Erməni vandallarının dağıtdıqları təhsil müəssisələrimiz  

 

Birinci və ikinci Qarabağ müharibəsi dövründə həlak olmuş şagird və müəllimlərimiz

 

 

"525-ci qəzet"in builki 7 may tarixli sayında "Ermənistan silahlı qüvvələrinin məhv etdiyi təhsil obyektlərimiz" başlığı altında yazım dərc olunmuşdu. Yazıda ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mindən çox təhsil obyektinin məhv edilməsi ilə bağlı bir sıra fakt və epizodlar barədə danışılmışdı.  Məqalə dərc olunandan sonra yerli təhsili idarəetmə orqanlarından və digər təşkilatlardan, həmçinin, müxtəlif  peşə sahiblərindən daxil olan məlumatlarda ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında məktəblərin talanması, qəsdən məhv edilməsi, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində müəllimlərin və şagirdlərin öldürülməsi barədə yeni faktlar öz əksini tapıb. Bütün bunlara görə onlara dərin təşəkkürlərimi və ehtiramımı bildirirəm.

 

İlk növbədə qeyd etmək lazımdır ki, təqdim olunan materiallar arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir götürülmüş şəxslərlə bağlı mərkəzi icra orqanlarının məlumatları açıqlanıb. Həmin məlumatlara görə, Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş 3890 nəfərdən 719 nəfəri mülki şəxs kimi rəsmi olaraq qeydiyyata alınıb.

 

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev bu il yanvarın 24-də Beynəlxalq Təhsil Günü ilə bağlı tvitter səhifəsindəki paylaşımında qeyd edib ki, "Qlobal təhsil yalnız COVİD-19 tərəfindən təsirləndiyi halda, Azərbaycanda müəllimlər və şagirdlər 20 müəllimin, 10 şagirdin öldürülməsi, 16 məktəblinin yaralanması və 60 məktəbin dağıdılması ilə nəticələnən Ermənistan hücumundan da təsirlənib".

 

Qeyd olunan rəqəmlərlə bağlı bir neçə fakt və epizod təqdim etmək istəyərdik.

 

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Gəncə şəhər M.Mehdizadə adına xarici dillər təmayüllü 4 nömrəli məktəb-liseyə və K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbə ciddi ziyan dəyib, digər 7 tədris müəssisəsinə qismən zərər vurulub. 4 nömrəli məktəb-liseyin bir korpusu tamamilə yararsız vəziyyətə düşdüyündən həmin korpusda dərslərin tədrisi dayandırılıb. 29 nömrəli məktəbin binası terror aktı nəticəsində ciddi dağıntılara məruz qaldığından məktəb tədrisi Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə davam etdirir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində yaralanan 35 nəfərdən 10-u məktəbli, o cümlədən, 7-si 32 nömrəli, 2-si 25 nömrəli, biri isə 20 nömrəli tam orta məktəbin şagirdləri olublar. 10 nəfər məktəblidən ikisi 2-ci sinif, ikisi 3-cü sinif, biri 4-cü sinif, ikisi 6-cı sinif, biri 7-ci sinif, biri 10-cu sinif və biri 11-ci sinif şagirdləri idilər. Raket atəşi nəticəsində dağılan evlərdə 29 nömrəli məktəbdə təhsil alan 4 nəfər  şagird (Artur Mayakov - 7-ci sinif, Məryəm Xəlilli - 1-ci sinif, Orxan Xəlilli - 6-cı sinif, Nigar Əsgərova - 10-cu sinif) həlak olub, 9-cu sinif şagirdi Amin Əsgərov isə ağır yaralanıb.

 

Gəncəyə raket zərbələri nəticəsində qətlə yetirilənlər arasında olan 13 yaşlı Rusiya vətəndaşı Artur Mayakov (Quliyev), Gəncə sakini Ramil Quliyevin övladı olub. Valideynlər arasında nikah olmadığından Artura ana babasının soyadı verilib. Yeniyetmə atasının üzünü görməyib, o, doğulmamışdan 3 ay öncə R.Quliyev vəfat edib. Artur böyüdükcə ata tərəfini, Azərbaycanda yaşayan nənəsini, qohumlarını görmək, atasının məzarını ziyarət etmək arzusuna düşüb. Anası erməni əsilli vətəndaşla ailə qurduğuna görə  Artur onun razılığı ilə ata nənəsi Rəqibə Quliyevaya verilir və nənəsi onu 9 yaşı olarkən Gəncəyə gətirir. A.Mayakovun xoşbəxt günləri də elə bundan sonra başlayır. O, Gəncədə 29 nömrəli məktəbdə təhsil alıb. 2020-ci il 17 oktyabr tarixində Muxtar Hacıyev küçəsinə endirilən raket zərbəsi Arturun, nənəsinin və 2 bibisinin yaşadığı mənzili yerlə-yeksan edir. Dağıntılar altından çıxarılıb xəstəxanaya yerləşdirilən yeniyetmə 7 gün sonra vəfat edib.

 

 

 

2020-ci il 27 sentyabr tarixində axşam saat 5-6 radələrində Naftalan şəhər inzibati ərazi dairəsinə daxil olan Qaşaltı kəndinə Ermənistan hərbi qüvvələri tərəfindən artilleriya hücumu zamanı kəndin sakini Nadir Qurbanovun evi atəşə məruz qalıb və onun atası, anası, həyat yoldaşı Afaq Əmirova, məktəblilər - Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və IX sinif şagirdi Fidan Qurbanova həlak olublar.

 

 

 

Vətən müharibəsi dövründə həm Bərdə şəhəri, həm də rayonun bəzi kəndləri düşmənin əsas hədəflərindən olublar. Nəticədə Bərdə sakinləri arasında xeyli mülki şəxs şəhid olub, rayon mərkəzi və bir sıra kəndlər irimiqyaslı dağıntılara məruz qalıb.

 

2020-ci il oktyabr ayının 7-də rayona atılmış raket Qarayusifli kəndinə düşüb, kənd tam orta məktəbin ikinci sinif şagirdi Aysu İsgəndərli, oktyabrın 28-də Bərdə şəhərinin mərkəzinin atəşə tutulması nəticəsində 1989-cu il dekabrın 12-də anadan olmuş şəhər 1 nömrəli məktəbin fiziki tərbiyə müəllimi Fuad İsmayılov həlak olublar. Rayonun Yeni Əyricə kəndinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü məcburi köçkün, 10-cu sinif şagirdi Şahmalı Rəhimov həlak olub.

 

 

 

44 günluk müharibə dövründə Ermənistan hərbi qüvvələri tərəfindən Tərtər rayonunun 17  məktəbi, o cümlədən, şəhər 1 nömrəli və 5 nömrəli tam orta məktəblər, İ.Məmmədov adına 2 nömrəli məktəb-lisey, rayonun Şıxarx kənd 1 nömrəli və 2 nömrəli tam orta məktəbləri, Qapanlı, Qarağacı, Umudlu, Əskipara, Səhləbad, Hüsənli, Evoğlu, Soyulan, Yuxarı Sarıcalı və Düyərli kənd tam orta məktəbləri, Azadqaraqoyunlu kənd ibtidai məktəbi, Qazyan kənd ümumi orta məktəbi, həmçinin, rayonun ərazisində fəaliyyət göstərən Kəlbəcər rayonu 83 nömrəli tam orta məktəb müxtəlif dərəcəli dağıntılara məruz qalmışdır. Hazırda həmin məktəblərin 9-u  təmir olunub, 8-də isə bərpa işləri yekunlaşır.

 

Rayonun Xoruzlu kəndinə mərmi düşməsi nəticəsində kənd tam orta məktəbinin X sinif şagirdi Orxan İsmayılov həlak olub, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva ağır kəllə beyin travması, Seyidimli kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Mübariz Əliyev isə ayağından qəlpə yarası alıblar.

 

2020-ci ilin Vətən müharibəsində Füzuli rayonunun Arayatılı kənd tam orta məktəbinin idman meydançasına düşən mərmi məktəbin pəncərələrinə və divarlarına ciddi ziyan vurub, həmçinin, Ağdam rayonunun Təzəkənd kənd və Ayaqqərvənd kənd, Goranboy rayonunun Safıkürd kənd tam orta məktəbləri zərər çəkmiş və ya yararsız hala salınıb.

 

Bunlarla yanaşı, Birinci Qarabağ müharibəsi dövründə və sonrakı illərdə erməni işğalçıları tərəfindən uşaqların, şagirdlərin və müəllimlərin öldürülməsi, həmçinin, Azərbaycan torpaqlarında məktəblərin talanması, qəsdən məhv edilməsi ilə bağlı bəzi digər dəhşətli faktlar barədə də bir daha danışmaq, məlumatlar vermək istəyirik.

 

İlk növbədə qeyd etmək istərdik ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş bu soyqırım öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə  Xocalı şəhəri işğal edilərkən, etnik azərbaycanlılara qarşı soyqırım törədilib. Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

Burada qeyd etmək lazımdır ki, şəhid olan 63 uşaqdan başqa, ermənilər tərəfindən Xocalı rayonunun digər yaşayış məntəqələrində daha 16 nəfər uşaq öldürülmüşdür. Həmin 79 uşaqdan 32-si azyaşlı, 7-si birinci sinif, 4-ü ikinci sinif, 2-si üçüncü sinif, 5-i dördüncü sinif, 2-si beşinci sinif, 3-ü yeddinci sinif, 4-ü səkkizinci sinif, 4-ü doqquzuncu sinif, 5-i onuncu sinif və 11-i on birinci sinif şagirdləri olublar.

 

7 nəfər Xocalı şəhər 1 və 2 nömrəli tam orta  məktəblərin, həmçinin, Xankəndi şəhəri  N.Şahmuradov  adına 6 nömrəli Kərkicahan qəsəbə tam orta məktəbin müəllimləri - 1949-cu il təvəllüdlü Ələsgər Novruzov, 1954-cü il təvəllüdlü Tofiq Hüseynov, 1949-cu il təvəllüdlü Afilə Məmmədova, 1938-ci il təvəllüdlü İbiş İsmayılov, 1940-cı il təvəllüdlü Həmayıl Abbasova, 1970-ci il təvəllüdlü Ülfət Əliyev, 1956-cı il təvəllüdlü Şahverdi Səfərov və 1949-cu il təvəllüdlü texniki işçi Məxmər Hüseynova da qətlə yetirilənlər arasında olublar.

 

Bu gün Azərbaycanın Xocalı adlı şəhərindən əsər-əlamət yoxdur. Sağ qalan xocalılılar Azərbaycanın 48 şəhər və rayonunda məskunlaşıblar. Hazırda 12 ümumtəhsil məktəb və uşaq gənclər inkişaf mərkəzi fəaliyyətdədir. Məktəblər Bakıda, Gəncədə, Şəkidə və digər bölgələrdə yerləşir.

Xocalı rayonunun Meşəli kənd tam  orta məktəbi öz fəaliyyətini hal-hazırda Goranboy rayonunun ərazisində davam etdirir. 2017-ci ilin fevral ayında məktəbin kollektivi Xocalı soyqırımında şəhid olan 63 uşağın xatirəsinə  məktəbin qarşısındaki ərazidə 63  ədəd həmişəyaşıl ağac əkmişdir. İndi hər gün həmin ağaclara xüsusi qulluq göstərilir.

 

Xocavənd rayonunun Qaradağlı kəndi də Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 17-də işğal olunaraq yandırılıb, mülki əhali qırğına məruz qalıb. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub. Qətlə yetirilən 9 məktəblidən 8-i Qaradağlı kəndindən, biri isə Tuğ kəndindən olub. İşğal nəticəsində Qaradağlı kəndinin 320 yerlik orta məktəbi və digər sosial obyektləri dağıdılıb, 800-dək sakini məcburi köçkün vəziyyətinə düşüb, 146 uşaq yetim qalıb. Xocavənd, Əmirallar, Muğanlı, Kuropatkino və Axullu kənd tam orta məktəbləri, Salakətin kənd ümumi orta və Günəşli ibtidai məktəbləri də tam dağıdılaraq yararsız vəziyyətə salınıb.

 

 

 

Ermənistan silahlı qüvvələrinin təcavüzkar hərəkətləri nəticəsində Xocavənd rayonunun dağıdılan təhsil müəssisələrindən biri də 1859-cu ildə əsası qoyulmuş Tuğ kənd məktəbidir. 2021-ci il martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocavənd rayonunun Tuğ kəndində olarkən demişdi: "Ermənilərin dağıtdıqları Tuğ kəndinin məktəbi. Görün, nə günə qoyublar. Sonra da deyirdilər ki, Tuğ kəndi erməni kəndidir. Erməni kəndi olsaydı, bunu dağıdardılar? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub, bundan sonra da olacaq".

 

Birinci Qarabağ müharibəsində şəhid olan və itkin düşənlər arasında Laçın rayonunun ümumtəhsil məktəblərində işləmiş 4 nəfər müəllim olmuşdur. Onlar barədə də qısa məlumat vermək istərdik.

 

Rəhbər Mehtiyev 04.09.1953-cü ildə rayonun Nağdalı kəndində anadan olub. 1979-cu ildən 8 illik kənd məktəbində müəllim işləyib.1992-ci ildə rayon işğal olunandan sonra Goranboy rayonunun Ballıqaya kəndində ailəsi ilə birlikdə məskunlaşmışdı. 1992-ci ilin avqustun 27-də ailə ermənilər tərəfindən qırğına məruz qalıb. Rəhbər Mehtiyevlə birlikdə anası, bacısı, həyat yoldaşı və digər qohumları - 24 nəfər şəhid olub. R.Mehtiyevin böyük oğlu Elxanın başında iki, qızı Lamiyənin qılçasında bir qəlpə bu günə qədər qalmaqdadır, kiçik oğlu Məhəmmədin isə qolunu güllə dəlib keçib.

 

Səmayə Kərimova 31 dekabr 1969-cu ildə Laçın rayonunun Nağdalı kəndində müəllim ailəsində anadan olub. 1991-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirəndən sonra Nağdalı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə pedaqoji fəaliyyətə başlayıb. 1992-ci ilin may ayında rayon işğal edilsə də, Nağdalı kənd əhalisinin bir hissəsi kəndi tərk etməmişdi. Səmayə Kərimova və onun həyat yoldaşı - rus dili müəllimi Arif Hümbətov 1993-cü ilin mart ayınadək kənddə qalan uşaqlara dərs keçiblər. 1993-cü il martın 31-də ermənilər Kəlbəcərə hücum edərkən Səmayə Kərimova bir yaş altı aylıq uşağı ilə birlikdə öz dayısının maşını ilə kənddən çıxır. Onlar Murov dağındakı tuneldən keçən yolda erməni hücumuna məruz qalırlar. Maşında olanların hamısı yaralanır və girov götürülür. Səmayə Kərimova girovluqda ermənilər tərəfindən əzab-əziyyət verilməklə öldürülür. 1993-cü ilin iyul ayında Səmayənin cəsədi və gözləri kor edilmiş övladı girovluqdan geri qaytarılır.

 

Əli Əliyev 1946-cı ildə rayonun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində təhsil alıb. Rayon işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Ə.Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Sonralar onun və onunla birlikdə mühasirədə qalan 18 nəfərin mühasirədəki əzablı günlərindən bəhs edən "54 gün mühasirədə" adlı sənədli film çəkilib. Ə.Əliyev həmçinin, "54 gün erməni mühasirəsində" kitabının müəllifidir. O, 2017-ci ildə dünyasını dəyişib.

 

Vaqif Quliyev 1956-cı ildə rayonun İpək kəndində anadan olub. Xankəndi Pedaqoji İnstitutunu bitirib, Vağazin kənd orta məktəbində müəllim, direktor vəzifəsində çalışıb. Son iş yeri Ərdəşəvi kənd orta məktəbi olub, burada direktor müavini vəzifəsində işləyib. Ermənilərin torpaqlarımıza təcavüzü zamanı o, şagirdlərini və ümumiyyətlə, bütün uşaqları işğalçılardan müdafiə etmək üçün hərbi əməliyyatlara qoşulub. Həmin dövrdə Vətənə qulluq etmək, torpaqlarımızı qorumaq onun üçün ən ümdə bir vəzifəyə çevrilmişdi.

 

Döyüşlərə qatılan V.Quliyev rota komandiri kimi fəaliyyət göstərib. 1992-ci il sentyabrın 2-də Ağdərə rayonunun Vəng kəndində gedən döyüşlərdə şəhid olub.

 

Vətəni, doğmalarını, evlərini, torpaqlarını təcavüzkar ermənilərdən müdafiə etmək istəyi Qubadlı rayon sakini, müəllim Əliyar Əliyevin Birinci Qarabağ müharibəsində döyüşlərə qatılması üçün başlıca səbəblərdən olmuşdu. Əliyev Əliyar Yusif oğlu 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qəziyan kəndində doğulub. 1975-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. İnstitutu fərqlənmə diplomu ilə bitirərək, bir müddət rayonun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib, 1980-ci ildə hərbi xidmətə çağırılıb və ordudan tərxis olunduqdan sonra Rusiyada, Saransk Dövlət Universitetində müəllim kimi çalışıb. 1983-cü ildə yenidən doğma yurduna qayıdıb. O, bir müddət rayon orta məktəbində müəllim, "Məhsul" kənd Könüllü İdman Cəmiyyətində məşqçi olub. Ermənistan ölkəmizə qarşı təcavüzə başlayanda Əliyar

 

Əliyev cəbhəyə yollanan ilk könüllülərdən biri olub.

 

1990-cı il ilin aprel ayında düşmənin Başarat kəndinə və mühüm strateji əhəmiyyəti olan ətraf yüksəkliklərə böyük qüvvə ilə hücum edəcəyi gözlənilirdi. Əliyar Əliyevin başçılıq etdiyi dəstə düşmənə güclü əks-zərbə endirdi. 1992-ci il oktyabrın 3-ü Şurumbaşı yüksəkliyinin ətrafında gedən qanlı döyüşdə Ə.Əliyevin taboru düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdi. Ancaq Əliyar həmin yüksəkliyə qalxa bilmədi, düşmən gülləsinə tuş gələrək şəhid oldu.

 

 

 

Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli fərmanı ilə mayor Əliyar Yusif oğlu Əliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü. Bakı şəhərindəkı küçələrdən biri hazırda onun adını daşıyır.

 

Vətənə, xalqına sədaqət və məhəbbət, Vətənin maraqları naminə hər cür qəhrəmanlığa və canını belə qurban verməyə hazır olmaq Şuşa şəhər 3 nömrəli internat məktəbində 1992-ci ilin may ayınadək Gənclərin Çağırışaqədərki Hazırlıq rəhbəri vəzifəsində işləmiş 1950-ci il təvəllüdlü Fərhad Əsgərovun həyat devizi olub. O, Birinci Qarabağ müharibəsində iştirak edərək, 1994-cü ilin aprel ayının 16-da döyüş zamanı şəhid olub.

 

Vaqif Quliyev, Əliyar Əliyev, Fərhad Əsgərov və yüzlərlə oğullarımız öz şərəfli əməlləri və qəhrəmanlıqları ilə Vətəni necə sevmək və müdafiə etmək nümunəsi göstəriblər.

 

Kəlbəcər Rayon Təhsil Şöbəsinin məlumatına görə, rayonda işğaldan əvvəl 111 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar təhsil müəssisəsi və 12 uşaq bağçası-körpələr evi fəaliyyət göstərib. Onların hamısı tamamilə dağıdılıb. İşğaldan sonra rayonun ümumtəhsil müəssisələri ləğv edilərək, yenidən nömrələnmə üsulu ilə təşkil olunub.

 

Bu gün rayonun ümumtəhsil məktəbləri respublikanın 19 şəhər və rayonunda yerləşir. Bakı şəhərində 11, Gəncə şəhərində 15,  Mingəçevir şəhərində 7, Abşeron rayonunda 4, Bərdə rayonunda 18, Goranboy rayonunda 14, Göygöl rayonunda 9, Yevlax rayonunda 8, Tərtər rayonunda 7, Samux rayonunda 3, Daşkəsən rayonunda 3, Şəmkir rayonunda 2, Oğuz rayonunda 2, Şamaxı, Ağsu, Kürdəmir, Zərdab, Qəbələ və Şəki rayonlarının hər birində 1 məktəb fəaliyyət göstərir. Hazırda fəaliyyət göstərən 109 ümumtəhsil məktəbindən 94-ü tam orta, 15-i ümumi orta məktəblərdir.

 

Zəngilan rayonunun 1993-cü ildə işğalından əvvəl rayon ərazisində 67 ümumtəhsil müəssisəsi fəaliyyət göstərib. Onlardan 13-ü ibtidai məktəb, 18-i ümumi orta məktəb, 36-sı isə tam orta məktəb olub. İşğaldan əvvəl rayonun ümumtəhsil müəssisələrində 5948 şagird təhsil almış, şagirdlərin təlim-tərbiyəsi ilə 1219 müəllim məşğul olmuşdur. Rayon işğal edilərkən hərbi əməliyyatlar zamanı Rəzdərə kənd tam orta məktəbinin III sinif şagirdi, 1982-ci il təvəllüdlü Sadiq Süleymanov düşmən tərəfindən qətlə yetirilib.

 

İşğaldan sonra rayonun bütün ümumtəhsil müəssisəsinin fəaliyyəti dayandırılmışdı. 1994-cü ildən bəri 32 məktəb məcburi köçkün əhalinin kompakt məskunlaşdığı yerlərdə, o cümlədən, 6 məktəb Sumqayıtda, 1-i Sabirabad rayonunda, 1-i Şirvan şəhərində, 2-si Abşeron rayonunda, 22-si isə Bakı şəhərində yenidən təşkil olunub.

 

Ermənistan ordusu tərəfindən 23 avqust 1993-cü il tarixində Cəbrayıl rayonu işğal olunanadək burada 72 məktəb, o cümlədən, 38 tam orta, 22 ümumi orta və 12 ibtidai məktəb fəaliyyət göstərib. İşçilərin sayı 2257 nəfər, şagirdlərin sayı 16148 nəfər olan məktəblərin ümumi sahəsi 66468 kvadratmetr olub. Rayonda 7 məktəbdənkənar uşaq evi, dərnəklər və təhsillə bağlı digər obyektlər fəaliyyət göstərib. Bundan başqa, fəaliyyətdə olan 26 uşaq bağçasıdan 15-i körpələr evi-uşaq bağçası, 11-i uşaq bağçası olub.

 

İşğaldan sonra erməni vandalları tərəfindən rayonun şəhər və kəndləri yandırılıb, şəxsi və ictimai mülkiyyət, tarixi abidələr talan və məhv edilib, bütün məktəb binaları dağıdılıb və yararsız hala salınıb. Aparılmış ilkin hesablamalara görə, təhsil müəssisələrinin yerləşdiyi binaların bazar dəyəri təxminən 65,7 milyon manat, əsas vəsaitlər və avadanlıqların dəyəri 19,5 milyon manat olmaqla, Cəbrayıl rayonunun təhsil sisteminə vurulmuş zərərin ümumi məbləği 85,2 milyon manat olmuşdur (Təhsil müəssisələrinin  binalarının bazar dəyərinin müəyyən olunması üçün bir kvadratmetr tikilinin qiyməti 860 manat götürülüb). Təbii ki, bu rəqəmlər və statistika hələ son deyil.

 

Ermənistan silahlı qüvvələrinin təcavüzkar hərəkətləri nəticəsində Füzuli rayonunda mövcud olan 86 təhsil müəssisəsindən 60-ı tamamilə, o cümlədən, Füzuli şəhərində fəaliyyət göstərən 5 tam orta, 3 ümumi orta və qiyabi məktəb, internat, gimnaziya yerlə-yeksan edilib. 22 fevral 1992-ci il tarixində rayonun Yuxarı Veysəlli kəndində ermənilərlə aparılan döyüşdə kənd sakini, 16 yaşlı məktəbli oğlan itkin düşüb.

 

 

 

Rayon işğal edildikdən sonra təhsil müəssisələri respublikamızın müxtəlif bölgələrində, o cümlədən, 1993-cü ilin sentyabr ayından Bakı şəhərində 15, Sumqayıt şəhərində 5, Şirvan şəhərində 1, Sabirabad rayonunda 2, İmişli şəhərində 5, Beyləqan rayonunda 8 məktəb öz fəaliyyətini bərpa edib. 2019-cu tədris ilində həmin məktəblərdən biri öz fəaliyyəti dayandırıb.

 

Bu gün rayonun işğal olunmamış ərazisindəki Qayıdış qəsəbəsində 8, Zobucuq qəsəbəsində 5, Qarabulaq ərazisində 59 nömrəli tam və 37 nömrəli ümumi orta məktəbləri, rayonun Qarabağ kəndində Üçbulaq kənd tam orta məktəbi, Gecəgözlü yatağında Gecəgözlü kənd tam orta məktəbi, Əhmədbəyli kəndi ərazisində musiqi təmayüllü, internat tipli gimnaziya fəaliyyət göstərir.

 

2011-ci il martın 8-də erməni işğalçıları tərəfindən açılmış snayper atəşi nəticəsində Ağdam rayonunun Orta Qərvənd kənd sakini, 9 yaşlı Fariz Bədəlov həlak olub. 2015-ci il aprelin 4-də Ermənistan silahlı qüvvələrinin rayonun Üçoğlan kəndini toplardan atəşə tutması nəticəsində 16 yaşlı Pakizə Məhərrəmli baş nahiyəsindən yaralanıb.

 

2011-ci il iyul ayının 15-də Tovuz rayonunun Əlibəyli kəndində Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz çayına buraxılan partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağının partlaması nəticəsində 1998-ci il təvəllüdlü Aygün Şahmalıyeva həlak olub.

 

2014-cü ilin avqust ayında erməni hərbçiləri tərəfindən açılan atəşlər nəticəsində Tovuz rayonundan 5 yaşlı Nurcan Nağıyeva, 17 yaşlı Fərid Məmmədov yaralanıb, 14 yaşlı Sərxan İsmayılov əlindən və sinəsindən qəlpə yarası alıb.

 

2016-cı ilin iyulun 14-də Ermənistan ordusunun açdığı atəş nəticəsində rayonun Əlibəyli kəndində 12 yaşlı Nərmin Xanbabayeva, onun 8 yaşlı qardaşı Tuncay ağır yaralanıblar. 2017-ci il avqustun 8-də rayonun Qaralar kəndi atəşə tutularkən 13 yaşlı Ramin Yusifov ağır yaralanıb.

2014-cü ilin avqust ayında Gədəbəy rayonundan 15 yaşlı Şəlalə Tağıyeva ayağından güllə yarası almış, Ağstafa rayonundan 10 yaşlı Qoşqar Abbasov boyun nahiyəsindən qəlpə yarası alaraq ağır yaralanıb.

 

5 sentyabr 2014-cü il tarixində Tərtər rayonundan olan 15 yaşlı Cavid Məmmədov təmas xəttində erməni işğalçıları tərəfindən girov götürülüb. 2016-ci ilin aprel ayında düşmənin açdığı atəşlər nəticəsində rayonun Həsənqaya kənd sakini, 16 yaşlı Turanə Həsənova dünyasını dəyişib, Tərtər şəhər 6 nömrəli və Qapanlı kənd tam orta məktəbləri yararsız hala düşüb. Seydimli kəndinin artilleriya atəşinə tutulması nəticəsində VII sinif şagirdi Sənan Vəlizadə yaralanaraq Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib.

 

Təbii ki, qeyd olunan məlumatlar və epizodlar erməni vandalları tərəfindən təhsil müəssisələrimizə, məktəblilərimizə, müəllimlərimizə qarşı törətdikləri vəhşiliklərin çox cüzi hissəsidir. Bütün faktlar dərindən araşdırılmalı və erməni vəhşilikləri barədə həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Bunları unutmaq olmaz.

 

Yazını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 4 avqust 2021-ci il tarixli sərəncamının bir bəndi ilə yekunlaşdırmaq istərdik: "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarında zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat vəsait ayrılsın".

 

 

Rövşən AĞAYEV

 

525-ci qəzet.- 2021.- 10 avqust.- S.10-11-12.