Kərpici rəngli palto  

 

 Esse

 

İndi bilmirəm, ya mən özümdən asılı olmayaraq ona qarşı olan tələblərimi get-gedə artırırdım, ya da o, get-gedə istər-istəməz üzümə gülümsəyə-gülümsəyə mənimlə hər bir məsələdə razılaşır, güzəştə gedirdi. Əgər bütün mənə qarşı olan bu güzəştlərə və razılaşmalara bir növ özünütənqid kimi yanaşsaq, onda demək, mənim ayağım get-gedə yer alırdı. Mən ona qarşı tələb və təkidlərimi get-gedə artırırdım. Amma nəyə görə belə edirdim, bilmirəm.  Heç indi də bilmirəm. Ona qarşı nəsə yaxşı bir şey etmək istəyəndə də çox pis alınırdı. Amma eyni zamanda, onsuz da qala bilmirdim. Dəliyə dönürdüm. Sanki onu bir az gec görməyimin, telefonunu bir az gec götürməyinin də hayıfını belə çıxırdım. Yaxud da əksinə.

 

Sonralar isə hər olan hadisələri xatırladıqca görürdüm ki, yooox, sən demə, hər şey tam əksinə olubmuş. Tələblərimə baxmayaraq, mən özüm də bilmədən, ona güzəştlər edib, razılaşırdım və hər şey də onun istədiyi kimi olurdu. Bilmirəm. Mübahisələrimizin ilk dəqiqələrində əvvəl-əvvəl o, nəyəsə yüngülvari etiraz edib, sonra isə mənimlə mübahisənin mənasız olduğunu başa düşüb - yaxşı, qoy, sən deyən kimi olsun, deyib mənə güzəşt edərdi. O, mənə güzəşt edib, mənimlə razılaşandan sonra isə, mən bir müddət karıxıb qalar, gözlərimi ondan qaçırar, az qala, özüm-özümə nifrət edərdim. Və öz-özümə "Mən niyə belə etdim axı?", "Bəs o, niyə razılaşdı?", "O, niyə sən düz deyirsən? dedi", "Axı, deyəsən, mən yox, o, düz deyirdi", "Bəs onda niyə onu məcbur elədin?" Onda da bilmirdim ki, nə edim. Özüm-özümə olan nifrətimi elə özümün qarşısında da ört-basdır edim deyə, dərhal onu qucaqlar, boynundan-boğazından öpər, "Yaxşı, sən Allah, məni bağışla, nə istəyirsən, onu da et" - deyərdim. Onsuz da həmişə nəmli olan gözlərindən çıxan bir-iki damla göz yaşını barmaqlarının ucu ilə silər, gülümsəyə-gülümsəyə "Yox, qoy sən deyən kimi olsun, mənə fərqi yoxdur" - deyərdi. Onda da mən onun bu sözlərinin qarşısında lap qovrulurdum, yanıb-yanıb kül olurdum.

***

 

- Yaxşı, mən hazır. Sən nə vaxt hazır olacaqsan?

 

O, yan otaqda güzgülənirdi. Daha doğrusu, makiyajlanırdı.

 

- 10-15 dəqiqəyə mən də hazır olacam. Həm də hara tələsirik ki, hələ vaxta var. Gör bir hələ nə qədər qalıb.

 

- Yoooxxx, onu demirəm. Deyirəm ki, bir az tez çıxardıq, yolüstü "Mezo"da (qəhvəxana) qəhvə içib elə gedərdik.

 

- Qəhvəni elə evdə də içə bilərik. 5-10 dəqiqə gözlə, elə özüm hazırlayaram.

 

- Yox, yox... Sən heç nəyə əl vurma, hmmm... Yaxşı da, de gəl görüm, nə geyinmisən? Səhərdən əlləşirsən.

 

O, yan otaqdan çıxdı. Aman Allah, bu nə gözəllikdir bunda (Ağlını itirməyəsən, neyləyəsən). Dizindən xeyli aşağıya qədər olan bu tünd bardo rəngli paltarı məxsusən bu gün gedəcəyimiz konsert üçün 2-3 gün bundan qabaq almışdı. Yan tərəfdən dizindən bir az yuxarı uzanan bu paltarın yarıq hissəsi isə geyimə xüsusi bir gözəllik verirdi. Paltar bədəninə kip yapışdığından və saçları yuxarıya doğru yığıldığından, boynunun uzunluğu və dekolte hissəsi çox gözəl görünürdü. Onsuz da hündür olan boyu, bu uzun libasda onu bir az da uca və arıq görsədirdi. İllah da ki, bardo rənginə çalan dikdaban ayaqqabıları geyəndə lap elə bir boyda olurduq. Mən gözlərimi ondan çəkə bilmirdim.

 

Dost-tanışlarla bir yerdə olarkən, tez-tez zarafatla işlədiyimiz o məşhur kəlməni dodaqaltı mızıldanırdım. "Fəthə bərəkəllahul əhsənül xaliqin", yəni, "Ya Rəbbim yaratdığına min şükür". O, bic-bic gülümsəyərək:

 

- Hə.... Necədir?

 

Bilmədim ki, nə deyim, udqundum:

 

- Get başına duz hərlə, arxanı qaşı, üzərlik yandır, -  dedim.

 

O, gülə-gülə:

 

- Yoox... yoox... Nə danışırsan? Üstümə ən azı 40-50 qram ətir vurmuşam. Ən əzı 100 dollarlıq. Onu üzərliyin iyində korlaya bilmərəm. Mən gözlərimi qırpmadan ona baxırdım. Mən onun dəlisi idim.

 

Manikürünün, dodaq boyasının və paltarının rəngləri həmahəng idi.

 

- "Qız xaliqin öləydi, səni xəlq eləyəndə".

 

- Nə? Başa düşmədim. Nə dedin?

 

O, Azərbaycan dilini zəif bilirdi.

 

- Heç. Deyirəm ki, əla. Bəs... Hm... Bəs indi çölə çıxanda, kafeyə gedəndə... Hm... Axı, biz konsertdən sonra şam yeməyinə də gedəcəyik. Bəs paltarın üstündən nə geyəcəksən?

 

- O qolsuz xəz gödəkçəmi. Necə ki?

 

- Hmm... - Başımı buladım. - Havada bir az sərtlik var. Sənə soyuq ola bilər. Bilirsən, məncə, o kərpici rəngli paltonu geysəydin, daha yaxşı olardı. O, sənə daha çox yaraşır. Konsertdən çıxanda, hava bir az da sərtləşə bilər.

 

O, bir az tutuldu.

 

- Maşınla gedib, maşınla gəlirik də... Maşında mənə nə soyuq ola bilər ki?

 

- Səni elə maşına minənə qədər, elə maşından düşənə qədər də soyuq ala bilər. Həm də, o kərpici rəngli palto sənə daha çox yaraşır.

 

O, diqqətlə mənə baxırdı, sonra yavaş səslə:

 

- Olarmı mən bu dəfə o xəz gödəkçəmi geyim. Hə?..

 

- Axı, o paltonun rəndi bu indiki geyimlərinə tam uyğundur. Həm də, axı o palto sənə daha çox yaraşır. Nə olar, o paltonu geyin. Xahiş edirəm.

 

- Axı, mən...

 

Qoymadım sözünü bitirsin.

 

- Həm də, o yaqut qolbağını taxarsan, bütün bu ansambl tamamlanar. Əla olar.

 

- Yox, o qolbağı taxmayacağam. Bu gün ayrı qolbağı taxmaq istəyirdim.

 

- Axı, niyə?

 

O, heç nə demədi. Üzbəüzdəki kresloya oturdu. Qıçını-qıçının üstünə aşıraraq bir siqaret yandırdı. Diqqətlə mənə baxırdı. Mən də gözlərimi ondan ayırmırdım. Diqqətlə ona baxırdım. Daha doğrusu, gözlərim onun siqaret tutan barmaqlarında və bir də siqareti çəkən qırmızı rəngli pomadalı dodaqlarında idi.

 

Birdən özümdən asılı olmayaraq gülümsəyə-gülümsəyə dedim:

 

- Yenidən dodaqlarına boya vurmalı olacaqsan. Çünki çəkdiyin siqaretin filtiri tamam tünd qırmızı rəngindədir. Pomadanın rənginə qarışıb.

O, siqaretinin filtirinə baxıb, başını buladı, yavaş səslə:

 

- Eybi yoxdur, dodaqlarmı yenidən boyayaram. Daha nə sözün var?

 

- Həə... Bir də səndən xahiş edirəm. Bunu sənə dəfələrlə demişəm. Amma sən əhəmiyyət verməmisən. Sənin barmaqların çox gözəldir. Uzun və yaraşıqlıdır. Xüsusilə dırnaqlarnın mayası uzundur. Bu isə hər qadına verilmir. Sənin barmaqların adamı dəli edər. Sən çəkdiyin siqaretini barmaqlarının ortası ilə tutma. O, qadına yaraşmır. Barmaqlarının ucu ilə tut. Siqaretin barmaqların ucu ilə tutulması, qadına, xüsusilə də, sənin kimi qadına çox yaraşır.

 

- Həə? Baş üstə. Onu da edərəm. Daha nə edim?

 

Mən hiss edirdim ki, arada yavaş-yavaş gərginlik yaranır. O, bir qədər üzündə süni tərzdə gülümsəmə yaratmaq istəsə də, mən artıq bu gərginliyi hiss edirdim.

 

- Yaxşı, nə istəyirsən onu da, geyin gedək. Deyəsən, yavaş-yavaş gecikirik. Xəz gödəkçə deyirsən, qoy elə xəz gödəkçə də olsun, amma tez elə.

 

O, bayaqkı süni gülümsəmə ilə:

 

- Yox... Çox xahiş edirəm, yox. Gəl, budəfəki konsertə sən yoldaşınla get. Gələn dəfə birlikdə gedərik.

 

- Yox. Axı niyə? Dedim axı sənə, nə istəyirsən onu da gey, nə istəyirsən  onu da tax - de dur, tez elə. Mən sənə nə pis şey dedim ki, onu da belə problemə çevirirsən?

 

O, siqaretini külqabıya basıb söndürdü, jurnal masasının üstündəki salfet ilə dodaqlarının boyasını silib ayağa durdu:

 

- Səndən xahiş edirəm, məni məcbur eləmə. Gedə bilməyəcəyəm. Lap elə zorla aparsan da, konsertdə elə oturacağam ki, elə bil hüzr mərasimindəyəm. Bütün konsertdə sənin burnundan gələcək. Bilirsən ki, mən bunu əla bacarıram. Sən məni zorla gülümsündürə bilməyəcəksən.

 

- Axı, nə oldu ki, birdən-birə? Mən sənə söz deməməliyəm? Yəni mənim sənə söz deməyə heç bir ixtiyarım çatmır?

 

O, gülə-gülə:

 

- Nə danışırsan? Sənin hər bir şeyə ixtiyarın çatır. Mənim özümə də, mənim bütün qarderobuma da, parfümlərimə də, siqaretlərimə də, gündəlik iş rejimimə də, kökəlməyim deyə yeməyimə də - hər şeyə, hər şeyə sənin ixtiyarın çatır. Amma xahiş edirəm, bu gün mənə toxunma. Həqiqətən bayaq güzgünün önündə duranda, birdən-birə başım hərləndi. Az qala yıxılacaqdım. Özüm sənə bildirmirdim. Özümü bir qədər pis hiss edirəm.

 

Sonra nə düşündüsə:

 

- Amma səndən xahiş edirim ki, həkimlərə-zada zəng edib bura tökmə. Bir az uzansam, özümə gələrəm.

Sonra gülümsəyə-gülümsəyə əlavə etdi ki, amma sən get, konsertindən qalma, belə konsert hər deyəndə ələ düşən deyil.

 

 - Demək getmirsən?

 

-  İncimə məndən. Dedim axı, özümü pis hiss edirəm, sən isə get.

 

- Yox.... Gedib-getməmək, artıq mənim öz işimdir. Bunun sənə aidiyyatı yoxdur. Biletləri pencəyimin qoltuq cibindən çıxarıb cırıb tulladım.

 

- Vəssalam. Bu da bizim konsertimiz. Əla keçdi, yox?

 

O, çığıraraq cırılmış biletləri əlimdən almaq istədi.

 

- Ay dəli, gör bir nə etdin? Adam da elə konsertin biletini cırar?

 

- Məndə ağıl yoxdur ki, səni adam yerinə qoyub konsertə aparıram.

 

Birdən-birə o tutuldu.

 

- Demək, mən adam deyiləm hə?

 

- Əlbəttə yox, əgər adam olsaydın, mənim iradlarımdan belə inciməzdin. Mən səni bütün dünya qadınlarından gözəl sayıram. Sən qənirsiz bir gözəlsən. Bütün bu illər ərzində sənin üstündə əsim-əsim əsməyim də elə buna görədir. İstəmirəm ki, səndə nəsə kiçik bir çatışmazlıq olsun. Sən isə mənim bütün dediklərimi irad sayırsan. Əgər adam olsaydın, mənim belə iradlarımdan inciməzdin.

 

- Əlbəttə, mən adam deyiləm. Mən sənin ən bahalı, ən qiymətli oyuncağınam. Kuklanam. Olduqca gözəl bir əşyayam. Elə bir əşya ki, onunla hər nə istəsən, edə bilərsən. Və bu oyuncaqla sən fəxr edirsən. Çox sağ ol.

 

- Hmmm. Dəyər. Mən gecəni burda qalacağam.

 

Çox soyuq tərzdə:

 

- Özün bilərsən.

 

O, bayaqkı yan otağa keçdi. 5-10 dəqiqədən sonra mənə müraciətlə:

 

- Ev xalatlarımdan hansını geyinim? Nəyi məsləhət bilirsən?

 

Səsində heç bir inciklik-filan yox idi. Tamam keçmişdi. Ümumiyyətlə, o, tez özündən çıxıb, tez qızışıb, tez də sönərdi. Əvvəlki mehriban səsi ilə danışırdı. Heç elə bil ki,  5-10 dəqiqə əvvəl aramızda heç bir mübahisə filan olmamışdı. Hətta, nəyisə də dodaqaltı zümzümə edirdi.

 

- Ev ayaqabbısından "etam"ı, xalatlardan isə o tünd füruzəyi xalatını geyin.

 

Belə mehriban, gülümsər səsi məni şübhəyə saldı. Birdən qəfil başa düşdüm ki, axı, o, deyəsən, məni dolamaq xatirinə mənimlə barışdı. Doğrudur, o, tez barışan, kin-kidurəti olmayan qadın idi. Hər hansı bir kaprizimi dərhal mənə bağışlayırdı. Amma belə də tez yox. Həəə.... Demək belə. Məni ələ salıb, əsəblərimlə oynayır. Ayağa durdum.

 

Yan otaqdan o, yenə:

 

- Madam ki, burda qalacaqsan, dur restorandan yemək sifariş elə. Sən ki, mənə nə yemək bişirməyə, nə də qab yumağa icazə verirsən. Həm də ki, bu illər ərzində bəlkə də, yemək bişirməyi də yadırğamışam, unutmuşam.

 

- Bura bax... Mən gedirəm, əgər yemək bişirmək, qab yumaq sənə belə xoşdursa, onda buyur keç mətbəxə, işinlə məşğul ol. Mən getdim.

 

O, dalımca dəhlizə çıxdı:

 

- Nə olub axı? Mən sənə nə dedim ki? Soruşdum ki, nə geyinim? Sən isə əsəbləşib gedirsən.

 

- Ələ salırsan məni?

 

Üzündə bir təəccüb ifadəsi var idi.

 

- Yox... Niyə ki?.. Ona görə soruşdum ki, daha mübahisə etməyək. Nə deyirsən onu da geyinim. Amma sən?..

 

- Hm... Yox... Mən gedirəm atamgilə. İki gündür ki, onu görmürəm. Mən sənin yanında olanda öz telefonumu söndürürəm. O da zəng edib yoldaşımla danışır. Yoldaşım da mənə görə, həm də atam əsəbləşməsin deyə, özündən əlli min cür yalan uydurur. Gah deyir ki, "Qəfil işdən çağırdılar", gah deyir ki, "Dostları ilə gedib gəzməyə", nə bilim daha nələr və nələr. Hər gün min cür yalan.

 

- Nə tez atan yadına düşdü? Birdən konsertə getmiş olsaydıq, onda necə? Yoldaşın bəyəm atana deməyib ki, biz bir yerdəyik?

 

- O, belə məsələləri atama deyən deyil. Atam özü hardansa xəbər tutur.

 

- Yox, sən özün demisən. Niyə o vaxtlar məsələni konkret qoymurdun?

 

Mən ən az qışqıra-qışqıra:

 

- Bəli, özüm demişəm. Çünki sənsiz qala bilmirəm. O vaxtlar elə bilirdim ki, hər şeyi rahatca yoluna qoya biləcəyəm. İndi isə bunu ayırd etməyə mənası yoxdur. Aradan 10 ildən də çox vaxt keçib.

 

- Yaxşı, qışqırma. Niyə qışqırırsan? Yaxın gəl.

 

O, həmişəki kimi, mənim sol üzümdən öpdü.

 

- De get... Qayıdacaqsan?

 

- Bilmirəm. Ümumiyyətlə, mən heç nə bilmirəm.

 

- Yaxşı, bunu da özünə dərd eləmə.

***

 

- Xahiş edirəm, çox xahiş edirəm, məni də başa düş. Axı, mən də insanam. Robot deyiləm. Oyuncaq deyiləm, canlı insanam. Axı, mənim də öz istəklərim var. Sənə xoş olsun deyə, həmişə sənin kimi fikirləşə bilmərəm axı. Başa düşürəm, bilirəm ki, məni çox istəyirsən. Mənsiz qala bilmirsən. Elə mən özüm də səni görməyəndə elə bilirəm ki, havam çatmır, boğuluram. Sən mənim hər şeyimsən. Gözümün işığısan. Amma məni də başa düş.

 

- Əstəğfürullah. Ay qız yenə nə olub? Yenə xəz gödəkçədən, kərpici rəngli paltodan danışacaqsan? Qurtardıq da... Qələt eləmədim ki... Sən Allah, bundan sonra nə cür istəsən, o cür də geyinərsən.

 

O, gülə-gülə:

 

- Vallah yox. Nə xəz gödəkçədən, nə də kərpici rəngli paltodan danışacağam. Yox. Sadəcə olaraq sənə bir məsələni, elə bu məsələyə oxşar keçmiş, lap çoxdan olmuş bir məsələni xatırlatmaq istəyirəm. Xahiş edirəm, qulaq as da mənə. Amma əsəbləşmə.

 

- Əsəbləşmərəm. Danış görək, yenə yadına nə düşüb?

 

- Hmm... Yadındadır mən xəstəxanada yatan il?

 

- Hə... Əlbəttə, sən düz 11 gün xəstəxanada yatmışdın. Getsin o günlər gəlməsin. O vaxtlar mən hər gün ölüb-ölümdən qayıdırdım. Hər gününə bir qurban nəzir demişdim. Nədir, o günləri niyə yadıma salırsan ki?

 

O, gülümsəyərək:

 

- Heç... Bax, hər gününə qədər dəqiq bilirsən. Bir məsələni sənə xatırlatmaq istəyirdim. Amma bax, əsəbləşmə. Sən mənim canım, əsəbləşmə.

 

- Sən yenə də mənə öz canına and içdirirsən? Bəsdir də...

 

- Hə... Bax, onda sən məni ən bahalı özəl xəstəxanaların birinə yerləşdirmişdin. Nə bilim, "lüks" hər cür rahatlığı olan 2-3 otaqlı bir palata. O vaxt mən səndən xahiş elədim ki, evdən mənə filan yastıq üzünü, filan yorğan-üzünü, filan döşək ağını gətir. Yox... Burada hər bir şey var idi. Ən bahalı, ən təzəsi, qatı açılmayan hər bir şey var idi bu xəstəxanada. Həkimlər də ki başıma fır-fır fırlanırdılar. Çünki sən məni ən adlı, ən bahalı xəstəxanaya yerləşdirmişdin. Yamanca qorxuya düşmüşdün. Hə... Bəs sən nə etdin? Gedib ən bahalı mağazadan ən brend komplekt konvert aldın ki, mənim gecə köynəyimin rəngində olsun. Mənim gecə köynəyimin rənginə uyğun gəlsin.

 

- Hə, nə olsun ki? Mən nə pis iş gördüm ki?

 

- Yooxx... Burada heç bir pis şey yoxdur. Sadəcə olaraq, mənim istəyimcə deyildi. Hər şey gərək sənin öz istəyincə olsun, sənin ürəyincə olsun. Rənglər də, formalar da. Mən isə özümünküləri istəyirdim. Başa düşürsən?

 

- Yox, başa düşmürəm.

 

- Sən bu 11 gündə iki gündən bir palataya qadın parixmaxeri gətizdirirdin ki, saç düzümümü formaya salsınlar. Manikürüm, pedikürüm də ki, öz yerində. Mən isə xəstə idim. Canım ağrıyırdı. Mən yatan palatada sən də yer götürmüşdün. Gecə-gündüz yanımdan əl çəkmirdin. Telefonunu söndürüb yanımdaca oturmuşdun. Hamı səni axtarırdı. Sən isə hamıdan qaçırdın. Axırda yoldaşın mənə zəng etdi. Halım özümdə deyildi. Sən isə, mənim xəstə olmağımı hamıdan gizlətmişdin. Çünki mən xəstələnə bilmərəm. İxtiyarım yoxdur. Mən adam deyiləm axı. Heç kimin də mənə yazığı filan gəlməsin.

 

Sonra gülə-gülə dedi ki:

 

- Amma vallah bəzən elə istəyirəm ki, səndən başqa kimlərinsə də mənə yazıqları gəlsin. Qayğıma qalsınlar, qayğımı çəksinlər, amma sən hamının əvəzinə bunu beşqat, lap belə onqat artıq çəkirdin. Həə.... Sözüm onda deyil. Yoldaşın mənə dedi ki, qoy bir atasına zəng etsin. Atası onu axtarır. Çünki sən məni bir gün görməyəndə dəli olduğun kimi, atan da sənin səsini eşitməyəndə aləmi bir-birinə qatırdı. İndi heyifislənirəm. Gərək o zaman səni atanın əlindən alardım. Sən onsuz da mənim ovcumun içində idin. Bu, mənim əlimdə su içmək kimi asan idi. Sən atana zəng etmədin. Dedim ki, sən get atangilə, mən də bir az yatım. Sənin atangilə getməyinlə qayıtmağın heç bir saat çəkmədi. Atan nədənsə duyuq düşmüşdü. Hə... Onu demək istəyirəm ki, mənim səninlə münasibətimdə gərək hər şey sənin ürəyincə olsun. Aman Allah, diş fırçama qədər sən seçirdin.

 

Birdən ciddiləşdi:

 

- Hətta bir dəfə elə bilmişdim ki, sən dəli olmusan. Hə... ... yaman qorxmuşdum. Yadındadır, səninlə İsveçrədə idik. Davosa getmişdik. Kanat yolu ilə dağı aşanda qar uçurumuna düşdük. Qar dağına girmişdik. Qarın içində idik. Ətraf bəmbəyaz duman içində olmasına baxmayaraq, mən arxayın idim, bilirdim ki, bizi axtarıb tapacaqlar. Çünki burada tez-tez belə hadisələr olurdu. Mən özümdən getmişdim. Ayılıb özümə gələndə, gördüm ki, sən qarın içində tək bircə alt köynəyində oturmusan. Üz-gözün də qar içində, kipriklərinə qədər. Elə bu vaxt otel mühafizəçiləri bizi tapdılar. Bizi çəkib çıxardanda mən dəhşətə gəldim. Sən əynində hər nə var idisə, çıxarıb mənim üstümə örtmüşdün ki, mənə soyuq dəyməsin. Aman Allah... Nə bilim, dublyonka, şərf, pencək, sviter.... hamısı mənim üstümdə idi. Sən isə az qala buz bağlamışdın. Otelə çatanda sənin hərarətin artıq 40-ı keçmişdi. Elə hey mənim adımı çəkirdin, atanı çağırırdın. Sən sayıqlayırdın, titrədirdin. Dərhal həkim çağırdılar, iynə vurdular. Mən sənə çay içirdirdim. Yanında uzanmışdım, amma yatmırdım ki, birdən sənə nəsə lazım olar, mən hazır olum. Səhərə yaxın məni yuxu apardı. Ayılanda gördüm ki, tamam tər içindəyəm. Gülmək tutmuşdu məni. Sən səhərə kimi öz yorğanını, odeyalı, pledi, əl qərəz nömrədə nə var idisə, hamısını götürüb mənim üstümə örtmüşdün. Sənə bir az soyuq olan kimi, elə bilirdin ki, mənə də soyuqdur, götürüb üstümü örtürdün. Yadındadır, bir dəfə qoca yəhudi falçının yanında olmağım. Sənə danışmışdım axı.

 

- Mən nə falçıya, nə də caduya inanıram. Yekə qızsan, bu nə boş-boş şeylərdi danışırsan.

 

- Yox, sən qulaq as. Həmin qoca falçı yəhudi mənə dedi ki, sizin bir-birinizə olan istəyiniz adi insan istəyi deyil, bu, vəhşi bir istəkdir. Sizin bir yerdə olmağınız, bir yerdə yaşamağınız qeyri-mümkündür. Çünki bir-birinizdən ötrü dəli kimi vurğunsunuz, bir-birinizə dəli kimi bağlısınız. Siz bir yerdə olsanız, ya o, səni öldürəcək, ya da sən onu. Çünki sizin bir-birimizə olan istəyiniz, adi bir istək deyil. Belə istəklər həyatda çox olur və çox vaxt da faciə ilə bitir. Nə qədər faciəyə gəlib çatmamısınız, bir-birinizdən ayrılın. Hətta inan ki, bir dəfə sənə ölüm də arzulamışdım. Amma pis mənada yox. Bunu pis başa düşmə. Yadındadır, səni növbəti məzuniyyətindən sonra Bakıdan işlədiyin xarici ölkəyə yola salırdım? Özüm də 10-15 gündən sonra yanına gələcəkdim. Hə... İki gündən sonra isə cərrahiyyə əməliyyatı olunmalı idim. Bunu mən səndən gizlətmişdim. Əgər desəydim, məzuniyyətinin vaxtını uzadacaqdın. Əşi, birtəhər olardın e... Ürəyin partlardı. Hətta pal-paltarımın yarısını da, özünlə aparmışdın ki, mən gələndə yüküm ağır olmasın. Başqalarına deyə bilmərəm, mənim üçün pulları sağa-sola xərcləyirdin,  xəzəl kimi səpələyirdin. Elə əlinə düşən məndə idi, üst-başımda idi. Hətta pulun qurtaranda belə, mənim üçün təyyarəyə həmişə iki biznes klasa bilet alırdın ki, rahat uzanıb yata bilim. Çünki yol çox uzun idi. Səni ötürüb evə qayıtdım. Həmin gecə yatdım, qarışıq yuxular gördüm. Dəliyə dönmüşdüm. Ertəsi günü durub kilsəyə getdim (Ötən yazılarımda dediyim kimi, onun atası azərbaycanlı, anası isə rus olub. Leninqrad Konservatoriyasını bitirmişdi. Çox cavan yaşlarından dünyasını dəyişmişdi. O da uzun müddət özünə gələ bilməmişdi. Anasının vəfatından sonra xristianlığı qəbul etmişdi. Elə də mənim qabağımı kəsən elə bu məsələ idi). Hə... orada şam yandırıb dedim ki, əgər sabahkı cərrahiyyə əməliyyatında başıma bir iş gəlsə, o da ölsün, yəni sən. Çünki onun ölümü, yəni sənin, ən yaxşı variantdır. Çünki mənim başıma bir iş gəlsə, o, ölməsə, yəni sən, dəli ola bilər, havalanar, gülünc ola bilər. Dəlilər isə özlərini öldürə bilmirlər, çünki vəziyyəti anlamırlar. Sənin dəlixanaya düşməyindənsə, ölümün daha yaxşıdır. Yox, əgər sən məndən əvvəl ölsən, mən dəli olmaram, havalanmaram, sadəcə olaraq dərman içib özümü öldürərəm, həqiqətən öldürərəm, çünki səndən sonra mənim yaşamağımın mənası yoxdur. Məni belə saxlayan, şax saxlayan sənsən, mənim həyatımın mənası sənsən, sən mənim döyünən ürəyimsən.

 

- Yaxşı, indi gecənin bu vaxtında bütün bunları mənə xatırlatmağın nə mənası var ki? Normal şeylərdən danış, fikrimiz dağılsın.

 

- Nədir, yuxun gəlir? Sənin ki yuxun yoxdur. Səhərə yaxın 40-45 dəqiqə yuxuya gedib, dərhal da oyanırsan. Yadındadır, sən bu 40-45 dəqiqə yatmağın barəsində mənə deyəndə, yaman təəccüblənmişdim?. Sənin yadındadır mənə hansı gün zəng etmişdin?

 

- Əlbətdə, yadımdadır. 1995-ci il, 6 noyabr, gecə saat üç. Sənə zəng eləmişdim. Demişdim, ürəyim partlayır, səni görməyəndə, dəliyə dönürəm. Və bağışla ki, sənə gecə saat 3-də sənə zəng edirəm. O zaman sən güldün, dedin ki, nə yaxşı sən zəng elədin. Çox xahiş edirəm, mənimlə heç olmasa bir saat artıq danışın. Niyə məhz bir saat? Çünki bir saatdan sonra mənim ad günüm olacaq. 6 noyabr, səhər saat 4-də. Hər ikimiz gülüşdük. Harda olmağımdan asılı olmayaraq, həmişə çalışırdım ki, gecə saat 4-də səni təbrik edim. Həmin gün düz saat 6-ya kimi danışdıq. Yuxum barəsində o zaman dedim.

***

 

Əslində, bütün bunları indi mən özüm xatırlayıram. Bunları xatırlaya-xatırlaya gözüm telefondadır, daha doğrusu, telefonun saatında. Çünki həmişə harada olmağımdan və harada olmağından asılı olmayaraq avqustun dördü, saat 4-də mənə zəng edir.

 

Ötən yazılarımda dediyim kimi, artıq aramızda ildə yeddi telefon zəngi var. Onlardan biri də avqustun 4-dür. Saat 4-dü keçdi, 5-i ötdü. O, mənə zəng etmədi. Görünür, zənglərdən biri artıq ixtisara düşüb, ardıyca da yəqin ki, digərləri də ixtisara düşəcək. İyirmi il, səkkiz ay, on dörd günün nəticəsi. Bunun da, yeddi ayını bir-birimizi görmədən telefonla danışmışıq. Səhərə yaxın yuxuya getdim. Yuxuda gördüm ki, həmin kərpici rəngdə paltonu əyninə geyinib harasa gedir. Dalıyca qışqırıram. Deyirəm getmə, dayan, bu paltonu hər deyəndə geyinmə. Mənlə bir yerə gedəndə əyninə geyin. Bu palto sənə çox yaraşır. Ümumiyyətlə, sənə hər şey yaraşır, xüsusilə də bu palto.

 

Bu palto mənim ən çox sevdiyim palto idi. İndi hərdən şəhərə çıxdığım vaxtlarda hər hansı bir qadında kərpici rəngli palto görəndə, istəyirəm yaxınlaşım, paltonu əynindən çıxardım və deyim ki, bu paltoda yalnız bir qadın gəzə bilər, sən geyinmə!..

 

 

İsfəndiyar  VAHABZADƏ

 

525-ci qəzet.- 2021.- 7 avqust.- S.18-19.