Ədalətli rəssam
Ədalət
Həsən-85
Bu yazını ƏDALƏTLİ
ADAMA, TƏVAZÖKAR RƏSSAMA, yaxşılığını,
ifalılığını, abrını bir ömür qoruyub saxlayan BÖYÜK İNSANA həsr
edirəm.
Adamların gün işığında,
əliçıraqlı mömin
bəndə axtardığı
bir vaxtda mən onu "Ulduz"da tapdım. Portretini çəkmək
istədim, amma hardadı məndə o qabiliyyət, heç olmasa sözlə eskizini cızmağa çalışdım. Bilmirəm
alındı, ya yox, amma əminəm
ki, söz eskizinin o üzündəkinin
qrafik-rəssam Ədalət
Həsən olduğuna
heç kimin şübhəsi olmayacaq...
...O, hər səhər evdən çıxanda əlini ehmallıca şapkasının üstündə
gəzdirib başına
qoyur. Gecələr qaraladığı eskizləri sevinclə qoltuğuna vurub evdən çıxır.
Rastına çıxan
ilk ağaca, məktəbə
tələsən uşağa,
qonşunun marketinə
çörək daşıyan
maşına salam verir. Təbəssümlü gözləri ilə
aradabir ayağının
altına baxır ki, birdən Allah eləməmiş, qarışqanın
yoluna çıxar, yolu uzanar. Xasiyyətini qarışqalar
da bildiyindən bu nadir Allah bəndəsinin
xətrinə özləri
yoldan çəkilir...
İki daş arasında başını qaldırıb
göydəki əlçim
boyda buluda salam verməyi
də unutmur. Bulud da adam deyil ki, təmənnası-zadı
ola, işini-gücünü
atıb Ədalətli
Adamın başına
dolanır.
Ədalətli Adam azca əyilmiş
barmaqları ilə buluda əl eləyib ürəyində
" sən Allah zəhmət çəkmə,
bağışla, səni
əziyyətə saldım"
deyib "Ulduz"a tələsir.
Düz
53 ildir Ədalətli
rəssam "Ulduz"a
yol gedir... 53 il... Bir
igidin ömrü, yarım əsrin o üzü...
Odur ki, "Ulduz"un
adını eşidənlər
birinci rəssam Ədaləti xəbər
alır. Neyləsinlər,
onu yaxından tanımaq, bir dəfə qarşılaşmaq,
iki gün salamlaşmaq, bir həftə iş yoldaşı olmaq kifayətdir ki, bir ömür Allahın bu nurlu bəndəsini unutmasınlar.
Onu bir az da yaxından tanımaq üçün
Salyanın "Köhnə
bərə ağzı"
məhəlləsinə yollanaq,
O, yerə ki, gələcəyin rəssamı
burda dünyaya göz açıb, günəşli bir gündə. Günəşin, torpağın bir
də Kürün xeyir-duasını ala-ala böyüyüb.
İnanmırsınızsa yolunuz düşəndə
Kür qırağının
lilli sularından, utancaq söyüdlərindən,
oxuduğu məktəbin
yaddaşındakı divar
qəzetlərindən Ədaləti
xəbər alın. Sular da,
ağaclar da, məktəbin yaddaşı
da onu təbəssümlə
xatırlayacaq.
Çünki rəssam Ədalət Həsən ilk şah əsərini Kürə həsr etmiş, "Kürün səhəri"
böyük rəssam
Tahir Salahovu xeyli heyrətləndirmiş,
gənc rəssam da uzun illər
bu sevinci yaşamışdı. O zamanlar
Əzim Əzimzadə
adına Rəssamlıq məktəbində
Baba Əliyevin sinifində
oxuyurdu. Dünya göyqurşağı kimi onun sinəsində
döyünürdü. Ədalət
ürəyindəki rəngləri
gözlərindən kətana
köçürür, rənglər
onun əsərlərində
daha parlaq, daha canlı görünürdü. Amma
o, get-gedə rənglərdən
uzaqlaşdı, qara rəngin çalarlarını
- qrafikanı seçdi,
onun barmaqlarında qara rəngin işığı yüzlərlə
sənət əsəri
yaratdı...
...1967-ci ilin dekabrında isə Azərbaycanın
ilk ədəbi gənclik
jurnalı "Ulduz"
nəşrə başlayanda
Ədalət Həsən
"Ulduz"da rəssam
kimi işə başladı və ömürlük "Ulduz"a
bağlandı. Jurnalın hər
sayında hekayələrə,
povestlərə, gözəl
şeirlərə çəkdiyi
illüstrasiyalar rəssamdan
yüksək peşəkarlıq,
zövq və istedad tələb edirdi. Rəssam Ədalət bir
ömür bunu bacardı. Tanınmış
tənqidçi Vaqif Yusiflinin təbrincə desək "Ulduz"un hər sayında Ədalətin ürəyi döyünür.
Bəlkə ona görə də ürəyinin, barmaqlarının
və ömrünün
izlərini qoyub "Ulduz"dan getməyə heç vaxt ürəyi gəlmədi...
"Ədəbiyyat və incəsənət" qəzetinin
22 aprel 1988-ci il sayında Səyavuş Sərxan "Ulduz işığı"
yazısında yazır:
"Ulduz" indi yaşa dolub, necə deyərlər,
"müdriklik çağına"
qədəm qoyub. Amma o vaxt - altmışıncı
illərin sonunda hələ körpəsayaq
iməkləyəndə, onun
beşiyinin başında
dayananlardan biri də Ədalət olub. Yazıçı İsi Məlikzadə
xatırlayır ki, Ədalət o günlərdə
"Ulduz" jurnalının
özü demək idi; biz yazıçıların,
jurnalistlərin yaza bilmədiyi, deyə bilmədiyi mətləbləri
o, həssaslıqla aşır,
səhifədəki boşluqları
öz səliqə-səhmanı
ilə bəzəyirdi".
Sənətşünas Ziyadxan Əliyev "Qara rəngi nurlandırmaq istedadı və yaxud qrafika sənətimizdə
Ədalət cığırı..."
məqaləsində Ədalət
Həsənin sənətini
yüksək dəyərləndirir:
"...Zahirən ksiloqrafiya texnikası ilə anım yaradan Ədalət Həsənin
texniki icra manerası da özünəməxsusdur. Müxtəlif yaşantılara güzgü
tutmaq bacarığı
onun əsərlərinin
həm tanınan, həm sevilən tərəfləridir. Bu, əslində sənətdə
çoxlarının nail olmağa
çalışdığı "mən"in təsdiqi, fərqli yaradıcı cığırın salınması
deməkdir. Obrazlı desək,
onun saldığı
cığır lap İçərişəhərin
labrintəbənzər, dolanbac
küçələri ilə
anım yaradır.
Bu yolda qaynaqlanan
lövhələr də
sözün əsl mənasında bir qədər kodlaşdırılmış,
klidlənmiş kimidir.
Elə ki, ona yüklənib
açarını əldə
edirsən. Tamam ayrı bir aləmə
düşürsən..."
"İsti yuva", "Payız ovqatı",
"Həyatın astanası",
"Sahildə", İlyas
Əfəndiyev "Üçatlan"
(povest), yüzlərlə
düşündürən, duyğulandıran, heyrətləndirən
sənət əsərləri
Ədalət Həsənin
sənət ağacında
boy verən budaqlardı.
100-ə yaxın müxtəlif
səpkili kitabın bədi tərtibatçısı
və heç vaxt fərdi sərgisi olmayan məhsuldar rəssam da odur.
Yarım əsrlik fədakarlığının
qarşılığında heç bir qarşılıq gözləməyən,
heç vaxt sənətinə ötəri
baxmayan, heç vaxt işdən yorulmayan da odur
-Ədalət Həsən.
İndi dövran dəyişib. Yaxşı,
sədaqətli, vicdanlı,
abırlı adam görəndə
"adamlar" diksinir.
Dəyərli yazıçımız Hicran Hüseynova iş yoldaşı Ədalət Həsən haqqında "Xırdalıqların
fövqündə" oçerkində
yazdığı kimi:
"Hərdən düşünürəm
ki, hamıya qarşı bu qədər mehriban, səmimi olmaq da düz deyil,
cəmiyyət təkcə
yaxşılardan ibarət
deyil axı. Adam qədərsiz, qiymətsiz olar belədə. Ədalət müəllimlə rastlaşanda
isə fikirlərim
alt-üst olur, onun heç nəyə baxmayaraq, daima gülən mehriban üzü bütün xırdalıqların
fövqündə dayanır".
O, insan kimi də,
rəssam kimi də, iş yoldaşı kimi də, dost kimi də əvəzsizdi. Söhbətlərinin bir ucu həmişə keçmişə
qaçır, dünyasını
dəyişmiş dostlarını
tez-tez xatırlamaqla onları yaşadır, gənc nəslə tanıdır, bununla qəlbini sakitləşdirir.
Əzizimiz Ədalət müəllim!
"Yaxşıları sevin, çünki içərilərində HƏYAT adlı POEZİYA çağlayır!"
- deyirsiniz Siz qəlbinizin poeziyasını rənglərlə
dilə gətirdiniz. Bu səssiz poeziyanın
səsi eşidildi.
Ancaq sizin "Gündəliyiniz"dən
bəzi səhifələri
varaqlayanda əməlli-başlı
çaşıb qaldım.
90-cı ilin Qara
Yanvarı qara göz yaşı ilə qəlbinizdən kağıza damcılayıb.
Bu sətirlər bu gün də
dipdiridir. "...Gecədən
qar yağır, küləklə, quşbaşı...
Azadlığın yolu
üzündü...",
24 yanvar 1990-cı il.
"...Adamın içində
ilğıma dönən
ney səsinin
qırıq sədası
var...", "...Bayatı
deməyə havalanırsan,
gücün çatmır...",
"Mənə elə
gəlir bu gün düşünənlərin
hamısının körpəliyi,
ana laylası, ümidləri güllələnib.
Şükür edirsən - nə
yaxşı anaların
hamısı ölməyib..."
27 yanvar, 1990-cı il".
Qarabağ dərdi də, Vətəninə toxunan bir kəlmə də, eləcə də xalqının sevinci, fərəhi də Ədalətli rəssamın ruhunu titrədir. Bu sakit, təvazökar, gözütox
adam səhərlər
"Ulduz"a, axşamlar
nəvələrini görməyə
tələsir. Üzə vurmasa
da, rəssam oğluyla fəxr edir.
Əzizimiz Ədalət müəllim!
4 avqust Sizin
Yer üzünə gəldiyiniz gündür.
Neçə yaşınızın tamam olduğunu deməyəcəm. Ədalət elə bir meyardır
ki, onun yaşı olmur. Siz də bütün istedadlı insanlar kimi həyatın sınaqlarından keçdiniz,
hallalığı seçdiniz,
haqqınız çatanı
belə əl uzadıb götürmədiniz.
Bir ömür günahsız yaşamaq, alnıaçıq yaşamaq,
aza qane olmaq, istedadını hərraca çıxarmamaq,
insanlardan təbəssümünü
əsirgəməmək Sizin həyat lövhənizdə bu sözlər yazılıb.
O, hər gün, işdən
evə qayıdanda yola saldığı günü vaxtın budağından üzüb ömür
daxılına atır. Yeni günün doğacağına, yeni əsərlər yaradacağına və ədalətin
zəfər çalacağına inanır...
Təranə VAHİD
525-ci qəzet.- 2021.- 7 avqust.- S.17.