Ürəyi "limanda" uyuyan bəstəkar  

 

Bu dəfə göy suların göy nəğməsini duyan bəstəkardan - Rəşid Nəsiboğludan yazmaq istəyirəm. O bəstəkar ki, pianonun dillərində barmaqlarını gəzdirəndə sanki sehrli bir şəkildə dəniz qoxusu, ləpə səsi yüksəlirdi. Onun bəstəsi bizi Sahil metrosunda sahildən qabaq qarşılayır.

 

Əslən Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsindən olan Rəşid Nəsiboğlu 1943-cü ildə tanınmış yazıçı Nəsib Əfəndiyevin ailəsində dünyaya göz açır. Yeniyetməlik illərindən musiqiyə maraq duyan Rəşid Bülbül adına orta ixtisas musiqi məktəbində ilkin təhsilini aldıqdan sonra Konservatoriyanın bəstəkarlıq fakültəsində, Xalq artisti Cövdət Hacıyevin sinfində təhsilini davam etdirir. Bir müddət sonra rus əsilli Sveta xanımla ailə həyatı qurur. Bu evlilikdən iki qızı dünyaya gəlir.

 

Rəşid Nəsiboğlu 70-ə yaxın mahnının, "Sevmək qadağandır", "Yuxum çin olsa" operettalarının, "Günəşin bacısı" baletinin, müxtəlif sonataların müəllifi olsa da, ona ümumrespublika ümumittifaq şöhrəti gətirən, Xalq artisti Mirzə Babayevin ifasında dinləyib sevdiyimiz "Limanda" mahnısı olub. Mahnının sözləri 1968-ci ildə tanınmış şair Adil Rəsul tərəfindən yazılır. Əvvəllər ortaq əsərlər yaratmış sənətkarların yolları bu mahnıda yenidən kəsişir. 1971-ci ildə Rəşid Nəsiboğlu "Limanda" mahnısını bəstələyir. Rəşid Nəsiboğlu mahnını Mirzə Babayev üçün ifa edir. Mirzə Babayevin bu ifadan ürəyi əsir, mahnıya elə vurulur ki, sonradan repertuarında ən çox müraciət edəcəyi mahnını ifa etmək qərarına gəlir.

"Limanda" Mirzə Babayevə böyük uğur qazandırır. Ömrünün son illərində bu mahnını tez-tez yada salır, klip çəkdirmək qərarına gəlir. Ondan əlavə, mahnını Xalq artistləri Brilliyant Dadaşova, Azər Zeynalov, Zaur Rzayev, Əməkdar artist Teymur Əmrah bir çox gənc müğənni ifa edib. Amma bu mahnı yaddaşlara Mirzə Babayevin ifası ilə həkk olub.

 

 

 

"Limanda" mahnısının sözlərinin müəllifi şair Adil Rəsulun da həyatı maraqlı olub. 1997-ci ildə hər iki oğlunu hərbi xidmətə yola salan şair, bir müddət sonra onları ziyarətə gedir. Ziyarətdən dönən kimi masaya əyləşib gördüklərini, hisslərini kağıza köçürür. Bu yazılar onun son yazıları olur, istedadlı şair 1997-ci ildə vəfat edir.

 

Rəşid Nəsiboğlunun Azərbaycan musiqi sənətinə töhfələrindən biri 1976-cı ildə Sidqi Mustafayev ilə birgə yaratdıqları, 1981-ci ildə dövlət statusu alan "İRS" qədim Azərbaycan musiqi teatrıdır. Onlar illərlə Azərbaycanın müxtəlif bölgələrinə səfər edərək unudulmuş xalq havalarını ifa edir, musiqi alətlərini bərpa edirlər. Azərbaycanın ən qədim musiqilərini yeni ruh verən, bu musiqinin yalnız şərq mədəniyyəti ilə deyil, bütövlükdə dünya mədəniyyəti ilə qarşılıqlı əlaqələrini üzə çıxaran bu qeyri-adi kollektivin çıxışları dərhal ölkənin mədəni ictimaiyyətinin diqqətini çəkir o zaman üçün görünməz populyarlıq qazanır.

 

"İRS" ansamblının ilk solisti Xalq artisti Mələkxanım Eyyubova olur. O zaman Konservatoriyanın 1-ci kursunda təhsil alan Mələkxanımı öz müəllimi Qulu Əsgərov ansamblında oxumaq üçün dostu Rəşidə məsləhət görür. Mələkxanımın ifası Rəşid bəyin xoşuna gəlir onu öz ansamblına dəvət edir.

 

Teatr günü-gündən uğurlar qazanmağa başlayır. Təkcə Azərbaycanda deyil, dünyada çıxışlar edərək mükafatlar qazanırlar. "İRS" teatrı Birinci Zaqafqaziya xalq musiqisi festivalının əsas mükafatını qazanır. Daha sonra İtaliyanın San-Karlo festivalının Qızıl medalına,İranda  keçirilən "Fəcr" beynəlxalq musiqi festivalının mükafatına layiq görülür. Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinində ekspozisiyalardan biri "İRS" teatrına həsr olunur. Qısa zamanda teatrın fəaliyyəti Sovetxarici mətbuat səhifələrində işıqlandırılır. "İRS"in hazırladığı proqram respublika və mərkəzi televiziyada, həmçinin, xarici telekanallarda nümayiş olunur.

 

İstedadlı bəstəkar Rəşid Nəsiboğlu Sovet dövründə qadağalara, təqiblərə məruz qalır. Onun Nazim Hikmətin sözlərinə yazdığı "Ceviz ağacı" romansı türkçülük ideyalarını təbliğ etməsi düşüncəsi ilə efirlərə buraxılmır. Nəriman Həsənzadənin sözlərinə bəstələdiyi, Elmira Rəhimovanın ifasında məşhurlaşan "Zarafat" mahnısı da qadağa görən əsərlərindəndir. Bu mahnı Sovet sisteminə ironik baxış kimi dəyərləndirilərək efirlərə buraxılımır. Rəşid Nəsiboğlunu "İrs" ansamlı ilə birlikdə Avstriyaya səfəri zamanı rüşvət almaq bəhanəsi ilə həbs edirlər. İşi aparan prokuror da erməni olur. Beləliklə, şərlənən bəstəkara 8 il oxunur. Deyilənə görə, o, həbsdə olan zaman taxta parçası üzərinə pianonun dillərini çəkibmiş. Hücrədə görmədən, eşitmədən musiqilər bəstələyirmiş. Bəstəkarın həyat yoldaşı Sveta xanım SSRİ Bəstəkarlar İttifaqına gedir və ittifaqın sədri SSRİ Xalq artisti Xrennikovla görüşür. Rəşid bəyin başına gələnləri ona deyəndə Xrennikov lazımi yerlərə məktublar ünvanlayır, çağırışlar edir. Bu hadisə o zaman böyük əks-səda doğurur. Tofiq Quliyev, Niyazi, Ziya Bünyadovbaşqa tanınmış ziyalılar Rəşid Nəsiboğlunun azadlığa qovuşmağı üçün əllərindən gələni edilər. Bütün bu proseslər 2 il 3 ay çəkir. 1987-ci ildə Rəşid Nəsiboğlu bəraət alır. Həbsdən çıxanda incimiş, sarsılmış bəstəkar özünü yenidən toparlamağa cəhd edir. Təəssüf ki, istedadlı bəstəkar bir neçə il sonra - 1993-cü ilin dekabr ayının 30-da vəfat edir. Beləcə Azərbaycan öz istedadlı oğlunu çox tez - 51 yaşında əbədi itirir.

 

Amin NAMAZLI

 

525-ci qəzet.- 2021.- 11 avqust.- S.15.