"Əsas hədəfim Vətənə
qayıdaraq ölkəmin inkişafına maksimum
töhfə verməkdir"
Müasir
dövrdə hər bir ölkənin davamlı inkişafında
ali təhsilin
müstəsna rolu danılmazdır. Sürətli
dəyişikliklərin baş
verdiyi hazırkı vaxtda məhz ali təhsil
hər ölkənin davamlı inkişafının
başlıca hərəkətverici
qüvvəsi hesab olunur. Buna görə də, son illər Prezident tərəfindən
ali təhsilin
əlçatanlığının artırılması, ölkədə
yüksək ixtisaslı,
peşəkar kadrların
hazırlanması, ali
təhsildə rəqabət
mühitinin formalaşdırılması
sahəsində mühüm
qərarlar qəbul olunub.
Prezident
İlham Əliyev tərəfindən 2018-ci ilin
noyabrında imzalanmış
"2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə
Dövlət Proqramı"nı ali təhsil sahəsində qəbul olunan ən mühüm qərarlardan biri kimi göstərmək olar.
Bu proqram strateji əhəmiyyət kəsb
edən sahələr
üzrə milli kadrların yetişdirilməsi
baxımından çox
mühüm əhəmiyyət
kəsb edir. Azərbaycanın
ali təhsil
sisteminin daha da gücləndirilməsinə
yönələn bu proqramın icrası nəticəsində təhsilin
doktorantura səviyyəsində
xaricdə təhsil və təcrübənin
maliyyələşdirilməsi ilk dəfə həyata keçirilir.
Bu gün Azərbaycanda ölkənin ali
təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin
doktorantura səviyyəsini
bitirən kadrlara böyük ehtiyac var. Məhz bu proqram
sayəsində xaricdə
təhsil alan və fəlsəfə doktoru dərəcəsi olan yüksək ixtisaslı kadrlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı
olan yerli ali təhsil müəssisəsində pedaqoji
fəaliyyətə cəlb
ediləcəklər. Məhz
bu yolla da Azərbaycanın ali təhsil
müəssisələrinın kadr potensialı gücləndiriləcək.
Ölkənin gələcək inkişaf prioritetlərini
özündə əks
etdirən proqram çərçivəsində
doktorantura təhsilini
müvafiq xarici ali təhsil müəssisələrində davam etdirmək hüququ qazanan gənclərdən biri də İnci Şıxəliyevadır. O, hazırda
Dövlət Proqramı
çərçivəsində Türkiyənin İstanbul
Universiteti Molekulyar Biologiya və Genetika bölümündə
doktorantura (PhD) təhsili
alır.
İ.Şıxəliyeva 1989-cu ildə Göyçay şəhərində anadan
olub. 2006-cı ildə Bakıdakı
5 nömrəli tam orta
məktəbi bitirib.
2006-2010-cu illərdə Bakı
Dövlət Universitetində biologiya fakültəsində bakalavr
təhsili alıb. "Bərk məişət
tullantılarının seqreqasiyası
və utilizasiyası"
(İçərişəhər bölgəsində pilot proyekt)
mövzusu üzrə
ilk elmi işini həyata keçirib. 2011-2015-ci illərdə isə Türkiyənin Hacettepe Universitetində magistr təhsili alıb. Hacettepe Universiteti Biomühəndislik
bölümü - magistr/dövlət xətti və Türkiyə bursları təqaüdçüsü
olaraq magistratura təhsili ərzində sümük iliyi və yağ
toxuması kök hüceyrələri ilə
çalışıb və
toxuma mühəndisliyi
mövzusunda tezis çalışmasını tamamlayıb.
Hazırda "2019-2023 Dövlət
Proqramı" təqaüdçüsü
İstanbul Universitetinin
Molekulyar Biologiya və Genetika bölümündə (PhD) insan
yağ toxuması,
diş kök hüceyrələri, eyni zamanda, filamentli göbələklər üzərində
tədqiqatlar aparır.
Bir semestr ərzində ERASMUS
təqaüdçüsü olaraq tədqiqatlarını
İtaliyanın Peruca
Universitetində (Department of Chemistry,
Biology and Biotechnologies Section of Biochemical and Biotechnological
Sciences) davam etdirmək
üçün bu ölkəyə dəvət
olunub.
İ.Şıxəliyeva deyir ki, elmə uşaqlıqdan
maraq göstərib:
"Elmi və oxumağı uşaqlıqdan
sevirəm. Bakalavr təhsilim zamanı
isə təəssüf
ki, elmin sadəcə nəzəri
istifadəsini gördüyümüz
üçün tam qavraya
bilmirdik. 3-cü kursda
Firuzə Sultanzadə
ilə tanış
oldum. Ekologiya dərslərimizi verən BDU müəllimimizdən
elmin praktik tətbiq sahəsinin də olduğunu öyrənməyə başladım.
Tədqiqatlara və elmə
marağımı isə
anam (ədəbiyyat müəllimi) hər zaman motivasiya edirdi və Türkiyədə təqaüd
imkanı elanını
görüb qeydiyyatdan
keçməyimə səbəb
olan da anamdır.
Əsl elm və tədqiqatlarla isə Hacettepe Universitetində tanış oldum və məşğul
olmaq istədiyim işin bu olduğuna
qərar verdim. Öyrətmək və daima yeni bir şeylər
öyrənmək məni
mənəvi olaraq daha çox həvəsləndirir".
Onun sözlərinə
görə, "2019-2023 Dövlət
Proqramı" təqaüdü,
ilk növbədə, tələbəyə
maddi məsələləri
düşünmədən sadəcə elmi tədqiqatlarla məşğul
olmaq imkanı verir. Üstəlik, təhsilimiz
davam edərkən artıq bildiklərimizi Azərbaycandakı universitetlərdə
paylaşmağa fürsət
yaratdı ki, bunlar
da bizə motivasiya verən şərtlərdir: "Dövlət
Proqramı təqaüdçüsü
olduqdan sonra akademik fəaliyyət öhdəliyini nəzərə
alaraq həyata keçirdiyim tədqiqatın
nəzəri hissəsini
necə daha asan və aydın
şəkildə çatdıra
biləcəyimi düşünürəm.
Bəzən hətta dərs proqramını və "tələbələrimə
göstərərəm" düşüncəsiylə tədqiqatlarımdan
kənar müxtəlif
mikroskopik görüntülər
də əldə edirəm. Yəni Dövlət Proqramı
sadəcə tədqiqatçı
olaraq deyil, eyni zamanda, müəllim
kimi düşünməyə
başlamağıma da
səbəb oldu".
İ.Şıxəliyevanın dediyinə görə, İstanbul Universiteti Molekulyar Biologiya və Genetika bölümündə
təhsilini davam etdirir: "İnsan kök hüceyrələri
və bitki patojenləri olan "Fusarium" göbələkləri
üzərində çalışıram.
Müxtəlif qidalar vasitəsilə
biz bu göbələklərin
ifraz etdiyi mikotoksinlərə məruz
qalırıq. Ancaq bu toksinlərin insan hüceyrələri üzərinə
olan təsirləri bilinmir. Mən də hazırda
məhz bu təsirləri aydınlaşdırmaq
üçün hüceyrə
və molekulyar səviyyədə tədqiqatlar
aparıram. Kök hüceyrələr
regenerativ tibbin gələcəyidir və
olduqca böyük potensial daşıyan hüceyrələrdir. Dünyanın bir çox yerlərində kök hüceyrələrin klinik
istifadəsinə artıq
başlanılmışdır və müxtəlif xəstəliklərin terapiyasında
çoxsaylı eksperimental
klinik çalışmalar
da davam etdirilir. Düşünürəm ki, mənim
kimi kök hüceyrələri ilə
çalışan mütəxəssislərdən
ibarət komanda yaradaraq bu sahəni
Azərbaycanda inkişaf
etdirmək olduqca vacibdir. Tərəfdaş
ali təhsil
müəssisəsi olan
Xəzər Universitetində
bu sahədə çalışmaq üçün
yeni kadrların yetişdirilməsini hədəfləyirəm".
İ.Şıxəliyeva vurğulayıb
ki, biologiya və genetik tədqiqatlara hazırda bütün dünyada maraq artıb: "İlk növbədə, bunun səbəbini dəyişən iqlim şəraiti və inkişaf edən texnologiyalar ilə izah edə bilərəm.
Təəssüf ki, dünyanın
əhalisi artdıqca yaşadığımız planetə
zərərlərimiz də
hər gün artır və təbii ki, təbiət tərəfindən
bütün bunlara müxtəlif geridönmələr
olur. Son 2 ildə də bu, SARS-CoV 2 virusu vasitəsi ilə oldu. Eyni zamanda, Antraktida buzların əriməsi ilə də bir sonrakı illərdə donmuş vəziyyətdən "oyanan"
müxtəlif viruslarla
və onların səbəb olduğu xəstəliklərlə qarşılaşacağımız
elm insanları tərəfindən
xəbərdarlıq olaraq
bildirilir. Bunlarla
bağlı çoxsaylı
yeni elmi məqalələr hər
il dərc
olunur. Bütün bu səbəblərə
görə biologiya və tibb sahələrinin
daha sürətli inkişafına ehtiyac var".
Onun sözlərinə əsasən, pandemiya, təbii ki, bütün dərs proqramlarının onlayn davam etdirilməsinə səbəb oldu. Sentyabr ayından etibarən tədrisin əyani başlanması gözlənilir: "Əslində, laboratoriyada səhərdən axşama kimi çalışan bizlər üçün bu, yaxşı bir fürsət oldu. Çünki hazırda sadəcə vacib tədqiqatlar aparan insanlar öz elmi işlərini davam etdirirlər və bu da laboratoriyalara girən insanların sayının 70 faiz azalması deməkdir. Elmi araşdırma aparanlar üçün mövcud şəraitdəki problem həftəsonları universitetə gedə bilməməyimiz və xaricdən alınan reaktivlərin gec gətirilməsidir. Pandemik situasiyanın tələbə-müəllim münasibətlərinə bir təsiri olduğunu düşünmürəm".
Gələcək planlarından söz açan İ.Şıxəliyeva bildirib ki, doktorantura təhsilindən gözləntisi müstəqil şəkildə elmi tədqiqatlar, təcrübələr aparmaq idi, buna da artıq nail olub: "Elmi rəhbərimin, demək olar ki, heç bir müdaxiləsi, iştirakı olmadan təcrübələrimi həyata keçirirəm. Digər gözləntim isə həyata keçirdiyim araşdırmalarımın nüfuzlu elmi jurnallarda çap olunmasıdır. Ümid edirəm ki, bu il ərzində bu hədəfimə də çatacağam. Əsas hədəfim isə, Vətənə qayıdaraq ölkəmin inkişafına maksimum töhfə verməkdir. Ən vacib hədəflərimdən biri də çalışdığım sahə üzrə xarici ölkədə aldığım bilik və təcrübəni Azərbaycanda tətbiq edə bilməkdir. Buna əlavə olaraq, Azərbaycanda da kök hüceyrə tətbiqini klinik inkişaf etdirərək dünya miqyaslı həyata keçirilən eksperimental tədqiqatlarda yer almaq istəyirəm".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 10 avqust.- S.13.