Öz ehsanını verən adam  

 

Yazıçı Fəxri Uğurlu ilə gənc ədiblərin görüşü keçirilib

 

 

Nadir Yalçınla "525-ci qəzet"in redaksiyasından çıxıb "Azərkitab" kitab mərkəzinə - yazıçı Fəxri Uğurlu ilə görüşə tələsirik. Nadir həmişəki kimi son yazdığı hekayəsini tərifləyir. "Azərkitab"a daxil olan kimi qarşımıza Fəxri Uğurlu çıxır. Fəxri Uğurlu ilə hekayə janrı haqda seminar-müzakirə hər kəsdən əvvəl Nadir üçün başlayır.

 

Fəxri bəy Nadirin son yazdığı hekayə - "Yad"la bağlı öz tənqidlərini yağdırır. Bəsirət gözümüz açıq olsaydı, Nadirin başının sol küncündəki buludda "Yad"ın indicə şifahi redaktə edilmiş halının canlandığını görə bilərdik. Gənc ədiblər yavaş-yavaş yığışırlar. Müzakirə otağına keçirik. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid tədbiri açır:

 

- Dünən Fəxri Uğurlunun ilk yazısının çap olunmasından 35 il ötürdü...

 

Nadir həmişəki emosionallıqla:

 

- 35 il!

 

 

 

Ara-sıra qapı açılır, gənc ədiblər otağa daxil olurlar. Bu gün müzakirəmizi Fəxri Uğurlunun "Ehsan" Gi De Mopassanın "Boyunbağı" hekayəsi üzərindən aparacağıq.

 

Fəxri bəy "Boyunbağı" hekayəsi haqda ilk sualı boyunbağı kimi boynumuza keçirir:

 

- Mopassan niyə məhz boyunbağını seçib - üzük, qolbağı yox - məhz boyunbağı?

 

Yerdən tərəddüdlü cavablar səslənir.

 

- Boyunbağı boyunduruğu, köləliyi simvolizə edir burada - boynuma keçirilən bu sual boyunduruğunu açıram.

 

Müzakirə qızışır. Amin Namazlı, Bəhaəddin Salman hekayə haqda fikirlərini deyirlər. Fəxri bəy hekayənin alt qatlarını açmağa, başqa mətnlərlə olan dialoqunu bizə "tərcümə etməyə" başlayır. Tolstoydan Çexova, Çexovdan Markesə uzanan söhbətin axırı "Ehsan"a gəlib çıxır.

 

- Gənclərin hekayəniz haqda sualları var - Rəşad Məcid bizi işarə edir.

 

Toyuq ayağına oxşayan xəttimlə hekayə haqda etdiyim qeydlər olan vərəqi açıram:

 

- Fəxri bəy, hekayə başdan ayağa simvolika üzərində qurulub... Niyə buradakı "bəy" xitabı xüsusi vurğulanır? Hadisələrin baş verdiyi kənd bir dövləti xatırladır, bu detal məqsədli şəkildə qurulub?..

 

Bayaqdan ədəbiyyatdan, hekayədən durmadan danışan Fəxri bəyin tempi təvazökarlıqdanmı, ya nədənsə aşağı düşür. Üzündə tutqunluq qarışıq bir təbəssümlə suallarımı özü bilərəkdən səthi qat ilə cavablayır. Bəlkə də, bu simvolikaları açmağı oxucunun öhdəsinə buraxmaq istəyir:

 

- SSRİ dönəmində "bəy" xitabı qadağan edilmişdi, amma yenə bu xitabdan istifadə edənlər var idi, gizliolsa...

 

- Mənə elə gəlir ki, bu hekayədəki şəxslərin bəzilərini tanıyırıq - Nadir maraqlanır. - Toğrul bəy öz ehsanını verirdi. Məncə, bu, yeni detaldır.

 

- Elə bir adam həqiqətən olub. Öz ehsanını verən adam. Bilirsiz, bu hekayədəki personajlar haqda mənə çox fikirlər deyiblər, amma oradakı obrazlarda çox adam var. Hərəsindən bir az...

 

Nadir bayaqdan beynində hazırladığı sualı verir:

 

- Hekayə və əhvalat. Bunları necə ayırd etmək olur? Hansı meyarlara görə?

 

Fəxri bəy sualın cavabını konkret misallarla izah etdikcə Nadir telefonunda qeydlər aparır.

 

Mən də bu barədə fikirlərimi deyirəm:

 

- Dostoyevski bir neçə nəfərlə birlikdə ölümə məhkum edilir. Edamına bir neçə saniyə qalmış fərman gəlir: ölüm əvəzinə katorqaya göndərilsin. Bunlar hamısı əhvalatdır. Hekayə Dostoyevskinin ölümünü gözlədiyi həmin bir neçə saniyədir.

 

Masanın üstündəki Fəxri bəyin kitabları gənc ədiblərə paylanır. Amin Namazlı Fəxri Uğurludan kitabı imzalamasını xahiş edir. Fəxri bəy imzalayır. Tədbir yekunlaşır. "Azərkitab" binasının pilləkənlərindən enəndə Nadir qulağıma pıçıldayır:

 

- Rəhman, adam öz ehsanını verməkdən qorxar. Birdən öldüyümə özüminanaram...

 

Rəhman MİRZƏLİZADƏ

 

525-ci qəzet.- 2021.- 10 avqust.- S.15.