Belə kişilərdən uzaq durun!..
Qadınlara qarşı zorakılığın,
vəhşi davranışların,
qandonduran cinayətlərin
sayı durmadan artır. Demək olar ki, hər səhəri ya qətl, ya
döyülmə, ya da təcavüz xəbərləri ilə
açırıq. Bütün bunlar
qadınların həyatının
ciddi təhlükə
altında olduğunun
xəbərçisidir və
heç bir qadın bu durumdan
sığortalanmayıb. Yəni hər an partnyorumuzun içindən ağzı
qanlı canavar çıxa biləcəyi
mümkündür.
Sevmək, aşiq olmaq, ailə qurmaq əlbəttə ki, hər kəsin haqqıdır. Amma gənc yaşda bir özünü bilməzin qurbanına çevrilməmək üçün
kişi seçimində diqqətli
olmaq lazımdır. Məsələn, qulağa
sırğa ediləcək
bir qayda var; münasibətin başlanğıcında sizə
anormal davranış sərgiləyən kişilərin
bir müddət sonra əli qanlı qatilə və ya yumruq
göstərən tərəf
ola biləcəyini
gözardı etməyin.
Şiddətin üstünü "sevgi" ilə örtüb "dərdimdən
dəli-divanə olduğu
üçün belə
edir" deməyin.
Çünki fiziki şiddətin episentrində
psixoloji xəstəlik
yatır və bu, dəhşətli təkanlara səbəb ola bilər.
Yaxşı, bəs belələrini
necə tanıyaq?
Əvvəlcə sahiblənir, sonra hakimiyyət qururlar. Xoş niyyətlə oturduqları
taxtda qısa vaxtdan sonra xoşməramlı
iqtidar deyil, qana boğan
diktator kimi davranmağa başlayırlar.
Bu, əvvəl-əvvəl
qadınların xoşuna
gəlir. "Filan
yerə getmə, məndən xəbərsiz
çölə çıxma,
bunu geyinmə, onunla görüşmə"
kimi sözlərlə
kişinin onu qısqandığını düşünür,
hələ "sevən
qısqanar" deyib bununla öyünənlər
də az
deyil. Fəqət, bir müddət
sonra onun dediyini etmədiyinizdə bomba kimi partladığını
görürsünüz. Bu hirs gec, ya tez mütləq
şiddətə çevrilir.
Göz yumulduğu, üzərindən
keçildiyi təqdirdə
mərhələli şəkildə
irəlilədiyini və
qarşıda sizi dərin qaranlıq quyunun gözlədiyini əsla unutmayın.
Bir də hirs dağarcıqları
var. İstər sizə,
istərsə də digərlərinə ən
primitiv mövzularda belə həddindən artıq təpki göstərirsə, əlini
ora bura çırpır, yumruğunu
sıxır, ağzı
köpüklənə-köpülənə
bağırırsa, bu
kişi fəlakətiniz ola bilər. Belələri sükan arxasında
birinə hirslənsə,
işdə "quyruğu
tapdansa", evə gəlib acığını
sizdən çıxardacaq
tiplərdir. Bir bəhanə
tapıb içindəki
zəhəri sizin vücudunuza yeridəcək.
Ola bilər ki,
yaxşı yönləri
çoxdur, amma bu, onun şiddətə
meyilli olmağı gerçəyini dəyişdirmir.
Əvvəl axır o öfkəni
şırnaqdan fışqıran
su kimi üzərinizə
püskürdəcək.
Günahkar axtarışında olanlara
qarşı daha tədbirli olun. Ona görə
ki, şiddətə meyilli insanlar əsla haqsız olduqlarını qəbul etmirlər. Belə məqamlarda həmişə
başqalarını suçlayırlar.
Bu suçlama adətən ən yaxınındakını hədəfləyir,
məsələn, sevgilisini,
arvadını. Uşaq ağlayırsa,
günahkar qadındır,
işləri yaxşı
getmirsə, suçlu
odur. Bu suçlamalar
bir müddət sonra cəzalandırmaya keçir. Bunu əsla qəbul etməyin, münasibəti
bitirin!
Əmrlə danışanları xəfifə
almayın. Mütəmadi tələblər qoyan,
"elə, get, gəl,
otur, dur" kimi ifadələr işlədən kişilər
təhlükəlidir. Nə nəzakət
bilirlər, nə incəlik, onların dili tikan, içləri
kol-kosdur. Bəlkə siz
bu davranışı
onun mühitinə, yetişdirilmə tərzinə
bağlayırsınız, amma həqiqət elə deyil. Bu kişilər hərəkət
edən şillə, təpik, yumruq, qanlı bıçaq, tavandan asılı hazır ipdirlər. Əmr etdiyi şeyə əməl edilməyəndə
qadını doğulduğuna
peşman edirlər.
Qadın "sevirəm"
deyərək ona ayaq uydurur, amma
təəssüf ki, uzaqlarda dolanan ölümə qapı aralamış olur. Sevgi insanların bir-birinə şəfqətli, anlayışlı
davranması deməkdir.
Əmrlə idarə edilmək,
kiminsə reabilitasiya mərkəzinə çevrilmək
heç bir qadının öhdəliyi
olmamalıdır.
Təhdid edənlər ən betərləridir. Adətən şiddətə meyilli kişilər iki üsulundan istifadə edirlər. Birincisi, sizin ona olan sevginizi bilir və mütəmadi sizi tərk edəcəyi, ya da ayrılmaqla təhdid edir. İkincisi isə "məndən ayrılsan, səni öldürərəm" deyir. Hər iki halda getmək mümkünsüzləşir. Hal belə olunca qadın qorxusundan ayrıla bilmir. Əslində, qadın bu hərəkəti ilə şiddəti kişinin beynində leqallaşdırmış olur. Hətta daha betəri öz beynində bunu normal hal kimi qəbul etməyə başlayır. Vəziyyət bir növ Stokholm sindromuna çevrilir. Qadının ilk işi təhdid edildiyi anda o adamdan uzaqlaşmaqdır.
İntihar taktikası da yayğındır. Məsələn, əlin,
qolun kəsərək göz
qorxudur. Özünə zərər verən
kişinin qarşıdakına da zərər verməkdən çəkinməyəcəyini
unutmaq olmaz. Belə hala şahid olan qadının ürəyi yumşalır və
acıyaraq onu yanında qalmağı seçir, bu zaman öz
ölümünə şərait yaratdığının fərqində
olmur. Hətta sabah beyninə
çaxılacaq gülləni öz əli
ilə kişini ovucuna
qoyur. Bəziləri qadının
ağzının qanını burnuna
qarışdırır, yerlərdə sürüyür,
sonra hədiyyələr alaraq,
önündə diz çökərək,
yalvarıb ağlayaraq üzr
istəyir. Qadın isə hisslərinə yenilərək bu cür xəstə ruhlu kişiləri bağışlayır. Onun "sənsiz yaşaya
bilmərəm" kimi boğazdan
yuxarı sözləri qadına romantika kimi görünsə də, əslində, ölüm qoxan cümlə
olduğunu anlamaq istəmir.
Fərd, şəxsiyyət olmayan,
dəyər anlayışını dərk etməyən,
mütəmadi şikayətlənən, deyinən, özünü hamıdan üstün
görən, məmən-mənəm söyləyib sinəsinə
döyən, ara sözləri işlədən,
söyüş dilindən düşməyən, dinləməkdən daha
çox danışan, yataqda
sizdən çox öz
zövqü üçün
çalışan, hisslərinizi görməzlikdən gələn,
dili zəhər saçan,
anlamaqdan yox, danlamaqdan yana olan bütün kişilər
həyatınızda yeriyən bombadır, partlaması an məsələsidir, nə qədər
ki, gec deyil,
qaçın canınızı qurtarın!..
Türkan
TURAN
525-ci qəzet.- 2021.- 7 avqust.- S.21.