"Bəzən bir nəfər mənsub
olduğu xalqı minlərlə insandan daha yaxşı təmsil
edir"
Vilayət Quliyev:
"Dilimizin mövcudluğunu qorumağa, inkişafını
təmin etməyə ilk növbədə vətənimizdən
başlamalıyıq"
Adətən, müsahiblərimizdən özlərini təqdim
etmələrini xahiş edirik. Amma Vilayət Quliyev adı
üçün xüsusi təqdimata ehtiyac yoxdur: tənqidçi,
ədəbiyyatşünas, tərcüməçi, Azərbaycanın
sabiq xarici işlər naziri Vilayət Quliyev. O, yaxın
vaxtlara qədər Polşada və Macarıstanda Azərbaycanın
fövqəladə və səlahiyyətli səfiri kimi
çalışıb. Təcrübəli və peşəkar
insanlarla həmsöhbət olmaq həm müsahibə alan əməkdaş, həm də oxucu
auditoriyası üçün böyük mənəvi
qazancdır.
Vilayət Quliyevlə müsahibəmizi sizə təqdim
edirik.
***
- Vilayət
müəllim, keçən əsrin sonlarında macarlar bu
ölkəyə köç etmələrinin min illiyini qeyd
edirdilər. O vaxt xarici mətbuatda maraqlı bir yazı dərc
olunmuşdu. Demə, tarixi araşdırmalar
zamanı məlum olub ki, macarların əcdadları
köçdən əvvəl indiki Tbilisidən yüz
kilometr qərbdə məskun salıblarmış. İndiki macarlar azərbaycanlılara bir
"simsarlıq duyğusu" bəsləyirmi?
- Əvvəla onu deyim ki, mən artıq Azərbaycan
Respublikasının Macarıstandakı sabiq səfiri
sayılıram. Çünki dövlət
başçısının 21 iyul 2021-ci il
tarixli sərəncamı ilə səlahiyyət müddətim
bitdiyi üçün geri
çağırılmışam. İşlərimi
başa vurub bir neçə gündən sonra Vətənə
qayıdacağam. Amma bu, heç bir halda səsləndirdiyiniz
maraqlı suallara cavab vermək imkanını aradan
qaldırmır.
Macarlar
indiki vətənlərinə iki böyük köçlə
gəliblər: hunlar (on oqurlar) bizim eranın V əsrində,
indiki macarlar isə IX əsrin sonunda. Ona görə də,
ölkə latın mənbələrində
və Avropa dillərində Hungaria adlanır. IX
əsrdə Arpadın başçılığı
altında gələnlər isə, macar tayfasına mənsub
olduqlarından ölkəni Magyarorsaq, yəni Macar yeri, yaxud
Macarıstan adlandırıblar. Macar
folklorunda Hun və Macarın iki doğma qardaş olması barəsində
əfsanələr mövcuddur. Hunların bir müddət
Azərbaycanın qərb hissəsində (indiki Tovuz, Qazax,
Borçalı ərazilərində) yaşaması haqda
Bizans imperatoru və tarixçi Konstantin VII Baqryanarodnıy
"İmperiyaların idarə olunması haqqında" əsərində məlumat
verir. Yəni
hunların Azərbaycanda olması şübhə
doğurmayan faktdır. Bunu ölkəmizin
ərazisindəki bir sıra tarixi toponimlər də sübut
edir. Məsələn, Hun dağı,
Qarxun (Qara Hun) kəndi və s. Lev Qumilyovun "Qədim
türklər" kitabında macarların da indiki Azərbaycan
ərazilərində olmaları barədə məlumatlara təsadüf
edilir. Təbii ki, bunlar hamısı
tarixdir. Həm də uzaq tarix...
Sosializm dövrünün rəsmi ideologiyası həmişə
macarları fin-uqorlara bağlayıb. Amma elm adamları arasında türk
versiyasına üstünlük verənlər də az olmayıb. Bu ənənə
XIX əsrin ortalarından - məşhur macar türkoloqu Armin
Vamberidən başlanıb. İndi yalnız alimlər, şairlər yox, həm
də rəsmi şəxslər macarların türk kökləri
barədə açıq danışırlar. Yadımdadır,
2011-ci ilin noyabrında Macarıstanın keçmiş
prezidenti Pal Şmitt Bakıya rəsmi səfərə gəlmişdi.
Prezident İlham Əliyevlə
görüşündə mətbuatın
qarşısında "Biz qohum xalqıq. Ümumi əcdadlarımız
avarlar, sabirlər, xəzərlər olub" - dedi.
Onu da unutmaq olmaz ki, macarlar min ildən çoxdur ki,
xristiandırlar, Avropanın mərkəzində
yaşayırlar. Təbii ki, bu da insanlarda müəyyən
bir avrosentrizm duyğusu yaradıb. Ona görə də
"türk olmaq" fikrinə şərik çıxanlarla
bir sırada bu ideyaya ağız büzənlər də az deyil. "Azərbaycanlılarla
simsarlıq" məsələsinə gəldikdə isə,
məşhur macar türkoloqu, akademik
Georq Xazai bir dəfə mənə demişdi ki, macarlar
mənşə baxımından Volqaboyu türklərinə -
başqırdlara, tatarlara, çuvaşlara daha yaxındırlar.
Bütünlükdə, sıradan bir macar da türk,
qazax, yaxud azərbaycanlı ilə görüşəndə
xalqlarımızın qohum olduğunu deyir. Yəni
türk xalqları ilə simsarlıq, əqrəbalıq
ideyası cəmiyyətdə tədricən, amma dönməz
şəkildə yayılır.
- Səfir olduğunuz müddətdə
hər il təşkil etdiyiniz "Azərbaycan-Macarıstan:
mədəniyyətlərin dialoqu" beynəlxalq
konfransı mədəni əlaqələrimizə nə kimi
töhfələr verib?
- Əvvəla, qeyd edim ki, ortaya müəyyən maliyyə
çətinlikləri çıxdığından, son iki
ildə isə, koronavirus pandemiyası səbəbindən biz
artıq xeyli vaxtdır ki, bu konfransı keçirə
bilmirik. Belə tədbirlərin ədəbi-mədəni əlaqələrimizə
və elm adamları arasındakı ünsiyyətə, əməkdaşlığa,
şəxsi münasibətlərə təsiri və verdiyi
töhfələr, şübhəsiz, danılmazdır.
Həm də konfranslarda yalnız Azərbaycan və macar alimləri
deyil, Polşa, Türkiyə, Ukrayna, Almaniya və s. ölkələrdən
gəlmiş elm adamları da iştirak edirdilər. Bəzən Budapeştdəki tanışlıq birgə
tədqiqat layihələrinin ortaya çıxmasına təkan
verirdi. Biz yeddi konfransın
materiallarını kitab şəklində çap etmişik.
Bəlkə də, bir az mübaliğəli
görünəcək: amma həmin kitabları Azərbaycan-macar
əlaqələrinin ensiklopediyası adlandırmaq olar.
Çünki burada tarixə, ədəbiyyata, etnoqrafiyaya, dilə,
ədəbi-mədəni əlaqələrə, iqtisadi,
siyasi, hüquqi və s. məsələlərə dair ciddi
araşdırmalar toplanıb. Kitabları
Macarıstanın 150-dən artıq kitabxanasına hədiyyə
etmişik. Bu da təkcə Budapeştdə deyil, ölkənin
hər yerində Azərbaycan-Macarıstan münasibətləri
ilə maraqlanan insanlara mövzunun bir çox aspektləri ilə
tanış olmağa imkan verib.
- Qeyri-rəsmi mənbələr
dünyada 50 milyona yaxın azərbaycanlı
yaşadığını bildirir. Macarıstanda
yaşayan soydaşlarımızın sayı barədə dəqiq
məlumat varmı?
-
Sözün düzü, mən bu rəqəmin
doğruluğuna inanmıram və bu cür miflərin
dövriyyəyə buraxılmasının əleyhinəyəm.
Həmin o 50 milyon soydaşımızın
hansı ölkələrdə yaşadığı haqda
İnternetdə yayılan qeyri-rəsmi məlumata
baxmışam. Məsələn, iddia
olunur ki, Butanda 3 min azərbaycanlı yaşayır. Yaxud
Nepalda 7 min soydaşımız var. Onların hətta təqribi
hesabını kim aparıb? Həmin
adamlar Butana, yaxud Nepala necə gedib çıxıblar? Hətta əgər söhbət Cənubi Azərbaycandan
olan soydaşlarımızdan gedirsə, yenə
inandırıcı deyil. Çünki bir anlığa
fərz etsək ki, məsələn Nepalda təbrizlilər,
yaxud urmiyalılar yaşayır, onlar, aydın məsələdir
ki, siyahıyaalma anketinin "milliyyət" qrafasına (əgər
siyahıyaalma keçirilibsə və belə qrafa varsa)
"azərbaycanlı" yazmayacaq. "irani"
yazacaqlar. Bir sözlə, belə
nağıllarla özümüzü aldatmaq lazım deyil.
İstinad etdiyiniz həmin o qeyri-rəsmi mənbə
Macarıstanda yaşayan azərbaycanlıların
sayını 35 min nəfər göstərib. Əslində isə, heç 350 nəfər də
yoxdur. Həm də unutmaq lazım deyil ki,
kəmiyyət yox, keyfiyyət əsas şərtdir. Bəzən bir nəfər mənsub olduğu
xalqı yüzlərlə, hətta minlərlə adamdan daha
yaxşı təmsil edir.
- Məlumdur
ki, dil təkcə ünsiyyət vasitəsi deyil, o, həm də
gerçəklik, mədəni ənənələr, xalqın
tarixi, milli özünüdərki haqda biliklərin
qorunması və gələcək nəsillərə
ötürülməsi missiyasını həyata
keçirir. Bu baxımdan başqa ölkələrdə
yaşayan soydaşlarımızın ana dilinə münasibəti
bizi çox maraqlandırır. Macarıstanda
doğulan azərbaycanlı uşaqların öz ana dilində
təhsil ala bilməsi üçün şərait varmı?
- Burada
ailələri iki qrupa bölmək lazımdır. Əgər hər iki valideyn azərbaycanlıdırsa,
əgər evlərində ana dilində
danışırlarsa, təbii ki, övladları macar məktəbində
oxusalar da, doğma dili ən azı danışıq səviyyəsində
bilirlər. Qarışıq ailələrdə
isə vəziyyət kədərlidir. Mən
ərin azərbaycanlı, xanımın macar olduğu bir
neçə belə ailə tanıyıram. Heç birində uşaqları Azərbaycan dilində
danışmır, hətta ölkəmiz haqqında ən məhdud
biliklərə belə malik deyillər. Azərbaycan
məktəbinə gəldikdə isə, belə bir imkan və
əslində, zərurət də yoxdur. Əgər
bütün Budapeştdə vur-tut 10-15 nəfər məktəb
yaşlı soydaşımız yaşayırsa, təbii ki,
heç kim onlar üçün məktəb
açmayacaq. Amma səfirlikdə bazar
günü məktəbləri, yaxud ana dili kursları təşkil
etmək mümkündür. Bir neçə
dəfə belə təklif səsləndirmişik. Hələ ki, ciddi şəkildə maraq göstərən
tapılmayıb.
-
Müsahibələrinizin birində demişdiniz ki,
Macarıstanda daim bir Şərq ruhu, türk ruhu
dolaşır. Eyni zamanda, onu da demisiniz ki, ermənilər
öz milli xüsusiyyətlərini qoruyub saxlamaq şərti
ilə yerli cəmiyyətə inteqrasiya olunmağı, hətta
bir sıra hallarda ictimai fikrə təsir göstərməyi
bacarıb. Problem mentalitetimizdənmi
qaynaqlanır?
-
Mentalitetimizlə bağlı məsələlər də
var. Azərbaycandan köçüb xarici ölkələrdə
məskunlaşan insanlarımızın bir qismi elə bil vətənlə
həmişəlik vidalaşır. Ölkənin
maraqları ilə bağlı tədbirlərdə, dəstək,
yaxud etiraz aksiyalarında iştirak etmək istəmirlər.
İkinci böyük qüsur - çevrələri
yoxdur. Məsələn, 30 il
Budapeştdə yaşayan bir həmvətənimizdən
xahiş edirsən ki, Qarabağla bağlı nümayiş
keçiririk, 3-4 nəfər macar dostunu,
tanışını da götür, gəl. Məlum
olur ki, belə dostları yoxdur. Bu da yerli cəmiyyətə
inteqrasiya olmağı bacarmamağın, öz qınına
çəkilməyin nəticəsidir. Bizdə (xaricdə
yaşayanları nəzərdə tuturam) iki ifrat tendensiya var
- ya milli, dini və s. sərhədləri ümumiyyətlə
aşa bilmirik, ya da tam şəkildə ruslaşır,
farslaşır, fransızlaşır və milli maraqları
unuduruq. Əlbəttə, ikisi də yarıtmaz
haldır. Həqiqət həmişə
olduğu kimi ortadadır. Bu məsələdə
ermənilərin üstünlüyü ondadır ki,
yaşadıqları ölkənin dilini, adət-ənənələrini,
tarixini öyrənirlər, ölkə xalqı ilə daimi təmasda
olurlar, onu öz tərəflərinə çəkməyi
bacarırlar. Həm də burada təkcə
xristian amili ciddi bir rol oynamır. Bədnam
qonşularımız Avropada olduğu kimi, müsəlman
Şərqində də məqsədlərinə asanlıqla
çata bilirlər. Bizə milli ruhlu,
savadlı, vətənpərvər, siyasi proseslərdən
baş çıxarmağı bacaran mühacirət
lazımdır. Yalnız belə olduqda səsimiz
eşidiləcək.
-
Qayıdaq dil məsələsinə. İsveçdə
yaşayan bir soydaşımız Azərbaycan teatrı
açıb, soydaşlarımız dil kursu təşkil ediblər.
Macarıstanda Azərbaycan dilində teatr, tv
kanallar, radio, kurslar, məktəblər varmı?
- Belə
bir köhnə lətifə var. Bir şəhərdə
şahı toplardan atılan yaylım atəşi ilə
qarşılamalı imişlər. Şah şəhərə
varid olur, amma heç bir atəş səsi eşitmir. Valini çağırıb səbəbi ilə
maraqlanır. Vali baş endirib deyir:
- Şah
sağ olsun, bunun on səbəbi var. Əvvəla, topumuz yoxdur,
ikincisi topçumuz yoxdur, üçüncüsü
barıtımız yoxdur, dördüncüsü...
Şah əlini
qaldırıb deyir:
- Dayan! Birinci səbəb kifayətdir.
Qalanlarını saxla özünə...
Macarıstanda
azərbaycanlıların sayı çox az
olduğundan, həm də soydaşlarımız arasında həmrəylik,
ictimai fəallıq, təşəbbüskarlıq
çatışmadığı üçün
adını çəkdiyiniz müəssisələrin
heç biri hələlik mövcud deyil. Yeri gəlmişkən
deyim ki, bu institutlar on minlərlə azərbaycanlının
yaşadığı Almaniyada da yoxdur.
- Bəlli
bir həqiqətdir ki, millətin, yurdun varlığı ana
dilinin varlığına bağlıdır. Əgər
biz bu gün dilimizi hansısa dilin içərisində
itiririksə, demək, xalqı, milləti də itiririk. Bəzi Avropa ölkələrində yaşayan
soydaşlarımız orda böyüyən
övladlarının könüllü assimilyasiya riski
qarşısında olduğundan gileylənirlər. Valideynlərin məsuliyyəti öz yerində,
bunun qarşısını almaq üçün dövlət
xətti ilə nə kimi tədbirlər görmək olar?
- Gəlin razılaşaq ki, dilimizin mövcudluğunu qorumağa, inkişafını təmin etməyə ilk növbədə Vətənimizdən başlamalıyıq. Son vaxtlar ölkədə rusdilli bağça və məktəblərin sayının get-gedə artması, reklamların əcnəbi dillərdə yazılması ilə bağlı haqlı həyəcan təbili çalınır. Bunu təbii ki, xaricilər də görür və ana dilimizə laqeyd, saymazyana münasibətimizə görə bizə çox da hörmətlə yanaşmırlar. Müstəqil ölkənin təhsil sistemi milli dildə olmalıdır. Ən azı milliyyətindən asılı olmayaraq, hər bir vətəndaş bu dili bilməli və ona hörmətlə yanaşmalıdır. Burada şəxsi məsuliyyət və milli şüur mühüm rol oynayır. Dövlət vətəndaşı zorla rus, yaxud ingilis məktəbinə göndərmir. Əksinə, vətəndaş dövlətdən tələb edir ki, rus dilində tam orta təhsil verən məktəblərin sayını artırsın. Etiraf etmək nə qədər ağır olsa da, rus sektorunu bitirənlərin 70-80 faizi intellektual baxımdan nə Rusiyaya, nə də Azərbaycana bir fayda verirlər. Mən həmişə təəccüblənirəm: Gürcüstanda rus məktəblərinin sayı çox azdır. Amma rus dilində necə səlis, tarixə bələd olan və vətənpərvərlik mövqeyindən yaza bilən bacarıqlı jurnalistlər, analitiklər var!
Əgər bu qədər rus məktəblərimiz varsa, məşhur tamaşada deyildiyi kimi, bəs o əjdahadan bizdə niyə yoxdur?
Dilə hörmət insanın qanında olmalıdır. Macarıstanda çalışdığım 11 il ərzində bir dəfə də olsun iki macarın (hətta hər ikisi Oksfordu bitirsə də!) öz aralarında əcnəbi dildə danışdığını eşitmədim.
Xaricdəki soydaşlarımıza gəldikdə, burada hər şey olmasa da, çox şey yalnız Azərbaycan vətəndaşının milli mənlik şüurundan, vətənpərvərlik və təəssübkeşlik duyğusundan, özünə və mənsub olduğu millətə hörmət hissindən asılıdır. Yoxsa dövlət qurumları Çində yaşayan Əhmədin, yaxud Avstraliyaya mühacirət etmiş Məmmədin övladlarına ana dilini öyrədib-öyrətməmələrini nəzarətdə saxlaya bilməz. Eyni zamanda, soydaşlarımızın yaşadıqları ölkələrdəki səfirliklər, yaxud Diaspora komitələri bu istiqamətdə təşviq və həvəsləndirmə işləri apara bilərlər və aparmağa borcludurlar. Amma burada dairə qapanır. Yəni səfirlik və əlaqədar qurumlarda ana dilini bilən, sevən, onun təəssübünü çəkən, varlığı uğrunda mübarizə aparmağı bacaran adamlar çalışmayana qədər hərəkət qapalı dairədə davam edəcək. Hər şey bu qədər aydın və sadədir.
Gülyaz ƏLİYEVA
525-ci qəzet .- 2021.- 6 avqust.- S.8;11.