Hiroşima faciəsi Azərbaycan və
yapon ədəbiyyatında
İkinci
Dünya müharibəsinin son dövrlərində kifayət
qədər güclü olan Yaponiya müharibəni davam etdirməkdə
qərarlı idi. Belə bir vəziyyətdə
ABŞ tamamilə fərqli bir yola üz tutdu və
dünyanın ilk atom bombası Yaponiyaya atıldı. 76 il
öncə bu gün - 1945-ci il avqustun 6-sı saat 08:15-də
ABŞ-ın Hiroşima limanı üzərinə
atdığı atom bombası həmin il avqustun 9-da Naqasaki
şəhərində təkrar edildi. ABŞ-ın
Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə
atom bombaları atmağı insanlığa və bəşəriyyətə
qarşı cinayət, soyqırım idi.
Dünya tarixində görünməyən bu dəhşətli
ölüm silahının törətdiyi kütləvi insan
qırğını və dağıntılar yapon
xalqını sarsıtdı. Atılan bomba ancaq
şəhərləri, binaları və insanları məhv
etmədi, eyni zamanda, həyatda qalan insanların kimlik
anlayışına böyük bir zərbə endirdi. Bəşəriyyətin ilk dəfə şahidlik
etdiyi bu dəhşətli hadisə yapon ədəbiyyatı
ilə yanaşı, dünya ədəbiyyatında da
geniş əks-səda doğurdu. XX əsrin əvvəllərində
iqtisadi-hərbi şöhrəti ilə Azərbaycan ədiblərinin
yaradıcılığında öz əksini tapan Yaponiya
ötən yüzilliyin ikinci yarısından sonra Hiroşima
faciəsi ilə Azərbaycan ədəbiyyatına daxil oldu.
Atom bombasının yaratdığı dəhşətlər
müharibədən sonra yapon ədəbiyyatının əsas
mövzusuna çevrilmişdir. Sözügedən dövrün
aparıcı qələm sahibləri İbuse Masuci (1898-1993),
Fukunaqa Takehiko (1918-1979), Keyci Nakazava (1939-2012), Oe Kenzaburo (1935-)
və digərləri əsərlərində Hiroşima hadisələrinin
- bir göz qırpımında yerlə-yeksan olan şəhərin,
fəlakətin qurbanlarının, illərlə davam edəcək
radiasiya bəlasının bədii obrazını
canlandırmışdılar.
İ.Masucinin yaradıcılığında atom
bombasının yaratdığı dəhşətlərlə
bağlı ən diqqətçəkən nümunə
"Qara yağmur" (1965) əsəridir. Sözügedən əsərdə
6-15 avqust 1945-ci il və əsərin
yazıldığı 1960-cı illərdə yaşayan qəhrəmanların
hekayətləri paralel şəkildə cərəyan edir. Hiroşima faciəsindən illər keçməsinə
baxmayaraq, insanların hələ də bu fəlakətin
qurbanı olmağa davam etmələri, bundan illər sonra da
qara yağmurun - radiasiyanın qurbanlarına çevriləcəkləri
acı həqiqət şəklində bədiiləşdirilmişdir.
F.Takehikonun yaradıcılığında mövzu ilə
bağlı "Ölüm adası" adlı əsər
xüsusi ilə seçilir. Yazıçı
"Ölüm adası" romanında bombanın
yaratdığı fəlakətin qadın qəhrəman tərəfindən
necə qəbul edildiyini, onun ruhunda necə dərin yaralar
açdığını incəliklə qələmə
alıb. Burada yazıçı müharibədən
sonra meydana çıxan yeni roman texnikasını istifadə
edib: ikili zaman axışı, qadın qəhrəmanın
öz-özüylə etdiyi söhbətlər, bəzən
yazıçının qələmini əlindən alan personajın təsvirləri yer
almaqdadır.
K.Nakazava atom bombasının dəhşətlərinə
birbaşa şahidlik edən yazıçılardan olub. Yazıçı
1939-cu ildə Hiroşima şəhərində anadan olub və
soyqırım yaşanan zaman 6 yaşı vardı. Bombardmandan evləri dağılıb və ailə
dağıntıların altında qalıb. Dağıntılar altından ailənin təxliyyəsi
gecikib və böyük partlayış nəticəsində
ailə üzvlərinin əksəriyyətini itirib.
Yazıçının sağ qalan kiçik bacısı
bir neçə həftə sonra qida yetərsizliyindən vəfat
edib. Anası ilə Tokioya köçən gənc
Nakazava 1966-cı ildə radiasiya zəhərlənməsindən
yeganə ailə üzvü olan anasını da itirib. Anasının vəfatı gənc
yazıçını Hiroşima xatirələrinə
qaytarıb və bütün bunları hekayələrində
əks etdirməyə başlayıb. Beş
cildlik əsərlərinin ilk cildi - "Qara
yağışın vurduğu" kitabı Hiroşimadan
xilas olanların qurmaca hekayətlərindən ibarətdir.
Nakazava 1972-ci ildə nəşr olunan "Mən bunu
gördüm" hekayəsində isə öz təcrübələrini
bədiiləşdirib. "Mən bunu
gördüm" hekayəsi ilə böyük uğur qazanan
yazıçı sözügedən hekayəni daha da
genişləndirərək on cildlik "Ayaqyalın Gen" əsərini
ərsəyə gətirib. Yazıçının
yaradıcılığında sözügedən əsər
mühüm əhəmiyyət kəsb edir. Avtobioqrafik cizgilərlə zəngin olan əsər
yazıçının özünün birbaşa şahidi
olduğu Hiroşima faciəsinin həqiqətlərinin bədii
inikasıdır. Əsərdə
duyğuların və təcrübələrin dürüst
ifadəsilə atom bombası atılmamışdan əvvəl,
bombanın atıldığı gün və sonra bir
uşağın gözü ilə tragik şəkildə təsvir
edilir. Gen XX yüzilin ən böyük vəhşiliklərinə
təsirli şəkildə şahidlik edib. K.Nakazavanın
"Ayaqyalın Gen" əsəri müharibənin
günahsız insanlara yaşatdıqlarının
yaddaşı və dəhşətli bir əzab mənbəyi
olan atom bombasının sənədidir.
1994-cü ildə Nobel mükafatına layiq görülən
Oe Kenzaburo yaradıcılığının ilk
çağlarında Hiroşimanı ziyarət edib. Bundan sonra
yazıçının ədəbi karyerasında
dönüm nöqtəsi yaradacaq "Hiroşima qeydləri"
(1965) əsərini qələmə alıb. Əsərdə cəmiyyətdən ayrılan atom
bombası qurbanlarının vəziyyətini, müharibənin
və Amerika liderlərinin məhv etdiyi kəndləri,
qısaca desək, Yaponiyanın içərisindəki
"Üçüncü dünya"dan bəhs edib. Sənədli film xarakteri daşıyan əsərdə
personajların ağrı və qorxuları bütün həyatları
boyu daşıdıqları göstərilir. Bütün bunlarla bərabər, yazıçı
iqtisadi dirçəliş yaşadıqca yapon xalqının
Hiroşimanı tədricən unudacağı
düşüncələrini dilə gətirir.
Münsiflər heyəti yazıçının Nobel
mükafatına layiq görülməsini insan əlilə
gerçəkləşmiş fəlakətlərin şahidi
olmuş və bunlardan daha da dağıdıcı ola biləcək nüvə müharibəsi təhlükəsi
altında yaşamış XX yüzilliyin insanının faciəsini
təsirli şəkildə təsvir edərək dünya ədəbiyyatına
töhfə verməsi ilə əlaqələndirmişdilər.
Bəşər tarixində bir ilk olan atom bombası ancaq
Yaponiyanı - yapon xalqını deyil, bütün
dünyanı - bütün insanlığı
sarsıtmış, bir çox dünya ədiblərinin
yaradıcılığında geniş şəkildə təsvir
olunmağa başlamışdır. Dünyanın hər
yanından bir çox dahi mütəfəkkir atom
bombasının yaratdığı fəlakətin canlı mənzərəsini
öz gözləri ilə müşahidə etmək
üçün Hiroşimaya səfər ediblər. Azərbaycanın Xalq
şairi Rəsul Rza ötən əsrin 60-cı illərində
Yaponiyada səfərdə olub, soyqırım qurbanı
Hiroşima şəhərini ziyarət edib. Şairin
"Yaponiya motivləri" silsiləsinə daxil olan
"Xirosimanın iki yüz minlik qurbanı haqqında sətirlər",
"Gözlərin matəmi", "Bombardman" şeirlərində
Hiroşima faciəsi şairə məxsus orijinal bədii təsvir
vasitələri ilə canlandırılıb. R.Rza
1974-cü ildə qələmə aldığı
"Xirosimanın iki yüz minlik qurbanı haqqında sətirlər"
adlı kiçik həcmli şeirində bir gurultunun gözəl
Hiroşima şəhərini necə külə döndərməsini
bir neçə sətirlərdə müfəssəl şəkildə
təsvir edib.
Vardılar:
ağ
çiçəkli vişnə ağacları,
küçəni əl-ətək keçən uşaqlar,
yol boyu
dayanmış maşınlar.
Vardılar:
quş
səsləri,
nəğmələr, gülüşlər,
insan nəfəsi
Bir
gurultu...
Günəşdən
qopmuş işıq basqını...
Qaldılar:
Yerdən
göyə sükut,
kömür, kül.
Qaldı:
kündə-kündə
filiz,
daş, torpaqdan yoğrulmuş
eybəcər sima -
Xirosima.
"Bu qaranlıqda itirdi bir-birini bala, ana" deyən
yazıçı "Gözlərin matəmi" şeirində
Yaponiyada sınaqdan çıxarılmış atom
bombasının dəhşəti ilə bir andaca
dünyaları zülmətə qərq olmuş ana və
övladının son
çırpınışlarını orijinal canlandıra
bilib.
Sözügedən şeirin sonunda isə müəllif
sülh carçısı kimi çıxış edərək,
atom sınaqlarını dayandırmağa
çağırış edib:
Kəsin,
atom sınaqlarını kəsin!
Bir
cüt gözün matəmi
Min-min
gözə çökməsin!
R.Rza "Bombardman" şeirində isə, bir
yaponiyalı ananın dilindən müraciət edərək,
insanları barışa səsləyir, Yer üzünün
taleyinin insanların əlində olduğunu vurğulayaraq atom
bombası dəhşətlərinin təkrarlanmaması
üçün bəşəriyyəti müharibəyə
qarşı birliyə çağırırdı.
İnsanın mənəvi aləmini, düşüncə
və axtarışlarını yüksək bədiiliklə
əks etdirən Nəbi Xəzri poeziyasında da Hiroşima
faciəsinin özünəməxsus yeri vardır. 1974-cü il
Yaponiya səfərindən sonra səfər təəssüratlarını
qələmə aldığı "Yaponiya dəftərindən"
şeirlər silsiləsində Hiroşima motivlərinə
geniş yer ayrılıb. "Şəhidlər
və şahidlər" poeması bütövlükdə bu
faciəyə həsr olunub. Poemanın müxtəlif
hissələrində - "Heykəl qızcığaz",
"Fəlakət gözəli", "Ölüm təpəsi",
"8-15 dəqiqə" kimi şeirlərdə böyük
ustad Hiroşima soyqrımının acı həqiqətlərini
faciə şəhidlərinin dili ilə ifadə etməyə
nail olub.
İnsanlar,
Açılsın
qanadlarımız!
Qoy zəka
xeyirxah əmələ dönsün!
İnsanlar,
qoymayın övladlarımız,
Bir daha mənimtək
heykələ dönsün!
("Heykəl qızcığaz")
Yazıçının sözügedən
poemasının əsas qayəsini "planetin bədəninin
sağalmayan yarası" adlandırdığı
Hiroşima faciəsinin təkrarlanmaması üçün
müharibə bəlasından xilas olmağa, planetimizin gələcəyini
qorumağa, baş verənlərdən dərs
çıxarmağa çağırış təşkil
edir.
Xalq
şairi Fikrət Qoca Hiroşima faciəsini bəşər
övladının hər birinin qaranlıq röyasına
çevrildiyini, Yer kürəsinin od tutub
yanması şəklində təqdim edib. "Xirosima"
şeirində Hiroşima fəlakəti "XX əsrin səbri
partlamış" şəklində ifadə edib:
"Partlayış!
Deyirlər
XX əsrin
Səbri
partlamış"
Yanır
kipriklərdə yaş,
Yanır
arzu, murad, təlaş,
Ömrün yoludur yanan qarşımızda.
Əli Kərimin poeziyasında da Hiroşima mövzusuna
rast gəlinir.
"Xirosimada məktəbsiz uşaq"
şeirində sözügedən faciənin qurbanı olan,
ağır bədən xəsarəti səbəbiylə məktəbə
gedə bilməyən, parçalanmış könlü ilə
hey məktəbli uşaqların dalınca baxan qızın
nisgili ifadə olunub.
Könül, neçə il olar
Arzu ləpədöyəni?
Kim unudar
Bu qızın istəyini?
İllər,
aylar bu qızdan uzaq keçir,
Yan keçir.
Partla!
Alış!
Yan! Keçir!
XX əsrin bombardmanı bəşəriyyət tarixinin ən
dəhşətli hadisələrindən biri kimi ədəbiyyatda
böyük rezonans yaradıb. Yapon ədəbiyyatında
hadisənin birbaşa şahidi olan ədiblərlə
yanaşı, dövrün görkəmli simaları da atom
bombasının Hiroşimada meydana gətirdiyi gerçəklikləri
bədiiləşdirmişdilər. Eyni
zamanda, XX əsr Azərbaycan ədəbiyyatında da
Hiroşima faciəsinə geniş şəkildə müraciət
edilib. Azərbaycanlı ədiblərin
yaradıcılığında Hiroşima mövzusu
insanlığın xilası, müharibələrə son
qoyulması, Yer kürəsində sülhün bərqərar
olması kimi bəşəri ideyalara əsaslanır.
Hiroşima
ilə bərabər külə dönmüş
insanlığın yenidən doğulması gərəkdir!
Gülnar
YUNUSOVA
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat
İnstitutu “Azərbaycan-Asiya ədəbi əlaqələri”
şöbəsi
525-ci qəzet .- 2021.- 6 avqust.- S.10.