Azadlıq meydanından söz meydanına
ƏSƏD
CAHANGİRİN 55 YAŞINA
Ədəbi-tənqidçi, esseist, şair Əsəd
Cahangir çağdaş ədəbi-bədii fikrimizin
görkəmli təmsilçilərindən, 90-cılar ədəbi
nəslinin parlaq isimlərindən biridir. Təxminən iyirmi il öncə - biz şəxsən
tanış olanda, o, artıq bir imza kimi yetərincə
tanınırdı. Əsədin məni tanıması isə
hardasa daha iyirmi il öncə baş vermişdi. Bunu onun Bakı Dövlət Universitetinin tələbəsi
olanda mənə həsr etdiyi "Verin kürsüləri
şairlərə siz" şeiri də göstərirdi.
Mən "tanımaq" deyəndə
insanın ad-soyadını bilmək, efirdə səsini dinləmək,
qəzetdə şəklini, ekranda üzünü görməkdən
yox, sözün daha ciddi, fəlsəfi anlamında onun kimliyinə
bələd olmaqdan danışıram. "Verin
kürsüləri şairlərə siz" göstərir
ki, şairi və
şeiri, bədii sözü Əsəd hələ
gənc yaşlarından yaxşı bilir, gözəl
tanıyırmış.
Şeir 1989-cu ilin yayında bir dövlət məmuru ilə
mənim aramda Parlamentdə baş verən qarşıdurmadan
yaranmışdı. Moskvanın adamı olan rus qafalı
dövlət məmuru məni kürsüdən
düşürməyə nə qədər
çalışsa da, bunu bacarmamışdı.
Görünür, o dönəm üçün çox səciyyəvi
olan və ən dürlü şəxslərlə
bağlı tez-tez baş verən bu dramatik olay gənc Əsədi
güclü etkiləmiş və o, bundan ilhamlanaraq, "Verin
kürsüləri şairlərə siz"i
yazmışdı:
Kəsməyin
önünü şah misraların,
Qoy,
sözləri salsın ürəklərdə iz!
Götürün
dövlətin, götürün varın,
Verin
kürsüləri şairlərə siz!
Görünməz
gözünə nə ölüm, nə qan,
Çağlayan
ilhamı sönməyəcəkdir!
Əgər
şairdirsə, haqqın yolundan,
Soyun
dabanından, dönməyəcəkdir!
Şairin
sözünü kəsmək günahdır,
Dağları-daşları
yıxacaq bir gün!
Qayalar
altından sızan bulaqdır,
Özünə
yol tapıb çıxacaq bir gün!
Tanrının
səsidir şairin səsi,
Zülmət
gecələrdə çaxar bir anda!
Elə
bir mehdir ki, şair nəfəsi
Milyon
qığılcımı yaxar bir anda!
Sözdür
ən müqəddəs duzu-çörəyi,
Bunu ondan
başqa kim dada bilər?!
Bircə
himə bənddir şair ürəyi,
Dağları
yerindən oynada bilər!!!
Qopsa da
qasırğa, günəş də sönsə,
Şairin
haqq sözü dəyişməz qalar!
Bir
sözün başında şair dayansa,
O yerdə
ədalət göyə ucalar!
Ən
ağır zülmə də çökməyərək
diz,
Yalnız
şair deyər sözün düzünü!
Verin
kürsüləri şairlərə siz,
Yoxsa
öz qanıyla deyər sözünü!
Əyilər
zirvə də, susar dəniz də,
Şairin
sözünü kəsmək nahaqdır!
Onu versəniz
də, verməsəniz də,
Təbiət
şairə verib bu haqqı!
Ola bilər
ki, təvazödən bir az uzaq səslənsin,
amma xalqın ölüm-dirim savaşına
qalxdığı o təlatümlü günlərdə bir
universitet gəncinin və onun timsalında gəncliyin məni
məhz belə görməsi və belə təsvir etməsi,
doğrudan da, qürurverici idi. Amma indi bu
şeirdən sadəcə mənə həsr olunduğu
üçün danışmıram. Ona görə
danışıram ki,
şeir meydan olaylarının üsyankar ruhunu,
oyanmış xalqın düşmənə qarşı hiddəti
və azadlıq həsrətini,
ümumən hadisələrin çoşqunluğunu
bütün vüsəti ilə özündə əks
etdirirdi. Özəlliklə də, olayların Qanlı Yanvara
qədərki coşqun romantizmi, bayraqdarlığın
Əlahəzrət Zamanın hökmüylə şair-yazıçılara
verilməsi şeirdə özünün parlaq ifadəsini tapıb.
...Şeir məni ixtiyarsız olaraq keçmişlərə
aparır. Kürsülərə sinə gərən
şair-yazıçılar arasında kimlər yox idi?
Öz işıqlı
anılarını bizə yadigar qoyub, ölməzlik dünyasına
köç eləyən İsmayıl Şıxlı, Bəxtiyar
Vahabzadə, Xəlil Rza Ulutürk, Yusif Səmədoğlu,
Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli...
Və nəhayət, bu şeirdən danışmağa nədən olan daha bir amil də var. "Verin kürsüləri şairlərə siz"də ümummilli təsəvvürdə yaşayan bir şairin - boy boylayıb, soy soylayan Dədə Qorqud, zindana salınan Xaqani, mənalar mülkünün hökmdarı Nizami, dabanından soyulan Nəsimi, qılıncla qələmi birləşdirən Xətai, könüllər sultanı Füzuli, dara çəkilən Vaqif, dəryada dağ kimi duran Sabir, şeirini satmaq zorunda qalan Hadi, Sibirə sürülən Cavid, repressiya baltasına tuş gələn Müşfiqin... ümumiləşdirilmiş obrazı var. Şeirin hər bəndindən öz ağrılı-acılı taleyi ilə bir şair boylanır. Şeirdə xalqımızın şeirə-sənətə olan sevgisi, ehtiramı var. Şairin, şeirin, ümumən ədəbiyyatın tarixi rolunun təsdiqi var. Bədii sözün olağanüstü gücünə iman var. Haqqın qələbəsinə inam var. Azadlıq uğrunda savaşa çağırış var, bir sözlə, çox istəklər var.
"Verin kürsüləri şairlərə siz" öz müəllifinin sonrakı yaradıcılığında qabarıq üzə çıxan bir yönündən də xəbər verir. Yaşıdlarının önəmli qismindən fərqli olaraq, ümummilli taleyüklü sorunlara, vətəndaşlıq konularına, sosial-siyasi problemlərə güclü maraq, xalqın taleyi ilə yaşamaq və bu taleyə yanmaq! Ən ilginci isə budur ki, qabarıq sosial-siyasi tematika onda mistisizmlə çulğalaşır və beləliklə, bu iki əks qütbün birləşməsi çağdaş dönəm ədəbiyyatımızın unikal isimlərindən biri olan Əsəd Cahangir imzasını meydana gətirir.
Məhz bu iki cəhətin birləşməsi hesabına onun olaylara baxışı fərqli və hərtəfəlidir, bütövdür, tamdır. Məsələn, Meydan hərəkatına bizdə ya əksərən birmənalı müsbət, ya da mənfi yanaşırlar ki, bu da onun əsl anlamının dərkinə mane olur. Əlbəttə ki, bu konuda həqiqəti bütün yönləri ilə əks etdirən əsərlər də var - məsələn, Sabir Əhmədlinin "Kütlə", Əli Əmirlinin "Meydan", Əjdər Olun "Lo" romanları. Amma poeziyanın bir üstünlüyü var ki, romana sığacaq mətləbi bəzən iki-üç misra, hətta bircə söz vasitəsilə də çatdıra bilir. Ə.Cahangirin "Namaz" poemasında Meydan hadisələrini əks etdirən bu parçada olduğu kimi:
Tez ol, aç pəncərəni,
seyr et bu mənzərəni:
sığmır daş məcralara
qıjıldıyır insanlar,
vızıldıyır adamlar,
nümayiş seli daşır.
Dalğalanır bayraqlar,
çalxalanır yumruqlar,
mitinq dənizi qalxır,
qiyam şəhəri basır!
"Verin kürsüləri şairlərə siz"i yazan Əsəd hələ olayların içindədir, azadlıq savaşının özü kimi gəncdir, romantikdir. Şeirdəki romantik vüsət, üsyankarlıq məhz bununla bağlıdır. "Namaz"da isə bütün bunların üstündən az qala iyirmi il keçib. Burda olaylara meydandan yox, meydana açılan pəncərədən, yəni həm kənar, həm də hündürdən baxılır. Bu, müəllifə imkan verir ki, faktları daha soyuq başla saf-çürük eləsin, onlar haqqında daha sakit tonda danışsın, hər cür romantik idealizədən qaçsın, hər şeyi mənfi-müsbət yönləriylə bir yerdə, tam, bütöv görsün. Bu yöndən diqqəti yuxarıdakı sitatdan iki həmqafiyə sözə çəkmək istəyirəm: qıjıldayır və vızıldayır. Bu sözlərdən birincisi məcrasına sığmayan coşqun çay, hər şeyi öz qabağına qatıb aparan sel, ikincisi isə boş-boş vızıldamaqla zəhlə tökən həşərat (eşşəkarısı!) assosiasiyası doğurur. Özü də hər iki növdən olan adamlar eyni bir olayın iştirakçısıdır. Meydanda doğrudan da, qıjıldayanlara da, vızıldayanlara da rast gəlmək olurdu və Əsədin uğuru ondadır ki, mənzərəni bütün zidd yönləri ilə görə və göstərə bilir.
Yeri gəlmişkən, bu parçada müəllifin uğurla yaratdığı və real özülə malik bir bənzətmədən də danışmaq istəyirəm. Ə.Cahangir "Azadlıq" meydanındakı coşqun mitinqləri Xəzərin tez-tez qalxması və Dənizkənarı parkı basmasına bənzədir. Bu, 90-cı illər Bakısının ən səciyyəvi mənzərəsi idi. Amma burda söz sadəcə zahiri bənzəyiş effektindən getmir. Ondan gedir ki, dənizin stixiyası ilə Meydan olaylarının ilk dönəmləri üçün səciyyəvi olan kortəbiiliyi, idarəolunmazlığı arasında daxili, semantik bir bənzəyiş var.
"Verin kürsüləri şairlərə siz" şeirini Əsəd universitetdə Qabil və Nüsrət Kəsəmənlinin tələbələrlə görüşündə oxumuş və mənə həsr etdiyini bildirmişdi. Bunu mənə şair dostlarım dedi və mən onun haqqında ilk dəfə belə eşitdim. İllər keçdi, dövrü mətbuatda onun çoxsaylı yazıları üzə çıxdı...
İş elə gətirdi ki, Əsədin bir imza kimi parlaması, geniş oxucu kütləsinin rəğbətini qazanması mənim sədrlik elədiyim "Vətəndaş Həmrəyliyi Partiyasının eyniadlı qəzetində baş tutdu. Onun bu qəzetdə dərc olunan "Yeni əsrin ibtidası" silsilə yazılarında, doğrudan da, yeni yüzilin ədəbiyyatının gələcək istiqamətlərinin ibtidası qoyulurdu.
Əsəd Cahangirin yazılarından biri - "Söz" essesi haqqında xüsusi danışmaq istəyirəm. Tarixi dəqiq xatırlamıram - təxminən doxsanınıcı illərin ortaları idi. Elə bir vaxt ki, qarmaqarışıq siyasi olaylar fonunda ikinci plana, iqtisadi dalana sıxışdırılan elm, ədəbiyyat, incəsənət çoxlarının yadına düşmürdü. Bəziləri olayların gərginliyinə dözməyib dünyadan köçmüş, bəziləri qələmi yerə qoymuş, bəziləri taleyin sərt dönüşündən küsərək vətəndən uzaqlara üz tutmuşdu. Və belə bir boşluqda ədəbiyyatda hələ yalnız ilk addımlarını atan bir gəncin bədii sözü ilahiləşdirib Tanrı mərtəbəsinə qaldıran "Söz"ü...
Amma mən sözün yaxşı anlamında, "Söz"ə təəccüb etmədim. Çünki "Verin kürsüləri şairlərə siz" deyən bir gəncin "Söz"ü yazması doğal və qanunauyğun idi. Yalnız şairi Tanrının yer üzündəki sözçüsü sayan bir şəxs sözü ilahi qatda görə bilərdi.
Adətən, yazıçı oxucunun gözü qabağında böyüyür və o, ilk addımlarını necə atır, necə gəlişir, necə biçimlənir, bunu hamı görür. Əsəd Cahangir "Azadlıq" meydanından söz meydanına qəfil, gözlənilmədən, hazır bir biçimdə gəlmişdi, Afina yaraq-əsləhəsi də üstündə Zevsin başından çıxdığı, birdən-birə peyda olduğu kimi... Başqalarının mətbuat səhifələrində illərlə keçdiyi yolu o, öz içində keçmiş, öz içində böyümüş, öz daxilində biçimlənmişdi. Başqa sözlə desək, o, ədəbiyyata öz içindən, öz daxilindən, öz ruhundan, öz taleyindən gəlmişdi. Məncə, onun ədəbi-bədii yaradıcılığı üçün səciyyəvi olan və qabarıq görünən orijinallığı da, yazılarındakı subyektiv başlanğıc da məhz burdan qaynaqlanır.
Hər bir qələm adamının öz fərdi ədəbiyyat tarixi olur, kimsə bunu yazıya alır, kimsə yox. "Söz" essesində Əsəd Cahangir özü də fərqinə varmadan öz ədəbiyyat tarixini yaradıb. Bu, sözün yaranışından günümüzə qədərki "tarix"dir. Əgər inansaq ki, hər insan öz ömründə insanlığın, hər şair şairliyin, hər alim də alimliyin yolunu qısa sürədə təkrar edir, onda Əsəd bu essesində özünün milli ədəbiyyatımızda ilk ədəbiyyat tarixi yaradan Firudin bəy Köçərli dönəmindədir.
Amma o, Firidun bəyin yüz il əvvəl dediklərini sadəcə təkrar etmir, əvvəla, sözün tarixini zamanca genişləndirərək tarixəqədərki dönəmin özünə qədər gedib çıxır. Əgər Firidun bəy ədəbiyyat tariximizə Füzulidən başlayırdısa, Əsəd Cahangir "Dünya Sözün bətnindən doğulub, söz isə dünyanın" deyə tarixəqədərki dönəmdən başlayır. Yəni o, ədəbiyyat tarixindən daha çox, əslində, "əbədiyyət tarixi" yazır. Elə bir dönəm ki, söz var idi, amma tarix hələ yox idi, əbədiyyyət var idi, ədəbiyyat hələ yox idi. Tarix çox-çox sonralar əzəli və əbədi sözün, ədəbiyyat əbədiyyətin görüntüsü kimi meydana çıxacaqdı. Zaman bükülmüş xalça kimi idi, o, söz-söz açılacaq, bu açılışda Nizamidən Muğannaya qədərki minillik ədəbiyyat tariximizin naxışları görünəcəkdi.
Sözün iki üzü var - əbədi və ədəbi, tarixəqədərki və tarixi. Əbədiyyət sözün noumenal, ədəbiyyat isə fenomenal tərəfidir. Odur ki, məsələ təkcə zaman intervalının genişlənməsində deyil, həm də ondadır ki, Əsəd Cahangir öz essesində sözün ikili mahiyyətini, ilahi və bəşəri üzünü göstərib. İlahi üzünü Söz, bəşəri üzünü isə sadəcə söz adlandırıb. İlahi söz dünyaya enir və insaniləşir. Şairin, yazıçının missiyası Tanrının yanından yerə enmiş sözü yenidən Tanrı mərtəbəsinə qaldırmaqdır. Şair Tanrı işinin davamını görür, onu tamamlayır və başa çatdırır. Essenin ifadə etdiyi başlıca məna budur. Nizami, Füzuli, Vaqif, Anar və İsa Muğannanın yaradıcılığına söykənən Əsəd Cahangir bu eniş və yüksəlişi minillik milli ədəbiyyat fakturasında izləyib.
Mən Əsəd Cahangirin bu illər ərzində yazdığı digər əsərlərini də oxumuşam və hər dəfə görmüşəm ki, bu əsərlərdə "Söz"dən gələn nəsə var. "Söz" onun bütün öncəki və sonrakı əsərlərinin fundamental özülündə durur. Bəs onun dürlü əsərləri arasındakı bu səsləşmənin, onların vahid bir sistemin üzvi tərkib hissələrinə çevrilməsinin daxili özülündə nə durur?
Hər cür gəlişmənin düz xətt deyil, çevrə modelində olmasına dair genəl qənaət!
Bu o deməkdir ki, dərinə gedəndə Əsəd Cahangirin dünyaqavramının özülündə bədiilik durur. Çünki bədii düşüncə çevrə, elmi düşüncə isə düz xətt quruluşunda olur. Elmi düşüncə daha çox müstəvi, bədii düşüncə isə daha çox fəza həndəsəsi qanunları ilə işləyir. Elmi düşüncə özünün düz xətt saydığı bir şeyin hansısa anda çevrəyə dönəcəyini görmür. Bədii düşüncə isə bunun fərqindədir. Odur ki, şairlər alimlərin fraqmentar şəkildə gördüklərini bütöv halda görürlər. Onlar başlanğıcla sonun birliyinə dair həqiqətə alimlərdən daha yaxındır. Təsadüfi deyil ki, Əsədin ilk esselərindən biri elə belə də adlanır - "Bir əvvəl var, bir axır var, deyirlər". Bu sözlər on doqquzuncu yüzil Güney Azərbaycan şairi Mir Mehdi Şükuhinin qəzəlindəndir:
Bir əvvəl
var, bir
axır var deyirlər,
Bu bir sözdür, nə əvvəl var, nə axır.
Şükuhi əvvəl-axırı varoluş yönündən olmasa da, idraki yöndən inkar edir, yəni əvvəl-axır var, amma biz onları qavraya bilmirik. Əvvəl-axır sadəcə bir sözdür. Əsəd Cahangirin fikrincə isə, söz hər şeyin başlanğıc və sonudur. Hər şey sözdən başlayıb, sözdə də qurtarır. Söz həm yaradan, həm yaradıcılıq prosesi, həm də yaradılandır. Həm ideya, həm də onun gerçəkliyə çevrilməsidir. Həm enerji, həm də onun maddiləşməsidir. Bir sözlə, dünyanın bu üzündə də, o üzündə də nə varsa, hamısı Sözdür. Təsadüfi deyil ki, o, dahi Füzulinin sözə dair şahanə misralarını "Söz"ə epiqraf seçir və bununla da, Şükuhi qatından Füzuli qatına keçir:
Can
sözdür, əgər bilirsə, insan!
Sözdür
ki, deyirlər, özgədir can!
Çevrə və düz xətt məsələsinin
üstündə belə yerli-yataqlı durmağım, məsələnin
həndəsəsinə qədər getməyim səbəbsiz
deyil. Ədəbi-ictimai fikir Əsəd Cahangiri daha
çox tənqidçi kimi tanıyır, çünki o,
özünü daha çox belə təqdim edib və toplum
da onu belə qəbul edib. Amma məsələnin
məğzinə gedəndə görürük ki, onun
yazılarının özülündə gəlişmə
və hərəkətin çevrə modelində olması
liə bağlı bədii düşüncə durur, elmilik
isə bu özül üzərində ucalan binaya bənzəyir.
Eyni daxili bədiilik onun bu yaxınlarda "Ədəbiyyat
qəzeti"nda dərc olunan "Səs" essesi
üçün də səciyyəvidir. Əsəd Cahangir bu essesində
də çevrə modelində düşünür, söz,
səs və rəngin çevrə boyunca bir-birini əvəzləməsi,
bir-birinə keçməsi qanunauyğunluğundan
danışır. Sadəcə, "Söz"də söhbət
ədəbi-bədii,
"Səs"də isə ümumi kulturoloji
yöndən gedir. "Söz" kimi "Səs"ə
də söz və dil oyunları, yüksək metaforizm,
şairanəlik xasdır. Lakin "Səs"in ən
orijinal tərəfi esse müəllifinin Azərbaycanı
söz, səs və rəng üzrə üç
geokulturoloji məkana bölməsi, ən aktual tərəfi isə
onun Qarabağ mövzusu ilə
bağlılığıdır.
Əsəd Cahangir
Qarabağı səs bölgəsinə aid edir, onu bu səs
vasitəsilə yerlə göy arasındakı bağ kimi səciyyələndirir,
Qarabağdan çıxan onlarla səs incəsənəti
nümayəndəsini ilahi səsin yerdəki işarəsi
sayır. Onun fikrincə, Qarabağın bədxah qonşular tərəfindən
tutulması sadəcə ərazi itikisi yox, yerlə göy
arasındakı bağı, ilahi səsi itirmək, onun azad
olunması isə bu bağın və səsin geri
qaytarılmasıdır.
Qarabağ
haqqında indiyə qədər onlarla əsər
yazılıb - qarabağnamələr, tarixi romanlar, poemalar,
şeirlər, məqalələr... "Səs"
özü də bir "Qarabağnamə"dir və
özünəqədərki "Qarabağnamə"lərin
ədəbi-fəlsəfi yekunudur. Amma onun bir fərqləndirici
özəlliyi var. "Səs" Qarabağ tarixinə metatarixi rakursdan baxan
yeganə "Qarabağnamə"dir. Yəni essedə ilk dəfə
olaraq Qarabağ olaylarına ilahi amilin müdaxiləsi göstərilir,
tarixin sadəcə insani yox, həm də ilahi yönü
qabardılır. Əsəd Cahangirə görə,
Qarabağ itkimiz hər şeydən öncə ilahi cəza,
Qarabağ zəfəri ilk növbədə ilahi
mükafatdır.
Əsəd Cahangirin "Dəmirbaşlar" essesi də
eyni çevrə modelində düşünülüb. Sadəcə,
burdakı mövzu-problema öncəki iki essedən daha
genişdir. "Söz" essesindəki ədəbiyyat
konusuna "Səs"də tarix və incəsənət,
"Dəmirbaşlar"da isə elm, siyasət və fəlsəfə
də əlavə olunur. Bu "əlavələr"
esseistin maraq dairəsi və
dünyagörüşünün zamanla genişlənməsindən
xəbər verir. Onun "Aprel tezisləri.
Postinsan haqqında esse" əsəri isə
artıq keçmişə yox, gələcəyə yönəlib,
insanın postinsan sabahına boylanır və bu sözügedən
konuya Azərbaycan ədəbi-bədii, ictimai-fəlsəfi
fikrində ilk boylanışdır. Bu
essenin yazılmasından dərhal sonra baş verən bir
sıra olaylar, özəlliklə də, pandemiya olayı
Əsəd Cahangirin süni intellekt və süni seçim məsələsi
ilə bağlı uzaqgörənliyində haqsız
olmadığını üzə çıxarır.
İndi mənim
amacım Əsəd Cahangirin esselərini bütün detalları ilə
araşdırmaq deyil. Belə bir araşdırma daha geniş
vaxt və böyük həcmli yazı istəyir. Amacım
Ə.Cahangir və onun yaradıcılığı
timsalında bədii düşüncə ilə elmi fikir
arasındakı daxili sınırları bəlirləməkdir.
Ə.Cahangirin adını çəkdiyim və
çəkmədiyim istənilən yazısında gəlişmə
çevrəsini başa vurub, ilkin nöqtəyə
qayıtmaq istəyi (və ehtirası!) var ki, bu da onun,
alt qatlarda poetik düşüncəyə sahib olmasından irəli
gəlir.
Əsədin "O Adam", "Namaz",
"Xarıgülnar" poemalarında bu qayıdış
arzusu sadəcə açıq bədii okeana
çıxır. Odur ki, bu poemalara "tənqidçinin
şeir yazması" rakursundan baxmaq məsələyə səthi
yanaşmaq deməkdir. Mövzu və məzmunundan
asılı olmayaraq,
hər üç poema bir konuda birləşirlər.
Bu poemalar zərrənin küllə, damlanın dəryaya
qayıdışına dair orta çağ sufi
ideyasının yeni biçimdə ifadəsidir. "O
Adam"da bu qayıdış insana,
"Xarıgülnar"da Vətənə, "Namaz"da
isə Tanrıyadır:
A
koruş, görmürsənmi,
Tanrının balasısan?!
Tanrının
Çənlibeli,
Tanrının qalasısan?!
Səndə
Tanrı gizlənib!
Bilmirsən?!
Təndən
anrı gizlənib!
Görmürsən?!
Hey! Həvva
törəməsi,
samariyalı qadın!!!
Adam nədi,
ər nədi,
bilmirsən bəşər nədi?!
Bilmirsən
ki, cisminlə
Tanrının məbədisən?!
Tanrı
kimi ölümsüz,
Tanrı tək əbədisən?!
Tanrıdan
doğ balanı!!!
("Namaz")
Amma bu
qayıdış istəyi birdən-birə meydana
çıxmamış, sözügedən poemalardan daha
öncə öz ifadəsini Əsəd Cahangirin "Qaytar məni
dənizlərə" şeirində tapmışdı:
Tanrım,
səndən başqa heç kəs
Kiməm,
nəyəm, bilmir, axı!
Mən
dünyayla dolanardım,
Dünya
yola vermir, axı!
Qaytar məni
dənizlərə!
Ya daş
elə, ya quş elə,
Apar məni bir yuxuya.
Bulud elə,
yağış elə,
Döndər
bircə damla suya,
Qaytar məni
dənizlərə!
Dənizlərin
məhəbbəti
Sonsuz
olur, dərin olur!
Orda hər
şey təmiz olur,
Orda hər
şey sərin olur,
Qaytar məni
dəzinlərə!
Dişim
olsun mirvarilər,
Yosunlar
saçlarım olsun!
Qızıl
balıq dostum olsun,
Su pərisi
yarım olsun,
Qaytar məni
dənizlərə!
Yolub yosun
saçlarımı
Selə
vermək istəyirəm!
Suda ölüm necə olur?
Suda
ölmək istəyirəm,
Qaytar məni
dənizlərə!
Aydındır
ki, klassik sufi ədəbiyyatında dəniz,
yaxud "dəryayi-mühit" hər şeyi özündən
doğuran ilahi başlanğıcın simgəsidir. Təsadüfi
deyil ki, Nəsimi bir məsnəvisində bu yaranış,
doğulma sürəcini belə təsvir edirdi:
Dəryayi-mühit
cuşə gəldi,
Kövn ilə məkan xüruşa gəldi.
Sirri-əzəl
oldu aşikara,
Aşiq necə eyləsin müdara?
Klassik sufi düşüncəsinə görə, hər
bir ruh ruhlar ümmanından ayrılmış bir damladır.
O damlanın ən böyük istəyi öz ümmanına
qayıtmaq və bununla da, ruhi-mənəvi rahatlıq
tapmaqdır. Amma nə qədər ki, insan bu
dünyadadır, bu istəyin gerçəkləşməsi
mümkünsüzdür.
Bu vüsalın ancaq bir yolu var -
dünyanı tərk etmək. Yalnız bu
zaman zərrə küllə, damla dəryaya qovuşa bilər.
Təsadüfi deyil ki, Füzuli Leylinin ölümü ilə
bağlı yazırdı:
Şövq
əhlinə qürb hasil oldu,
Dəryasına qətrə vasil oldu.
Nəsimi, Füzuli kimi divan şeiri dahilərindən
sitatlarım təsadüfi deyil. Bu, Əsəd
Cahangirin klassik divan şeiri ilə ən dərin qatlarda
bağlılığını göstərmək amacı
güdür. Digər tərəfdən isə dünya ədəbi-fəlsəfi
fikrinin son nailiyyətləri olan postmodernizm və postinsanla
bağlı ilk yazıların da müəllifi bizdə məhz
Əsəd Cahangirdir. Bu, onun
"Söz"ünün diapazonunun genişliyi, "Səs"inin
amplitudasının yüksəkliyindən xəbər verir.
Bu yüksəklikdə insanla Tanrı, bu
genişlikdə isə tarixlə indi bir yerdədir. Bunu Əsədin 44 günlük İkinci Qarabağ
savaşındakı tarixi qələbəmizə həsr
olunan son poeması - "Xarıgülnar"da daha aydın
görmək olur.
Az qala
başdan-başa dua-alqışdan ibarət poema Dədə
Qorqudun hər boyun sonunda gəlib verdiyi yumlamaları
xatırladır. Əsəd Cahangirin hər
şeiri, hər poeması bir yumlamadır. Bu əsərlər şeir duadan doğulub fikrinin əyani
təsdiqi, Tanrı bu şeirlərin son ünvanıdır.
Əgər "O
Adam" və "Namaz" poemaları bu yöndən orta
çağ divan şeiri ilə səsləşirdisə,
"Xarıgülnar" Dədə Qorqud poeziyasına mesaj göndərir:
Gəlin
qəm-qüssəni könüldən ataq,
Uca dağ başında üç tonqal çataq!
Ozanlar ozanı Dədəm Qorqudla,
Yazanlar yazanı Anar
dərə-təpə düz gəlsinlər,
bir əlində qələm,
o biri qolça qopuz - gəlsinlər!
Boy
boylasınlar
Soy
soylasınlar!
Qaynasınlar,
daşsınlar,
Düzüb-qoşsunlar!
Səsimiz
batıdan batıb,
Doğudan
car olsun!
Üzü
görklü
Məhəmməd
Mustafa eşqinə
Tanrı
bizə yar olsun!
Əsəd
Cahangirin "Verin kürsülərü şairlərə
siz" deyəndə nəzərdə tutduğu ümumiləşdirilmiş
şair-ozan obrazında Dədə Qorquda məxsus özəlliklərin
də olması bu üzdən təsadüfi
deyil.
Əsədin adını rəhmətlik Qabildən ilk dəfə
eşitdiyim, elə bil, dünən idi. Bu gün isə onun
artıq 55 yaşı, yaradıcılığının 30 ili tamam olur. Gəlin etiraf edək ki, Əsəd Cahangiri də,
onun bir çox ədəbi nəsildaşlarını da gənc
deyə-deyə qocaltmışıq. Fakt
isə öz faktlığında qalır - son iyirmi-otuz ilin ədəbiyyatının
ağırlığı ən çox məhz onların
çiyninə düşüb.
Əzizim, Əsəd! "Söz"ün
söz, "Namaz"ın qəbul olsun! "Səs"in uca kürsülərdən
gəlsin! Səni 55 yaşın və
yaradıcılığının 30 illiyindən dolayı
ürəkdən təbrik edir, sənə möhkəm
cansağlığı və yeni-yeni yaradıcılıq
uğurları arzulayıram.
Sabir
RÜSTƏMXANLI
525-ci qəzet.- 2021.- 7 avqust.- S.14-15.