Hər müşkülü asan edən istedad və zəhmətdir

 

Professor Elşən Hacızadənin 60 yaşı münasibətilə...

 

...Biz eyni ilin uşaqlarıyıq. Anamız Azərbaycanın müxtəlif guşələrində - o, Xəzərin sahilində - Siyəzəndə, mən Qarabağda - Ağdamda dünyaya gəlsək də, valideynlərimiz bizə eyni adı veriblər.  Bu, milli kinomuzun çox maraqlı nümunələrindən olan və ötən əsrin altmışıncı illərinin əvvəlində ekranlara çıxan "Bir qalanın sirri" filminin baş qəhrəmanının adıdır. Ağıllın, biliyin və fiziki gücün vəhdəti ilə dünyanın hər bir sirrini-sehrini açmağın mümkünlüyünü, elmin xürafat və nadanlıq üzərində qələbəsini rəmzləşdirən bu obrazı, görünür, valideynlərimiz bizimlə bağlı arzularının təcəssümü kimi qəbul ediblər və adımıza layiq olmağımızı istəyiblər. Bu adda ən yaşlı adam, uzağı,  bir ildi altmışı keçib. Mən bir neçə ay əvvəl həmin səhifəni geri çevirmişəm, onun - həmyaşıdım olan adaşlarımın ən titullusunun - professor Elşən Hacızadənin isə yaşının 60-cı ili avqustun 9-da tamam olur.

 

"Ən titullusu" dedim və bu sözün açılışını da dərhal qeyd etməyə gərək var: o, iqtisad elmləri doktorudur, ikinci dərəcəli dövlət müşaviridir, bir sıra nüfuzlu beynəlxalq elmi qurumların   peşə birliklərinin üzvüdür, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə  "Tərəqqi" medalı ilə təltif olunub və nəhayət, Birinci Qarabağ müharibəsinin veteranıdır. Bioqrafiyasının hər sətri bir insanın öz biliyi, istedadı, zəhməti, ləyaqəti ilə ömrünün altmışıncı ilinədək nə qədər böyük  uğurlar, nailiyyətlər qazana biləcəyinin örnəyini verir.

 

Elşən Hacızadə inanclı və köklü bir nəslin nümayəndəsidir. Hacı titulu bu nəslin soyadında əbədiləşmiş ata babası Ağababa Xaliq oğlu milli zadəganlığın təmsilçilərindən biri, eyni zamanda din-iman adamı olub. Atası Mahmud Hacızadə  İkinci Dünya müharibəsində iştirak edib, uzun illər bank-maliyyə sistemində rəhbər vəzifədə işləyib. Anası Bəyimxanım Sadıq qızı həkim-terapevt kimi yetmiş ilə yaxın bir müddətdə  insanların sağlamlığı keşiyində dayanıb. Elşən müəllim ona həyatı boyu hörmət və ehtiram qazandıran yüksək mənəvi-əxlaqi keyfiyyətləri, daim öyrənməyə, özünü inkişaf etdirməyə tükənməz həvəsi rəhmətlik valideynlərindən əxz edib.

 

"Özümdən böyük bacı və qardaşlarım orta məktəbdə rus dillində təhsil alırdılar. Sovet dövründə ziyalı ailələr bununla övladlarının gələcəkdə daha uğurlu karyera qura biləcəyini düşünürdülər. Mən də uşaq bağçasının rus bölməsinə gedirdim. Lakin məktəb yaşım çatanda validyenlərim respublikada milli intibahın özünü büruzə verdiyini görüb, hiss edərək məni ana dillində oxutdurmağa qərar verdilər", - Elşən müəllimin orta təhsili ilə bağlı bu xatirəsi dövrün mənzərəsini əks etdirir: ötən əsrin altmışıncı illərinin sonu - yetmişinci illərinin əvvəlini bu gün biz, haqlı olaraq, milli özünüdərkin oyanış dövrü kimi səciyyələndiririk. Məhz həmin dövrdə respublikamızda milli təhsilimizə, ana dilimizə, mənəvi dəyərlərimizə respublika rəhbərliyi, şəxsən Ulu öndər Heydər Əliyev xüsusi diqqət və qayğı göstərirdi. Azərbaycan cəmiyyətində canlanma bütün sahələrə, o cümlədən, iqtisadiyyata da sirayət edirdi. Elşən Hacızadə orta məktəbi bitirib ixtisas seçərkən, görünür, atasının yolunu davam etdirmək arzusu ilə yanaşı, bu amilə də nəzər yetirib və sonralar təkcə tələbəlik həyatı ilə deyil, elmi-pedaqoji fəaliyyəti ilə də sıx bağlı olduğu indiki Azərbaycan Dövlət İqtisad Universitetinin üzərində dayanıb, ali təhsilini burada alıb.

 

Hər zamanın öz hökmü var: bizim gəncliyimiz milli-mənəvi intibahın yeni dalğasına düşsə də, o zamanın hökmü sovetlərdə idi. Elşən də ali təhsilini bitirib, təyinatla göndərildiyi Rabitə Nazirliyinin Nəzarət-Təftiş İdarəsində cəmi bir neçə ay işlədikdən sonra Sovet Ordusunda xidmətə çağırılıb və hərbi xidmətə sıravi əsgər kimi başlasa da, mülki həyata leytenant rütbəsində qayıdıb: bu, alitəhsilli olduğu üçün komandanlığın zabit kursu keçmək təklifini qəbul etməsinin nəticəsi idi.

 

Bir az irəli gedib deyim ki, məhz həqiqi hərbi xidmətdəki nailiyyəti onun Birinci Qarabağ müharibəsində zabit kimi Milli Ordunun tərkibinə cəlb olunmasına və Ağdamda düşmənlə üzbəüz mövqedə dayanan bölmələrimizdən birinin qərargah rəisi vəzifəsinə təyinat almasına imkan yaradıb. Atəşkəs başlanandan az sonra ordudan ehtiyata buraxılsa da, o vaxt gözünün qarşısında ermənilərin törətdiyi vandalizmin acı mənzərələri daim qəlbini ağrıdıb. Ta ötən ilin payızında qazandığımız tarixi Zəfərə qədər: keçmiş zabit, indiki alim və dövlət məmuru kimi  Elşən Hacızadə işğaldan azad edilmiş ərazilərimizin dirçəlişi istiqamətində aparılan işlərdə şəxsən iştirak etməsindən məmnunluq və qürur hissi duyur...

 

Əziz dostumun və adaşımın bioqrafiyasının bu şərəfli səhifəsini qeyd etdikdən sonra yenidən geriyə qayıtmalı oluram. Elşən müəllim Sovet hakimiyyəti dövründə alitəhsilli gənc mütəxəssisin karyera yüksəlişindəki pillələri inamla addımlayıb, həm çalışdığı neft-qaz sənayesi sahəsində vəzifəsi tədricən böyüyüb, həm də ictimai-siyasi fəaliyyətdə uğurlar qazanıb, hətta qəsəbə Sovetinin deputatı da seçilib. Ölkəmizin müstəqilliyi dövründə isə uçot-mühasibat işi sahəsindəki bilik və təcrübəsini Azərbaycan Dövlət Neft Şirkətinin bir sıra strukturlarında tətbiq edib. Və nəhayət, ötən əsrin doxsanıncı illərinin axırlarında elmi-pedaqoji fəaliyyətə başlayıb: Azərbaycan İqtisadçılar İttifaqında məsləhətçi olmaqla yanaşı, "Təfəkkür" Universitetində müəllim işləyib. Yeni əsrin başlanğıcında isə Azərbaycan Milli Elmlər Akademiyasında bir müddət fundamental elmi araşdırmalar apardıqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinin elmi-pedaqoji heyətinə daxil olub. Dövlət işində çalışdığı son on beş ildə də burada elmi-pedaqoji fəaliyyətini, sözün həqiqi mənasında, yorulmadan, əzmkarlıqla davam etdirib və hazırda universitetin Enerji İqtisadiyyatı Mərkəzinə rəhbərlik edir.

 

Elşən müəllimin elmi tədqiqatları, məncə, xüsusi diqqətə layiqdir. Yeri gəlmişkən qeyd edim ki, namizədlik dissertasiyasını 1998-ci, doktorluq dissertasiyasını 2005-ci ildə müdafiə edib, 2010-cu ildə dosent, 2013-cü ildə professor elmi adı alıb. Enerji iqtisadiyyatı, sənaye və nəqliyyat, yüksək texnologiyalar, beynəlxalq iqtisadi münasibətlər, dünya iqtisadiyyatı, təhsilin inkişafı problemləri, iqtisadiyyat üzrə ensiklopedik məlumatların sistemləşdirilməsi, lüğətlərin işlənməsi və hazırlanması onun elmi fəaliyyətinin əsas istiqamətləridir. Milli yanacaq-enerji kompleksinin modernləşdirilməsi problemləri ilə bağlı konseptual tədqiqatların müəllifi olan professor Elşən Hacızadə elmi dövriyyəyə "sosiallaşan iqtisadiyyat" və "Nobel iqtisadiyyatı" kimi yeni iqtisadi anlayışlar gətirib. İndiyədək ölkəmizdə və xaricdə 220 elmi əsəri çap olunub, 10 monoqrafiyanın, 1 dərs vəsaitinin, 3 tədris proqramının, 6 metodik vəsaitin müəllifidir, vətən elmini dəfələrlə müxtəlif beynəlxalq elmi tədbirlərdə təmsil edib. Bir sıra elm-tədris ocaqlarında dissertasiya şuralarının üzvü, sədr müavini kimi elmi vəzifələr yerinə yetirib. Onun rəhbərliyi altında iqtisadiyyat üzrə 9 fəlsəfə doktoru hazırlanıb.

 

Professor Elşən Hacızadənin elmi fəaliyyətini təhlil etmək, təbii ki, elmşünasların işidir və mən alim-tədqiqatçı adaşımın yalnız erudisiyası, işgüzarlığı, elmi fəaliyyətin və illah da, iqtisad elminin populyarlaşmasına verdiyi töhfələr barədə, sadəcə, bir jurnalist kim müəyyən fikirlər söyləyə bilərəm.

 

Biz 2010-2018-ci illərdə "Azərbaycanın vergi jurnalı"nın redaksiyasında birlikdə çalışmışıq: Elşən müəllim həmin elmi nəşrin baş redaktoru, mən məsul katibi idim. Bu illərdə onun öhdəsinə götürdüyü işə necə məsuliyyətlə, həvəslə yanaşdığının, jurnalımızın nəinki  respublika miqyasında, həmçinin, beynəlxalq elmi dairlərdə tanınması üçün nə qədər səmərəli fəaliyyət göstərdiyinin şahidi oldum. Elşən müəllim redaksiya heyətinə dünyanın ayrı-ayrı ölkələrinin tanınmış alimlərini cəlb edərək, jurnalı sanballı elmi nəşrə çevirdi. Onun redaksiyaya məsləhətçi kimi dəvət etdiyi daha bir adaşımız - hazırda gənc iqtisadçı-alimlər arasında özünəməxsus yeri olan Elşən Bağırzadə də jurnalın müasirləşməsində və inkişafında əhəmiyyətli rol oynadı. Nəşrin əhatə dairəsi genişləndi, elmi məzmunu zənginləşdi, tirajı artdı, internet səhifəsi yaradıldı, dörd dildə (Azərbaycan, türk, ingilis, rus) onlayn rejimdə məqalələrin qəbulu, izlənməsi, arxivləşdirilməsi sistemi quruldu. İldə bir dəfə jurnalın ayrıca ingilisdilli versiyası nəşr olunurdu. Beynəlxalq resenziyalaşdırma sistemi tətbiq edildi və jurnal dünyanın 20-yə yaxın data-baza mərkəzi tərəfindən dəstəkləndi, elmi mühit üçün vacib olan sitatgötürmə indeksləşməsi təmin edildi və impakt-faktor göstəriciliyi ilə reytinqi yüksəldi. Elşən müəllimin təşəbbüsü ilə jurnalın redaksiyasında elmi konfranslar, dəyirmi masalar təşkil edilir, müxtəlif tədbirlər həyata keçirilirdi. Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü  münasibəti ilə magistrantlar arasında ölkədə ilk dəfə referat müsabiqəsi təşkil edildi və bu bilik yarışmasının keçirilməsi sonrakı illərdə ənənəyə çevrildi. Müsabiqələrdə təkcə respublikamızdan deyil, Avropa ölkələrindən və ABŞ-dan da magistrantlar iştirak edir, qaliblərinin elmi məqalələri jurnalda dərc olunurdu...

 

Elşən müəllimin insani keyfiyyətləri isə onun yüksək ziyalılığında, mənəvi saflığında, ailəsinə bağlılığında, həmkarları və dostları ilə səmimi münasibətlərində, cəmiyyətdəki hörmət və nüfuzunda öz parlaq təzahürünü tapır. O, üç övlad böyüdüb tərbiyə edib. Ailədə elmə maraq artıq ənənəyə çevrilib. Həyat yoldaşı Simuzər xanım səhiyyənin təşkili, qızı Fatimə filologiya, kiçik oğlu Nurlan iqtisadiyyat üzrə elmi araşdırmalar aparır və müdafiəyə hazırlaşırlar. Ailənin böyük oğlu Mahmud isə iqtisadiyyat üzrə fəlsəfə doktorudur və respublikamızda rəqəmsal iqtisadiyyat üzrə ilk alimdir.

 

Elşən Hacızadə dövlət qulluğunda yüksək vəzifə, elmi-pedaqoji sahədə böyük nüfuz sahibi olmaqla yanaşı, sadə bir azərbaycanlıdır. Onun dostluğa sədaqətini təsdiqləyən bir faktı qeyd edəcəyəm: milli orduda xidməti zamanı komandiri olduğu əsgərlərlə bu gün də əlaqələrini kəsməyib, vaxt tapdıqca görüşür, dəstəyini əsirgəmir...

 

Belə... Onun haqqında bundan da qısa bir mətn yaza bilmədim. Ləyaqətli dövlət məmuru, sanballı elm adamı, yaxşı insan və vətəndaş, əziz dostum Elşən Hacızadəni daha yaxından tanımaq istəyənlər, onun özünün şəxsi internet səhifəsinə və anadan olmasının 60 illiyi münasibətilə bu günlərdə çap edilmiş "Elşən Hacızadə. Biblioqrafiya" kitabına nəzər yetirə bilərlər.

 

...Biz "Bir qalanın sirri"ndən gələn nəsilik: "gecələr yatmayıb, gündüzlər dincəlmədən" çalışan hər bir Elşənin həyatda istənilən müşkülü asanlaşdıra biləcəyini öz taleyimizdə görümüşük. Yubileyin mübarək, əziz dost! İstedadın, əzmkarlığın və yaradıcı əməyin səni hələ bundan sonra da yeni uğurlara çatdıracaq...

 

 

Elşən ƏLİYEV

Əməkdar jurnalist

 

525-ci qəzet.- 2021.- 7 avqust.- S.23.