Elm, cəmiyyət və sivilizasiya
Bəlli olduğu kimi, elm cəmiyyətin həyatında
mühüm rol oynayır. Artıq əvvəlki
dövrlərə baxanda dünya vahidləşir, unifikasiya
olunur. Müasir sivilizasiyanın bu keyfiyyəti
qloballaşma, yaxud informasiya cəmiyyəti adlanır. XX əsrin 2-ci
yarısından sonra varlığın təsəvvür
olunan 3 əsas sferasını - cansız təbiəti,
üzvi aləmi və sosial həyatı birləşdirmək
imkanı yarandı. Dünyanın elmi mənzərəsinin
bütövlüyü ümumelmi statusa malik oldu. Müasir elm sürətlənən dinamika, texniki
potensialın artması ilə dəyişikliklərə məruz
qalır. Bugünkü alimin özünün həyat
tərzi, fəaliyyəti və professiyası dəyişir.
Digər sosial sferalar kimi elm də qloballaşır. Bu, müxtəlif formalarda
özünü büruzə verir: Burda əsas rolu müxtəlif
elm sahələrinin qarşılıqlı əlaqələri
oynayır. Müasir elm zəngin fənlərarası
əlaqə ilə məhsuldardır. Burada istiqamətlər
arasında əlaqələr güclənir: məsələn,
riyaziyyatla linqivistika, fizika ilə kimya, riyaziyyatla iqtisadiyyat
arasındakı əlaqələri misal çəkmək
olar.
Fəlsəfi-metodoloji
ədəbiyyatlarda ümumelmi anlayışların: sistem,
struktur, entropiya, ehtimal, alqoritm, informasiyanın müzakirəsinə
başlanıldı. İnteqrativ tendensiyanın
ən parlaq ifadəsi özünü inteqrativ elmlərin
yaranmasında göstərdi. Bu elmlərə
misal olaraq kibernetika, sistemlərin ümumi nəzəriyyəsini,
semiotika, informasiya nəzəriyəsini və sinergetikanı
misal göstərmək olar.
XX əsrin ikinci yarısından sonra elmin daxilində dar
sahələr meydana gəlməyə başladı. Məsələn,
götürək fizikanı: bərk cisimlər fizikası,
plazma fizikası, kvant fizikası yarandı. Elmin
daxilində ixtisaslaşma getdikcə artdı. Yəni ənənəvi formalaşmış istiqamət
dar sahələrə parçalanır, məsələn,
indi təkcə geologiya 80 istiqamətə ayrılıb.
Bu, həm də elmi axtarışların
effektivliyini artırır. Ancaq bunun mənfi tərəfləri
də vardır: elmi irəliləyişlərdə strateji
görmə imkanlarının itirilməsi, alimlərin
bir-birilərini qarşılıqlı anlamalarında çətinliklərin
yaranması, informasiya itkisinin artması buna sübut ola bilər. Hal-hazırda bir
çox alimlərin işlərindən görürük ki,
artıq elmi sahələrdə differensasiya inteqrasiyanı
üstələyir.
Buna misal olaraq tibb elmini göstərmək olar. Bu gün
adı çəkilən sahədə konseptual
anlayışlar sistemi çatışmır.
Müasir elmin əsas tendensiyalarından biri də riyaziləşmədir. Riyaziləşmə
- riyazi yanaşma və metodların digər elm sahələrinə
siyarət edilməsidir. Təbiət elmləri
riyaziyyatla birbaşa bağlıdır. Riyaziləşmə
artıq humanitar elmlərə - sosiologiyaya, tarixə və
linqvistikaya nüfuz etməyə başlayıb. Təsadüfi deyildir ki, iqtisadiyyat üzrə Nobel
mükafatına layiq görülənlərin əksəriyyəti
riyaziyyatçılardır.
Elmlə texnikanın əlaqələrinin genişlənməsi
bu sahələrin bir-birinə nüfuz etmələrinə gətirdi. Eksperiment və
müşahidələrin aparılması üçün
ixtisaslaşmış dəzgahlar və
ixtisaslaşmış heyət lazımdır. Bu tendensiyanın
yalnız müsbət tərəfi hiss olunmur. Yaxşı
maliyyələşmə hesabına humanitar sahələrdə
irimiqyaslı elmi tədqiqat layihələrin təşkil
olunmasına cəhd etmək olar. Bir
çox hallarda təşkilati təcrübə məxsusi
idrak üzərində dominantlıq yarada bilər. Buna görə də geniş miqyaslı, texniki təminatlı
və bahalı proqramlar paradoksal şəkildə
darıxdırıcı nəticələrə gətirib
çıxarır.
İnformasiyalaşma
(informatika) - informasiya proseslərini öyrənən və təkmilləşdirməklə
məşğul olan,
onları texniki sistemlərlə təmin edən fənlər
qrupudur. İnformasiyalaşma - insanın bütün fəaliyyət
sahələrinə daim təkmilləşən informasiya
texnologiyalarının tətbiqidir. Bu fəaliyyət sahəsinə
daxildir: elm, idarəetmə, təhsil, istehsalat və s. Biz
yaxşı bilirik ki, informasiyalaşmanın əsas hadisəsi
20-ci əsrin 70-ci illərində "mikroprosessor
inqilabından" başlandı. Elmin
informasiyalaşması ümumi sənayeləşmənin
xüsusi halı kimi qəbul olundu. Bu gün kompüter
bütün elm sahələrinin zəruri aləti
sayılır. O işlərin bütün mərhələlərini
əhatə edir: Mövzu üzrə baza informasiyaları
axtarır. Eksperimentlərin
planlaşdırılması, nəzəri analiz, nəticələrin
təqdimatı, elmi kommunikasiya işlərini görür.
İnformasiyalaşma insanın imkanlarını
xeyli genişləndirir.
Müasir alim təkcə hansısa dar sahədə biliklərə
malik olan sadəcə mütəxəssis deyil. Bu
günün alimi müasir informasiya texnologiyalarından istifadə
etməyi bacarmalıdır. Alimin peşəsi
ona biliyin tətbiqi sahəsi sayılan biblioqrafiyanın əsaslarını
bilməyi tövsiyə edir. Bura
publikasiyalar haqqında məlumatları toplamaq
bacarığı, biblioqrafiya materiallardan istifadə etmək
daxildir.
Qloballaşan dünyada alimin əsas fəaliyyətlərindən
biri mətn işi, öz məxsusi elmi mətnini
yaratmaqdır.
Müasir elmi fəaliyyətin özəyini
publikasiyalar təşkil edir. Müasir elmi
biliklərə, xüsusilə reallıqla bağlı olan
biliklərə çox vaxt hipermətnlər də deyirlər.
Belə bir şəraitdə alimdən
xüsusi "yazmaq bacarığı" tələb olunur.
Elmdə qəbul olunmuş stil
standartlarının kompleksi "elmi qrammatika" adlanır.
Bir çox xarici elm və tədris müəssisələrində
yeni elmlə məşğul olanlar üçün “scientifis
writing” ("elmi məktub") kursları keçilir.
Elm və elmi biliklərin inkişaf etmiş ölkələrdə rolu o qədər böyükdür ki, bu barədə danışdıqda "postsənaye cəmiyyəti anlayışı" işlədilir. Bu anlayışı ilk dəfə Amerika sosioloqu Deniel Bell işlətmişdir. Postindustrial cəmiyyət konsepsiyasına görə əvvəlki sənaye cəmiyyəti müasir cəmiyyətin həyatında öz rolunu bitirib. İnformasiyalaşmış qloballaşma bəşər tarixində mühüm keyfiyyət sıçrayışıdır. İnternet-yeni reallıq, yeni informasiya məkanıdır. Bill Geytsin təbirincə desək "internet məişəti, təhsili, səhiyyəni, idarəetməni, biznesi və başqa sahələri radikal şəkildə dəyişir, onlarda "fikir sürəti" imkanlarını gücləndirir".
Digər Amerika alimi Piter Druker “knowledge-based economics” (“biliyə söykənən iqtisadiyyat”) anlayışını elmi dövriyyəyə gətirdi. Bu nəzəriyyə görə elmin özü artıq fundamental istehsala çevrilir. Başqa sözlə, mühərrik yanacaqla işlədiyi kimi, biznes "biliklə çalışır".
Elmin legitimləşdirilməsi problemi ciddi problemlərdən
biridir. Bundan danışmaqdan
öncə J.F.Liotarın "Modernin vəziyyəti" əsərində
əks olunmuş ümumi vəziyyəti təsvir etmək
lazımdır. XX əsrin ikinci yarısından
etibarən legitimləşmənin böhranı məsələsi
geniş yayılmağa başladı. Bu
termin altında elmə ictimaiyyətin etibarının
azalması başa düşülür. Bu
müasir mədəniyyət və sosial həyat
üçün ciddi problemdir. Cəmiyyət
artıq insanlığın ümumi emansipasiyası
haqqında "gözəl nağıllara" inanmır.
Elmin legitimləşməsinə gəldikdə isə
elmi müəssisələrin buna bəraət vermələrinin
müxtəlif arqumentləri var. Bunlar zamanın
gedişatında sürətlə dəyişirlər. Amerika filosofu Danielsə
görə, Amerikada elm cəmiyyətə əsas Amerika dəyərləri,
demokratik, dini, utilitarizm
ilə "satılıb". Məsələn,
ötən əsrin 20-30-cu illərində ABŞ-da nüfuzlu
elmi lobbilər Amerika hökumətini inandırmağa
çalışdılar ki, "Amerika demokratiyası elmi
metodun siyasi variantıdır".
Bu gün cəmiyyətin elmə münasibəti legitimləşmə
böhranının tərəfində deyil. Elmin müzakirəsinin
ümumiləşdirici diskussiyalarında elmi-texniki modernləşmənin
gətirdiyi problemlərlə bağlı narazılıqlar həttə
uğurları da kölgə altına salır. Buna görə də elm həmişə yararlı
işlərlə məşğul olduğunu sübuta yetirməyi
sübut etmək dilemması qarşısında qalır.
Artıq ucuz elmi göstəricilərin
toplanması dövrü arxada qalıb. Alimlər
hər hansı layihənin təsdiqindən öncə bunun cəmiyyətə
faydasını nəzərə almalıdırlar. Bütün hallarda güclü maliyyə tələb
edən hər hansı uğurun əldə olunmasında azca
da olsa şübhə yaradan layihələr çətin ki,
legitimliyini tanıda bilsin. Bununla
yanaşı, elmin öz daxili məsələləri də
var. Cəmiyyətin gözləntiləri ilə elmin daxili məntiqi
arasında aradan qaldırılması çətin olan
problemlər mövcuddur. Bu kontekstdə onu
söyləmək olar ki, elmi idrak "özünülegitimləşdirmə"
xüsusiyyətinə malikdir.
Elmi fəaliyyətin legitimləşməsinin əsas
prinsiplərindən biri utilitar prinsipdir. Elmin intensiv
inkişafı insan həyatının bütün sahələrində
radikal dəyişikliklər yaratdı. Elm
artıq qlobal böhranların aradan qaldırılmasında
mühüm rol oynamağa başladı. Alimlərin
yaratdıqları böyük elmi icmalar bəşəriyyətin
qarşılaşdığı problemləri təhlil etməyə
və onların həlli yollarını axtarmağa
başladı. Bunların içərisində
öz nümunəviliyi ilə seçilənlərdən
biri də Roma klubudur. Roma klubu Beynəlxalq
təşkilat olub, özündə alimləri, siyasi və
ictimai xadimləri birləşdirir. Bu klub
qlobal problemlərin həlli üçün alimlərin səylərini
birləşdirməyi qarşısına məqsəd
qoymuşdu. Qısa
bir zaman kəsiyində Roma klubu ictimaiyyəti qlobal problemlərin
həlli məsələsində aktivləşdirdi.
Klubun təşəbbüsü ilə bir sıra tədqiqat
layihələri, məsələn, "İnsanlar
üçün məqsədlər", "Öyrənmənin
sərhədi yoxdur", "Mikroelektronika və cəmiyyət",
"Faktor 4, resursların yarısından 2 dəfə
çoxdur" və s.
Qeyd etmək lazımdır ki, Roma klubu və digər
ictimai təşkilatların gördüyü işlər
qlobal böhran vəziyyətin miqyasından çıxmaq
üçün kifayət deyil. Qlobal problemlərin həlli
üçün ümumi məqsədlər ətrafına
alimlər, intellektuallar, siyasətçilər və ictimai
xadimlər toplaşmalıdır.
Buna misal
olaraq alimlərin
"Paquoş hərəkatı"nı misal
çəkmək olar: "Biz yeni şəkildə
düşünməyi öyrənməliyik. Biz
düşünməməliyik ki, mənsub olduğumuz
düşərgə hansı addımları atmalıdır
ki, qələbə çalsın. Belə
addımlar artıq yoxdur. Biz özümüzə belə
bir sual verməliyik: nəticəsi bütün
iştirakçıları üçün fəlakətli
olacaq silahlı mübarizənin qabağını almaq
üçün hansı addımları atmaq
lazımdır".
Rassel-Eynşteyn
manifestinin emosional üslubu böyük alimlərin ürək
ağrısından xəbər verir. Yer
üzündə sülhün qorunmasına, bəşəriyyətin
fəlakətə yuvarlanması təhlükəsini aradan
qaldırmağa xidmət edən "Paquoş hərəkatı"
1995-ci ildə Sülh üzrə Nobel mükafatına layiq
görüldü.
Etibar ƏLİYEV
Millət vəkili, fəlsəfə doktoru
525-ci qəzet.- 2021.- 7 avqust.- S.11.