Düşündüklərini
və yaşadıqlarını yazan şair
(Hikmət Məlikzadə - 50)
Mərhum folklorşünas alim Sədnik Paşayev yazır ki, hər bir şairin, sənətkarın poeziyada yerini müəyyənləşdirən onun sənətkarlıq meyarıdır. Həqiqətən də, şeirləri ilə ürəklərə yol tapanlar, bir misrası ilə belə olsa yaddaşlara həkk olanlar sənətkarlıq baxımından poeziyada iz qoyanlardır. Səmimi poeziya özünü oxucusuna sevdirir, səmimi şairlər xalqın yaddaşında qalır.
Haqqında söz açacağımız Hikmət Məlikzadə də belə şairlərdəndir. Bu gün Hikmət Məlikzadə imzası çağdaş şeirimizdə kifayət qədər tanınan, sevilən imzadır. Öz üslubu və şeir yolu olan bu şairin yaradıcılığı pafosdan uzaq, poetik cəhətdən dolğun və qəlbə yatımlıdır.
Şeirlərindəki obrazlılıq və özünəməxsus poetik ruh Hikmət Məlikzadə yaradacılığı üçün əsas meyardır.
Düşündüklərini və yaşadıqlarını yazan şair - Tural Adışirin yazır..
Hikmət Məlikzadənin qələmindən süzülən şeirlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir və oxucusunun ürəyinə yol tapa bilir. Poeziyaya, sənətə bütün qəlbi ilə bağlı olan Hikmət Məlikzadə ağrılı, acılı, şirinli öz şair taleyini yaşayır:
Ömür quyu deyil, eşqi ip sanıb,
Canı addımbaşı dərdə sallayım.
Hikmət Məlikzadənin poeziyası həyat həqiqətlərindən yoğrulan, dərdlə qol-boyun olub yaşayan poeziyadır. Şairin şeirlərində həyatın nəbzi döyünür, həyatın acılı-şirinli anları, sevgi iztirabları, ayrılıq məqamları boy göstərir.
...Ömrümdə bir dəfə canımdan xəlvət
sevda yanğısına tutuldum,
sevdiyim qızı da özü boyda tabuta qoyub
özü böyüklükdə qəbrə atdılar.
Nakam məhəbbətin yanğısı şairin yaradıcılığının kədərlə yoğrulmuş əsas mövzularından biridir. Şair sevgi şeirlərində sinəsini yandırıb yaxan, süngü yarasına dönən xatirələrlə yaşayır:
Bir xatirə yağışı var hər ötən anın,
Xatirələr şeh düşəndə bal kimi olur.
Ruhlar sevgi rəngindədi, dualı qadın,
Lal duyğunun
əzabı da lal kimi olur.
Şair sevgi şeirlərindəki
səmimiliyi, poetik orijinallığı digər
mövzulu şeirlərinə
də yansıdır. Şeirlərində həyat hadisələrini
sənət hadisəsinə
çevirərək poetik
enerjisini daha da dinamikləşdirir.
Hikmət Məlikzadənin poetik fantaziyası sözü rəngdən-rəngə
salır, obrazlılıq
dərəcəsini daha
da artırır.
Aydınlıq və sadəlik prinsipi şairin şeirlərində bədii
təsvir və ifadə vasitələri üzərində elə sintez olunur ki,
oxucuda sözə qarşı bir heyranlıq yaranır. Sözdən obrazlılığa keçid
edərək bədii
fiqurlar üzərində
şeirin poetik yükünü zənginləşdirir.
Obrazlı, poetik yüklü
deyimlər onun şeirlərində ən
əsas amildir.
Beş-on
günlük səyahətdi
ömür adamçün,
Sonra qəfil
hər çiyindən
bir tabut düşür.
və yaxud:
Hava çəkir xatirələr
qapısız evtək,
Mən ruhumun nazı ilə az
oynayıram.
Duyğularım xəlbir kimi deşik-deşikdi,
Həyat mənə toy tutanda, saz oynayıram.
Onun şeirlərindəki
poetik-estetik ovqat obrazlılıq üzərində
qurularaq musiqi kimi axıcı və ritmikdir.
Şeir dili estetik çalarlar
üzərində düzənlənir
və sözü obrazdan-obraza salaraq sözə yeni məna çaları qatır. Köhnə qəliblər
üzərində təzə
poetik obrazlılıq
yaradır:
Qəfil
tindən çıxan
kölgədi ölüm,
Əcəl bir kimsədə xətir saxlamaz.
Biz zülmün atdığı
daşa bələdik,
Haqdan gələn
daşı çətir
saxlamaz.
Hikmət Məlikzadənin şeirləri
oxucunu düşündürən,
özündərk etmə
üzərində yaranan
poeziya aktıdır. Şeirlərindəki
fəlsəfi qat insan və zaman
konteksti üzərində
qurularaq oxucuya şüuraltı təsir
edir:
Tale məni naşı bilir,
Mənə dərdin kirin satır...
Torpaq da, can bazarıdı,
Birin alır,
birin satır.
Şair bədii təfəkkürünün
süzgəcindən süzülüb
gələn şeirlərlə
düşündüklərini və yaşadıqlarını
yazaraq həm də özünü yaradır. Şeirlərində
özüylə danışan
şair həm də özünə doğru yol gedir:
Min ildi yolum eyni,
Gül tutub bar ağacım.
Mən kəndir axtarıram,
Bar vermir dar ağacım.
Hikmət Məlikzadəni oxuculara sevdirən bir səbəb də poezyasında xəlqilik, milli kökə, mənəviyyata bağlılıqdır. Şeirlərindəki Vətən obrazı onun yurduna, el-obasına vurğunluğundan
doğulur. Vətənə həsr etdiyi şeirlərində nümunəvi
vətəndaş kimi
çıxış edir.
Şairin 44 günlük
Vətən müharibəsi
günlərində yazdığı
şeirlərdə də
bu ovqat hiss olunur:
Düşmən bizi taladı bax,
Torpaq çala-çaladı bax,
Hər oğlun bir qaladı bax,
Qürur yerim andım Vətən.
Şəhid verdin, yandım, Vətən.
Şəhidə olan sevgi, şəhid nisgili Hikmət Məlikzadənin poetik ovqatına yansıyır, onun ürəyini yandırır, içini sızıldadır. 44 günlük Vətən müharibəsinin Zəfərlə bitməsi hər bir vətəndaş kimi şairin də ürəyini sevindirir, şəhid olan oğullara “Sən qalibsən, sən, ay şəhid” deyə müraciət edir:
Kibrit islaq, bu şam
azad,
Bir qorxusuz quşam, azad,
Laçın məmnun, Şuşam
azad,
Duaçınam, mən, ay şəhid,
Sən qalibsən,
sən, ay şəhid.
Ədəbi mühitdə istedadlı şair kimi tanınan Hikmət Məlikzadə həm də tədqiqatçıdır. Onun elmi-publisistik
tədqiqatlarına bir
sıra monoqrafiyalar daxildir.
“Mənzərə Sadıqovanın
yaradıcılığında insan-cəmiyyət-zaman münasibətləri”,
“Xatirə Fərəcli
yaradıcılığının poetik təzahürü”,
“Nəzakət Məmmədovanın
yaradıcılığında Vətən kodları” monoqrafiyalarının müəllifidir.
Hikmət Məlikzadə poetik
yaradıcılığı ilə yanaşı, elmi yaradıcılığı
ilə də ədəbi mühitdə
aparıcı imzadır.
Hikmət Məlikzadə "ömrü
söz uğrunda girov qoyan"(M.Aslan) şairdir. Ona şairlik
pasportu Tanrı tərəfindən verilib.
Şair ömrü bir taledir. Adi adamlar bir tale yaşayırsa, şairlər
iki tale yaşamağa
məcbur olurlar: insan taleyi və
şair taleyi.
Hikmət Məlikzadə hər iki taleni alnıaçıq,
şərəflə yaşayaraq
ömrünün 50 ilini
arxada qoyur. Növbəti 50 illikdə ona poeziyanın bu keşməkeşli, enişli-yoxuşlu
yollarında möhkəm
cansağlığı, yeni-yeni
yaradıcılıq uğurları
arzulayırıq.
Tural ADIŞİRİN,
AMEA-nın Şəki Regional Elmi Mərkəzi
kiçik elmi işçi
525-ci qəzet.- 2021.- 10 avqust.- S.14.