siyasi qrupun  rəhbəri, Əməkdar jurnalist Hacı İttifaq Mirzəbəylinin sosial şəbəkədəki fikirləri də bu mənada   maraqlıdır: "Ötən əsrin doxsanıncı illərində İlham Mazanlının atası Abbas müəllimlə İranda on  günlük səfərdə olmuşam. Dəyərli  ziyalı, əsl el ağsaqqalıdır. Mənim tanıdığım Abbas müəllimin oğlu, sizin tanıdığınız İlham Mazanlı  kimi kübar olmalıdır. Başqa cür ola bilməz".

 

Cümə axşamlarının birində İlham müəllimin Buzovnadakı evinə yas məclisinə getmişdik. Pandemiyaya  görə tünlük olmasa da, gəlib-gedənlər az deyildi. İlham kimi oğulu itirmiş Abbas kişi özünü nə qədər toxtaq tutub yas məclisini yola verməyə çalışsa da, onun bu ağırlığın altında nələr çəkdiyini duymamaq mümkün deyildi. Onu  neçə onilliklər əvvəldən mən də şən əhval-ruhiyyəli, maraqlı söhbətləri bitib-tükənməyən ağayana bir kişi kimi tanıyırdım. İndi isə mənə yanğından çıxmış  meşənin ortasında rüzgarın od-alovundan qarsılmış, lakin  müvazinətini itirməyib saxlamış nəhəng bir palıd  ağacını  xatırladırdı. O, başına gələnləri Uca Yaradanın qədər-qisməti kimi  qəbul edirdi. Bilirdi ki, həyatın  qanunudur: gələnlər gedir, doğulanlar bu fani dünyadan köç  edir, axirət dünyasına qovuşur. Yəni ölüb birdəfəlik sıradan çıxmır, əbədi yolçuluğa davam edir. Onun Haqqın dərgahında necə qarşılanacağını isə bu dünyada gördüyü işlər, etdiyi əməllər müəyyən edir. Bu sarıdan Abbas müəllimin ürəyi sakitdir.

 

Hacı Qüdrət Piriyev,

Əməkdar Mədəniyyət işçisi.

 

525-ci qəzet .- 2021.- 6 avqust.- S.12;14.