Balaca Sənanın ölümünə elegiya

 

İstəkli dostum Dilafət!

 

Sənə təsəlli verə biləcək, sonsuz kədərini azalda biləcək bir söz, bir cümlə tapıb deyə bilmirəm, acizəm, məni bağışla...

 

Bəlkə elə bir söz, cümlə, yoxdu, Allah bilir...

 

Bu dərd, çəkiləsi dərd deyil, bölüşüb paylaşası müsibət deyil, dəhşətdir, faciədir, müsibətdir...

 

Sevimli nəvən Sənanın 14 yaşı yenicə tamam olmuşdu sən bu 14 yaşlı yeganə nəvənin hər saatı ilə, hər günü ilə, ayı ilə nəfəs alırdın. Bu balaca kişi sənin gözünün qabağında yaşıl bir budaq kimi cücərib boy atmışdı, səhəriniz bir açılardı, axşamınız bir düşərdi...

 

Məktəbə, gəzməyə, parka, bulvara bir yerdə gedərdiniz, sən onsuz, o, sənsiz qala bilməzdiniz.

 

Belə bir baba, nəvə istəyi, sevgisi əslində, bir möcüzəydi, nağıldı desəm, düzdür.

 

Nəvə şirin olar, deyərlər. Bu, bəşər övladının nəslin ölməzliyi, davamı barədə uzun illərin sınağından çıxmış qənaətidi, yaşamaq eşqinə, nikbinliyinə, həyat sevdasının uzunömürlülüyünə işarədi.

 

İş elə gətirmişdi ki, sən nəvənlə bir yerdə yaşamalı olmuşdun, məşhur 6 nömrəli məktəbə Sənanı sən aparıb-gətirərdin, birinci sinifə bir yerdə daxil olmuşdunuz. Bir yerdə sinifdən sinifə keçirdiniz, səhv etmirəmsə, 2021-ci ilin sentyabr ayında 9-cu sinifdə oxumalıydınız.

 

Bütün məktəb Sənan kimi səliqəli, bilikli (həm boy- buxunlu, yaraşıqlı) şagirdi ilə öyünüb, fəxr edirdi. Sənan müəllim şagirdlər arasında hörmət qazanmışdı. Məktəbin direktorunun diqqət mərkəzində idi.

 

Professor Kamil Vəli deyirmiş ki, mən parkda, bulvarda, dostum Dilafətlə nəvəsi Sənanı bir yerdə görəndə özümü yığışdırıram, deyirəm birdən Sənan mənə elə sual verə bilər ki, cavab tapmaqda çətinlik çəkərəm...

 

Sənan Qarabağla bağlı çox həyəcan keçirərdi. Rəhmətlik qoca nənəsinin şuşalı olduğunu da bilirdi...

 

Dilafət, sən onu Şuşaya, Ağdama aparmalıydın, söz vermişdin.

 

Niyə vədinə əməl etmədin, ay baba?..

 

Sən aciz adam deyilsən, qoçaqsan, zirəksən, istiqanlısan, torpağa, millətə bağlı adamsan, dostun, tanışın yetərincədir...

 

Niyə yer üzünün bütün həkimlərini ayağa qaldırmadın, Sənanı boğmaqda olan bu qara xəstəliyə qarşı üsyan etmədin? Bu ağrı gəlib Sənanı necə tapdı, niyə gəldi, hardan gəldi?.. Qurban bayramı günü - 20 iyul 2021-ci ildə Sənanı o dünyaya necə yola sala bildiniz?...

 

14 yaş yaşdır ki? Budaqların tumurcuqlayan dövrü, qönçənin düymələyən vaxtı, Novruzda torpağın dodağının qaçan çağı, bulaqların üzə çıxıb pıçıldaşan məqamı, fidanların günəşə boy atan halı...

 

İstanbulda həkimlər əllərindən gələni əsirgəmədilər, qatı düşmənlə tutuşdular, döyüşdülər... Bakıdakı həkimlər vulkan kimi püskürdülər, balaca Sənanı boğazlamış bu dəhşətli xəstəliyin üstünə qılınc çəkdilər.

 

Mən balaca Sənanın şəfa tapmasına nəzir demişdim - Şamaxı yolundakı Pirsaat Baba pirində qurban kəsib, ulu Tanrıya dualar eləməklə...

Bəs oldu, sən telefonda nələr dedin mənə:

 

- Saxlaya bilmədik Sənanı, uçdu, köçdü, küsdü getdi dünyadan...

 

Sənanın son sözləri oldu,  dedimi ki, ay baba, qoyma ölüm, sən məni çox istəyirsən axı, ölmək istəmirəm, sən mənsiz necə yaşayacaqsan?..

Anasına dedimi ki, ay ana, sən axı həkimsən. Bir əlac elə, qoyma ölüm, mən yaşamaq istəyirəm...

 

Uddu qara zülmət bir işıq dalğasını, bir nur parçasını...

 

Deyirlər ki, hər dərdin bir dərmanı var. Varsa, hanı, niyə tapılmadı Sənanın dərdinin dərmanı?..

 

Bu sətirləri yana-yana yazdığım dəqiqələrdə Moskvada yaşayan böyük ədəbiyyat alimi Əziz Şərifin Xalq yazıçısı Süleyman Rəhimova oğlu Şamonun vəfatı ilə əlaqədar göndərdiyi mətbuatda dərc edilmiş başsağlığı məktublardakı aşağıdakı misralar yadıma düşdü:

 

 

Ölüm haqdır əzəl gündən

Bu, təlaşdır dünyada?!

Kim əcəldən öz başını

Götürüb qaçdı dünyada?

 

Yox, Sənanın ölümü əcəl deyil - bir gül qönçəsi açmadan soldu, bir işıq beşiyini qaranlıqlar bürüdü, bir insan ömrü yarımçıq qaldı, çovğuna, tufana düşüb qeybə çəkildi... Bu, müsibətdir, faciədir, çəkiləsi dərd deyil...

 

Bağışla, Dilafət, təsəlli üçün söz tapa bilmədim, məni bağışla...

 

Ramiz MƏMMƏDZADƏ,

Şüvəlan,

30 iyul 2021-ci il.

 

525-ci qəzet .- 2021.- 6 avqust.- S.11.