XVIII əsr Qarabağ poeziya məktəbi
İBRAHİMXƏLİL XAN
CAVANŞİR DÖVRÜ
Atası
Pənahəli xan Cavanşir kimi qeyri-adi taleyi olan İbrahimxəlil
xan Cavanşir 1763-cü ilin yayında İran əsirliyindən
Vətənə dönüb, xanlıq tacını
başına qoyandan dərhal sonra Pənahəli xanın
müdrik və uzaqgörən siyasətini davam etdirməyə
və vəsiyyətlərini yerinə yetirməyə
başladı. İlk
növbədə, sələfinin yarımçıq
qalmış işlərini başa çatdırdı,
xüsusən də, kiçik qardaşı Mehrəli
ağanın birillik hakimiyyəti dövründə
buraxılmış ciddi və kobud səhvləri aradan
qaldırdı, o cümlədən, atasının
bünövrəsini qoyduğu ədəbi-mədəni ənənələri
dirçəltməyə çalışdı, nəzərdən,
diqqətdən, qayğıdan kənarda qalaraq pərən-pərən
düşmüş neçə-neçə şairi,
musiqiçini, xəttatı, ümumiyyətlə,
ağıllı, tədbirli kamal və elm sahiblərini yenidən
saraya cəlb elədi. Onun möhkəm iradəsi
və qətiyyəti sayəsində çox çəkmədən
əvvəlki vəziyyət bərpa olundu, müxtəlif sənət
sahələrinin inkişafı üçün münbit
şərait yarandı, ədəbi hərəkat
canlanmağa başladı, bədii intellektual həyat tamamilə
öz axarına düşdü.
Qarabağ xan sarayı yenidən şeirin, sənətin
əsl inkişaf mərkəzi, poeziya və incəsənət
məbədgahı kimi tanınmağa başladı. Burda xalq təfəkkürünün
ən gözəl abidələrini yaradan böyük bir sənətkarlar
ordusu - mahir söz, qələm ustaları, müxtəlif
zövqlü zəka sahibləri, yaradıcı qüvvələr
yetişdi. Musa Kəlimullah, Mirzə Vəli Baharlı,
Molla Pənah Vaqif, Mirzə Əliyar bəy Tahirzadə,
Əmiraslan bəy Məhəmməd bəy oğlu (təzkirəçi-alim,
şair və musiqişünas Mir Möhsün Nəvvab
Qarabağinin ana babası - V.Q.) kimi dövrünün görkəmli
şəxsiyyətləri İbrahimxəlil xanın möhkəm
dayaqlarına, şəhərin əsas və aparıcı
ictimai qüvvəsinə çevrildilər, öz bilik və
bacarıqlarını xanlığın mədəni
inkişafına sərf elədilər...
İbrahimxəlil
xan Cavanşirin aydın, yetkin təfəkkürü və məntiqi
zəkası sayəsində Pənahabad daha da inkişaf edərək
yenidən Qarabağın baş şəhərinə,
paytaxtına, taxt-tacına, xanlığın göz bəbəyinə,
döyünən ürəyinə, gözəllik, mədəniyyət,
poeziya, incəsənət beşiyinə çevrildi.
Ümumiyyətlə, bu illər Qarabağın ən
maraqlı, ən mədəni, ən dəbdəbəli, ən
yaxşı idarə edilən dövrü
sayılırdı. Az vaxt içərisində Qalanın mənəvi həyatının
bütün sahələrində artan "mədəniyyətin
dünyəviləşdirilməsi" adlanan hadisələrin
əsası qoyuldu, yeni dünyəvi əsaslar
günü-gündən mədəni qüdrəti artan
Qarabağ mədəniyyətinə nüfuz eləməyə
başladı.
Molla Pənah
Vaqif Qalada məskunlaşdığı zaman İbrahimxəlil
xan Cavanşirə yazdığı bir fəxriyyədə
deyirdi:
Qarabağ
içrə şair bir
Kəlimullah
Musadır,
Cavanşir
içrə bir mövzun bayati
dəsti-beyzadır.
Bu misralardan görünür ki, Vaqif Qarabağa
köçənə qədər Pənahabadda Musa Kəlimullah
ismində bir şair yaşayıb-yaratmış və on səkkizinci
əsr Qarabağ poeziya məktəbinin ilk nümayəndələrindən
olmuşdur.
Musa Kəlimullahın həyat və
yaradıcılığı haqqında əlimizdə kifayət
qədər məlumat yoxdur. Yalnız şuşalı müəllim,
1910-cu ildən "Molla Nəsrəddin" jurnalının fəal
müəlliflərindən biri Həsən İxfa Əlizadə
(1893-1972) özünün "Qarabağ tarixi"
elmi-publisist əsərində şair barəsində
azacıq da olsa, söhbət açır. Tarixçi-müəllim
bu əsərində onun əsrlərin imtahanından
çıxıb unudulmayan, yaddaşlarda hifz edilib
saxlanılan və dillərdə əzbər olaraq yaşayan
bir şerini təqdim edir. Elə bu poeziya nümunəsi
də şairin yaradıcılığı barədə
fikir söyləmək imkanı yaradır:
Zalım fələk, sənə netdim, neylədim?
Əcəl qılıncları
çalhaçaldadır.
Hansı halalını haram eylədim?
Bəlasız başımız qalmaqaldadır.
Şirvanlı
Çələbi döyülüb qaçdı,
Qacar Məmmədhəsən
bir oyun açdı,
Ovşar
Fətəli də yolunu çaşdı,
İndi başqa fikir, başqa haldadır.
Qızmış
şirə döndü Ağamməd Qacar,
Qarabağa gətdi qanlı bir azar.
O,
saymadı, bax, gör fələk nə sayar,
Leşi gorda, başı bizim yoldadır.
Yasa
döndü bütün toylar-düyünlər,
Ələ
düşdü nazlı qızlar-gəlinlər,
Ləkələndi
ismət, namus yeminlər,
Bu cəza nə yerdə, nə mahaldadır.
Əsl sənət əsəri səviyyəsində
olan, öz təravətini və aktuallığını hələ
də itirməyən, klassik irsimizin ən gözəl
nümunələrindən sayıla biləcək bu şeirin
məzmunundan göründüyü kimi, şairin
yaşadığı keşməkeşli dövrün
ağır anları uzun müddət ona böyük təsir
bağışlamışdır. O, şahidi olduğu hadisələrə
biganə qalmamış, ən mühümlərini,
yaddaşlarda qalanları olduqca real və aydın şəkildə
əks etdirmişdir. Şair yadelli qəsbkarların bəlasız
başları daim qalmaqalda olan Qarabağ camaatına verdikləri
zülm və işgəncələri canlı lövhələrlə,
elə təsirli, bədii səhnələrlə
canlandırır ki, şeiri oxuyan hər bir kəs də istər-istəməz
Şuşaya göz dikən, qarabağlıların
toy-düyünlərini yasa döndərən bütün
yağıları nifrət hissi ilə yada salır. Oxucu
şəkili Hacı Çələbi xan, astrabadlı Məhəmmədhəsən
xan Qacar, urmiyalı Fətəli xan Əfşar, İran
hökmdarı Ağa Məhəmməd şah Qacar kimi
qaniçənlərin Qarabağın iqtisadi və mədəni
həyatına vurduqları yaralara, ümumiyyətlə, bu
müqəddəs torpaqda törətdikləri vəhşiliklərə
dərin nifrət və qəzəblə lənətlər yağdırır
və Qarabağın faciəli həyatına müəllifin
qəlbən nə qədər acıdığını
hiss eləyir...
On səkkizinci əsrin altmışıncı illərinin
sonlarında Molla Pənah Vaqifin İbrahimxəlil xan
Cavanşirin sarayına gəlişi ilə Qarabağ ədəbi
mühiti ikinci dövrünə qədəm qoydu. Az bir
vaxtda o özünün ədəbi və siyasi fəaliyyəti
ilə xanın ümidini doğrultdu, sarayın düşünən
beyninə, vuran nəbzinə çevrildi. Həmin
vaxtdan "Vaqif" təxəllüsü ilə
yazıb-yaratmağa başladı, şeirləri xalq
arasında geniş yayıldı, el içində
böyük şöhrət qazandı. İstedadlı
gəncləri üzə çıxarıb, saraya gətirdi
və şəhər ziyalılarının əsas qüvvəsi
bura cəmləşdi. Sarayda mədəni
bir mühit, mədəni bir cəmiyyət yarandı, bura bir
mədəni-maarif ocağına çevrildi, ədəbi məclis
fəaliyyətə başladı.
Hər tərəfdən Qarabağ xan sarayına sənətkar
axını davam etməkdə idi. Məclis üzvlərinin
sayı gündən-günə artırdı. Vaqif gənclərin qayğısına qalır,
onlara yaradıcılıq istiqaməti verirdi. Tez-tez şeir yarışları təşkil edir,
şairlərə Firdovsi, Xaqani, Nizami, Füzuli kimi
ustadların qəzəllərinə nəzirə, təxmis
yazdırır, məclislərdə oxutdurub, onlara qiymət
verirdi. Şairlərin çoxu nəzirələr
yazsa da, hərənin özünəməxsus üslubu, bədii
ifadə tərzi vardı. Eyni zamanda onlar bir-birlərinin
yaradıcılığı ilə də yaxından tanış olur və öz fikirlərini
bildirirdilər.
Məclis üzvlərinin əksəriyyəti Molla Pənah
Vaqifin təsiri ilə qoşma üslubunda
yazıb-yaradırdılar. Onlar saray ədəbi
mühitinin təşəkkülündə,
inkişafında və formalaşmasında fəal iştirak
edir, əsas və aparıcı rol oynayırdılar. Beləliklə də, Vaqif özünün ədəbi
məktəbinin təməlini qoyaraq yenicə formalaşan
şairlər ordusuna rəhbərlik eləməyə
başladı.
Tarixi mənbələrdə yazıldığı
kimi, Qarabağ saray şairləri arasında yaşca
böyüyü İbrahimxəlil xanın ən çox
etibar elədiyi məşhur Baharlılar sülaləsinin
görkəmli nümayəndəsi Mirzə Vəli Bayram xan
oğlu Baharlı idi. Qeyd eləmək yerinə düşər ki, Molla Pənah
Vaqifin saraya cəlb olunmasında onun da xidməti az deyildi... Çox çəkmədən Mirzə
Camal Cavanşir, Əli ağa Alim, Əbülfət ağa
Tuti, Ağabəyim ağa Ağabacı, Məhəmməd bəy
Cavanşir kimi gənc yerli şairlər, digər vilayətlərdən
gəlmiş Rafei Kəleybəri, Ağahüseyn Arif,
Ağqız oğlu Piri, Aşıq Əli Kəleybəri,
Sarı Çobanoğlu, Qəhrəman bəy Arif kimi söz
ustaları xan sarayında özlərinə məxsus yer
tutmuş, sonralar Qarabağ poeziya məktəbinə öz
layiqli töhfələrini vermişlər. Yuxarıda
adları çəkilən şairlərin sayəsində Pənahabad
poeziya ustalarının vətəni kimi də şöhrət
tapmışdı.
On səkkizinci əsrin səksəninci illərində
Qaradağ vilayətinin Kəleybər mahalından sənəti
aşıqlıq olan Əli adlı istedadlı bir gənc digər
cənublu şairlər kimi İbrahimxəlil xanın
sarayına pənah gətirmişdi. Çox çəkmədən
o, pənahabadlı həmkarları ilə
qaynayıb-qarışmış, onlardan görüb
götürə-götürə, cilalana-cilalana
yazıb-yaratmağa, ədəbi məclislərdə
iştirak etməyə başlamışdı. Bu şairlər diyarında şeirin, sənətin
çox uca tutulduğunu, sənətə, sənətkara
yüksək qiymət verildiyini görmüş, taleyini həmişəlik
Qarabağla bağlamışdı. Gənc
şair doğulub boya-başa çatdığı
mahalın adını özünə ədəbi təxəllüs
götürmüş və əsərlərini aşıq
şeri üslubunda ipə-sapa düzdüyündən
Qarabağ ədəbi mühitində Aşıq Əli Kəleybəri
kimi tanınmağa başlamış, realist şeir məktəbinin
tanınmış nümayəndələrindən birinə
çevrilmişdi.
Vaqif poeziyasından gen-bol bəhrələnən
Aşıq Əli Kəleybəri daha çox qoşma
janrında yazırdı. O, ustadının irsini çox
sevir, yaradıcılığına yüksək qiymət
verirdi. Gənc
şair əsərlərində Molla Pənah Vaqifin
mövzularını təkrar etmiş, onun kimi qoşmalar
yazmağa çalışmış, qafiyələrini, rədiflərini
və bədii ifadələrini dönə-dönə işlətmişdir".
Aşağıdakı misralar bu fikri əyani olaraq təsdiqləyir:
A sevdiyim,
bizə doğru qədəm bas,
Gözləyə-gözləyə qaldım yolların.
Bu tərif
sənindir, yaxşı qulaq as,
Dolansın boynuma qulac qolların.
və
yaxud:
Əli
mail oldu sənin üzünə,
Qələm
qaş altında ala gözünə,
Gör
necə yayılıb o gül üzünə
Ayna qabağında siyah tellərin.
Bu şeir parçalarında Vaqif bədii üslubunun
xüsusiyyətləri apaydın görünür.
Aşıq Əli Pənahabada ailəsi ilə gəlmişdi. Molla Pənah
Vaqiflə şəxsi tanışlığı sonradan ailəvi
dostluğa çevrilmiş, bir-birlərinin evlərinə
gediş-gəlişləri başlamış, arvadları Səkinə
və Mədinə ömürlərinin sonlarına qədər
ayrılmaz rəfiqələr olmuşdular. Şairin Vaqiflə şeirləşməsi, ona xitabən
şeir həsr eləməsi, Molla Vəli Vidadiyə nəzirə
yazması da məlumdur. Ustadı Vaqifə
yazdığı şeir Aşıq Əlinin
yaradıcılığından gözəl bir nümunədir
(Molla Pənah Vaqif. Əsərləri.
Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1968-ci il, səhifə 10).
VAQİFƏ
Bu
gövhər sözlərin, ey alicənab,
Tamam aşiqlərin səminə gəlmiş.
Fəsahətdə,
bəlağətdə sənin tək
İnanma ki, ruyi-zəminə gəlmiş.
Bu əsrdə
şairlərin xanısan,
Müdərrisə bərabərsən, yəni, sən.
Elmin mədənisən,
gövhərkanısan,
Eşidənlər sözün dəminə gəlmiş.
Aşiq
oldum bir qaməti-rənayə,
Onu sevdim,
canım düşdü bəlayə,
Vallah,
billah, sən düşdüyün sevdayə,
Artıq mən fəqirin sərinə gəlmiş.
Əli
çəkər gecə-gündüz ahü-zar,
Kəsildi
müdara, getdi ixtiyar,
Vaqif olsun
bu mənadən xəbərdar,
Mədinə kuyinə Səkinə gəlmiş.
Poeziya aləminə təzəcə qədəm qoyan və
"Kəleybəri" təxəllüsü ilə
yazıb-yaradan Rafei adlı digər şair də gənc
yaşlarından Kəleybər mahalından Pənahabada gəlmiş
və İbrahimxəlil xanın sarayında özünə
sığınacaq tapmışdı. Çox
çəkmədən o da Vaqifin rəhbərliyi ilə təzəcə
yaranıb-formalaşan Qarabağ ədəbi məktəbinin
istedadlı nümayəndələrindən birinə
çevrilmişdi.
Ömrünün sonuna qədər Pənahabadda
yaşayıb-yaradan şair tez-tez sarayda keçirilən
poeziya və musiqi məclislərində müntəzəm
iştirak etmişdir. Tədqiqatçıların
yazdıqlarına görə, bu istedadlı şair bir
müddət Şəki xan sarayında yaşamış,
müasiri olduğu bəzi şairlərlə
yazışmış, dostluq əlaqələri
saxlamışdır. Vaqifə və
Vidadiyə nəzirələri də var.
Rafei Kəleybərinin
həyatı barədə məlumata və əsərlərinə
çox az rast gəlinir. Azərbaycan Milli
Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda şairin
klassik irsimizin ən gözəl nümunələrindən
olan cəmi dörd şeirinin əlyazma nüsxəsi
saxlanılır.
Artıq
"Şuşa" adlandırılan bu şəhər on səkkizinci
əsrin doxsanıncı illərində özünün sənətkarları
ilə şöhrət qazanmış bir paytaxt kimi
xanlığı daim irəli aparan, fikir və hərəkatlara
təkan verən böyük bir mədəniyyət mərkəzi
kimi, Qarabağ həyatının əsasını təşkil
edən ədəbiyyat və incəsənətin ecazkar vətəni
kimi bütün Qafqazın nəzərini özünə cəlb
etmişdi. Çətin və ağır,
mürəkkəb və keşməkeşli zəmanə
olmasına baxmayaraq, mədəniyyət və sənət nəinki
öz varlığını qoruyub-saxlamış, hətta
köhnədən yazanlar xeyli fəallaşmışdılar
və ədəbiyyata gənclərin gəlişi isə
öz axarında idi. Həmin dövrdə
sarayda gur mədəniyyət selləri, xüsusilə, poeziya
və musiqi bir-birinə qovuşub, tam bir ahəng, tam bir vəhdət
yaratmışdı. Şuşa mədəniyyətinin
əsası olan mahnılar və rəqslər Qarabağ xan
sarayının məişətində özünə
möhkəm yer tutmuş, musiqi sahəsində xüsusi səriştəsi
olan İbrahimxəlil xanın zəruri ehtiyaclarından birinə
çevrilmişdi. Xan sarayda
çalğıçılar, xanəndələr, rəqqas
və rəqqasələr dəstəsi də
saxlayırdı. Bu musiqiçilər təkcə
poeziya məclislərində deyil, həm də əsasən,
Novruz bayramlarında, dini mərasimlərdə, qalibiyyət
dövrlərində, müəyyən əlamətdar
günlərdə çalıb-çağırır, eyni
zamanda poeziya məclislərinin də yaraşığına
çevrilirdilər. Xanəndə Səttar bəyin rəhbərliyi
ilə Həsənçə, Yusifi, Tükverdi Həsən,
Mirzə Hüseyn, Əli Şirazi kimi musiqiçilər
Şuşanın musiqi şöhrətini hər yana
yaymışdılar. Sarayda rəqqasələrin
ifa elədikləri həzin, lirik, incə, qəlboxşayan rəqslərə
baxmaqdan İbrahimxəlil xan ləzzət və zövq
alırdı. Hətta gözəl dağ
quşu olan turaca həsr olunmuş Azərbaycan rəqs
melodiyasına "Turacı" adının verilməsini
onun adıyla bağlayırlar. Deyildiyinə
görə, sarayda gözəl və istedadlı bir rəqqasə
varmış. Poeziya məclislərinin
birində həmin rəqqasə milli rəqs sənətinin
çox gözəl və incə möcüzələrindən
birini nümayiş etdirir. Xan bu rəqsin ifasına
heyranlığını gizlədə bilmir, ucadan: "Ay qəşəng
qız, sən lap turac kimi oynayırsan!" - deyə
ifaçılıq məharətinə görə rəqqasəyə
böyük ənam verir. Və o zamandan da bu
melodiyanın adı xalqın dilində "Turacı" kimi
qalır.
İbrahimxəlil
xan Cavanşir dövründə, həqiqətən də,
böyük bir elm, sənət, poeziya ocağına
çevrilmiş Qarabağ xan sarayı öz divarları
arasında neçə-neçə ədəbi-mədəni
məclislər qurmuş, ədəbiyyatımızın, mədəniyyətimizin
iftixarı olan neçə-neçə sənətkar öz
qiymətli sənət incilərini burda yaratmışdır.
Molla Pənah Vaqifin və bir neçə ildən sonra
isə İbrahimxəlil xan Cavanşirin namərdcəsinə
qətli Qarabağ mədəniyyətini və ədəbiyyatını
demək olar ki, məhv elədi. Şuşa
qalasının mədəni həyatı sönməyə
başladı. Qarabağın üçüncü
hakimi Mehdiqulu xan Cavanşirin dövründə isə müxtəlif
obyektiv səbəblərdən saray ədəbiyyatı tədricən
tənəzzülə uğradı, ədəbi məclislər
fəaliyyətini dayandırdı, muğam, musiqi səsləri
eşidilməz oldu... Mehdiqulu xan babasının
yaratdığı və atasının layiqincə davam
etdirdiyi milli ənənələri bərpa eləməyə
çalışsa da, buna nail ola bilmədi,
çünki bütün Azərbaycan, eləcə də
Qarabağ xanlığı öz müstəqilliyini artıq
itirmişdi...
Çox-çox sonralar isə Qarabağda ədəbiyyatın
və mədəniyyətin inkişaf etdirilmə missiyası
Mehdiqulu xanın qızı Xurşidbanu bəyim Natəvanın
üzərinə düşdü...
Vasif
QULİYEV
525-ci qəzet.- 2021.- 7 avqust.- S.20;21.