Əli və Nino: Sevgi və
müharibə paralelliyində multikultural mesaj
Dünyanın
33 dilinə tərcümə olunan və 66 ölkəsində
nəşr edilən "Əli və Nino" adından
başlayaraq axırına kimi sevgi və tarix paralelliyində
davam edən milli və bir o qədər də bəşəri
romandır.
Birinci şəxsin təkində nəql olunan romanın
ilk cümləsi birbaşa Şərq və Qərbin sərhədləri
arasında sıxışdırılmış Bakı həyatının
güzgüsüdür. Bu güzgüdə isə mövzumuzun
adında da özünü göstərən mesajın əksini
görürük.
"Bakıdakı rus gimnaziyasının üçüncü
sinifində biz qırx şagird idik: otuz nəfər müsəlman
(bunu türk də oxumaq olar - E.Y.), dörd erməni, iki polyak,
üç sektant və bir nəfər rus". Bu sinifdə professor Sani
Avropa və Asiyanın sərhədlərini müəyyən
edəcək mövqeyi şagirdlərin çiyinlərinə
yükləyir: "Balalarım! Şəhərimizin
qabaqcıl Avropaya, yaxud geridə qalmış Asiyaya aid
olduğunu müəyyən etmək sizin mövqeyinizdən
asılıdır".
Mənim
şəxsi subyektiv fikrimcə,
Əli xanın alt şüuruna bu fikir böyük təsir
göstərir və o, heç vaxt tərk etmək istəmədiyi
Bakısını "vəhşi" Asiyadan mədəni
Avropaya qovuşdurmaq üçün milli zəmin üzərində
bəşəri düşüncələr cücərtməyə
başlayır. Amma yenə də Əli xan
Asiyasını Avropaya əzdirmək istəmir. Bu
mövzuda sevgi də onun İçərişəhər
divarları arasındakı dünyasını divarın o
üzündəki dünyaya əyilməyə güzəştə
getmir: "Bakı şəhərinin mübahisəli
coğrafi vəziyyəti məni dünyanın ən gözəl
gözlərindən məhrum etdi".
Romanı oxuduqca elə bilirsən ki, təhkiyəni nəql
edən - müəllif davamlı Şərqi, Asiyanı,
"vəhşi" mədəniyyəti ələ
salır. Lakin bu, belə deyil. Çünki
müəllif, həm də romanın qəhrəmanıdır,
Əli xandır. Yaxud Əli xan obrazı
müəllifin bədiiləşmiş xarakteridir. Bu barədə ətraflı danışmaq olar, amma
mövzumun ana xəttindən uzaqlaşmaq istəmirəm.
"Əli və Nino" dastan adını
xatırladır. Sevgi hekayətlərini. Bura
"Leyli və Məcnun", "Xosrov və Şirin",
"Arzu və Qəmbər", "Əsli və Kərəm",
"Şeyx Sənan və Xumar", "Ruslan və Lyudmila",
"Romeo və Cülyetta" və bu kimi bir çox
ayrı-ayrı xalqların şifahi hekayətlərindən
alınmış mövzular əsasında yazılan əsərləri
daxil edə bilərik. Adını çəkdiyim
əsərlərin əksəriyyətindən fərqli olaraq
"Əli və Nino" təkcə sevgi üzərində
inkişaf edən sujet deyil. Burda sevginin
ikinci bir paralel xətti də var. Bu, müharibədir. Roman boyu sevgi və müharibə bir qatarın iki
relsi kimi hərəkət edir. Bir az
irəli gedib deyim ki, bu relsdəki qatar əsərin sonunda
avropalı olmağa razı olan asiyalının doğulacaq
övladını müharibənin əlindən qurtarıb gələcəyə
aparır. Yəni müharibə deyil, sevgi
qazanır.
Paralel relslərə qayıtmaq istəyirəm. Sevgi və
müharibəyə. Qəribədir ki, nə
qədər paralel inkişaf etsə də, sujet boyu hər iki
anlayış eyni zamanda üz-üzə gəlir, qarşı-qarşıya
dayanır. Fizika və riyaziyyat
qanunlarını alt-üst edən sevgi və müharibə
paralelliyində təzadlı qarşıdurma boy göstərir.
Sevgini yaşamış və müharibələri
- məhz əsərdə bəhs edilən müharibələri
yaxşı bilən hazırlıqlı oxucu paradoksal mətnin
içindən qarışıqlığa düşmədən
çıxa bilər.
Təhkiyədə Avropa və Asiya
qarşıdurması hədsiz dərəcədə
çoxlu müqayisələrlə göstərilə bilər. Kipiani ailəsinin stol
arxasında çəngəl-bıçaqla, Şirvanşir
ailəsinin isə xalça üzərində oturub əliylə
yemək yeməsi, Avropa saraylarında knyaz və qeysər
xanımlarının geyimi ilə Şərq
qadınının çadrası, Berlində bir operadakı
kök qadının eybəcər şəkildə
oxumasının Tehranda yandırılan kafir qadının
qışqırtısı qədər dəhşətli
olması və bu kimi bir çox məqamlar.
Yenidən sevgi və müharibəyə qayıtmaq istəyirəm. Bu dəfə
Əli və Nino sevgisini yox, Əli xanın vətən
sevgisini müqayisə predmeti kimi nəzərə alaq.
Romanın yazıldığı təxminən 100 il bundan öncə ilə bu
günümüzü müqayisə edək. Şuşa
və Qarabağ atını minən Çar generalı, erməni
Mədətov. Əli xana dost kimi davranıb onun Şərq
humanistliyindən istifadə edərək sirlərini mənimsəyən
və sevgisini alıb qaçan Naxararyan. Şuşada evində
kirayə qaldığı erməni Sünikin
Şuşadakı Maraş kilsəsinin beş min il
yaşı olmasını söyləməsi və nəticədə
Əli xanın cavabı kimi xristianlığın heç 2
min il yaşı yoxdur deməsi, Bakının qala
divarlarının o biri üzünün adamı olan hər
iki erməni xəyanətkarlığını, milli
psixologiyalarını müəllif 100 il əvvəl də
göstərmişdi, bu gün də biz o pafoslu
çürük iddiaları görürük. Naxararyanın sonu kimi Paşinyanların da sonu
ortadadır. Qarabağ atını minən
və Şuşada ən gözəl malikanəyə sahib
olan Mədətov isə niyəsə mənə
Şuşada villa tikdirmiş "Roma" klubunun məşhur
futbolçusu Mxitaryanı xatırlatdı. Mədətovun özünün olmayan atı, öz
sahibinin - azərbaycanlı Əli xanın altında əsl
Qarabağ atı cəhətini nümayiş etdirir və
Avropa texnikası olan avtomobilə çataraq Şərq qeyrətini
ortaya qoyur. Əli xanın Naxararyanı
öldürməsi də iki nəfərin savaşı kimi
xarakterizə olunmamalıdır. Bu, mənfur xalqın daimi
xəyanət tərəfinin nəticəsində
aldığı cəzanın 100 il əvvəlki
reallığıdır.
Roman haqqında təəssüratlarım o qədər
doludur ki, mümkün dərəcədə mövzudan kənara
çıxmamağa çalışıram. Qısacası, Xanlıqlar
dövrü və Sisianovun başı, Birinci Dünya
müharibəsi, ötən əsrin əvvəllərindəki
erməni-müsəlman davası, Rus-Osmanlı
savaşları, Dağıstan xalqlarının mübarizəsi,
Nuru Paşanın Bakını azad etməsi, Azərbaycanın
müstəqilliyi uğrunda savaş və yenidən
Bakının bolşevik Rusiyası tərəfindən
işğalı; bütün bunların fonunda isə Əli
xanın pulemyot arxasındakı vətənpərvərliyini
müharibə vəhşiliyi kimi deyil, igidlik kimi qiymətləndirərək
heyranlıqla, qorxu və sevgi içində seyr edən Nino.
Bunları
da qeyd etmək istəyirəm: ilk dəfə 20 yaşımda
- 2000-ci ildə oxuduğum romanı sevgi kontekstində
oxumuşdum. Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 28 avqust 2017-ci il tarixli
müvafiq sərəncamında "Oxunması zəruri olan
kitablar" siyahısına daxil ediləndə ikinci dəfə
təkrar oxudum. Bu dəfə müharibələrə
daha çox diqqət ayırdım və hər dəfə
mövzu ayrı-ayrı müharibələrə gəldikdə
tarixin münasibətini öyrənməyə
çalışdım. Bu il Novruz
bayramı tətilində isə romanı
üçüncü dəfə oxudum və bu dəfə
sevgi və müharibənin fövqünə
çıxıb mesaj axtarmağa çalışdım. Multikultural mesaj. Tapdımmı?
Məncə, tapdım: Əli xan bütün adət-ənənələrə
rəğmən, ailə dəyərlərinə baxmayaraq,
qatı islam qanunlarının kəskin
qılıncı altında Bakı kimi təqdim olunan Azərbaycanın
- vətənin həm də multikultural bir məkan olduğunu
oxucuya təlqin etməyə çalışan müəllifin
uğurlu tapıntısıdır və bu obraz roman boyu
öz funksiyasını yerinə yetirə bildi: "Mən
Ninonu heç zaman çadra altında gizlətməyəcəm",
- deyərək. Bəlkə də o
dövrün qanunlarına görə sərt etiraz idi, amma
multikultural cəmiyyət üçün Əli xanın qərarı
bugünkü Azərbaycanın gəlib
çatdığı inkişaf səviyyəsidir.
Əsərin
əvvəllərində Bakının təsviri zamanı
verilən bir hissəni olduğu kimi təqdim etmək istəyirəm:
"Şəhəri qaranlıq bürümüşdü. Əslində, burda bir yox, iki şəhər var idi
- elə bil bu iki şəhər qoz qabığı kimi bir-birinə
yapışmışdı. Qoz
qabığı qədim qala divarları xaricində yerləşən
bayır şəhər idi. Orada
küçələr enli, evlər hündür, insanlar isə
pulpərəst və səs-küylü idi. Bu bayır şəhərin təməli bizim səhradan
çıxan və var-dövlət gətirən neft idi.
Orada teatr, məktəblər, xəstəxanalar,
kitabxanalar, polis nəfərləri və çiyinləri
açıq gözəl qadınlar var idi. Avropanın coğrafi sərhədi bayır şəhərdən
keçirdi. Nino da bayır şəhərdə
yaşayırdı.
Qala divarlarının daxilində isə evlər Şərq qılıncı kimi dar və ayrı idilər. Məscidlərin yumşaq buludları dələn minarələri Nobel ailəsinin buruq qüllələrindən tamamilə fərqlənirdi".
Yuxarıdakı vurğuladığım bir fikrimi qeyd edib yazımı yekunlaşdırmaq istəyirəm. Roman boyu sevgi və müharibə bir qatarın iki relsi kimi hərəkət edir, -demişdim. "Qatar Qərbə gedə bilər, amma bütün qəlbimlə, bütün ruhumla mən Şərqə mənsubam", -deyən Əli xan müharibənin qurbanı olsa da, "yaralansan, sənin yaralarını da sevərəm", - deyən Ninonu sevgi xilas edir. Təəssüf ki, bir gerçəklik də var. Sevgi olan yerdə mütləq müharibə var, müharibə olan yerdə isə qətiyyən sevgi olmur.
Son olaraq, mənə görə əsərin sevgi və müharibə paralelliyində vermək istədiyi mesaj bu iki cümlədə dilə gəlir: "Sən Asiyaya dözə bilmədiyin kimi, mən də Avropaya dözə blməyəcəyəm. Gəl burada, Asiya ilə Avropanın hiss edilməyən şəkildə bir-birinə qarışdığı Bakıda qalaq".
Məhz Əli xanın bu sözlərindəki multikultural mesaja görə Şərq də, Qərb də, Avropa da, Asiya da, səhra da, şəhər də "Əli və Nino"nu oxumaqdan zövq aldı. "Nyu-York Times" qəzetinin də dediyi kimi: "Möhtəşəm əsərdir: adama elə gəlir ki, sanki xəzinə tapmısan".
Fikirlərim çoxdur, qaçaraq tezislər
şəklində bu dəfəlik hələlik bu qədər.
Elxan
YURDOĞLU
Filologiya
üzrə fəlsəfə doktoru, dosent, şair-publisist
525-ci qəzet.- 2021.- 11 avqust.- S.13.